Uşaqlıq dünyamın sakinləri

Aldığın xəbər ötənlərinə haray salır... İlk müəllimin öldü... Əvvəl uşaqlığın gəlir. Qarşında dayanıb elə hönkürür ki, kiridə bilmirsən. O ağlayır yaşları sənin gözlərindən axır... Sonra ananın gəncliyi geri dönür. Hürkək nəzərlərlə kimisə axtarır. Baxışlarını tutub gedirsən. Otağın baş köşəsində iri masanın arxasında atan əyləşib. Qarşısındakı qoşa vərəqə diqqətlə baxır. Sənin illik qiymətlərinin yekunudur. İlk müəllimin verib ki, atana imzaladıb geri qaytarasan. Axşam atanı gözləyə-gözləyə yatmısan. İndi də məktəbə gethagetdəsən. Atan kağızda sıralanmış “5”lərini diqqətlə nəzərdən keçirir. Üzündən ani təbəssüm ötür. Başını qaldırır, yenə o zəhmli ata ciddiyyətindədir. Olsun. Sən onun ürəyindən keçənləri simasında qərar tutmağa izn vermədiyi bir az əvvəlki ötəri təbəssümündən anlamısan. Anan atanın hayındadır. Axşam işdən evə gec gələn, səhər obaşdan yenə işə tələsən ərinə çay süzür. Bir də baxır çay dəmlidirmi? Sonra otağa təzə, isti təndir çörəyinin ətri yayılır. Nənən oğlu işə, nəvələri məktəbə gedənəcən xəmir yoğurub, təndir qalayıb, çörək bişirib. Səni əlində çanta evin ortasında dayanan görüb təlaşa düşür: - Çaysız-çörəksiz gedirsən? Bir az qabaq anana verdiyin cavabı bu dəfə də atandan çəkinə-çəkinə yavaşca nənənə söyləyirsən: - Yemirəm... Nənən səni dinləmir. Gəlininə acıqlı bir baxış fırladıb sənin üçün təndirdə ayrıca birşirdiyi isti kökənin arasına yağ, pendir doldurur. Dodaqaltı söylədiklərindən bir bunu tutursan: “Uşağı acından öldürür”... Gəlininə deyinir. Anan özünü eşitməzliyə vurur. Nənənin hazırladığı dürməci yemək istəmirsən. Nazlanırsan. Atan qiymət cədvəlini sənə qaytara-qaytara qaşlarının ortasında, dodaqlarının ucunda düyümlənən ərkini, ərköyünlüyünü baxışları ilə oxşayar. Nənən dürməci zorla ovcuna basır. Bu işləri görə-görə cəld süfrə salıb gətirdiyi isti çörəkləri də düzür ki, üst-üstə qalıb linc olmasın. Çörəklərə nehrə yağı çəkir ki, qalıb qurumasınlar. Anan süfrəyə isti çörək, yağ, pendir, bişirdiyi düyü sıyığını çəkdiyi boşqabları düzür. Birini də sənə göstərir. - Hələ vaxta var, bunu da tez ye... - deyir. Atan yeməyə başlaya-başlaya anandan xəbər alır: - Nə vaxt gedəcəksən? Anan baxışları ilə qayınanasını göstərir: - Bir azdan gedəcək... Bacım dedi əvvəl o, gəlsin. Sən uşaqlarını, evini yer-yurd elə, sonra gəl. Xalanın səkkiz qızından birinin toyudur. Kiçik bacısının yerini şirin eləmək üçün xalan ananı başa salıb: “Qayınana deyim ki, gəl ağbirçəklik elə. Sən ondan sonra gələrsən. Söz-söhbət olmasın”. Atan məsələni başa düşür. Anasına göstərilən diqqətdən məmnun qaldığı üzündən oxunur. - Mən də iki-üç saata işdən birbaşa ora gedəcəm, - deyir. Kənd toyları erkən başlayır. Bir azdan bütün el-oba çal-çağıra bürünəcək. Sən isə məktəbə getməlisən. Qayıdıb dərslərini hazırlayacaqsan, sonra toya gedəcəksən. Anan toy paltarını ütüləyib səliqə ilə çarpayının üstünə sərib. Qapıdan çıxmaq istəyirsən ki, həyət darvazasından aramsız maşın siqnalı eşidilir. Bu hay-küyü bir adam eləyə bilər... Bibinin əri deyə-gülə evinizə tərəf gəlir. Hamınız həyətə çıxırsınız. Nənənin günəşi doğur. Tək oğlunun evinə, tək qızı gəlir. Atan bacısıgili evə dəvət edir. Bibinin əri etiraz eləyir: - Gedirik. Burdan keçirdik. Dedik sizinlə də görüşək. Birlikdə həyət qapısından çıxırsınız. Bibinin əri səni hələ də körpə sayır, əvvəlki kimi qorxudur: - Mən... süpürgəsaqqalam... İçində gülürsən. Nağıllara inanmadığını deyib bu qədər mehriban, nikbin insanı qırmaq istəmirsən. Bibin səni öpür. Atan qiymət cədvəlini götürüb-götürməyini, nənən dürməyi yeyib-yemədiyini xəbər alır. Anan nəzərləri ilə üst-başının əyər-əskiyini yoxlayar. Əzizlənirsən... Yola düşürsən. Evinizdən baxınca oxuduğun məktəb görünür. İlk müəllimin əlində jurnal sənin oxuduğun sinif otağına tərəf addımlayır... Gedirsən... Yol azalmır. Arxaya boylanırsan. Anan qocalığına, atan, nənən, bibin, bibinin əri xatirələrinə çəkilirlər. Məktəb yolları daha səni ilk müəlliminə də aparmır... O da xatirələrindəkilərin ardınca gedir...