Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva ilə birlikdə bu il 150 yaşı tamam olan görkəmli yazıçı və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyev barədə söhbət etdik.
Fuad Babayev: Yazar, ədəbiyyatçı, nasir, dramaturq Əbdürrəhim bəy Haqverdiyev haqqında nələri bilməliyik? Tutaq ki, onun yaradıcılığını Cəlil Məmmədquluzadənin, Məhəmməd Hadinin və yaxud başqalarının yaradıcılığından fərqləndirən özəlliyi nədən ibarətdir?
Güldəniz Qocayeva: Haqverdiyev haqqında danışanda, qarşımda böyük bir şəxsiyyət, böyük Azərbaycanlı, Avropadan, Asiyadan ən yaxşı nə varsa Azərbaycana gətirmək istəyən böyük bir mədəniyyət xadimi görürəm. Bu adam hər bir addımında böyük məsuliyyət hiss edirdi. “Dağılan tifaq” kimi əsəri yazanda, neçə dəfə bacısı oğluna məktub yazıb xahiş edir ki, mənə Peterburqda “Evripid teatrı” adında kitabı tap, göndər, Çünki yazmaq istədiyim faciənin bütün strukturunu onun əsasında yaratmaq istəyirəm.
Ə.Haqverdiyev istər dramaturq, nasir, istərsə də ictimai xadim kimi böyük insan idi. Təsəvvür edin ki, Bakı Dövlət Universitetinin yaranmasında nə qədər əməyi olub. Amma bilirdi ki, sağlamlığı elə də yaxşı deyil. Düşünürdü ki, nə qədər imkanım var, bu millət üçün nə isə etməliyəm.
Ə.Haqverdiyev dövrünün parlaq zəkalı siması olmaqla yanaşı, özünün erudisiyasına, dünyagörüşünə, bilik dairəsinə böyük tələbkarlıqla yanaşan ziyalı idi. Bu baxımdan, iş prosesində yazacağı əsərin janr xüsusiyyətlərini, strukturunu, spesifikasını onun əvvəlcədən ətraflı öyrənməsi şübhə doğurmur. Ədibin bədii yaradıcılığın nəzəri məsələlərinə xüsusi önəm verməsi onun arxiv sənədlərində olan bir çox məqalələrindən, məktublarından də məlum olur.
Bəzən ona satirik də deyirlər. Amma mən onu bir satirik kimi görmürəm. Onda bir çox məsələyə bir az ironiya ilə yanaşma tərzi var idi, lakin xalqdan özünü ayırmırdı, yəni mən bu xalqın nümayəndəsiyəm – yaxşısı da, pisi də mənimdir. Bədii əsərləri də bu şəkildədir.
Nəcəf bəy Vəzirovun çoxlu dram, faciə əsərləri var.
Fuad Babayev: Bəli, məsələn, “Müsibəti-Fəxrəddin”.
Güldəniz Qocayeva: Əslində, aralarında 6 ay fərq var. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindən 6 ay sonra Ə.Haqverdiyev “Dağılan tifaq” əsərini yazıb. Ancaq sonuncu əsərdəki məsələ psixolojidir, yəni məsələ bugün də aktualdır. Məsələ təkcə bəylik, zümrə məsələsi, zümrənin faciəsi ilə bağlı məsələ deyil, insanın faciəsidir.
Orada bir səhnə var, bəyin necə məğrur insan olduğunu göstərir. Qadın ondan kömək istəyir, o isə onu qovur. Amma sonra bəy monoloqunda deyir ki, mən nə edim, sənə necə deyim ki, mənim heç nəyim yoxdur. Vəsaitim yoxdur ki, sənə kömək edim, yoxsa səni bu qapıdan heç əlacsız göndərərdim?
Mövzu bugün üçün də aktualdır. Məsələn, baxırsan, insan qıraqdan başqa cür görsənir, amma daxili aləmi tamam başqadır. Haqverdiyev insanın bütün daxili aləmini incəliklərinə kimi açıb göstərir. O, ayrıca bir yolu olan elm, mədəniyyət xadimi kimi bir dəst-xəttə malikdir. Bunu onun həm bədii yaradıcılığında, həm də ictimai fəaliyyətində görmək olar.
