Bəs küçələrə kişilər çıxsaydı, necə?..

İlk dəfə idi ki, 8 martı yola verəndən sonra cəmiyyətdə kişi donquldanmaları ara vermədi. Həmişə bayram ərəfəsində guya yumor diliylə həqiqəti demək məqsədilə müxtəlif açıqcalar, video çarxlar, məzəli lətifələr bayramımızı zəhərləyir. Çünki burdan çox aydın görünür ki, kişilər ildə bir günü də bizə öz xoşuyla vermək fikrində deyil. Lap radikal mövqedə olanlar nəinki hədiyyə almaq, hətta dilucu təbrik etmək belə istəmir. Bütün qadınlarsa bilir ki, bayramdan asılı olmayaraq qadınına dəyər verə bilmək ağıllı, uğurlu və özündə əmin kişilərin sevdiyi bir jestdir. Hər il olduğu kimi, boş verdik getdi. Amma bu dəfə qadınlar küçələrə çıxdı. Demək məsələ göründüyündən daha ciddidir. Onlar çiçək, zinət əşyası, diqqət və s. daha asan əldə edilən bir şeylər deyil, azadlıq istədilər. Adam inana bilmir, amma elə bir gün gəldi ki, Azərbaycan qadını “Susmaq yoxdur, üsyan var!”, “Bizimdir Hürr Küçələr”, “Küçələrdən qorxma!” kimi şüarları səsləndirdi və “küçə qadını” ittihamından qorxmadı. Odur ki, kişilərin və kişi mövqeyindən olaylara baxa bilənlərin deyinməyi və təhqirləri ara vermir. Küçələrə kişilər çıxsaydı və dünyanın ən axmaq ideyasına dəstək olsaydı yəqin ki, bu qədər aşağılanmazdı. Nədən? Elm sübut edir ki, qadınlar kişiləri döyüşkən, dalaşqan, riskli, azartlı, əliaçıq, zirək edir və təəssüf ki, uzaqgörənlikdən yayındırır. Kişilərsə qadınlara sadalanan heç bir parametrlə təsir etmir. Onlar yanındakı kişilərin sevgisi sayəsində əksinə, özündə əmin, arxalı, ağıllı söz deyəcək qədər cəsarətli olurlar. Miqyası böyütmək və daha inandırıcı olmaq üçün dünyada artıq keçirilmiş elmi təcrübələrin nəticələrindən yararlanaq. Qadın və müharibə İnsanlar arasında münaqişələrin əsil səbəbini bilmək məqsədilə Çin alimləri uzun sürən təcrübələr aparıblar. 60 kişi və 51 qadın qarşı cinsin gözəgəlimli, cəlbedici və kifir fotolarını izlədikdən sonra müəyyən suallara cavab veriblər. Bu suallar vətən, müharibə, kənd təsərrüfatı və s. sahələrə aid idi. Məlum olub ki, qadın ayaqları və ölkənin bayrağını paralel izləyən kişilərdə patriotik duyğular bayrağa qarşı deyil, məhz qadın ayaqlarına qarşı oyanıb. Gözəl qadın görkəmi və izləməyi sevdikləri bəzi orqanlar kişiləri dalaşqan edərək müharibəyə aid suallara daha tez cavab tapmağa vadar edib. Qadınlarda isə kişilərin görkəmi verdikləri cavablarla heç əlaqədar olmayıb. Demək qadınlar (xüsusilə də gözəl qadınlar) kişiləri aqressiv edərək müharibələr törədir, amma kişiləri ağıllandırmaqla tərəqqiyə xidmət edirlər. Qadın və gələcəyimiz Bu mövzuda Kanada alimlərinin təcrübələri maraqlı nəticələr verib. Təcrübədə iştirak edən 96 oğlan və 113 tələbə qız seçim qarşısındadır, zər atıb qazancın məbləğini müəyyənləşdirməlidirlər. Ya bu dəqiqə az məbləğ (15-35 dollar), ya da sabahısı gün daha çox (50-70 dollar) əldə etməyi seçə bilərlər. Daha sonra onlar maşınların və qarşı cinsin gözəgəlimli fotolarını izləyib bir sıra suallara cavab verməli olurlar. Nəticədə məlum olur ki, gözəl qadınları izlədiklən sonra kişilərin əksəriyyəti, hətta sabah daha çox qazanc əldə etməyi seçənlər fikrini dəyişib bu dəqiqə varlanmaq fikrinə düşüb. Qadınlarda isə əksinə, kişilərin fotosu heç bir reaksiya oyatmayıb, amma maşınlar qadınların fikrini dəyişməyə məcbur edə bilib. Bu təcrübədən sonra cəmiyyətdə varlanmaq istəyən kişiləri və super maşınları seçən qadın ehtirasını birbaşa gözəl qadınların ayağına yazmaq olardı. Gözəllik kişiləri gələcəyini düşünməkdən yayındırırmış. Qadın və risk Qadın və risk arasında əlaqələri ingilis-polyak alimlər qrupu araşdırıb. Təcrübədə küçə keçərkən risk etmə dərəcəsinin cinslər arasında münasibətə aidiyyəti olması məlum olub. Cinsi seçim nəzəriyyəsinə əsasən hər kəs düşünə bilər ki, kişilər daha çox risk edir ki, qadınların diqqətini çəkə bilsin. İşıqforla idarə edilən küçədə 500 kişi və 500 qadın üzərində müşahidələrdən