Düşmən dili

Müasir dövrümüzdə Yer üzündə mövcud olan dillər haqqında statistik məlumat axtararkən bir çox mənbələri araşdırmalı oldum. “Yer üzündə təqribən 5-6 min dil mövcuddur” faktı ilə kifayətlənməyib, bir neçə mənbələrə də baxdım. Rəqəmlər fərqlidir. Məsələn, bir məlumatda YUNESKO-nun dünyada 6000-dən çox dil olduğunu bildirdiyi, digər bir mənbədə isə bu rəqəmin 6700-6900 olduğu göstərilib. Hansı məlumatı əsas kimi götürmək olduğuna qərar verə bilmədiyimdən statistikaya yekun vuraraq, keçirəm əsas mətləbə. Mövzu ilə tanış olandan sonra, bəlkə də, qınayacaqsınız ki, bu qədər dilin içində haqqında yazmağa dil tapmadınmı? Elə yanlışımız da budur. “Müharibəni sevən adamın olmağı absurddur” yazacaqdım, əlimi saxladım. Bəs onda insan taleləri ilə oynayan müharibələr öz-özünəmi baş verir? Görünür, qan tökən, dünyanı xarabalığa çevirən müharibə hərisləri sinələrində ürək əvəzinə nəsə başqa bir şey daşıyırlar. Yoxsa bu vəhşilikləri niyə törətsinlər ki? Fakt qarşısında qaldığımızdan gərək biz də səsimizi dünyaya çatdırmaq üçün informasiya müharibəsi aparaq. Bunun üçün isə, təbii ki, dil öyrənmək lazımdır. Bəs hansı dilləri öyrənməliyik? Sualı kəsə yol hesab etsək, deməli, onunla gəlib birbaşa mövzumuzun qapısına çatdıq. Nə ibtidai səviyyədə öyrəndiyim ingilis dilini, nə də ondan bir az çox bildiyim rus dilini mükəmməl bilmədiyim üçün erməni dilini bilmədiyimə təəssüfləndiyim  qədər təəssüflənmirəm. Nə gülməyin, nə də “gerizəkalı” deməyin. Əlbəttə, gərək həmin dilləri öyrənəydim. Amma elə bir zamanda böyüdüm ki, psixologiyam “20 Yanvar faciəsini ruslar törədib” travmasını aldı. Uşaq düşüncəsi ilə yanaşdım. Ana dilimi pis adamların dilinin yanından sinəmə çəkdim, bağrıma basdım, Azərbaycan dili fənnini o vaxtdan sevib əzizlədim. Könlünü aldığımı zənn edirdim. Ürəyimdə böyüklərin əvəzindən üzr də istəyirdim. Deyirdim ki, bağışla bizi, ana dilim, anamızı “mama” etdiyimiz üçün. Rus sözləri işlətmədim, amma bilmədim ki, istifadə etdiyim sözlərin çoxu ana dilimdə deyil. Bəs bu qədər dilçi alimlər nə iş görürlər ki, dilimizin söz yaradıcılığı qaydalarından istifadə edib alınma sözlərin qarşılığını tapmayıblar? Qohumlardan birinin 100-ə yaxın yaşı vardı, amma yaddaşı iti idi. Hərdən yanına gedirdim. Bir dəfə dedi ki, taxçadan mis satılı gətir. Tərpənməyib key-key baxdığımı görüb bildi ki,  başa düşmədim. Gedib özü gətirdi. “Taxça” sözünü ilk dəfə ondan eşitmişdim. Xoşuma gəlmişdi. Evə gələndə şkafa taxça, qazana satıl deyəndə anam təəccüblə üzümə baxıb: “bu köhnəlmiş sözləri hardan eşitmişən?” dedi. O gündən köhnə sözləri də ürəyimdə işlətməyə başladım. Amma zaman keçdikdən sonra dərk etdiyim səhvlərimin sırasında birinci elə bu xüsusiyyətim durdu. Bu dəfə anama təəccübləndim: “Gül kimi sözləri qoyub niyə rus dilində danışırıq?” Cavabını böyüdükcə bildim. Anamın atası sovet müəllimi olub. Özü də rus dili fənnini tədris edib. Atam da ali təhsilini Rusiyada alıb. Qəribə idi, rus dilini sevən adamların yanında yad dillərə maraq göstərməyən qız böyüdü (az-çox bildiklərimi onların sayəsində öyrənmişəm.) Qəlbimdə ana dili, Vətən sevgisi qəribə şəkildə güclənirdi. Yazılarımdan birində qeyd etmişəm, Leninə “baba” dedirdə bilmədilər. “O, mənim babam deyil” dedim. O cür hisslər mənə “Ana dili” şeiri də yazdırdı. İndi özümə bəsit görünsə də, bu, bir yeniyetmənin ana dilinə olan sevgisi idi. Dil öyrənməməyi təbliğ etmirəm. Bu, cahillik olar. Əksinə, siz bildiyiniz dillərdən də “pisini”  – erməni dilini öyrənmək istəyirəm. Bilirsinizmi niyə? Azərbaycan tarixni,  faktiki hadisələri erməni dilinə çevirib onlarla informasiya müharibəsi etmək üçün. Doğrudur, bunu etmək üçün daha çox beynəlmiləl dilləri bilmək lazımdır. Amma ən azı sosial şəbəkələrdə ermənilərin yaydığı yalan məlumatları oxuyub çarəsiz qalmaz, onlara öz dillərində tutarlı cavab yazardım. Yersiz məqamlarda yad dilləri qarışdırıb danışmaqdan bu, faydalıdır. Bəli, dil bilmək vacibdir, əgər bu dillə tarixinə, ölkənə xidmət edəcəksənsə. İki