Fuad Babayev: Nazim müəllim, Ə. Haqverdiyevin diplomat olması bir çox insanlara məlum deyil. Sizin yaddaqalan “Səfir Əbdürrəhim bəy Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdi” yazınızdan (linki burada – http://1905.az/səfir-əbdurrəhim-bəy-haqverdiyev-ermənistan-hokumətinin-sifarisi-ilə-qarət-edilmisdi/) sonra bu məsələ barədə geniş auditoriyanın məlumatı oldu. Ə.Haqverdiyevin ədəbiyyatda qoyduğu iz bizə məlumdur. Bəs ictimai-siyasi fəaliyyətdə də ona uyğun bir iz qoya bilib?
Nazim Mustafa: Əvvəla, onu deyim ki, çox böyük bir iz qoyub.
Güldəniz Qocayeva: Mən də bu yaxınlarda Nazim müəllimin Əbdürrəhim bəyin Ermənistana gedərkən qatarda qarət olunması haqqında məqaləsini oxudum. Yəqin bu barədə faktlar var.
Nazim Mustafa: Təbii ki, sənədlər var.
Güldəniz Qocayeva: Çünki mən bir vaxtlar Əbdürrəhim bəyin bədii nəsrini araşdırırdım; bununla əlaqədar, bütün arxivlərə getmişəm, əlyazmalarına baxmışam, amma o zaman bu sənədlərə rast gəlməmişdim. Çox unikal bir faktdır. Çox sağ olun ki, hadisəni ictimailəşdirmisiniz.
Fuad Babayev: Olduqca maraqlı məqalədir. Sanki siyasi detektivə bənzəyir. Maraqlıdır ki, Haqverdiyev Azərbaycan Respublikasının Ermənistanda, ondan qabaq isə Dağlılar Respublikasında nümayəndəsi idi.
Nazim Mustafa: Daha öncə isə Gürcüstan Parlamentinin üzvü olub. Ə.Haqverdiyevin siyasi fəaliyyətini araşdırmaq üçün arxivdə işləyərkən bəzi sənədlərə rast gəldim. 1905-ci ildə erməni-müsəlman davasını yatırtmaq üçün bir komissiya yaradılmışdı ki, bu komissiya üzvləri əhali ilə görüşsün, insanları sakitləşdirsin. Əbdürrəhim bəyin adına ilk dəfə orada rast gəldim. Yəni erməni-müsəlman davasının yatırılması üçün Bakıda təşkil olunan müsəlmanlardan ibarət komissiyanın üzvlərindən biri də Ə.Haqverdiyev idi.
Gürcüstan parlamentində dörd nəfər azərbaycanlı nümayəndə olub: Əziz Şərif, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Hüseyn İrəvani, Əli Heydər Qarayev. Ə.Haqverdiyevin Gürcüstan parlamentində gözəl bir çıxışı var. Bilirsiniz ki, 1918-ci ilin dekabrında ermənilər Borçalıya hücum edib oranı ələ keçirmək istəyirdilər. Dekabrın 17-da parlamentdə çıxışında Əbdürrəhim bəy deyir ki, 1905-1906-cı il qırğınları ilə əlaqədar olaraq komissiya üzvü olarkən əmin idim ki, 1905-ci ildə baş verənlər üçüncü şəxsin əli ilə olub. Yəni belə fikir var ki, bu iki millətin arasını çar Rusiyası vurub, tərəfləri qızışdırıb. Amma Ə.Haqverdiyev sonra qeyd edir ki, bugün buna şübhə edirəm. Biz müsəlmanlar parlamentə daxil olanda deklarasiya yayınladıq və bildirdik ki, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar bütün lazım olan ölçüdə ölkələrini düşmənlərdən qoruyacaqlar. Bunu təntənəli surətdə bəyan edirik ki, Gürcüstan azərbaycanlıları Gürcüstan hökumətinin yanında ermənilərə qarşı vuruşacaqlar. Həmçinin bildirir ki, Borçalıda müsəlman dəstəsi yaradılıb və onlar Gürcüstanın düşmənləri əleyhinə vuruşurlar.
Fuad Babayev: Bunları Gürcüstan Parlamentində söyləyib?
