Tofiq Zülfüqarov: “Ermənilər çox istəyirdi ki, Türkiyə və Rusiya toqquşsun”

Ermənistanın Suriya böhranından dolayı Türkiyə-Rusiya münasibətlərində yaşanan problemlərin dərinləşəcəyinə bəslədiyi ümid puça çıxdı. Heç şübhəsiz, İrəvan saxta “soyqırım” və ərazi iddiası irəli sürdüyü Türkiyənin mövqelərinin zəifləyəcəyini, bundan istifadə edərək Azərbaycana zərbələr endirəcəyini güman edirdi. Ancaq Qazax rayonu ərazisindəki hərbçilərimizi hədəfə alan düşmən gözləmədiyi halda Naxçıvan istiqamətindən itki verdi və bundan sonra növbəti dəfə hay-küy qaldırmağa başladı. Əslində bu, işğalçıya verilən ciddi xəbərdarlıq oldu. Bəs ümumilikdə Ermənistanın məqsədi nədir? Dövlət sərhədində nə baş verir? Sabiq xarici işlər  naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a geniş müsahibəsində maraqlı fikirlər söylədi: - Paşinyan administrasiyasının strategiyası ona yönəlib ki, bu və ya digər şəkildə hansısa toqquşmaya nail olsunlar. Nəticədə yoxlasınlar ki, Rusiya doğrudan da onlara kömək edir, ya etmir? Bu yolla da erməni hakimiyyəti siyasi istiqaməti dəyişmək istəyir. Yəni Rusiya onlara kömək etsə, deyəcəklər ki, lazımi səviyyədə kömək etmədi. Yaxud kömək etməsə, o halda ictimaiyyətə deyəcəklər ki, gördünüz, Rusiya bizə dəstək vermədi, ona görə də Qərbə üz tutmaq lazımdır. Yəni bu strategiya qalır və gün-gündən aktuallaşır. Bu, təkcə bizə yox, həm də ruslara bəllidir. Eyni zamanda bu, ruslarla alver üçün bir amildir. Ona görə də sərhəddəki bu cür gərgin hadisələrin əsas ünvanı Azərbaycandan başqa, KTMT-dir. Gördüyünüz kimi, qurumun təhlükəsizlik katibi Ermənistana kömək edəcəklərini deyib. Orada bir “əmma” da var. Rusiya ilə təhlükəsizlik sənədində və təşkilatın nizamnaməsində deyilir ki, əgər hansısa təhlükə yaranırsa, təcili məsləhətləşmələr keçirilir. Yəni NATO-dan fərqli olaraq, birbaşa hərəkətə keçmək məsələsi yoxdur. Strateji baxımdan bu xətt dəyişməyib. Sadəcə olaraq, bu xətt hansısa müddətdə daha qabarıq görünür. Həmin xəttin həyata keçirilməsi də Rusiya ilə Ermənistanın yeni hakimiyyətinin alverinə yönələn prosesdir. - Bəs bu mərhələdə, Ermənistanın təxribatçı hərəkətlərinin davam etməsi şəraitində Azərbaycanın mövqeyi necə olmalıdır? - Taktiki baxımdan bəlkə də onların təhriklərinə cavab olaraq bir zərbə endirmək lazımdır. - Bəlkə bu, Rusiyanın mövqeyini öyrənmək baxımından Azərbaycan üçün də bir test olardı... - Bəli. Digər bir taktika və strategiya yeri var, bəlkə də onun barəsində düşünmək lazımdır. Biz nəyə görə zərbəni ermənilər istəyən vaxt vuraq? Əksinə, bəlkə də onların oyununun bir hissəsi olmayaq və digər bir vaxtda zərbə endirək. Hər halda, konkret vaxtını deyə bilmərəm. Vəziyyəti təhlil etsək, görərik ki, Ermənistan Azərbaycanı zərbələr endirməyə təhrik edir. Bu baxımdan ortaya sual çıxır: onlar təhrik edən vaxt zərbəni endirək, yoxsa digər məqamı gözləyək? Emosional şəkildə mən də o fikirlə razıyam ki, çoxdan vaxt gəlib, elə indi zərbə endirək və s. Amma sakit düşünəndə deyirsən ki, yaxşı, əgər onlar bunu istəyirlərsə, bəlkə ayrı bir vaxtı seçək. Digər bir məqamı da qeyd etmək lazımdır: baxın, artıq konfliktin mahiyyəti