Elçin Mirzəbəyli
Hər bir xalqın, toplumun, fərdin intellektual və mədəni səviyyəsi, dünyagörüşü, insani keyfiyyətləri eksptrimal vəziyyətlərdə ortaya çıxır. Adi vəziyyətlərdə hər kəsin göz önünə sərgilədiyi bir obraz var. Yalnız təhlükə qarşısında bu obrazın nə qədər gerçək olub olmadığı göz önünə sərgilənir, gerçək kimliklə saxta obraz arasındakı fərq açıq-aşkar görünür.
Koronavirus ölkəmizə ayaq açdığı gündən tanıdığım bəzi insanları, onların davranışlarını, kütləvi informasiya vasitələrini və onların “mənəm-mənəm” deməkdən dodağı çat verən bəzi təmsilçilərini, Avstraliyadakı kenquruların, küçə itlərinin təəssübünü mənsub olduğu xalqdan, yaşadığı torpaqdan dəfələrlə çox çəkən, hər gün sağa-sola payladığı sevgi etirafları daşa, çınqıla, yaxud 8 Martda keçirilən qurşaqdanaşağı aksiyada qaldırılmış məlum şüardakı orqan adlarına toxunub geri qayıdan süddən və əxlaqdan yanıqların sosial şəbəkələri başına götürən ah-vaylarını müşahidə edirəm. Və təəssüflənirəm.
İnsanı digər canlılardan fərqləndirən əsas amillərdən biri və mənə görə birincisi sosial məsuliyyət, ictimai maraqların müdafiəsi, mənsub olduğun xalqın, yaşadığın torpağın, Vətənin, dövlətin mənafeyinin qorunması, xarakter, prosesləri təhlil edib nəticə çıxarmaq bacarığıdır. Fərdi sosial məsuliyyətin, ictimai əxlaqın və bu əxlaqa uyğun davranışların olmadığı yerdə heç bir fərdin mənafeyi qoruna bilməz.
Doğrusu, sosial şəbəkələrdə, hər gün yağışdan sonra üzə çıxan göbələklər kimi sayı artmaqda olan “xəbər saytları”nda yaradılan ajiotajın, WhatsApp və digər aplikasiyalar vasitəsilə yayılan saxta məlumatların haradan, hansı təfəkkürdən qaynaqlandığını anlamağa çətinlik çəkirəm. Axı bu məlumatları yayanların, paylaşanların heç də hamısı “sapı” özgə əllərində olan “balta”lar deyil. Aralarında tanıdıqlarım da var və koronavirus təhlükəsi yarananadək onları ən azı şüurlu insan kimi qəbul edirdim. Görünür yanılmışam.
Koronavirus fərdi təhlükə deyil, toplumsal təhlükədir və toplumsal müdafiə tələb edir. Aptekləri, marketləri “yağmalaqla”, bir neçə günlük, yaxud aylıq ərzaq ehtiyatı toplamaqla hətta özünü belə müdafiə edə bilməzsən, nəinki doğmalarını və yaxınlarını...
Sosial məsuliyyət və milli təhlükəsizlik
Dövlət öz vətəndaşlarını qorumaq üçün üzərinə düşən bütün vəzifələri layiqincə həyata keçirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
Azərbaycan koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrin biri – İranla həmsərhəddir. Eyni zamanda, tranzit yolların üzərində yerləşir. Ölkə ərazisindən çoxsaylı nəqliyyat dəhlizləri keçir. Belə bir şəraitdə koronavirusun qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi və ciddi nəticələrin əldə olunması çox çətindir. Buna baxmayaraq, Azərbaycan öz ərazisini virusun yayılmasından ciddi şəkildə qorumağı bacarır və istənilən hadisəyə, fakta, yaxud hansısa informasiyaya, məlumata çox çevik reaksiya verir. Bütün işlər dövlət qurumları arasında fəal şəkildə koordinasiya olunur.
Məlum olduğu kimi, Azərbaycan həm Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Eyni zamanda qonşu İrana da epidemiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün 5 milyon ABŞ dolları məbləğində yardım göstərib. Hər ikisi ciddi humanitar addımlardır. Bu, Azərbaycan dövlətinin qlobal məsuliyyətini nə dərəcədə dərk etməsindən irəli gələn faktordur. İndiki şəraitdə hətta maliyyə resursları etibarilə Azərbaycandan kifayət qədər geniş imkanları olan ölkələr var, amma bizim sərgilədiyimiz bu mövqeni təəssüflər olsun ki, onlar göstərə bilmirlər. Bu baxımdan təsadüfi deyil ki, ölkəmizin atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir edilir, eyni zamanda bir çox ölkəyə nümunə göstərilir.
İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması isə Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.
Tətbiq olunan qaydalar MİLLİ TƏHLÜKƏSİZLİK və MİLLİ HƏMRƏYLİK məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.
Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Səbrli, təmkinli olmaq, şayiələrin qarşısının alınması üçün prinsipial mövqe nümayiş etdirmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək istənilən şübhəli davranışın qarşısının alınmasına cəhd göstərməliyik.
Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.
Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.
Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin SOSİAL MƏSULİYYƏTdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.
İndi BİRLİK, HƏMRƏYLİK məqamıdır. Atdığımız hər bir addımın, dediyimiz, yazdığımız hər bir sözün məsuliyyətini anlamalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına əməl etməklə özümüzü, doğmalarımızı, həmvətənlərimizi, Vətənimizi bütün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan koronavirus təhlükəsindən qorumalıyıq. İndi dövlətimizin sərhədləri bizim düşüncəmizdən, davranışlarımızdan, SOSİAL MƏSULİYYƏTimizdən keçir. İndi hər bir Azərbaycan vətəndaşı bu sərhədləri ilk növbədə özünün və doğmalarının təhlükəsizliyini təmin etmək üçün qorumalıdır.
Tanrı Azərbaycanı qorusun!