Nazim Mustafa: Bəli. Fəxri Valehoğlu Azərbaycanın Gürcüstandakı səfirliyində I katib işləyib, gürcü dilini mükəmməl bilir və Gürcüstan arxivlərindən Azərbaycana çoxlu sayda material gətirib. Ə.Haqverdiyevin bu çıxışı o zaman çıxan Gürcüstan qəzetində çap olunmuş stenoqramdakı çıxarışda var. Orada çıxış edərkən Ə.Haqverdiyev həm də qeyd edir ki, ermənilər təkcə Gürcüstanın deyil, bütün Cənubi Qafqazın müstəqilliyinə qarşı müharibə elan ediblər. Yəni ermənilər həm Azərbaycana qarşı vuruşurlar, ölkəmizin torpaqlarını ələ keçirmək istəyirlər, həm də digər yandan, Borçalını, Ahıska və Axalkələyi işğal etmək istəyirlər. O zaman parlamentdə azərbaycanlıların 4, ermənilərin isə 20 nümayəndəsi var idi. Tiflisdəki ermənilər də maddi cəhətdən İrəvandakı ermənilərdən güclü idilər. Çünki erməni burjuaziyası ilk dəfə Tiflisdə formalaşıb.
Fuad Babayev: Həm də Tiflis o zaman işgüzar mərkəz olub.
Nazim Mustafa: Bakıya da erməni burjuaziyası əllərində müəyyən kapitalla Tiflisdən gəlmişdi. Ə.Haqverdiyevin o zaman Gürcüstan parlamentindəki çıxışı bugün də aktualdır.
1919-cu il martın 28-də Ə.Haqverdiyev Azərbaycan Respublikasının diplomatik nümayəndəsi kimi Dağlılar Respublikasına göndərilir. O zaman bu respublikanın paytaxtı Temir-xan-Şura
(indiki Buynaks – red.) idi. Əbdürrəhim bəy orada iyul ayının 3-ə qədər fəaliyyət göstərir. Həmin ay Denikinin qoşunları Şimali Qafqazı işğal edir, o da məcbur olub Azərbaycana qayıdır.
O vaxtlar Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski idi. Məhəmməd xanın əsli Mərkəzi Asiyanın Axal-Təki vadisindəndir. Rus ordusu ilə vuruşda onun atası-anası öldürülür. O zaman Məhəmməd xanın 2 yaşı var idi. Orada qulluq edən polkovnik II Ehsan xan Naxçıvanski Təkin xanın yetim qalan oğlunu oğulluğa götürür, onu özü ilə Naxçıvana gətirir. Təkinski yaxşı təhsil alır, Rusiyada oxuyub ali təhsilli hüquqşünas olur. Ermənistanda diplomatik nümayəndə işləyərkən M.Təkinski fəallıq göstərir, çoxlu işlər görür, hətta Ermənistan hökuməti orada olan digər diplomatik nümayəndələrə şikayət edirdi ki, bu adam bizə imkan vermir, Ermənistan hökumətinin fəaliyyətinə mane olur. Ona görə də ermənilər Təkinskini persona-non-qrata
(arzuolunmaz şəxs – red.) elan edirlər.
Fuad Babayev: AXC süqut etdikdən sonra Ə.Haqverdiyevin ictimai-siyasi fəaliyyəti davam edir?
Nazim Mustafa: Xeyr. Bolşeviklər hakimiyyətə gəldikdən sonra ancaq başını salamat saxlaya bilib. Çünki…
Güldəniz Qocayeva: O zaman elmlə məşğul olub.
Nazim Mustafa: Ə.Haqverdiyev elmlə, yaradıcılıqla, teatrla məşğul olub. 1923-cü ildə Azərbaycanda Tədqiq və Tətəbbö
(ərəbcə “tədqiq etmə, araşdırma” – red.) cəmiyyəti yaradılır və Əbdürrəhim bəy bu cəmiyyətin yaradılmasında əsas rollardan birini oynayır, sonra orada fəaliyyət göstərir. Yəni o dövrdə də ona hörmət edirdilər.
Güldəniz Qocayeva: Görün nə qədər nüfuzu var idi ki, Bartold
(Vasili Vladimiroviç Bartold – /1869-1930/ – rus şərqşünaslıq məktəbinin banilərindən biri, akademik – red.), Bertels
(Bertels Yevgeni Eduardoviç – /1890-1957/ — şərqşünas alim, SSRİ EA müxbir üzvü – red.) kimi alimləri Bakıya Azərbaycan Dövlət Universitetində
(BDU – red.) mühazirə oxumağa çağırır və onun dəvətini yerə salmırlar.