dəyişib. Bundan əvvəl belə iddialar var idi ki, guya Ermənistan qondarma, separatçı rejimi müdafiə edir və orada ikinci “dövlət” yaradılıb. İndi isə Paşinyan açıq bəyan edir ki, “Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir”. Bu baxımdan hərbi əməliyyatlar bərpa olunsa, -  fərqi yoxdur harada baş verəcək, Qarabağda, Naxçıvanda, yoxsa Qazax zonasında - onsuz da iki ölkə arasında hər bir yerdə baş verəcək. - Elə bugünlərdə Ermənistan ordusu Naxçıvan istiqamətindən də təxribata əl  atdı və bir hərbçi məhv edildi... - Baxın, bu da ona sübutdur. Ermənilər çox yaxşı başa düşürlər ki, onların ən zəif yeri Naxçıvandır. Çünki Azərbaycanın adi “Qrad”la onların paytaxtını vurub darmadağın etmək imkanları var. Siyasi amil də çox vacibdir. Naxçıvanın təhlükəsizliyinin təminatçıları Moskva sazişinə görə, Türkiyə və Rusiyadır. Türkiyə istər-istəməz bu məsələyə müdaxilə edəcək. Türkiyə Moskva sazişinə imza atıb və məhz bu öhdəliklə NATO üzvü olub. 50-ci illərdə Türkiyə üzv qəbul edilərkən onun  beynəlxalq səviyyədə olan öhdəlikləri də nəzərə alınıb. Deməli, Naxçıvanın qarantiyası bir növ NATO tərəfindən də mövcuddur.

“Bəlkə biz də bunu müzakirə edək: ermənilər üçün Azərbaycanda muxtariyyətin əvəzində azərbaycanlılar üçün Ermənistanda muxtariyyət”

- Tofiq bəy, erməni tərəfi son zamanlar davamlı şəkildə 2021-ci ildə Qars Müqaviləsinin 100 illiyinin tamam olacağına diqqət çəkirlər və iddia edirlər ki, müqavilə pozula, Naxçıvanın taleyi ilə bağlı yeni durum yarana bilər... - Hüquqi baxımdan bu, cəfəngiyyatdır. Çünki saziş o vaxtadək qüvvədə olur ki, ya onun dəqiq vaxtı göstərilir, ya da vaxtı göstərilmirsə, deməli, sazişə heç bir məhdudiyyət yoxdur. Sazişə əməl olunması, sadəcə olaraq, tərəflərin niyyətidir. Bu baxımdan istəyir 100 il keçsin, istəyir 101 il, fərq eləmir. Türkiyə sazişdəki öhdəliklərdən imtina etməsə, deməli, o, Rusiya ilə bir yerdə birmənalı şəkildə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Diqqət edin, həm NATO ölkəsi Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır, həm də KTMT üzvü olan Rusiya. Hər halda, həm hərbi, həm də siyasi baxımdan Naxçıvan faktoru Ermənistanı çox çətin vəziyyətə salır və onlar bunu çox yaxşı başa düşürlər. Birinci Qarabağ müharibəsi zamanı Naxçıvan hərbi faktor kimi demək olar ki, rol oynaya bilmirdi, zəif idi. Çünki real təhlükə var idi ki, ora da əldən getsin. Amma indiki mərhələdə əksinədir, Ermənistan paytaxtından 40 km-lik məsafədə yerləşən bizim qüvvələrimiz demək olar ki, indi həlledici faktora çevrilib. - İrəvanda “Türkiyə İdlib əməliyyatlarından sonra Ermənistanla məşğul olacaq” kimi iddialar və panik atmosfer də mövcuddur. Bu iddialar nə dərəcədə əsaslı və realdır? - Türkiyənin elə siyasi baxımdan bizim yanımızda olması yetərincə güclü faktordur. Mən hesab etmirəm ki, ancaq Türkiyənin qoşunları əməliyyatlara qarışsa, nə isə dəyişəcək. Azərbaycanın imkanları o dərəcədə böyükdür ki, erməniləri darmadağın edə bilər. Bu baxımdan siyasi faktor kimi təbii ki, Ermənistan özünü çox narahat hiss etməlidir. Çünki onun üçün əsas faktor olan Rusiya ilə münasibətləri böhran içərisindədir. İkincisi, bölgədə