"AMEA rəhbərliyi bütün zəruri tədbirləri görür..." — Tanınmış alimlərdən ETİRAZ

Alimlər onların fikirlərini təhrif edən sayt rəhbərliyinə öz irad və etirazlarını bildiriblər: “Yazının provokativ başlığını dəyişin!” İlkxeber.org xəbər verir ki, məsələ ilə bağlı AMEA əməkdaşları demokratazerbaijan@gmail.com saytına məktub ünvanlayaraq öz narahatlıqlarını bildiriblər. Professor İdris Abbasov: Şəxsi və ya qrup marağı güdən heç kəsə imkan verməyəcəyik ki, fikirlərimizi öz çirkin niyyətlərinə alət etsinlər. Taleyüklü problemlərdən yazmaq əvəzinə, alimlərin situativ fikrirlərini təhrif edib intriqa yaratmağa çalışan sayt əməkdaşları hörmətəlayiq ola bilməzlər. Biz vicdanımızın səsinə qulaq asaraq ümumi maraqlar naminə razılığımızı da, etirazımızı da müstəqil, dəqiq və qərəzsiz bildiririk. İdris Abbasov FB dostum, tarixçi alim Bayram Quliyev koronavirusla bağlı maarifləndirici bir status paylaşaraq AMEA-da dezinfeksiyanın vacibliyini vurğulamışdır. Həmin statusa mən də öz rəyimi əlavə etdim və bufetdə pulla təmasda olan əllərin çörəyə vurulmasının tibbi cəhətdən doğru olmadığını diqqətə çatdırdım. 2 il əvvəl də eyni mənzərənin şahidi olmuş, iradımı yerindəcə bildirmişdim.Çox normal və çox yerində. Çünki bu, həll olunan məsələdir. Sadəcə, tələb etmək lazımdır. Amma bəzi saytların səmimi statusla manipulyasiya etməyə çalışması, status və rəy müəlliflərindən xəbərsiz öz şəxsi maraqlarına xidmət edən uyğunsuz başlıq ("Alimlər AMEA rəhbərliyinə etiraz etdilər") seçib provokasiya xarakterli yanaşmaları təəssüf doğurur. Çatışmazlıqlara qarşı hər birimiz mübarizə etməliyik. Məsələn, bufetdə nəmli əlləri ilə eyni zamanda pul sayıb çörək kəsən bufetçiyə bir alim kimi etiraz etdinizmi? Əksinə, bufetçinin çirkli pula bulaşmış əlindən çörəyi alıb nuşcanlıqla yediniz. Alim ordusunun cahilliyinə rəhbərlik nə etsin? Özümüz belə olmasını istəyiriksə, hansı əsasla rəhbərliyə etirazdan danışmaq oolar? Hər kiçik nöqsanı rəhbərliyin adı ilə bağlamaq ən azı ədalətsizlikdir. Bəs biz nə üçünük? 10 min alim susursa, 10 nəfərdən ibarət rəhbərlik nə etməlidir?  Yoxsa ayaqyolunda, yeməkxanada və digər yerlərdə gigiyenaya da əvəzimizdən rəhbərlik riayət etməlidir? Bu, nə məntiqdir? Gəlin, düzü düz, əyrini əyri deyək. Amma mən İdris Abbasov olaraq fikirlərimi sərbəst şəkildə açıq-aydın yazmışam, yazıram və yazacağam. Tam azad və demokratik şəraitdə. Yetər ki, özünə də tənqidi yanaşmağı bacarasan. Son nəfəsədək işimin başındayam. Amma qəsdsiz-qərəzsiz. “Etiraz” sözünün mənasına, işlənmə situasiyasına dönə-dönə qayıdın, hörmətli sayt əməkdaşları! Məsələn, qoyduğunuz başlıqla siz həqiqətə etiraz, bizə qarşı hörmətsizlik etdiniz! AAK-ın Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarması haqqında saysız-hesabsız status və şərhlərimiz var, anaların, bacıların ah-harayı yeri-göyü lərzəyə gətirib. Eşitmədiniz, deyilmi? Ailələr əzab və işgəncə yaşadılar, xəstəlikləri ağırlaşdı, yatağa düşənlər oldu. Duymadınızmı? Eşidib-duya bilməzsiniz! Çünki ümumxalq harayı eşidib-duymaq hər kəsə nəsib olmur. Nədən onlarla əlaqədar statusların