Bundan başqa, gənclərdən ibarət böyük bir qrup hazırlamışdı və onları SSRİ-nin bütün respublikalarına göndərmişdi ki, Azərbaycan haqqında kiçik bir məlumat da görsəniz, yığıb gətirin, biz onu burada işləyək, araşdıraq, dərc edək.
Fuad Babayev: 1933-cü ildə repressiyalar başlamaq üzrə idi. Ə.Haqverdiyev də 1933-cü ilin dekabrında 63 yaşında rəhmətə gedib. Yəni istisna deyil ki, Ə.Haqverdiyev bir-iki il də yaşasaydı, onu həbs edəcəkdilər.
Güldəniz Qocayeva: Bəli, elədir. Onun məktubları var, orada yazır ki, mən heç bir partiyaya daxil olmamışam, müsavatçı, yaxud bolşevik də deyildim, sadəcə, xalqımın adamı idim. Sovet dövründə bütün yazışmalarda cavabı bu cür olub. Neçə dəfə məcbur olub ki, tərcümeyi-halını dəyişsin, bəzi faktları gizlətsin. Arxivinə də baxanda hiss edirsən ki, bu adam çox səliqəli idi və onun mütləq gündəliyi olub, amma gündəliyi tapılmayıb.
Fuad Babayev: Ola bilsin ki, özü bilə-bilə məhv edib.
Güldəniz Qocayeva: Hətta tərcümeyi-halında bir məsələyə rast gəldim. Əbdürrəhim bəyin əmisi bir məktəb açır və gürcü knyazı Tarxan-Mouravov ona minnətdarlıq məktubu yazır. Məlum olur ki, Haqverdiyevin doğma atası – Əsəd bəy Gürcüstanda prokuror müavini, atalığı isə mütərcim
(tərcüməçi – red.) işləyib. Amma Ə.Haqverdiyev tərcümeyi-halında yazır ki, atam mütərcim olub, sonra atalığım da orada işləyib. Yəni zümrə məsələsini istəyirdi ki, bir az yumşaltsın. Ə.Haqverdiyev çox ağıllı adam idi. Hər şeyi dəqiq bilirdi ki, kim necə hərəkət edir, inqilabın motivləri nədir.
Fuad Babayev: Maraqıdır ki, Ə.Haqverdiyev Peterburqda Yol Mühəndisləri İnstitutunda təhsil alıb.
Güldəniz Qocayeva: İnstituta daxil olur, amma II kursda oxuyarkən qışda yıxılır və qolunu sındırır. Bundan sonra çertyoj çəkə bilmir, təhsilini yarımçıq qoymağa məcbur olur. Amma Peterburqda yaşadığı 9 il müddətində orada azad dinləyici kimi Peterburq Universitetinin Şərq fakültəsini bitirir.
Fuad Babayev: Ə.Haqverdiyevin irsinin sovet dönəmində öyrənilməsi barədə nə demək olar? Müasir dövrdə vəziyyət necədir?
Güldəniz Qocayeva: Öyrənilir. Onun ən yaxşı tədqiqatçısı Kamran Məmmədov
(filologiya elmləri doktoru, professor /1922-1989/ – red.) idi. Bədii planda olsa da, onun tərcümeyi-halını işləyib. Təhsin Mütəllibov
(görkəmli alim, tanınmış pedaqoq, AMEA Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor /1932-ci ildə doğulub/ – red.) onun poetikasını işləyib.
Fuad Babayev: Bəs müstəqillik dövründə Ə.Haqverdiyevin yaradıcılığına yeni baxış olub?
Güldəniz Qocayeva: Hələ ki, işlər azdır. Köhnə sovet ideologiyasından qurtulmaq lazımdır. Bu mənada, Mirzə Cəlil, Yusif Vəzir, Əbdürrəhim bəy və digərləri də işlənməlidir. İndi də görürsən, hətta hansısa böyük bir alim yazır ki, burjua ideoloqu, burjua yazıçısı idi…
Fuad Babayev: Burjua dövrü qurtardı da…
Güldəniz Qocayeva: Amma bundan hələ də qurtulmayan adamlar var.