aydın olub ki, tənha kişilər avtobus dayanacağına gec gəlir, evlilər isə qadın nəzarətinin sayəsində vaxtından bir qədər əvvəl yerində olurlar. Avtobusa çatmaq üçün piyada keçidində özünü riskə atanlar içində əlbəttə ki, kişilər daha çoxdu. Onlar nəinki risk edir, hətta bəzən bir qrup adamı keçirmək üçün liderlik rolunu da boynuna götürür. Əgər ətrafda qadın varsa bu kişiyə sanki qol-qanad verir və özlərini maksimal dərəcədə riskə atırlar, kişilərin əhatəsindədirsə etinasız qalır. Analoji vəziyyətdə qadınlar yalnız tək olduqda riskə gedirlər. Qadın və azart Bu mövzuda təcrübəni Florida universitetində qoyublar. Təcrübəyə cəlb edilmiş 78 qadın və 61 kişiyə fotolar göstərib cəzbetmə dərəcəsini müəyyənləşdirməyi xahiş etdikdən sonra onlara blek-cek kart oyunu təklif edilib. Vəziyyət elə quraşdırılıb ki, oynayan hər dəfə risk edərək yeni kart götürməli olsun. Müşahidələr təsdiqləyib ki, gözəl qadınlara seyr edən kişilər (maraqlıdır ki, onlar təcrübədən sonra fotonu daha yaxşı yadda saxlayıblar) ağlasığmaz gedişlər edir, kifir qadınları seyr edənlərsə oyunda daha təmkinli olurlar. Qadınların riskə getməsi fotolar ilə heç bir əlaqəsi olmadan baş verirdi. Qadın və sürət Los-Ancelesdəki Kaliforniya universitetində yaradılmış virtual mühitdə 18-56 yaş arası 72 kişiyə uçurum üzərindən sallanan körpünü keçmək təklif edilir. Kənarda qadın, və ya kişi müşahidəçisi, yaxud virtual müşahidəçi olmasını iştirakçılar bilir. Az qala bütün kişilər qadın müşahidəçi olarsa uçurum üzərindəki körpünü kifayət qədər sürətlə, kişi və virtual müşahidə altında isə duyulacaq qədər aşağı sürətlə keçiblər. Demək kişilər özünü başqa kişiyə deyil, məhz qadına göstərmək istəyir. Qadın və səxavət Müşahidələr göstərir ki, qadın ailəsi, tanışları və dostlarına qarşı səxavətli ola bilirsə, kişilərdə bu keyfiyyət nisbətən xaotikdir. Onlar tanımadıqları adamlara kömək etməyə, ictimai xeyriyyəçilikdə iştiraka meyllidirlər. 90 nəfər tələbə arasında keçirilən təcrübədə iştirakçılara kompüter oyunu təklif edilir və udan müəyyən məbləğ qazanacaq. Prosesi kənardan ya kişi, ya da qadın müşahidə edir. Bu müşahidəçilərin özünü də iştirakçılar cəzbedici bilib özləri seçiblər. Təcrübənin sonunda hər kəsə xeyriyyəçilik edib udulmuş məbləğdən müəyyən miqdar vermək təklif edilir. Qadınlar ən çoxu 40 faizə yaxın məbləği verib, kişilərsə 60 faizə yaxın. Ən maraqlısı odur ki, kişiləri gözəl saydığı qadın müşahidə edəndə rekord məbləğlə uf demədən vidalaşa bilirmiş. Kişilərin müşahidəsi altında olan oyunçu kişilər məbləği yarıbayarı azaldıb. Nəzərimizdə saxlayaq, sorğuda özünü göyçək sayan kişilər ən simici imiş. Ümumilikdə kişilər qadınlardan səxavətlidir. Bütün bu sadalanan situasiyaları nəzərə alaraq yenidən “8 marş” adlı qadın yürüşünə qayıtsaq burada hansısa çox vacib bir məqamın gözdən qaçdığını duya bilərik. Demək, kişilər qadının sözünü nəzərə almaq üçün onu gözəl və arzulanan saymalıdır. Əks halda etinasız qalacaq. Həmin bu qadın əlində yüz faizlik həqiqət yazılmış plakat daşıyırsa da kişilər onu eşitməyəcək. Kişilər düzgün, uğurlu, səxavətli, həqiqətpərəst olur, amma onu kənardan ən azı müşahidə edən bircəcik gözəl qadın varsa. Əgər vəziyyət sözünü küçələrə çıxıb rəngbərəng plakatlarla deyəcək səviyyəyə çatıbsa əslində ideal durum belədir: kişilər mitinqə çıxır (fərq etməz, qadın, yoxsa heyvan hüquqları naminə), qadınlarsa kənardan müşahidə və təqdir edir. Qoy döyülən və söyülən də onlar olsun. Qoy ünvanınıza yönəlmiş ağır sözləri onlar eşitsin. Biz isə onlara yaralarını yalayarkən başını sığallamaqla dəstək olarıq. Sivilizasiyanın təkan yeri bu cür qurulub. Cinslərin arasındakı sərhədin silindiyi cəmiyyətdə heç kim yaşamaq istəməz. Qadın küçəyə çıxıb nəsə çığırırsa demək bıçaq sümüyə dirənib. O, azadlıq və bərabərlik istəyirsə, demək vermək lazımdır. Sonra o, bu azadlığı və bərabərliyini nə edəcəksə, özü bilər... Gülnarə RƏFİQ