Feilin üç zamanı var; keçmiş, indiki, gələcək. Bir vaxtlar birinci zamanı sevirdim. İkinci zamanda dayanıb üçüncüsünü arzulayırdım. Vaxt keçdi. Dayandığım zaman dönüb oldu keçmiş. Arzuladığım da oldu indiki. Yenə gələcək zamana çata bilmədim. İki zamanın arasında; xəyal qura-qura, olmuşları xatırlaya-xatırlaya gəldim bu ana. Mən yaşadıqca gələcək zaman yerini o birilərinə verib uzaqlaşdı. Kitabı əlimdən yerə qoymadım. Feilin zamanlarını açıb gələcək zamanı oxudum, öyrəndim. Kitabla gələcəyə getmək necə asandır. Həyat kitabımda isə səhifələr geri çevrildi, keçmişdən qopa bilmədim. İndiki zamanda yaşayıb keçmişi qələmə aldım: Çərşənbə olanda anam süfrəni hazırlayanacan atam tonqal qalayıb hərəmizə bir lopa düzəldirdi. Qardaşımla bacım həyətə düşürdülər. Bir il boyinca Novruz bayramını gözləmək onlar üçün asan idi, bilirdilər ki, gəlib yetişəcək. Amma məni evdən tonqal başına çıxarmaq onlara “əlçatmaz” görünürdü. İstəmirdim, maraq göstərmirdim. Əl çəkmirdilər istəyirdilər üçümüz də tonqalın ətrafında olaq. Axırda onlara qoşulurdum. Amma içimdən əylənmək, sevinmək gəlmirdi. Atam onları tonqalın üstündən adladırdı, mən yaxın gəlmirdim. Lopanı fırladıb atanda həyəcanlanırdım. Onun düşdüyü yerə necə hay-küylə qaçırdılar, yerimdən tərpənmirdim. Heç cür əylənə bilmirdim. Mənim rəftarım anlaşılmaz idi. Qaraqabaq, maraqsız görünürdüm. Özümə isə hər şey aydın idi. Bilirdim ki, içimə sevinc hissini dolmağa qoymayan səbəb var. Bilirdim ki, bayram bitəcək, hər kəs əvvəlki sakit həyatına davam edəcək. Mənsə insanların yalnız əlamətdar günlərdə, bayramlarda sevinmələrini istəmirəm. Dincliyin, sevincin ömrünü uzun etməyin yollarını düşünürdüm. Birgünlük sevinci qəbul etməmək xüsusiyyətim mənə necə sadiq qalıbsa hələ də bayram günlərində heç kəsi təbrik etmirəm. Haqlı olduğum bir dəfə sübut olundu. Bir nəfər qadının (bədbəxt olduğunu bilirdim) könlünü şad etmək üçün Qadınlar Bayramı Günü münasibətilə təbrik etdim, dərindən köks ötürüb: (köks ötürmək demək olmazdı, sanki nəfəsindən alov çıxıb dünyanı yandırdı) “Mən qadın deyiləm, qurban olum, bu bayramdan mənə pay düşmür” dedi. Kobudluq hesab etmədim, elə bil həyatın pəncərəsi açıldı ordan talelərə boylandım. Qadın da haqlı idi, mən də. Belə məqamlarda həmişə Novruz bayramını, Novruz bayramında da belə məqamları xatırlayıram. Tək bircə dəfə sevinə-sevinə adamlara qoşulmuşam. Qonşu qızlar anamdan xahiş etdilər ki, onlarla qapı pusmağa getməyimizə icazə versin. Razı oldu. Ürəyimdə arzu tutub çəpər qonşumuzun qapısını dinlədim. İçəridən “Hə! Hə!” sözlərini eşidəndə sevincdən uçundum. Həmin dəqiqə ağlıma gəlməzdi ki, gələcək zamanda “kaş onda “yox!” “yox! sözləri eşidəydim deyə təəssüflənəcəm. Bu gün də ona görə qapı dinləməyə getmirəm. Qorxuram ki, arzuma çatıb peşman olaram. Toy şənlikləri zamanı da içimdə narahatlıq olur. Düşünürəm, görəsən gənclərin bir-biri ilə davranışı necə olacaq, valideynlər onların işlərinə müdaxilə edəcəklərmi? Məni toydan sonrakı günlərin ab-havası üzür. Bu düşüncələr üzümdəki təbəssümü itələyib “zəhmi” dəvət edəndə zahirən soyuqqanlı təsiri bağışlayıram. Amma həmin an damarlarımdan qaynar qan axır. Yenə çərşənbədir. Virus təhlükəsinə görə şəhər sakitdir. Buna görə qəmginəm. Bütün problemlərin mənim olmasını istəyirəm təki bu xalq var olsun. Mən insanlara, yaxınlarıma təkcə yeni ildə, ad günündə, bayramlarda xoşbəxt olmalarını diləmirəm. Ürəkləri istəyəndə əylənməyin mümkün olmağını arzulayıram. Səyahətə çıxmaq istəkləri xəyal olmasın. Çərşənbəni unutmuşam. Səhər açılandan yazı üzərində işləyirəm. Axşamacan yazını sayta təhvil verdim. Uşaqlara pislik etmək haqqım olmadığından onlar üçün kiçik şənlik düzəltdim. Bir məqam diqqətimdən yayınmadı. Atamın şənliyi, əyləncəsi təbii, canlı idi. Mənsə uşaq hüquqlarını qoruyurdum. Bir gerçəyi də duydum: uşaqlar da mənimlə “həmxasiyyət olub”. Biri getdi kitab oxumağa, biri də kompüterə baxmağa. Birgünlük bayram bitdi, o bayramda xalqıma vacib mövzuda yazı ərməğan etdim. Yazını oxuyub əməl etsələr onlar üçün hər gün bayram olacaq. Buna çalışıram. 17 mart 2020
© 2020 - Created by İLK XEBER.