yerləşdiyi ərazidə də ona yaxınlıq edən heç kəs yoxdur və ola da bilməz. Bu baxımdan onlar geopolitik dalandadırlar və yaxın gələcəklərinə çox pessimist yanaşırlar. - Bir neçə gün əvvəl Nikol Paşinyan Gürcüstanın baş naziri ilə görüşərkən iddia etdi ki, guya Türkiyə Batum torpaqlarına iddia edəcək. Belə görünür ki, Ermənistan rəhbərliyi Gürcüstanı da Türkiyə və Azərbaycanla düşmən etməyə çalışır... - Bu da Ermənistanın qorxusunun əlamətidir. Hamı başa düşür ki, Gürcüstan bizim yaxın qonşumuz və strateji müttəfiqimizdir. Onlar Ermənistanla birləşib nə qazanacaqlar? Gürcüstan ordusuna ən böyük kömək Türkiyə tərəfindən gəlir. Tranzit, yatırım baxımından da Türkiyə bu ölkə üçün çox vacibdir. Ermənistan nə təklif edə bilər? Heç nə. Heç xristian birliyi də təklif edə bilməzlər, çünki kilsələri də bir-birinə qarşıdır.  Ermənistanın Qarabağ adında avantürası istər-istəməz öz mənfi yekununa yaxınlaşır. Siz dediyiniz elementlər onu göstərir ki, artıq özləri də bunu başa düşməyə başlayırlar. Paşinyanın təxribatçı davranışlarının ikinci səbəbi bundan ibarətdir ki, Rusiya artıq onlara kömək edən deyil. Yəni Rusiya etdiyini edib və bundan artığını etməyəcək. Məhz ona görə də ermənilər qərbyönümlü siyasəti bəyan ediblər. - Amma Rusiyanın Ermənistan-Azərbaycan sərhədi boyunca törədilən təxribatları sükutla müşayiət etməsi  bizi də narahat etməyə bilməz. Nə Rusiya, nə onun timsalında həmsədr ölkələr mövqe bildirmir. Nəyi gözləyirlər, sizcə?

“Naxçıvan hərbi və siyasi baxımdan Ermənistanı çox çətin vəziyyətə salır”

- Rusiyadakı erməni lobbisi artıq siyasi elitada ciddi mövqelərə sahibdir. Onlar istəyirlər vaxtı uzatsınlar və sair. Yəni müxtəlif yollarla Ermənistana kömək etmək niyyətindədirlər. Eyni zamanda Rusiya elitasının Ermənistana qarşı olan, digər qanadları da aktivləşib. Ermənilərə qarşı tənqidi məqalələrin yazılması, mətbuatda onlara qarşı mənfi imic yaradılması halları çoxdur. Bu da onu göstərir ki, artıq Paşinyana özünə gəlməsi və Rusiya ilə bağlı normal siyasət yürütməsilə bağlı verilən vaxt başa çatır. Gec və ya tez orada vəziyyət dəyişəcək. Biz dəyişikliyi bir məsələdə hiss edəcəyik: Azərbaycana “yaşıl işıq” yandırılsın ki, erməniləri yerində otuzduraq. Təbii ki, bunu bəyan etməyəcəklər. Amma gec, ya tez, məntiqi nəticə bu olacaq. Hamı başa düşür ki, Rusiyanın köməyi olmasa, Ermənistan ordusu tab gətirə bilməyəcək. Amma burada digər məsələ ortaya çıxır: Azərbaycan ordusu harada dayanmalıdır? Yəni ruslar söz sahibi olmaq imkanını əldən vermək istəmirlər və hesab edirlər ki, bu sövdələşmədən çox şey əldə etsək, onların təzyiq göstərmək imkanları qalmayacaq. Beləliklə, naməlum bir situasiya onlara siyasi manevr imkanı yaradır. - Belə bir durumda ermənilər Qarabağda “seçki” keçirmək istəyirlər. 