Həə, demək belə... Bu gün sözdən danışacağam. Kiminə adi görünən, kiminə mənalı, kiminə canlı varlıq kimi görünən, kiminin ağzında bal, kiminin ağzında zəhərli ilan olub adamı çalan, kiminin ağzında tətikdə dayanmış güllə, qurşun olan öldürücü sözdən... Bakılılar, adətən, "həri" deyir, mənsə qarabağlıyam. Biz, “hə” deyirik sözə başlayanda... Hə, deməli belə, öncə onu qeyd edim ki, hərənin bir şakəri var: kimi əsəbiləşəndə qarşısında nə var, basıb yeyir, çörək çatdırmaq olmur. Qarabağda qəribə xasiyyətli qonşularımız vardı, o zamanlar onların hərəkətlərinin, sözlərinin mənasın başa düşmürdüm. Zaman keçdikcə onları anlayır, onlardan ötrü darıxıram. Vidadi demiş,"bir gün olur, vətən deyib ağlarsan", - yox, şəhərin tanımadığın, asfalt sifətli, dili acı bəzi adamlarını görüb, "bir gün olur, qonşu deyib ağlarsan", - deyirəm mən də öz -özümə çox vaxt... Hə, harda qalmışdım? Qonşumuzun bir qızı vardı, əsəbiləşəndə evdə hamı ac qalırdı. Hatəmxan ağa demiş, bizlərdə hər evdə ağzıqapaqlı iri qazan olurdu, analar bir dəfəyə 10 -12 çörək bişirib yığırdılar o qazana. Hətta bizlərdə and içəndə"qazandakı çörək haqqı" deyə and içərdik. Dünənə qədər mən də "qazandakı çörək haqqı", - deyə and içirdim. Uşaqlıq adəti başdan çıxmır ki. Sonra gördüm, mən belə and içəndə çoxları qımışır, yavaş-yavaş tərgitməyə çalışdım, indi, sadəcə, "çörək haqqı" deyirəm and içəndə. Amma ürəyimə yatmır, elə bilirəm onda, o anda inam bir az azalır. Hə, mətləbdən çox uzaq düşdüm, deyəsən. Mən o qonşumgilə gedib bir söz demək istəyəndə qonşum məni öncədən xəbərdar edərdi: bax, qızı əsəbiləşdirmə haa, sonra ac qalarıq". Anlamırdım, niyə ac qalsınlar ki? Bir gün həmin qız bizdə idi, nə dedimsə, əsəbiləşdi, bir də onda ayıldım ki, bir bütöv təndir çörəyinin son tikələridir əlindəki. Hə, indi anladım qonşum nə demək istəyirmiş. Elə o vaxtdan məndə bir az gec anlama vərdişi qalıb, gec anlayıram, sözün canı nədir. Amma anlayıram axırda. Bir qonşumuz da vardı, əsəbiləşəndə qarşısında nə vardı, əlinə nə keçdi, xırda -xırda doğrayırdı. Bir dəfə söhbət əsnasında o vaxtlar Sovet pulu ilə 25-lik vardı, qırmızı 25-lik, bir də onda ayıldıq ki, onu əlində tikə-tikə edib. Qazandakı çörək haqqı, düz deyirəm... Hə, mənim də bir şakərim var, doğru-dürüst vaxtı mənə desinlər, bu mövzuda bir yazı yaz, əsla bir kəlmə ağlıma gəlməz. Di gəl əsəbiləşim, yazdıqca yazıram, yazdıqca yazıram. O gün bir söz məni yaman tutmuşdu, ürəyim də ağrıyır axı, müalicə alıram, irsi təzyiq xəstəsi - təzyiq də kəllə-çarxda. Gördüm yox, nə qədər edirəm mənə güllə kimi dəyən sözü yadımdan çıxara bilmirəm. Nə edim? Həkim də deyib ürəyində, qəti söz saxlama, sözü ürəyinə salma. Çünki dolub, artıq yer yoxdu, söz oldumu, yiyəsinə de, ürəyində saxlama. Nə edim? Birdən ağlıma gəldi ki, sözü yiyəsinı deyə bilmirəmsə, yazım, ürəyimi boşldım. Hə, necə yüngülləşdim. Hərdən həkimlərin də sözünə baxmaqda xeyir varmış... Bu söz ki var, "çox qəliz məsələdir , həm qəlizdi, həm də vacib". Şərqdə söz həmişə kişinin ölümü olub. Kişi söz verdimi, ölsə də, gərək verdiyi sözü yerinə yetirə. Elə qadına da aiddir. Türklər insana kişi deyir ha, bu "kişi" o kişi"dəndir, yəqin ki. Avropalılar ona görə deyirdilər ki, Şərqdə kişinin verdiyi söz Avropada kişinin verdiyi rəsmi sənəddən ötədir . Sözün də canı var deyirlər, sözün canı onun mənasıdır. Aləmlərin Rəbbi sözü insandan əvvəl yaradıb deyilənə görə. İnsanı yaradıb, sonra ona "ol" deyib. Beləliklə, söz insandan öncə yaranıb. Söz də canlı kimidır. O da yaranır, uşaqlıq-neoloğizm dövrünü yaşayır, sonra cavanlıq dövrü -ümumişləklik qazanaraq dilin leksikasında öz yerini bərkidir. Sözlərin də