il qabaq iştirak etdiyim bir tədbiri xatırladım. Orda erməni dili mövzusunda xeyli fikir səslənmişdi. Qolunu itirmiş keçmiş döyüşçü “Erməninin dilini öyrənməkdən vacib işlər görməliyik” demişdi. Onun bu fikirdə olması hər mənada başadüşülən olsa da, diqqətimi alternativ fikir səsləndirən şəxs çəkdi. O vaxtdan indiyədək həmin müəllimlə söhbət etmək niyyətim olsa da, reallaşdıra bilməmişdim. Nəhayət, yazacağım məqalə BDU-nun Tarix fakültəsinin Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdiyə müraciət etməyi zəruriləşdirdi. Xeyli vaxtını almağıma baxmayaraq, səbirlə bütün suallarımı cavablandırdı. İlk sualım “Erməni dili Azərbaycanda nə vaxtdan tədris olunur?” oldu. Təəssüflə bildirdi ki, Ermənistanda Azərbaycan dili çoxdan  tədris edilsə də, bizdə bu proses 2008-ci ildə başlayıb. İsmayıl müəllimdən Ermənistan Dövlət Universitetində ayrıca Türk dilləri kafedrasının fəaliyyət göstərdiyini, Azərbaycan dilini əslən Xankəndidən olan müəllimənin keçdiyini də öyrəndim. Dedi ki, bu sahədə son illərdə bizdə də xeyli işlər görülüb. 2012-ci ildə Tarix fakültəsinin Qafqazşünaslıq kafedrasının  Erməni Araşdırmaları Elmi Tədqiqat  Laborotoriyası  da açılıb. 2017-ci ildən həmin laborotoriya mənim xahişimlə Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzi adlandırılıb. Bildirdi ki, erməni dili eyni zamanda Azərbaycan Dillər Universitetində, bəzi nazirliklərin akademiyalarında və C.Naxçıvanski adına Hərbi Məktəbdə də tədris olunur. Dərs vəsaitlərinin hazırlanması barəsində verdiyim suala da ətraflı cavab verdi. Müxtəlif mənbələrdən istifadə olunaraq çap edilən dərsliklərə özünün nəzarət etdiyini bildirdi. Rəhbərlik etdiyi kollektivlə birlikdə yetmiş dörd minlik söz və söz birləşməsindən ibarət yeni lüğət QHT tərəfindən çap olunub müxtəlif idarə və müəssisələrə paylanılıb. 975 səhifədən ibarət ermənicə-Azərbaycanca lüğət kitabının nəşr edilməsininsə Azərbaycan tarixində ilk olduğunu vurğuladı. İsmayıl Tanrıverdi həm də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının dəstəyi ilə hazırlanmış "Erməni dili" dərs vəsaitinin elmi redaktorudur. Erməni dilinin tələbələr tərəfindən necə mənimsənilməsi mənim üçün xüsusi maraq doğurduğundan onu da soruşdum. Cavabı konkret oldu: “Bu, tədrisdən asılıdır”. Söhbət arasında qızların xüsusilə fəallıq göstərdiklərini, təhsillərini başa vurduqdan sonra saytlarda işlədiklərini bildirdi. Bu da informasiya müharibəsi üçün vacibdir. – Ermənistanda müasir Azərbaycan yazarlarının əsərləri çap olunurmu? – Əkrəm Əylislinin “Daş yuxular”ı çap olunub, həm də rekord sayda satılan kitablar sırasındadır. Seymur Baycanın yazıları da silsilə şəklində aylıq jurnallarda dərc edilib. Maraqlı bir fakt da söylədi: Çubuxçıyan adlı erməni müəllifi müğənni Elnarə Abdullayeva haqqında 270 səhifəlik kitab  yazıb. Amma bu, onun titullarının alınması ilə nəticələnib. Levon Cavaxyan adlı erməni yazıçısının  “Kirvə” hekayəsinin məzmunu ilə də məni tanış etdi. İsmayıl müəllim 2012-ci ilin əvvəllərində ATV kanalında erməni dilini bilənlər üçün keçirilən müsabiqəni xatırladı. “Baxmayaraq ki, 13 il Ermənistanda ideologiya sahəsində işləmişdim, ermənicə bilirdim, amma müsabiqəyə qatıldım” dedi. “Bakıya gəldikdən sonra 20 il ərzində ermənicə danışmamışdım. Müsabiqədə dörd imtahan verdim və onluğa düşdüm. Mənə BDU-nun Tarix fakültəsi məsləhət görüldü. İşə qəbul olundum. Özüm də 1984-cü ildə həmin fakültəni bitirmişəm”. “Feysbuk” sosial şəbəkəsində paylaşımlarını həmişə izləyirəm. Ermənistanda sosial-iqtisadi vəziyyətdən onun sayəsində xəbərdar olmaq mümkündür. Ermənilərə etiraz edərək yazdıqlarını paylaşmaqla (böyük kömək olmasa da) dəstək olmağa çalışıram. İsmayıl müəllim sözün həqiqi mənasında informasiya müharibəsi aparır, bu da vətənpərvərlik, düşmənlə üz-üzə dayanmaq deməkdir. Yazını onun söylədiyi: “Biz erməni dilini ona görə öyrənirik ki, düşmənlə öz dilində mübarizə aparaq” fikriylə bitirirəm. Mövzunu həmin fikir bütövlükdə izah edir. Elə bunu deyəcəkdim...