Özbəkistanda Xətainin anadilli “Divan”ının nadir nüsxəsi aşkarlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

AMEA-dan APA-ya verilən məlumata görə, tədqiqat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında aparılıb.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub və ilkin tədqiqata cəlb edilib.

Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də var.

Xətainin anadilli “Divan”ının digər nüsxələri Britaniya Muzeyində və İranda qorunmaqdadır. Əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün AMM-in direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə olunub.

Əlyazmanın köçürülmə tarixi hicri təqvimi ilə 942-ci il göstərilir (Miladi tarixlə 1535 kimi qeyd edilib). Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir və incə nəstəliq xətti ilə köçürülüb, həcmi 84 vərəqdir.

Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsinin yaxın vaxtlarda nəşri planlaşdırılır.

Qeyd olunub ki, AMM-in layihəsinə əsasən, Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi nəzərdə tutulur.