Şeir - azadlığım, şeir - həyatım, Ömrüm, səadətim, müqəddəratım! Şeirsiz bir dünya kədər,qəm kimi, Şeirsiz cənnət də cəhənnəm kimi. M.Şəhriyar Sizi bilmirəm, mənim ruhumun ac mədənin qidaya, yornuq bədənin istirahətə ehtiyacı olduğu qədər şeirə ehtiyacı var. Hətta şeir yazmaqdan çox şeir oxumağı sevirəm. Elə gözəl şeirlər yazılıb ki, onları oxuyanda özümün yazmağımı artıq hesab edirəm. Bəzilərinin xoşuna gəlməsə də, deyəcəm ki, bizdən əvvəl yaşayan şairlərimizin şeirləri arasında bundan belə çoxlarının yaza bilməyəcəkləri sonsuz sayda gerçək sənət əsərləri var. Şeirə xor baxanları, “şeirin zamanı getdi” deyənləri heç cür anlaya bilmirəm. Bir yandan məclislərdə saatlarla şeir deyənləri, onları həvəslə dinləyənləri qınayır, digər tərəfdən də “şeirin dövranı bitib” deyirlər. Görəsən, neynəsək, bunların xoşuna gələr? Hikmətli şeirləri pisləyirlər, çünki özlərinin yazdıqları intim mövzulu cızma-qaralar həmin şeirlər kimi sevilmir, əzbərlənmir, müəllifə “əhsən” qazandırmır. Kim ki, özü şeirdən mənəvi zövq almır, başlayır bunu adamların adına danışmağa. Nə isə, onların öz missiyaları, mənim də bölüşməyə fikirlərim var. Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən, ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir. Elə şeirlər oxuyursan, elə bilirsən ki, düşündüklərini haçansa şairə söyləmisən, o da bunları öz adından yazıb. Misralar ayna kimi səni özünə göstərir. Bəndlər səni çaş-baş salır - Şair məni hardan tanıyır? – deyə düşünürsən. O şeirləri oxuyan günədək elə bilirsən ki, daxilindəki hisslər təkcə sənə məxsusdur, heç kəs sənin kimi yanmayıb, sənin kimi sevməyib və sənin kimi peşman olmayıb. Oxuduğun andan sonra nə qədər eyni cür düşünən adamların olduğundan ya təəccüblənir, ya da təsəlli alırsan. Görürsən ki, hər kəs yanıla bilir. Sonra unudursan öz dərdlərini, başqalarının dərdinə yanırsan. Yox, daha ömrümdə açılmaz o yaz, Bir qanadım yorğun, birisi pərvaz. Elədiklərimdən yaxam qurtarmaz Eləmədiklərim yandırır məni. Misraların dərinliyinə varıb, həyatının acıları ilə baş-başa qalan, hardasa onu kimi peşiman birinin olduğunu bilib onunla söhbət etməyi arzulayan yoxdurmu aramızda? Başımıza gəlməyibmi? Gəlib, “bal kimi də gəlib”, amma yazan olmayıb. Şəxsən mənim bütün hisslərimi bu misralar çarx kimi itiləyir. Nə gizlədim, bəzən duyğularımı olduğu kimi ifadə edə biləcək bir şeir yazmaq istəmişəmsə də, ürəyimcə alınmayıb. Belə vaxtlarda köməyimə şairlərimiz çatıb. Hərəsinin bir şeiri ruhumu oxşayıb, sakitləşdirib. Musa Yaqubun duyğularına “şərik çıxıb”, onu özümünküləşdirəndən sonra elə bilmişəm ki, yazmaq istədiyimi artıq yazmışam. Elə anlarım olub ki, özümdən heyifimi bu şeirlə çıxmışam. Oxuyub, oxuyub ağlamış, “indi cəzanı çək” demişəm. Bəzən də yorğunluqdan