birini də olsun, saytınızda işıqlandırmadınız? Niyə? Marağınıza uyğun deyildi? Səmimiyyətiniz bu qədərdir? Aylardır ki, vətəndaşı narazı salan o qanunsuzluqdan, ciddi nöqsanlardan bir cümlə də yazmadınız. Lütfən, vicdanlı peşə fəaliyyəti ilə məşğul olun! Bizim yolumuz hamıya bəllidir. Aydınlıqdır yolumuz! İşıq olduğu halda, qaranlığa bürünməyin nə mənası?! Qızışdırıcı, dövlətçiliyimizə, xalqımıza zərrə qədər faydası olmayan işlərlə məşğul olmaq, onun-bunun status və şərhini öz marağına uyğun provokasion başlıqla şərh etmək heç bir etikaya sığmır! Tarixçi-alim, doktor Bayram Quliyev:  Açıqlama!!! Bu gün “Demokrat Azərbaycan” saytı tərəfimizdən yazılmış statusu, bizdən icazə almadan çox eybəcər bir şəkildə şərh edərək, statusun məğzi ilə əlaqəsi olmayan “"AMEA-da antisanitariya hökm sürür, bağlanmalıdır" — Tanınmış alimlərdən AMEA rəhbərliyinə ETİRAZ” adlı başlıqla məqalə dərc etmişdir. Statusun montaj olunmuş hissəsindən sitat gətirilən yazının içərisi ilə məqalənin başlığı əsla üst-üstə düşmür. Çox təəssüf hissi ilə bu istiqamətdə qanunların yetərsiz olduğunu da düşünərək onları qınadığımı bildirirəm. Etdikləri bu dezinformasiyaya görə həmin sayta etiraz məktubu yazılmışdır. Mən Bayram Quliyev olaraq cəmiyyətdə baş verən, xalqımız üçün əhəmiyyətli olan heç bir məsələyə biganə qala bilmərəm. Sadəcə olaraq mənə təsir edən odur ki, informatik xarakteri daşıyan bir status necə olur ki, etiraz kimi qiymətləndirilir. Sözü gedən statusu yenidən diqqətinizə çatdırıram. Sizcə orada etiraz vardırmı? Əgər belə bir fikrim olsa, bunu yazılı formada müraciət edərdim. Bildirmək istəyirəm ki, üç məsələ haqqında narahatçılığı ifadə edən bu statusda mən Koronavirusdan öz qorxumu dilə gətirmişəm. Jurnalist adını daşıyan hər kəsdən xahişim budur ki, yalan, ara vurmağa yönəlik, dəyişdirilmiş fikirlərdən ibarət yazılar yazmasınlar. Bu, reket jurnalistikasıdır və qeyri-peşəkarlıqdır. Bir hissəsi kəsilərək təhrif edilmiş statusu olduğu kimi sizə təqdim edirəm: Bayram Quliyev "Bəzən zarafata yozsaq da, koronavirus kifayət qədər təhlükəlidir və get gedə yayılmaqdadır. Dövlətimiz çox doğru bir qərar qəbul etdi və təhsil müəssisələri bağlanıldı. Amma mən bu valideyinləri anlamıram. Madam dərslər bağlanıb, niyə uşaqlarınızı parklara çıxarırsınız ki? İkinci bir məsələ, mütləq içtimai nəqliyyatdan istifadə edəndə birdəfəlik əlçəklərdən istifadə edin. Pul, kart və bu kimi şeylər əsas mikrob daşıyıcılarıdır. Xəstə olmayanlar maska taxmasın. Üçüncüsü, mütləq AMEA dizifneksiya olunmalıdır və bir müddətliyinə bağlanmalıdır. Elm kontingenti, zənnimcə, əhəmiyyətli təbəqədir. Çünki biz alimlər turniketdən keçəndə istər-istəməz əlimiz ona toxunur, üstəgəl, ayaqyolu və əl-üz yuyulan yer ümumidir, eyni yeməkxanadan istifadə edirik. Fərz edək içimizdən iki nəfər virusa yaxalansa, o, turniketə toxunacaq, elə biz də. Hələ ümumi yeməkxananı və ora keçmək üçün turniketi demirəm. Allahın belə yadından çıxmış və daim əziyyətlərə qatlanan elm adamlarını da bir yada salan olsa kaş ki. Etiraf edirəm mən virusa görə çölə çıxmağa qorxuram."