“Taclı virus"un xofu...

Qədim bir şərq rəvayətində’ deyilir ki, dünyagörmüş, həyatın sınaqlarından çıxmış müdrik bir qoca yol gedərkən əynində qara ləbbadə, əlində dəryaz, qoltuğunda bağlama olan Ölüm Mələyi ilə rastlaşır. Onlar bir-birlərini yaxşı tanıyırdılar. Odur ki, müdrik qoca soruşur: - Hara gedirsən, qoltuğundakı bağlamada nə aparırsan? Ölüm Mələyi yaxınlıqdakı kəndi göstərərək, - oraya gedirəm, qoltuğumdakı bağlamada isə vəba xəstələyi aparıram, -deyir. Müdrik qoca ondan xahiş edir ki, insaflı olsun, camaata toxunmasın. Ölüm Mələyi söz verir ki, kənddə çox yox, vur-tut 1- 2 adamın canını alacaq. Ertəsi gün kəndə qayıdan müdrik qoca əhalinin yarıdan çoxunun qırıldığını görüb dəhşətə gəlir. Tez-tələsik Ölüm Mələyini axtarıb taparaq soruşur: - Axı, sən söz vermişdin ki, 1 - 2 adamın canını alacaqsan, halbuki kəndin yarısını qırmısan. Bu nə deməkdir? Ölüm Mələyi gülərək deyir: - Yox, mən elə sözümün üstündə durmuşam, dediyim kimi 1 -2 nəfərə vəba yoluxduraraq canını almışam. Yerdə qalanları isə vəbanın adını eşidərək qorxudan ürəyi partlayıb ölənlərdir. Bu qədim şərq rəvayətində qorxu hissinin nə qədər dəhşətli bir hal olduğu müdrikcəsinə, anlaşıqlı və məntiqlı bir şəkildə təsvir olunub. QORXU ÖLÜMÜN “KƏŞFIYYATÇISIDIR” Bəli, qorxu ölümdən bədtər olur, -deyiblər. Bu gün dünyanın başı üzərindən “Domokl” qılıncı kimi asılmış “taclıvirus” (koronavirus) xofu insanları bu bəlanın özündən daha çox qorxuya salıb. Danılmaz bir həqiqətdir ki. 20-ci ilini yaşadığımız XXI əsr başlar –başlamaz “quş qripi”, “donuz qripi”, sibir xorası”. H1M1 virusu, QİÇS və bu qəbildən olan digər dəhşətli xəstəliklərin xofu ilə yaşayan insanlar indi də özünü bütün virusların şahı elan edən, başına “tac qoyub” meydan sulayan daha bir bəla ilə üz-üzə gəlib. Əslində min illərin həyat təcrübəsi göstərir ki, təkcə cismanı xəstəliklərin, epidemiyaların, pandemiyaların deyil, eyni zamanda bütün mənəvi-əxlaqi bəlaların, fəlakətlərin, anormallıqların da mayası məhz natəmizliklərdən, çirkinliklərdən, insan övladının öz yolunu azmasından törəyir, qaynaqlanır. Ötən əsrin 80-ci illərində bütün dünyanı SPİD (QİÇS) bəlası cənginə alanda da bəşəriyyət sağalmaz bir virusla üz-üzə dayanmışdı. Dünya KİV-ləri. eləcə də o zamankı sovet mətbuatı bu dəhşətli bəla haqqında yazılar dərc edirdi. Belə bir zamanda Moskva qəzetlərindən birində ilk baxışdan qəribə və anlaşılmaz təsir bağışlayan sərlövhə altında bir yazı dərc olundu - “ Да здравствует СПИД !” (Xoş gəlmisən, QİÇS!). Ölkə paytaxtının tibb universitetlərində təhsil alan tələbələr bu əcaib virusun gəlişini alqışlayırdılar. Paradoks!!! Əslində, bu şüarı irəli sürən insanların əqidəsnə görə QİÇS müasir cəmiyyətdəki fahişələrin, homoseksualların, lesbianların, svingerlərin ən çirkin və yaramaz həyat tərzi yaşayanların, yolunu azmışların və bu qəbildən olan pozğun ünsürlərin Allah tərəfindən cəzalandırılması idi. “Xoş gəlmisən QİÇS!” – deyənlərin əqidəsinə görə bu dəhşətli, müalicəsi olmayan xəstəlik normal həyat tərzi keçirən, Tanrının və təbiətin qanunları ilə yaşayan insanları heç də qorxutmamalıdır. Məşhur bir deyim var – “Bütün yaxşılıqlar Allahdandır, pisliyi isə insanlar özləri-özlərinə edirlər.” Bəli, bu gün bütün dünyanı ayağa qaldırmış “taclıvirus” haqlı olaraq hər kəsi qorxuya salıb. Ölüm təhlükəsinin bu qədər yaxın və bu qədər real olduğu bir zamanda hər kəsi bu virusun özündən daha çox onun adı xofa salıb. Yaxşı yadımdadır bir dəfə mənə belə bir sual vermişdilər – “İnsanlarda qiymətləndirdiyiniz ən böyük cəhət nədir?” Mən bu suala bircə cümlə ilə cavab vermişdim: - “İnsanlarda qiymətləndirdiyim ən böyük cəhət cismani və mənəvi təmizlikdir.” Danılmaz bir faktdır ki, bəşəriyyətin, insan cəmiyyətinin başına gələn bütün müsibətlər və faciələr məhz bu iki mühüm amilin - cismani və mənəvi təmizliyin olmamasının