İnsanlar da kitab kimidir, tanış olub fikirlərinə bələd olmadan, məzmunun nədən ibarət olduğunu, sadəcə, cildinə baxaraq bilə bilməzsən. Həmkarım Vəfa Məmmədovanın da dediyi kimi, "insanlar cild-cild kitablar yazarlar, kitablar da İNSANI yazar, onu anladar. Odur ki, kitablar insanlara, insanlar da kitablara bənzər. İlk baxışdan sənə xoş gələn bir kitabı əlinə alarsan”, ilk cümləsindən ya sənin əlindən tutub ən yaxşı yoldaş kimi səni öz ardınca fərqli, gözəl bir dünyaya aparar, sənə təbəssüm bəxş edə-edə çox mətləblər andırar, o kitabla olan bu səyahətdən zövq alar, nə isə qazanc əldə edərsən və ya ilk baxışdan sənə xoş gələn bir insanla söhbət etikcə, fikirlərinə bələd olduqca gözündən düşər, dayazlığı üzə çıxar. Ona görə Əli (ə) deyirdi ki, hər bir insan öz dilinin altında gizlənir. Ağzın açıb danışdıqca kim olduğu bəlli olur. Hər müəllif də yazdığı sətirlərin arasında gizlənir, kitabını oxuduqca kim olduğu bəlli olur. Elə insanlar kimi də kitablar var, eləsi var ki, əlinə aldığına peşman olar, itirdiyin vaxta heyfsilənərsən sən. Nağıl kitablarına oxşar bəzi insanlar nağıl kimi olar: "biri varmış, biri yoxmuş" başlığı ilə səni öz sehrli dünyasına aparar, sonunda anlayarsan, həqiqətdən uzaq düşdüyünü. Bəzisi ağır roman kimi olar, çətinlik çəkərsən onu oxumaqda, bəzisi də aforizmlər kitabına bənzər, faydalanarsan ağıllı fikirlərindən. Bəzi insanlar Günəş kimi üzünə gülər, isidər səni, amma qaranlıq düşdüyündə tərk edər, zamanla ayaqlaşa bilməyən kitablar kimi. Elə kitablar da olar ki, üz qabığının gözəlliyinə vurularsan, maraq yaranar, oxumaq istərsən, amma tamamlaya bilməzsən, mənasız olduğu üçün. Beş-altı səhifəsini ancaq oxuduğun halda, "kaş ki əlimə almayaydım" deyib itirdiyin zamana heyifsilənərsən. Bəzi kitablar təsadüfən keçər əlinə, oxuduqca oxumaq istərsən. Duyğularını, həyata baxışını yeniləyər. Sonunu bildiyin halda oxuyarsan, amma bitməsini də istəməzsən, bir bağlılıq duyarsan aranızda. Belə bir kitabdan -"Skrelozun xatirələri"ndən danışmaq istəyirəm bu gün. Əlinə alan andan həm adı, həm üstündəki maraqlı şəkli ilə diqqəti çəkən, cəlbedici dili, üslubu ilə heç nəyə maraq göstərməyən oxucunun belə özünə bağlayan bir kutabdan ... Son zamanlar mənə elə gəlirdi ki, şagirdlərdə kitab oxumağa maraq yoxdur. Amma... Hədiyyə kimi aldığım kitabı stolun üstünə yenicə qoymuşdum ki, qapının zəngi çalındı, hazırlıq uşaqlarım idi. Mən test kitabçaların gətirənə qədər maraqlanıb əllərinə almışdı biri stolumun üstündəki kitabı.... Dərsə başladım, qız kutabı oxuyur, bir dəfə xatırlatdım: -Dərsə qulaq as. -Bu dəqiqə, müəllim. Yenə oxuyur, bir daha xatırlatdım. -Bircə saniyə, xahiş.edirəm. Axırı xasiyyyətimin əksinə olaraq kitabı qızın əlindən çəkib almaq istədim . Heyrət, qız kitabı vermək istəmir və yalvarır: -Xahiş edirəm, müəllim, bitirim, sonra . 2-ci hadisə: Kitabı götürməyə oğlumla getmişdim, 8-ci sinif şagirdi oğlumla. Bütün yol boyu avtobusda kitabdan başını qaldırmadı. Kitab oxumağa çox maraqlıdır. Kitabla tanış olandan əlində yalnız bu kitanın olduğunu, dərslərini oxumadığını görüb kitabı əlindən aldım, Kitabı ona verim deyə məktəbdən gələn kimi tez dərslərini hazırlayır ki, kitabı oxusun, Hərdən oxuduqca bərkdən güldüyünün şahidi oluram. Neçə vaxtdır, bu kitabı onun stolunun üstündə görürəm. Mən kitabı götürüb şkafa qoyuram, kitab yenə stolunun üstündə. Bir dəfə isə əlindən almayım deyə kitabı “Fizika” kitabının içində gizlədərək oxuduğunun şahidi oldum. Adətən, sürətli oxuyandır, bir kitabı bir günə oxuyub bitirir. Bu kitabın isə əlindən düşmədiyini görüb, dözməyib soruşdum: -Səndən nə əcəb, indiyədək oxuyub qurtarnayıbsan ? "Ana, çoxdan qurtarmışam, 2-ci, 3-cü dəfədir oxuyuram", - deyə cavab verdi. İnanın, tam səmimi deyirəm olanları. Hazırlıq şağirdimlə şərt kəsdim, əgər yüksək bal toplayıb instituta qəbul olsa, bu kitabı mütləq ona hədiyyə edəcəm. Bir şeyə çox sevindim, demək, kitab oxumağa maraq həmişə varmış.Yetər ki, maraqlı kitab olsun. Bu belə... Keçək mənim kitab və onun anlatdığı İNSAN haqqında fikirlərimə... Kitab müəllifinin yazılarına ilk dəfə "Feysbuk"da rast gəldim. İlk ağlımdan keçən 20-ci əsrin tənqidi realistləri oldu, nədənsə. Xalqa can yandıran, ağlaya-ağlaya güldürən, xalqla xalqın öz dilində danışan, ana dilinin təəssübünü çəkən, xalqın maariflənməsi yolunda təmənnasiz xidmət göstərən, bu yolda hər cür mərhumiyyətlərə sinə gərən tənqidi realistlərə. Onun yazılarını "Feysbuk"dan daim izlədiyimdən ilk səhifəni açanda sanki köhnə tanışımı gördüm: gözlərindən cin yağan maraqlı uşaq şəklini görərkən, istər-istəməz dodaqlarım qaçdı. Sonra yazılarkən çox bəyənib-paylaşdiğım yazı çıxdı 1-ci səhifədən qarşıma: "An əhvali-taifeyi-“Feysbuk” ala lisani-taifeyi-Oğuzan" . Vəfa Məmmədova mənim "Kitablar və İnsanlar" yazıma cavab olaraq bir yazı yazmışdı, mənim fikirlərimi orada o qədər gözəl ifadə etmişdi ki, mən öz fikirlərimi heç cür ondan gözəl anlada bilməyəcəyimdən yenə də ondan misal gətirəcəyəm: "Hər bir kitabda, özünə aid, heç olmasa, bir parça da olsa, oxuya bilərsən. Hər kitab-İNSANDAN da öyrəndiyin bir şeylər olar, mütləq olar”. Doğrudan da, kitabla tanış olduqca Vəfa xanımın necə doğru-dürüst bir qənaətə gəldiyinə təəccüblənməyə bilmirsən . ".....Ozan deyir :"Feysbuk"istifadəçisi qadınlar dörd cürdür: birisi soy soldurandır, birisi toy doldurandır, birisi maşallah namxudadır, birisi necə desən, naizübillah "zanuda"dır. ....Ozan deyir, maşallah, namxuda odur ki, evdə-eşikdə bütün işlərini görər, sonra fasilədə FB-a girər, dünyadan xəbər tutar, gözəl fikirlər paylaşar, şərhlər yazar, oyrədər, öyrənər, kimsənin sözlərini oğurlamaz, özünü bəyəndirməyə çalışmaz, "smaylik"ləri istismar etməz, provokasiyaya getməz. Unudub kiminsə şeirini paylaşıbsa, "bunu Sizmi yazmısınız?"deyəndə, "Allah haqqı, mən yazmamışam" deyər. Onlar "Feysbuk”un yaraşığıdır, FB onlarsız miskin görünər. O cür arvad Ayişə, Fatimə cinsidir, xanım "... (Vasif Sadıqlı, “SklerOzun xatirələri”, B.,2019., səh.7) Dədə Qorqud dilinin sehrilə ilk səhifədən adamı heyran edərək öz dünyasına aparan bir kitab var qarşımda. İnsan-kitab, kitab-İNSAN, həri... Bu gün belə bir kitabdan, o kitabın bizə anlatdığı müəllifdən danışacağam. O kitab insandan, İnsan kitabdan. Bir kitab durur stolumun üstündə. Səhifə-səhifə, vərəq-vərəq söhbət edir səninlə. Dodağında təbəssüm yarada-yarada oxuyub düşündürən, düşündükcə arxasında ağrılı dərdlərimizi, çatışmazlıqlarımızı bizə bir dostcasına, ürəkağrısı ilə anladan kitab. Həri ...Elə bir kitabdan - elə bir İnsan kitabdan danışacağam. Qarşımda bir kitab var. İlk baxışdan çox sanballı kitaba oxşayır. Amma vərəqləyib oxumadan məzmunun nədən ibarət olduğun bilə bilməzsən... Səhifədən-səhifəyə adladıqca müəllifin zəngin araşdırmalarında özünəməxsus üslubda fərqli, fəlsəfi və maraqlı fikirlər, qeyri-adilik diqqəti cəlb edir. Kitabın hər vərəqi, hər sətri onu yazanın kimliyindən xəbər verir .Vərəqləri, səhifələri adlatdıqca aydın olur ki, onu yazan xalqının həyat tərzinə, yaşayışına dərindən bələd olan, incə müşahidə qabliyyətinə malk biridir. Eyni zamanda ana dilinin gözəl bilicisidir, hər kəlmənın, hər sözün yerini, işlənmə dairəsini, məqamını ustalıqla bilir və hər bir sözü klassik sənətkarlar kimi zərgər dəqiqliyi ilə məqamında və yerində işlədir. Klassik