31 mart şousundan sonra bölgədə vəziyyət dəyişə bilərmi? - Biz bu “seçki”lərə heç bir önəm verməməliyik. Onlar oyun oynayırlar. Bu yaxınlarda Qarabağ mövzusu ilə məşğul olan Qərb analitiklərindən biri ilə görüşəndə dedi ki, siz vaxtilə müvəqqəti status barədə diskussiya aparıla biləcəyini deyirdiniz, bəlkə bu sakitliyi doldurmaq üçün həmin məsələ müzakirəyə çıxarılsın. Mən də dedim ki, burada məntiq üçün heç bir əsas qalmayıb. Paşinyan iddia edirsə ki, Dağlıq Qarabağ Ermənistana “birləşdirilib”, onda biz Ermənistanın hansısa “hissəsinə” müvəqqəti status müzakirə edək? Bu, gülməlidir, məntiqə uyğun deyil. Paşinyan birmənalı şəkildə danışıqlar prosesinin məntiqini öldürüb. Beynəlxalq müşahidəçilərə də məlumdur Paşinyanın bəyanatı. Bu bəyanatın nəticəsində isə proses də ölüb. İndi onlar istəyirlər “seçki”, ya parad keçirsinlər, nə istəyirlər, etsinlər. Bundan sonra baxaq, görək Azərbaycan ordusu harada dayanacaq, hər şey bundan asılıdır. Ermənilərin sevdiyi prinsip var, millətlərin öz müqəddəratını təyinetmə... Bəlkə biz də bunu müzakirə edək: ermənilər üçün Azərbaycanda muxtariyyətin əvəzində azərbaycanlılar üçün Ermənistanda muxtariyyət. Bəlkə danışıqlar bu səviyyədə olacaq? Hər halda, mən bu variantı istisna etmirəm. İndidən biz mövqeyimizi bəyan etməliyik. Bu mövqe artıq qismən də olsa, Münhendə aydın şəkildə bəyan olunub. Prezident birmənalı şəkildə bildirib ki, bu prinsip münaqişəyə şamil oluna bilməz. Bu mövqe onu göstərir ki, biz bundan əvvəl ermənilərə ən yüksək səviyyədə özünüidarə hüquqları verməyə razı idik, ancaq onlar bundan imtina ediblər və biz də həmin təklifi geri götürürük. Biz istəyirik ki, cənab prezident demişkən, ərazi bütövlüyümüzü bərpa edək, bu, bizim siyasətimizin əsas məqsədidir. - Həmsədrlərlə Türkiyə xarici işlər naziri arasındakı Ankara danışıqları da erməniləri ciddi şəkildə narahat edib. Bu danışıqlar haqda nə demək olar? - Əlbəttə, onları çox şey narahat edə bilər. Ümumi prosesləri təhlil edəndə bu nəticəyə gəlmək olur. Rusiya-Ermənistan əlaqələri göz qabağındadır, böhran yaxınlaşır. Azərbaycan-Türkiyə əməkdaşlığı isə güclənir, hərbi sahəni də nəzərə alsaq, çox sıx əməkdaşlıq mövcuddur. - Necə bilirsiniz, Türkiyənin bölgədə əsas söz sahibinə çevrilməsinin Qarabağ məsələsində də həlledici təsiri olacaqmı? - Bunun regionda baş verən hər bir məsələyə aidiyyəti var. Türkiyənin İdlibdə hərbi əməliyyatları, onun göstərdiyi taktiki yeniliklər, hərbi üstünlük də erməniləri çox ciddi şəkildə narahat etdi. Ermənilər çox istəyirdilər ki, Türkiyə və  Rusiya toqquşsun. Təbii ki, bu, bizim xeyrimizə olmazdı, hansısa üçüncü qüvvələrə fayda verərdi. Bu baxımdan Türkiyən prezidenti çox təmkinli və uzaqgörənlik nümayiş etdirərək Moskvada bu danışıqları keçirdi. Baxın, adi, protokol məsələləri, kim-kimi gözləyib, bunu da müzakirəyə çıxarırlar. Bu, yalandır. Mən dəfələrlə dövlət başçısını müşayiət etmişəm, bilirəm ki, bu, normal bir praktikadır. 1-2 dəqiqə, bəlkə də çox imkan verir ki, nümayəndə heyəti gözləmə otağında yığışsın, axırıncı hansısa məsələlər həll olunsun və sonra kamera qarşısında çıxanda hər kəs hazır olsun. Yəni bu, normal bir şeydir. Bundan da istifadə etmək istəyirdilər ki, guya Ərdoğanla Putin arasında hansısa gərginlik var. Cənab Ərdoğan doğru olaraq deyib ki, yaxşı, bunu göstərirsiniz, amma onu da göstərin ki, Putin məni qapıyadək ötürüb. Bu da rəsmi səfər olmaya-olmaya, işgüzar səfərə gələn qonağı Kremlin qapısınadək ötürmək xüsusi hörmətin əlamətidir...