və yaxud da fiziki ağrıların ucbatından yaza bilməmişəm. Amma şeir deyə az qala bağrım partlayıb. Özümü başqa cür ovundura bilmədiyimdən yenə şeirə sığınmışam. Əylənmək uşaqlıqdan mənə yad olduğundan darıxanda əyləncə dalınca getmirəm. Dincəlmək üçün də şeirə üz tuturam. Onlar mənim həmdəmim, sədaqətli dostlarımdır. Səpib göyərdərəm sözü, kəlməni, Ayrı qulluğum yox, ayrı işim yox. Tanıtsa bir misra tanıdar məni, Ayrı sənədim yox, arayışım yox. Ruhu şad olsun Məmməd Aslanın. Nə yaxşı ki, yazıb bu şeiri. Fikrimə qüvvət verdi. (Yeri gəlmişkən onu da görmək qismətim olmadı) Evimizdə “Azərbaycan kulinariyası” adlı kitab vardı. Uşaq olduğumundan dəyərini anlamasam da, anamın evdə hər şeyi bu kitabda göstərilənlərə uyğun elədiyini görüb kitablarda yazılanlara əməl etməli olduğumu öyrənmişdim. Elə ona görə də Əli Kərimin Fuad yazdı divarı, Skamyanın üstünü. Pəncərəyə söykədi, Xəritənin üzünü, Görmür heç kim, kef elə “Adam yoxdur”- deyirdi. Bəs, görəsən, Fuadın Özü adam deyildi? şeiri uşaq yaşlarımdan məndə vicdan hissini oyatdı. Tək də olanda pis iş görmədim. Öz yanımda belə gözükölgəli olmaqdan çəkindim. Böyüdükcə kitablara daha çox bağlandığımdan oxuduğum şeirlər canıma-qanıma hopdu. Bir vaxt dərk etdim ki, Tək yaşamaq istəmirəm özüm üçün, Anam üçün, oğlum üçün, qızım üçün. Qoy məndən inciməsin əzizlərim, Qəlblərinə toxunmasın bu sözlərim- İstəmirəm bir onlara gərək olum. İstəyirəm milyonlara gərək olum. Cabir Novruz da sanki hər şeyi mənimçün yazıb. (Hələ Mən bilirdim, qorxuludur böyük eşq, Bunu sənə dönə-dönə demişdim. O tərsinə dönə bilər tez, ya gec Dönə bilər, bir gün kinə demişdim... məzəmmətinin əsil həqiqət olduğundan yazmıram. Bu ayrıca bir mövzudur). Eyni zamanda, Səməd Vurğunun Deyirəm ki, uzaq yolda susuzluq çəkən Bir insanın yollarında bulaq olaydım. Bütün məslək dostlarımın bu dünyada mən Hər qəminə, nəşəsinə ortaq olaydım. niyyətinə ürəkdən bağlanmışam. Bir dəfə cəsarətlənib özüm də Duyuram dərdini yaxının, yadın Önündə borcluyam hər əziz adın. Bir körpə anası olsa yad qadın Onu da özümə bala bilim mən. deyə ürəyimdən keçənləri yazdım. Şagird ikən kitabxanalardan ən çox şeir kitabları götürürdüm. Onlar evimizdə olanda ən əziz adamım gəlibmiş kimi şadlanırdım. Nənəm söylədiyi nağıllara məni ona görə inandıra bilmirdi ki, N. Kəsəmənlinin “Biri vardı biri yox” nağılını çox tez oxumuşdum. Mənimçün nağıl o idi. Həqiqət olan nağıl. Ən çox yurd həsrəti duyulan şeirlər oxuyurdum. Sanki bununla harda yanlışa yol verdiyimizi anlamağa çalışırdım. “Gülüstan” poemasını oxuyarkən biixtiyar axan göz yaşlarıma həmin şeirlərin oyatdığı hisslər səbəb olmuşdu. Poemanı oxuyanacan çox müsibətlərdən xəbərdar olmuş, hər kəsin acısını çəkməyi, Vətənin nə demək olduğunu artıq öyrənmişdim. Bir qələm əsirlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınctək. Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Ağlım kəsəndən “Parçalanmış Azərbaycan” kəlməsini hər ağızdan eşitmişəm. Amma sonuncu misraya cavab verənə hələ rast gəlməmişəm. Bir deyən olmadı, durun, ağalar! Axı bu ölkənin öz sahibi var! Siz nə yazırsınız bayaqdan bəri, Bəs hanı bu yurdun öz sahibləri? Neçə əsrdi, bu dərdlə, bu eyiblə yaşayırıq. Bu azmış kimi 1988-ci ildən bəri yenə eyni ssenari ilə Azərbaycanı parçalamağa başladılar. Nə qurbanlar verdik yenə! Dərd üstündən dərd gələndə M. Araz Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik. Səndən qeyri biz hamımız ölə billik. deyə hayqırdı. Səninləyəm, haqq-ədalət, səninləyəm. Milli qürur, milli qeyrət, səninləyəm. Bu hayqırış adi ürəklərdən qopa bilməz. Bunu söyləmək üçün gərək sinəndə ürək əvəzinə dərd yuvası daşıyasan. Xəstə vücuduna tabe olmayıb, susan dilinə baş endirməyəsən. Bunu o – dünyanı, dağı-daşı bizə sevdirən, xalqı ayağa qaldıran Məmməd Araz bacardı. Nə qədər ki, cəzasızdır Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar Davam edir 37-i Daha gərgin, daha ciddi! deyərək Xəlil Rza şair qardaşının səsinə səs verirdi. Özünü üzdü millət üçün. Sağlamlığından amalı uğrunda keçdiyi halda, ona ədalətsizlik edən də tapıldı. Amma xalqı müdafiəsinə qalxanda yenə də şeirə məhəbbətin var olduğunun şahidi olduq. O çətin dönəmdəki siyasi oyunların qurbanı olub öz Vətənində didərgin sayılan vətəndaşların halına yanan Z. Yaqubun Sizi qınamıram, ay xocalılar! Sizin başınızda şimşək oynadı ağrısını duymamaq mümkündürmü? Dedim axı, sizi bilmirəm, amma mən bu şeirlərlərin təsirilə yaşa dolmuşam. Elə bunlarla da yaşayıram, həmişə də dinləyəcəm. Ağalar Bayramovun ağrılarımızı yaşayaraq ifa etdiyi, Mikayıl Mirzənin mübarizə əhval-ruhiyyəsi qatıb söylədiyi o şeirlər mənim Vətənimin söz heykəlidir, əzizlərimin əzizləridir. Onları sevəcəm, qoruyacam. Deyirlər ki, “Şair xalqıq” fikrindən əl çəkək. Niyə? Lap elə indinin özündə də gözəl şeirlər yazılmırmı? Oxuyun, sonra deyinin. Yaxşı şeirlər yazılıb, bundan sonra da yazılacaq. Ondan zövq almağı da heç kəs qadağan edə bilməz. Hər kobud ifadəni ədəbiyyata gətirmək istədikləri halda, maraqlıdır ki, niyə şeiri sıxışdırırlar? Bütün xalqların şeiri gözəldir, amma bizim şairlərimizin şeirləri Azərbaycanın dərdini oxşadığından mənimçün daha da dəyərlidir . “Yersiz gəldi, yerli qaç” siyasətinin didərgin saldığı Almas İldırım yazdığı hər şeiri müqəddəs sanıram. Çünki “Ananı qızı ağlar” ifadəsini alt-üst etdi şairim. Azərbaycan! Mənim baxtsız anam oy!! deyib özü ağladı Azərbaycanı. Anasının bəxtinə ağlayan oğulların yazdığı şeir daha dözülməz olur. Vallah nə deyirsiniz deyin, “özgə