Yaradıcılıqda itirdiyim illərin əvəzinə, indi qısa vaxt ərzində ürəyimdə olanları yazıb bitirməyə tələsirəm. Məhz buna görə, Uilyam Folknerə verilən “Elə bir düstur varmı ki, ona əməl etməklə əsl yazıçı olmaq mümkündür?” sualı diqqətimi çəkdi. Yəqin ki, yazmağa ilk dəfə başlayan hər kəsi belə bir sual düşündürüb. Nə etməli, hardan başlamalı olduğumu götür-qoy edərkən yazıçının – “Bu 99 faiz istedad, 99 faiz intizam, 99 faiz zəhmət düsturudur” cavabı məni tərəddüd içində qoydu. Həqiqəti ifadə etdiyini inkar etmək doğru olmaz, amma bu fikrə münasibətim individualdır. Yaşadığımız coğrafi məkanı əsas götürərək, buraya 9 faiz də mühitin vacibliyini əlavə etməliyik. Yazanın əl-qoluna qandal vurulduğu, qələminin “sındırıldığı” mühitdə təkcə istedad, intizam və zəhmətin hesabına uğur qazanmaq mümkün deyil. Azərbaycanda yazıçı kimi yetişmək (xüsusilə də qadınlarda) müxtəlif səbəblərdən çətin prosesdir. Bizdə başqa bir ölkənin yazıçısının qəbul edə bilmədiyi, onlara qəribə görünən qaydalar mövcuddur. Hansısa mənbədən axıb gələn çayı təsəvvür edək. Çuxurunu tapanacan sağa-sola burulur, gah daşlara çırpılır, gah qarşısında olan maneəni dəf etmək üçün daşıb-tökülür. Amma bir qədər sonra axarını tapır, özünə yer elədiyi çuxurla “sürünüb” gedir. Yaradıcılığın ilk mərhələsi də buna bənzəyir. Yolunu tapanacan vurnuxursan. Elə ki axarını tapdın, mövqeyini möhkəmləndirdin, üslubun özünü göstərir, yavaş-yavaş oxucularını ətrafına yığmağa başlayırsan. Musiqidə eyni mahnını ayrı-ayrı müğənnilər ifa etdikləri halda, hər ifadan bir az saxlayaraq duet hazırladıqları kimi, mən də Folknerin fikirlərinə münasibətimi söhbət şəklinə salaraq bildirirəm. Yazıçının fikrincə, “... öz müasirlərini, yaxud sələflərini ötüb keçməyə çalışmaq lazım deyil. Yetər ki, özünü ötüb keçəsən”. Bu fikrə münasibətim təəssüf və qəzəb hissindən ibarətdir. İnkişafıma mane olan cəhətimi xatırlayıb peşmanlıqla deyirəm: “Heç kəsi ötüb keçməyə çalışmamışam, üstəlik, kənara çəkilib haqqım olanları da başqalarına vermişəm. Ağlım kəsdiyi vaxtdan indiyəcən rəqabət hissim olmayıb. Buna görə, hətta özümü də ötüb keçə bilməmişəm”. Folkner, “... yazıçı öz əsəri üçün materialı istədiyi yerdən çox rahatca götürə, iqtibas eləyə, hətta oğurlaya bilər” – deyə vurğulayır. Onun qənaəti yazılarımdan birini buraya əlavə etmək ehtiyacı yaratdı. “Bəzən elə gecə olub ki, səhərəcən ətəyimə tökülən göz yaşlarım kimi düşüncələrimi vərəqlərə səpələmişəm. Amma ya səhəri gün, ya da üstündən bir neçə vaxt ötdükdən sonra fikirlərimin eynisinə hansısa müəllifin yazısında rast gəlib, az qala depressiyaya düşmüşəm. “Oğurluq”da (plagiat) suçlanacağımdan narahat olub, həmin yazımı cırıb atmışam. Buna görə, çox vaxt yaxınlarım məni danlayıb. Bir gecə yenə də səhər cırıb atacağım şübhəsi ilə tərəddüdlərimi qələmə aldım. Oyananda hansısa kitabı oxuyub fikirlərimə orada rast gələcəyimi düşündüyümdən səhərin açılmasını istəmirdim. Şübhəmin əbəs yerə olmadığını bilməyimçün səhər mütaliə etməyimə ehtiyac qalmadı. "Feysbuk"a daxil olan kimi, bu dəfə Vahid Qazi ilə eyni mövzuda, eyni fikirləri yazmış olduğumuzu bildim. Əlim dinc durmadı. Həm təəssüf, həm də sevinc hissiylə (qəribədir, bu dəfə bir az da sevinirdim) Vahid müəllimin paylaşımına bu barədə rəy yazdım. Onun “Qətiyyən cırmayın, eyni cür düşünən insanların çox olması yaxşı haldır” tövsiyəsi yazılarımın “qatili” olmaqdan məni xilas etdi. İndiyəcən belə yazıları cırdığım üçün özümü bacımdan da betər danladım. Vahid Qazi gözəl yazmışdı: “Eyni cür düşünən insanların çox olması yaxşı haldır”. Həmrəylik elə budur. Mənsə plagiatlıq xofuyla indiyəcən nə qədər yazılarımı məhv etmişəm. (Amma öz aramızdır, yazarlar da imkan vermirlər ki, bir-iki kəlmə də biz yazaq.) Qayıdaq Folknerlə söhbətimizə. O deyir: “... yazıçı yalnız öz sənəti qarşısında məsuliyyət daşıyır. Buna görə də əsl