taleyi olur, bəziləri bu lüğət tərkibində uzunömürlü, bəziləri isə qısaömürlü olur. Yerli və gəlmə sözlər də var. Bəziləri yaxşı gəlin kimi gəldiyi dilin - evin adət-ənənəsini, qrammatik qayda-qanunlarını götürərək doğmalaşır, o evə - o dilə qaynayıb-qarışır, əsl gəlin olur. Onları öz milli sözlərimizdən seçmək olmur, heç belə sözləri seçmək, ögey-doğmalıq da qoymaq olmaz. Bəziləri isə heç dəyişmir ki ,dəyişmir. “Mən ata evimdə belə idim, belə də qalacam”, - deyir tərs gəlinlər kimi. Bəziləri isə öz əvvəlki mənalarını itirir, yeni məna qazanır. Məsələn, "xanım", "dəli" və s . sözlər kimi. Çoxmənalı, həm mənfi, həm müsbət mənalı sözlər də var, mən onları ikiüzlü insanlara oxşadıram: "yaman", "yaxşı", "əcəb" və s, sözlər kimi .. Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman dünə salıblar. M.Şəhriyar Omonimlər, sinonimlər, antonimlər dilin yaraşığı, bədii üslubun canıdır. Hələ məcazi mənalı sözlər... Bədii ədəbiyyatı onlarsız təsəvvür etmək olmaz. Onlar yalançıdırlar, amma məqsədləri, məramları gözəldir. Onlar gözəl yalanlardır: Necəsən, bir ah çəkim Kür quruya, sal yana. Bayatı Kühukən künd eyləmiş min tişəni bir dağ ilən, Mən qoparıb atmışam min dağı bir dırnağ ilən. Füzuli Bu da gözəl, yalan, amma gözəl. Bu məcazlar sözün bəzəkli donudur, yaraşığıdır. Sərt, birmənalı adamlara bənzər dildəki terminlər. Yad baxışlı, soyuq üzlü yad adamlara bənzədirəm onları, dilə də yatmırlar bəzən. Amma onlar da dilin vacib bir qatını təşkil edir, elmi üslub onlarsız kasıb olar, dünya evinə çıxa bilməz, "Biləcəridən o yana" çıxmaq hüququ olmaz. Füzuli sözü daha gözəl təsvir etmiş , xalqa ağzın sirrini anladan, yoxdan var olan , könüllər alan , hərdən niqabdan üzün göstərən gözələ bənzətmişdir : Xəlqə ağızın sirrini hərdəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Bir nigari-ənbərixəttdir könüllər almağa Göstərir hərdəm , niqabi-qeybdən rüxsar söz Hə, bal söz var, zəhər kimi acı, qurşun kimi öldürücü sözlər var, demişdim. Həssas insanların qənimidir acı söz. Elə adamlarla ehtiyatlı olmaq gərək. Onların ağzındakı söz uşağın əlindəki doldurulmuş tüfəngə bənzər. Ehtiyatsız davransan, səni öldürə bilər söz... Sözü quşa da bənzədirlər, ağız qəfəsində saxlanan quşa. Ağzından uçurdunmu, geri qaytarmaq mümkün deyil. Babalarımız, atalarımız sözü ağzında bişir, sonra çıxar", - deyiblər. Adamlarımızın çoxu güllədən, çoxu xiffətdən öldü, yerdə qalanları da söz yarası ilə öldürməyək, insanlar qarşı həssas olaq, hələ pusquda dayanan koranavirus varkən. Koronovirus görməyəsiniz, “Feysbuk”un da öz qaydaları varmış, indi-indi öyrənirəm. Dünyada müharibələr ən çox qadın və torpaq üstdə olub. “Feysbuk”da isə, deyəsən, "layk"üstündə olur. Yazılarında "layk" görməyəndə hiddətlənərmişlər. Məndən sizə əmanət, "layk"sız şərhləriniz olanda onlar çöldə yalqız qalıb üşüməsinlır, karonovirus tutmasınlar deyə yığışdırıb evə gətirin. Bunu da mən dedim, necə deyərlər, imza özüm, qurtardı sözüm... Hər kəsi qarşıdan gələn İlaxır çərşənbə münasibətilə təbrik edirəm, “Ağ günlü, ağ əppəkli olun, gününüz ağ, canınız sağ olsun. Yaman gün, yaman dərd görməyəsiniz, ürəyiniz açıq, könlünüz xoş, süfrələriniz ruzi-bərəkətli olsun. Yazılarınız bol "layk"lı olsun. Bunu da qarabağlı nənələr deyir. Dədə Qorquddan öyüd almış, başı örpəkli , ağzı dualı ürəyi geniş, dili "nərmü-nazik bayatılı, həssas nənələr: "Can" deməklə candan can əskik olmaz , Məhəbbət artırar, mehriban eylər "Çor "deməyin nəfi nədir dünyada? Abad könlü yıxar, pərişan eylər. A Ələsgər Eviniz də, könlünüz də abad olsun həmişə. Nizamininki, Şirvanininki, mənimki kimi pərişan olmasın.
© 2020 - Created by İLK XEBER.