arvadı tək ağcaqayın ağacını qucaqlamaq” ifadəsindənsə Yanmasın, ulduzum tez yanıb sönsə, Vədəsiz şadlığı istəmərəm mən. Özgənin eşqinə göz dikməkdənsə Həsrətin qoynunda can verərəm mən. kimi saflıq, alicənablıq, fədakarlıq duyulan şeirimizlə öyünürəm. Qoyun mən Tofiq Bayramın Pozmaram bir evin birliyini mən. Görsəm ev yıxılır, gedib quraram. Əl-əldən soyusa, ürək- ürəkdən Sizi eşqinizə qovuşduraram. qəlbinin rəsmini çəkdiyi bu şeirdən zövq alım, siz də Yesenindən. İstəyirsiniz Qəlbinizi oxşamırsa qoşmalar, telli sazlar Onlar qoy mənim olsun. Özünüz bilin. Keçək qadın haqqında yazılmış şeirlərə. Əvvəlcə başqa xalqın şeirini oxuyaq. Qadın gedən zaman qarşısına keç - Amma üzünə də baxmayacaq heç! Elə ki, o getdi, daha nə gərək Həsrətlə, təlaşla baxıb arxadan: “Qayıt, yalvarıram, qayıt” söyləmək. Sözsüz ki, rus şairi A. D. Dementyevin bu şeirinə alternativ olaraq hamınızın yadınıza Əli Kərimin “ Qayıt” şeiri düşdü. Əlbəttə, haqlısınız. Bizə, xüsusilə də mənə Həsrətin araya atdı dağ-dərə Sönən günəş oldun batan səs oldun. Qayıt mənim gülüm, qayıt bu yerə. Ey mənim istəklim nə gəlməz oldun. Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. “min köynək” bu şeir yaxındı. Başdan-başa nəğmədir bu şeir. (Bəstəkar bunu məndən qabaq bilib) Və yaxud da yapon ədəbiyyatından belə bir şeirə diqqət yetirək. Yaxındakı balaca oğlan Elə-belə, əyləncə üçün Öz saman fıştırığına üfülədi. Diksinərək pozuldu Yay gününün mürgüsü. Bambuk atımı Yəhərləyib minməyə Yenə də hazıram - Elə ki, yadıma düşür Uşaqlıq oyunlarım. Yəqin ki, öz dilində daha təsiredicidir, tərcümədə dəyişmiş olar. Bunlarla işim yoxdur. Amma uşaqlıq haqqında özümüzün gənc şairimiz Ruslan Dost Əlinin Hərə bir zümzümə edir keçmişdən, Hərə ürəyində bir bəstə saxlayır, Məni bu od-ocaq qızdırmır daha, Məni xatirələr isti saxlayır. Gəlib məhləmizdə az tutmayıblar Qızlar gəlinciy, donu əlimdə... Mən də böyüməyə tərəf qaçardım “Qarğı atım” vardı - onun belində. Gedib kitablarda quş axtarardım, Rəsm dəftərimə şəkil çəkməyə. “Klas”a bir yastı daş axtarardım İndi daş gəzirəm mən ev tikməyə. Canım bahasına ala bilmərəm, Suyu qiymətinə satdıqlarımı. Sonradan səngərdə döyüşən gördüm Taxta avtomatla “atdıqlarımı” Götürüb üstünə adımı yazdım. Bir arxa tulladım - getdi, gəlmədi. Mənim uşaqlığım, ah uşaqlığım! Kağız gəmilərdə batdı gəlmədi. şeiri qədər ürəyimdən xəbər vermir. Bu şeirdə hər birimizin uşaqlığımızın tanış mənzərələri təsvir olunub. Necə oxşamaz ruhumuzu? Uşaqlıq həsrətindən söz düşə, Qasım Qasımzadənin “Anamgildədir” şeirinin də adını çəkməyəsən. Əməlli-başlı insafsızlıq olar. Gəlin, bu şeiri də ilk ünvanımızın – ata evimizin himni adlandıraq. Bircə müharibə mövzusunda olan şeirlər hansı xalqın olursa-olsun, eyni dərəcədə