Milli Məclisin plenar iclasında İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edildi. İlk layihəyə görə, Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər. Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib. Cinayət Məcəlləsinə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hər iki layihə səsə qoyularaq qəbul edildi. Musavat.com
© 2020 - Created by İLK XEBER.