yazıçı tamam prinsipsiz olmaq məcburiyyətində də qala bilər. Onun bir arzusu var. Və bu arzu onu elə şiddətlə özünə cəzb edir ki, yazıçı, sadəcə ondan xilas olmalıdır. Yoxsa heç cür rahat ola bilməz”. Elə gözəl məqamları təsvir edir ki, heç nə əlavə etmədən, “Gözəl və doğma hisslərdir” – deyirəm (yazıram). “Buna görə də, hər şey – vicdan, qürur, ədəb-ərkan, dinclik və xoşbəxtlik bir kənara atılır, təki kitabı yazıb qurtara bilsin. Əgər bununçün öz anasını qarət etmək lazım gələrsə, o, buna da hazırdır”. Sadalananlardan dinclik və xoşbəxtlik istisna olmaqla, heç hansını atmadım. Bunu yazıçı olmamaq üçün etdim. İstedadımı öldürməyə çalışdım. Ailə, övlad, məişət qayğısı içində əsl “mən”dən ayrıldım. Çox dolanbaclardan keçdim. Amma bu illər ərzində içimdəki narahatlıq yox olmadı. Mənimlə bərabər arzularım da yaşa doldu. Biz yaşamayıb, sadəcə, yaşlanmışıq. Dincliyim, xoşbəxtliyim məhz buna görə qeyb olmuşdu. Qaldı yazmaq üçün ananı qarət etmək, hə, bunu etmişəm. Yazmaq qadağasının ucbatından iztirab çəkməyimlə anamın sevincini qarət etmişəm. Hələ ata evində olarkən yaxşımı-pismi, lazımlımı-lazımsızmı yazdığımı bilmədiyi halda, cızma-qara etməyimə şərait yaradan anamın sonralar yazdığımçün “çarmıxa çəkiləndə” “hər şeyi burax, yaradıcılığına davam et” və yaxud da “yazma” demək cürətini də qarət etmişəm. Ailə səadətinin daha vacib olduğunu söyləmək istəsə də, yazmağa olan güclü istəyimə görə susmuşdu. Amma bilirdim ki, yazmağımı istəmir, çünki analar qızının ailəsiz xoşbəxt olacağına inanmırlar. Anamla yanaşı, atamın, bacılarımın da vaxtlarını qarət etmişəm. Ən çox qarət etdiyimsə özüm olmuşam. İstedadıma, duyğularıma, qazana biləcəyim uğurlarıma xəyanət etmişəm. Folknerlə belə şirin-şirin “söhbət edərkən” dialoqumuz qəfildən mübahisəyə çevrilir. Onun, “Yaxşı yazıçıya heç bir şey xələl gətirə bilməz” qərarına emosional formada cavab verirəm: “Sənin kimi azad ölkələrdə doğulmuşlar üçün bu belədr. Biz bunu özümüz üçün əsas götürə bilmərik. Mənəvi qadağaların içində boğulan, qısqanclığın dəmir qandallarının əlləri-qolları bağladığı mühitdə yazanlara bu cür yanaşma ədalətsizlik olar. Bu yolu seçə bilərdim, əgər valideynlərimin, övladlarımın üzülməsinə, yadların tənəsinə dözməyə cəsarətim çatsaydı. Başqalarını incidə-incidə yazıçı olmağa yox, öz mənəvi dünyamın darmadağın olmağına razı olmuşam. Bax, burada yazıçı ilə fikirlərimiz haçalanır, mübahisəmiz uzanır. Həyatın məngənəsində sıxılıb-əzilən duyğularımdan, təlatümlərimdən bu dərəcədə azad ruhlu insana heç nə izah edə bilmərəm. Adam öz peşəsi ilə məşğul olan tənqidçiləri belə nəzərə almır. Uzun mübahisədən sonra “dialoqumuz” yazıçının Virciniya universitetində müəllim və tələbələrlə etdiyi söhbət zamanı söylədiyi ürəyimdən xəbər verən bəzi fikirlərlə yekunlaşır: “Əgər insanın istedadı varsa, deməyə sözü varsa, o, hökmən yazacaq. Çox tez-tez eşidirsən: “Əgər evli olmasaydım, uşaqlarım olmasaydı, mən də yazıçı ola bilərdim”. Bununla razılaşmıram. Mənə elə gəlir ki, yazmaq istəyirsənsə yazacaqsan, heç kəs səni saxlaya bilməz. Bəzən həyat səni öz burulğanına çəkir, amma nə qədər dərinə çəksə, bir o qədər yaxşıdı. Belədə yazıçı fil sümüyü qülləsinə qalxmamalıdı, əksinə, həyatın dibinə baş vurmaq lazımdır ki, böyür-başın bir qədər əzilə, bəlkə də, bu, daha faydalıdır”. Söyləməyə heç vaxt cəsarətim çatmadığı fikirləri aydın şəkildə izah edir. Daha doğrusu, ailəm üçün bu ifadəni işlətməyə dilim gəlməyib. Folknersə bunu bəhanə kimi qiymətləndirir. Əgər bu gün onun dediyi məqam gəlib yetişməsəydi, o fikirlər mənim yaradıcılıq səhifəmdə bir düyün kimi qalacaqdı. Amma bu gün “burulğandan çıxmağa cəhd göstərərək, böyür-başı əzilmiş şəkildə” təzədən yazmağa başladığım üçün yazıçıya məğlub olduğumu düşünürəm. Doğrudan da, yazmaq istəyəndə adamı sonadək saxlamaq mümkün olmurmuş.
© 2020 - Created by İLK XEBER.