göynədir qəlbimi. Gənc şairimiz Emin Piri yazır: Çiçək açırdı torpağa basdırılan minalar. toxunanda ayaqlar. Çiçəklər yara açırdı, Yaralar anaların Yuxusuna qaçırdı. Yuxular qara xəbərin Ardınca qaçırdı. Qəlbinə qara xal düşən qızların gözünün altından öpüş yerini səhər eşitdiyi xəbərlər yuyar. evli xanımlar yatağında yox, torpaqda əriyçün dərin yer salar. ... O da cəbhədəydi, Mərmilər qucaqlamışdı Sağ ayağının addımını Arxada can verən Addım səsinə qayıdıb itmiş ayağını aldı əlinə. Hər ölkədə baş verən eyni müsibəti əks etdirir şeir. Azərbaycan xalqının da zaman-zaman yerə-göyə sığmayan müsibətləri çox olub. Bir əsrdə bir neçə dəfə eyni xalqın təcavüzü nəticəsində Millətimiz öz yurdunda əsir-yesir... oldu. Yazıya hansı iradı tutacağınızı bilirəm – “Qılınclar toqquşub iş görən zaman....” şeirin nəyə yaraya biləcəyini düşünürsünüz. Şeir ruhdur, cəsarətdir, şeir marşdır. Şeirlə körpələri tərbiyə edə bilərik. O tərbiyə sayəsində gözəl insanlar yetişə bilər. Kaş millətdə ruh yaşasın. Şeirə marağın öldüyünü deyənlər! Bütün iş-gücümü atıb həvəslə şeir haqqında yazıram. Həyatda bir dəfə də olsun görmədiyim şairlərin şeirləri üçün narahatlıq keçirirəmsə, deməli, şeir yaşayır. Və ona ehtiyac duyulur. Hazırkı zamanda da Emin Piri, Ruslan Dostəli, Sevinc Elsevər həvəslə oxuduğum şairlərdir. Özümə insanlıq borcu bilib onların şeirlərindən aldığım zövqü vurğuladım. Baxmayaraq ki, heç hansı ilə həyatda tanış deyiləm, məni onlara şeirləri yaxınlaşdırır. Yox, unutmamışam, ondan da yazacam. Axı sözün ustasıdır o. Onun haqqında Emin Pirinin sadə bir statusu böyük mətləblərdən xəbər verir. “Türkiyənin İbrahim Tatlısəsi varsa, bizim də Qulu Ağsəsimiz var” Bəli, ədəbiyyatımızın Qulu Ağsəsi də var. “Altındakı skamyada bir yol özü oturmayan yorğun ağac olan Qulu Ağsəs”. O, insanlara Görsən üşüyürsən yandır özünü deyə fəlsəfi çəkisi ağır olan belə bir tövsiyə edir. Bunu hər kəs bir cür dərk edir. Mənsə bu misranı çətin vəziyyətə düşən zaman özünün özünə yardım etməyin, üzüldüyün iztirablardan başqasının təsəllisi olmadan qurtulman kimi qəbul edirəm. Məsələn, bəzi insanların şeirə soyuq münasibətindən üşüdüyümdən bu yazını ocaq kimi qalayıb qızındım. Hər kəsi bu ocağın başına dəvət edirəm. Gəlin siz də isinin. Bu təkliflə də nöqtə qoyub masanın arxasından durmaq istəyirdim ki, telefona bildiriş gəldi. Başqa vaxt yazanda belə məqamda əsəbiləşib heç baxmırdım. Bu dəfə isə təsadüfdən tələsik telefonu götürüb "Feysbuk"a daxil oldum. Yazdığım statusa rəy yazmışdılar. Özü də şeirlə. Sevindim. Bunu yazımda qeyd edəcəyimi bildirdim. Arxayın oldum ki, şeir sevənlər var. Belə adamlar incə hisslərlə yaşayır, zərif olurlar ( təbii ki, bu zərifliyi “gently” eləməsək). 27.04.2019
© 2020 - Created by İLK XEBER.