AMMA – Azərbaycansayağı Milli Mübarizə Anlayışı

Azərbaycan xalqının milli mübarizəsi 1988-ci ildə xalq hərəkatı ilə başladı. Bu xalqın azadlıq uğrunda mübarizəsi idi. 1990-cı il 20 yanvar hadisələrindən sonra mübarizə daha da gücləndi və nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini bərpa etdi. Müstəqillik ilindən 2000-ci ilə kimi Azərbaycan keçid dövrünü yaşadı. 1994-cü ildə dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” ölkəyə böyük pul axını gətirməyə başlamışdı. 2008-2012-ci illər Azərbaycan iqtisadiyyatının “çiçəklənən” dövrü idi. 2012-ci il haqqında danışmaq istədiyim “Azərbaycansayağı Milli Mübarizə Anlayışı” (AMMA)-nın ilk əlamətləri görünməyə başladı. Qədim mayyaların inanclarında 5-ci Günəş çağının sonunu göstərən Haab təqvimi 2012-ci ilin dekabrın 21-də başa çatır. Qədim mayyalar inanırdılar ki, bu minvalla Yerdə həyatın yeni dövrü, 6-cı Günəş çağı başlanacaq. Bir çoxları bunu dünyanın sonu kimi qəbul etdilər və bütün dünyada “axirətə hazırlıq” başladı. İnsanlar marketlərdə kütləvi şəkildə makaron, konservlər və şamlar almağa başladı. Bu axına Azərbaycanda da qoşulanlar çox oldu və hətta bəzi mağazalarda üzərində “axirət şamları” yazılan şamlara da rast gəlindi. Əgər dünyanın sonudursa, bu məhsullar sizi xilas edəcəkmi? sualına onların cavabı: “Bunlar mərhələli şəkildə gələn dünyanın sonuna qədər bizi ölməkdən qoruyacaq” olurdu. Əgər dünyanın sonu olacaqdısa, bu hamı üçün olacaqdı və heç bir şey bizi xilas etməyəcəkdi. 2015-ci il 21 fevralda Azərbaycan xalqı  ilk dəfə “devalvasiya” termini ilə tanış oldu. Neft 120 dollardan 25 dollara qədər ucuzlaşdı. Manat xarici valyutalar qarşısında 34 faiz ucuzlaşdı. 10 ay sonra, 21dekabrda 2-ci devalvasiya baş verdi və bu dəfə ucuzlaşma 47 faiz-manat isə 1.70 oldu. Əhali əlində olan pulu dollara dəyişmək üçün valyuta dəyişmə məntəqələrinə axışmağa başladı. Hətta təqaüdçülər də aldığı pulu dollara çevirirdilər. Nəticədə ölkədə dollar qıtlığı yaşandı və manat 1.90-a kimi ucuzlaşdı. Növbəti “unikal mübarizə” 2017-ci ildə baş tutdu. Benzinin qiymətinin 70 qəpikdən 90 qəpiyə bahalaşacağını öyrənən sürücülər gecə ilə yanacaq doldurma məntəqələrinə axın edib avtomobilin çənini tam doldurmaq üçün uzun növbələrdə dayandılar. 2020-ci il Çinin Hubey əyalətinin Uhan şəhərindən sürətlə bütün dünyaya yayılan Koronavirus Azərbaycana da gəlib çatdı. Bu virusdan qorunmağın yolları haqqında bir çox “dahi ekspertlər” ağıllı məsləhətlər verməyə başladı: spirtli içki qəbul edin, sarımsaq və xaş yeyin deyən kim. Apteklərdə əvvəl maskalar yoxa çıxmağa başladı, sonra isə tibbi spirtlər. Sonra isə sarımsaq bahalaşmağa başladı: 8, 10, hətta 15 manata kimi. Bu bizim xalqın növbəti mübarizəsi idi. Amma mübarizə hələ də davam edir, bu dəfə də manatın ucuzlaşmaq təhlükəsinə qarşı. Neftin qiymətinin 30 dollara kimi ucuzlaşmağından sonra əhali yenidən bankalara axın edib 2015-ci ildə olan hadisələri təkrar etməyə başladı: olan və qalan pullarını dollara çevirmək üçün. Belə görünür ki biz heç nədən dərs çıxarmırıq, 1988 və 1990-cu illərdə cəsur mübarizə aparan millət necə oldu ki, belə primitiv üsulları seçdi? Bəlkə bu bizim çox unutqan xalq olduğumuzdandır? Bəlkə “məndən keçdi, qardaşıma dəydi” fəlsəfəsi? Bilmirəm, nə qədər də fikirləşsəm, adekvat cavab tapa bilmirəm. Bir onu deyə bilərəm: Allah bizi özümüzlə sınağa çəkməsin.