ucbatından baş verib. “Əl-TOR DAYAN!” Ötən əsrin 1970 ci ili idi. Bakının qızmar iyun günləri başlamışdı. O zaman mən orta məktəb şagirdi idim və yay tətilini yaşayırdım. Beləcə isti iyun səhərlərindən birində işə tələsən insanları o zamankı “Kommunist” qəzetində dərc olunmuş sensasion məzmunlu bir yazı sözün həqiqi mənasında şoka saldı. Yazının sərlövhəsi son dərəcə qorxunc bir fəlakətdən xəbər verirdi – “ƏL –TOR. DAYAN!” Bir günün içərisində milyonluq paytaxt ayağa qalxmışdı. Məlumatda bildirilirdi ki, Şəhərdə bir-neçə insanda taun vibrionu aşkar olunub. Dərhal paytaxtın bütün səhiyyə sistemi, xəstəxanalar, poliklinikalar, müalicə müəssisələri, tibb məntəqələri, həkimlər, mütəxəssislər hazır vəziyyətə gətirilmişdi. O vaxt mən bu xəstəliyin nə qədər dəhşətli olduğunu bilirdim. Bilirdim ki, böyük şairimiz Məhəmməd Füzüli də məhz taun xəstəliyindən ölüb. Elə ona görə də bu xəstəlik haqqında xeyli yazılar oxumuşdum. Lakin, o dəhşətli yay günündə hər xırda məsələni açıb ağartmağa imkan verməyən, çox mətləbləri gizli saxlayan kommunist senzurasının susduğu və sovet mətbuatında qəflətən peyda olan bu dəhşətli xəbərdarlıq eynilə bu günkü “koronavirus” xofuna bənzəyirdi. O zaman amansız "əl - tor" bəlası məmləkətimizin üzərindən sovuşdu. Bu qələbə həm də o zamankı təbliğatın və tibbi maarifləndirmənin qələbəsi idi. İNSANLIĞIN SINAQ ÇAĞLARI Tarixdən məlumdur ki. eramızın 527 –ci ilində Bizans imperatorluğunda baş qaldırmış və bu əraziyə Misir və Həbəşistandan keçmiş taun xəstəliyi zamanı 25 – 30 milyona yaxın insan tələf olmuşdur. O zaman bu xəstəliyə Bizans imperatoru nun adı ilə “Yustinian taunu” adı verilib. Sonralar 1346 – 1353 –cü illərdə “qara ölüm” adlanan taun xəstəliyi yenidən baş qaldırmış və bu dəfə bütün Avropa qitəsini bürüyərək 75 – 100 milyona yaxın insanın həyatına son qoymuşdur. Tarixi mənbələrdən aydın olur ki, insanların dözülməz antisanitariya, natəmizlik və rəzalət içində yaşadığl vaxtlarda əsasən gəmiricilərdən, eləcə də adicə bit və birələrdən keçən bu dəhşətli xəstəlik Tanrının insanlara göndərdiyi “bəla” adlandırılıb. O zamankı cəhalət Avropası tədricən başına gələn bu bəlalardan nəticə çıxarmağa, maariflənməyə, təhsilə, elmə, təbabətin inkişafına nail olduqca vəziyyət də tədricən pozitivə doğru dəyişməyə başlamışdır. Məhz o zamanlardan başlayaraq XIX əsrə kimi dəhşətli xəstliklər o cümlədən taun, vəba ara-sıra bəzi local ərazilərdə qeydə alınsa da epidemiya və pandemiya səviyyəsinə yüksəlməmişdir. Ötən əsrin 1947 – ci ilində isə dünya təbabətində inqilab baş verir. Streptomitsin adlanandırılan tibbi preparat ixtira olunur. Tarixi sənədlərdə qeyd edilir ki, bu preparatın tətbiqi hətta ölümcül xəstələri belə yanidən həyata qaytarmaqda böyük rol oynayır. Bir-neçə il əvvəl dünyanı yenidən lərzəyə salan H1N1 adlı qrip virusu isə hələ 1918-ci ildə Barselonada, Keyptaunda hətta Alyaskada qeydə alınıbmış. Yazılı mənbələrə görə bu xəstəliyə Sakit okean hövzəsinə yaxın ölkələrdə yaşayan yarım milyarda yaxın əhali yoluxmuş, onlardan 50 -75 milyonu isə tələf olmuşlar. Bəşər cəmiyyətinin tarixini vərəqlədikcə belə nümunələrə istənil\ən qədər rast gəlmək mümkündür. Tarixin isə öz ibrət dərsləri var. Ondan nəticə çıxarmayanların aqibəti hər kəsə yaxşı məlumdur. SÖZ ARDI… Müdrik atalarımızın minilləri aşıb gəlmiş məşhur bir kəlamında deyilir: - “Kasıbsan -kasıbsan, bəs əl-üzünü yumağa nə gəlib…” Bu bircə cümlə özündə çox böyük mənalar ehtiva etsə də həm də bu günümzlə səsləşir. Bu günümüzün ən ümdə problemi olan cismani sağlamlığımızı qorumaq, “taclıvirusun” başındakı tacı çıxararaq onu taxtından salmağın yolunu göstərir. Bunun üçünsə sanitariya mədəniyyətindən savayı qeyri yol yoxdur. Böyük təbabət uzmanı Semaşko da elə bunu deyirdi: - “Sanitariya mədəniyyəti olmadan ümumiyyətlə heç bir mədəniyyət yoxdur”. Cəlal Yaquboğlu