sənətkarlar demişkən, kitab-insan klassik ədəbiyyatı təkcə gözəl bilməyi ilə fərqlənmir, eyni zamanda klassika ilə müasirliyi bir araya necə gətirirsə, bu qabliyyətə mat qalmaya bilmirsən: Adəm oğlu binədən can demə, cananı sevir, Kimi pulu, paranı, kim də ki irfanı sevir, Bir qəpiyin koru da varlını, kalanı sevir, Abıra baxan deyil, silsiləcünbanı sevir, Haş beş en virusu kasibü üryanı sevir, Hacı var, kablayı var - iblisi, şeytanı sevir. Xalq bayramlıq edir, şövq ilə şampan aparır, Yemişi yelpənəyi konfeti topdan aparır Ananas, kivi-filan, yanında banan aparır, Əti cəmdəklə alır, balla smetan aparır, Ölüm tutub yaxamı, “vaxtdır” , deyib, can aparır, "Tellərin bas yarama, qoyma məni qan aparır "... Axı bayramdı, gülüm, söylə, hənanın yerimi? Hər yanım yarə ikən şeirü-filanın yerimi? (səh.137-138) Kitabı oxuduqca müəllifinin xalqına çox bağlı olduğundan , xalqın içərisindən çıxdığından, nəinki onun klassiklərinə, hətta şifahi xalq ədəbiyyatına, mahnılarına da dərindən bələd olduğu ortaya çıxır ki, mahnılara yeni məna donu geydirırək oxucuya Sabiranə şəkildə təqdim edir: Səhər-səhər girdim bara, Nə bar bildi, nə də barmen. Mesaj atdım nazlı yara, Nə bar bildi, nə də barmen. Pivədən içdim hallandım, Yarın yanına yollandım. Qımışdım - güldü, dilləndim, Nə bar bildi, nə də barmen. Kağıza tütün doldurdum, Sağlığa bakal qaldırdım, Yara xəlvəti göz vurdum, Nə bar bildi, nə də barmen. Oyun üstə savaş saldım, Dəstə-dəstə şabaş saldım, Pulun başına daş saldım, Nə bar bildi, nə də barmen. ....Burdan çıxıb yollar aşdıq, Süsən sünbülə dolaşdı, Oynadıq, güldük, danışdıq , Nə bar bildi, nə də barmen. Yarla sürmək səfa xoşdu, Yolunda hər cəfa xoşdu, Səhər baxdım, cibim boşdu, Nə yar bildi, nə də barmen . (Vasif Sadıqlı “SklerOzun xatirələri”, B., 2019, səh.304) Sabiranə, tipi öz dili ilə danışdırmanın, həm də bunu xalq mahnısı üstündə etmənin gözəl bir nümunəsi dediklərimə bir daha sübutdur. Boyük tənqidi realist C.Məmmədquluzadə demişdir: "Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir". V.Sadıqlının əlindəki qələmin yalnız bir vəzifısi var - o da xalqa xidmət etmək. Həri, səhifədən-səhifəyə keçdikcə müəllifin necə bir risk və cəsarət tələb edən yazılarının da olduğuna rast gəlirsən ki, onlardan açıq-aydın danışmağa, əlbəttə ki, mənim cəsarətim çatmaz... Burada da daha bir 20-ci əsr tənqidi realistinin fikirləri yada düşür ki, kitabın bizə tanıtdığı İnsan bu baxmdan da tam tənqidi realistlərin varisi, davamçısıdır, - deyə bilərik: "Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun; yəqin, mühərririn düşməni dostundan çox olur; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil; camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp” Ə. Haqverdiyev Oxuduğum kitab isə saf qızıl kimi bir xəzinədir - qiymətli bir xəzinə... "Qarşımda bir kitab var. İlk baxışdan çox samballı kitaba oxşayır. Amma vərəqləyib oxumadan məzmunun nədən ibarət olduğun bilə bilməzsən ..." Kitabı oxudum, qurtardım və sanki kitab mənə müəllifinin kim olması haqqında mükəmməl məlumat verdi: vətəninə, xalqına, həqiqətən, can yandıran, 20-ci əsr tənqidi realistlərin həqiqi və layiqli davamçısı, onlar kimi harada ağrı, yara varsa, ora can atan, o yaraya məlhəm olmağa, onu sağaltmağa çalışan həqiqi bir vətəndaş, öz tutduğu yolun düzlüyünə əmin bir qələm əhli. Heç nədən qorxmayan və yola çıxarkən bu yolun çətinliklərinə, daş-kəsəyinə bələd oluban yola çıxan, mübariz və özünəəmin bir yolçu... Bu yolda Sizə uğurlar, millətinə, xalqına, dəyərlərə, ənənəyə, dilimizin saflığının qorunmasına sadıq, Sadiqli Vasif - Kitab-İNSAN, İnsan-KİTAB…
© 2020 - Created by İLK XEBER.