Mehman İbrahimov: Sovet dövründə Ə.Haqverdiyevin irsinə çox müraciət edilirdi. Orta məktəblərdə əsərləri ədəbiyyat dərsliyinə daxil edilmişdi, teatrlarda əsərləri səhnələşdirilirdi. Məsələn, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və s. Yəni bəylik statusuna baxmayaraq, az təbliğ olunmurdu.
Güldəniz Qocayeva: Onun maraqlı kiçik hekayələri var. Onun “Uca dağ başında” adlı hekayəsində Qarabağın, Şuşanın mentalitetini çox gözəl təsvir edib. Yaxud “Papaq” filmi… Bu film də Əbdürrəhim bəyin “Mirzə Səfər”, “Papaq” və “Bomba” hekayələrinin motivləri əsasında lentə alınıb. “Ac həriflər” televiziya tamaşasını da yəqin ki, xatırlayırsınız. Bu insan şedevrlər yaradıb.
Mehman İbrahimov: Yəni onun əsərlərinə çox müraciət olunurdu, yazıçı da yaxşı təbliğ olunurdu.
Güldəniz Qocayeva: Özü özünü təbliğ edə bilirdi. Yazıçılar İttifaqının məsul katibi olub, Azərbaycan Dövlət Universitetində dərs deyib, Tədqiq və Tətəbbö cəmiyyətində çox işlər görüb. Yəni nüfuzu da çox olub. Çağırdığı məşhur alimlər Azərbaycana gəlib universitetdə çoxlu mühazirələr oxumuşdular.
Ə.Haqverdiyevin özünün nə qədər tədqiqatları var. “Quran”dan rus dilinə kiçik də olsa, tərcümələri var. Hans Xristian Andersenin, Uilyam Şekspirin və digərlərinin əsərlərini dilimizə tərcümə etmişdir.
Mehman İbrahimov: Ə.Haqverdiyevin ermənilərlə konflikti olub? Ədibin İrəvana gedərkən qarət olunması, yaxud Dağıstandan yazdığı məktublar göstərir ki, Ə. Haqverdiyev milliyyətçi olub.
Güldəniz Qocayeva: Olub, amma gördüyü işləri çox savadlı şəkildə edirdi. Siyasəti də güclü idi. Həm də ermənilərin içində – Qarabağda Ağbulaq kəndində anadan olub, sonra Şuşaya köçüb, Ağdamda yaşayıb deyə, onları yaxşı tanıyırdı. Ona görə də onlarla konfliktə getmirdi.
Nazim Mustafa: Maraqlıdır ki, ermənilərə qarşı hisslərini gizlətməyə çalışıb. Onun Ermənistan Teatr Xadimləri İttifaqının sədrinə bir məktubu var. Bu məktubu özünün 60 illik yubileyi ərəfəsində yazıb. Orada deyir ki, artıq yaşlaşmışam, ancaq istəyirəm ki, mən bu dünyadan köçməmiş bir əsərimi İrəvan teatrında tamaşaya qoyasınız.
Güldəniz Qocayeva: Tamaşaya da qoyublar.
Nazim Mustafa: Yəni bu, ermənilər və azərbaycanlılar arasında münasibətləri yumşaltmaq istəyindən irəli gəlirdi.
Güldəniz Qocayeva: Düşmənin gücünü yaxşı dərk etmişdi. Ona görə də münasibətləri neytral vəziyyətdə saxlamağa çalışırdı. Millətçiliyi qızışdıran heç bir yazısı yoxdur. “Bizim yabılığımız” adlı məqaləsində deyir ki, biz kəhər atlar cinsindən deyilik, yabı kimi bir şeyik. Elə ki, qarşımıza yaxşı saman qoyulur, başımızı uzadıb yemək istəyəndə, boynumuzdan vurular ki, bu, sənin üçün deyil. Yəni vəziyyəti bundan yaxşı necə əks etdirəsən. Düşmənimiz çoxdur. Məqalələrində də müəyyən işarələr var, amma açıq yazmayıb.
Fuad Babayev: Təbii ki, sovet dövründə Ə.Haqverdiyevin Cümhuriyyət dövründəki işi, tutaq ki, Dağlılar Respublikasında fəaliyyəti, orada Cümhuriyyət nümayəndəsi olması məsələsi araşdırıla bilməzdi. Bəs vəziyyət indi necədir?
Nazim Mustafa: Təəssüf ki, vəziyyət indi də yaxşı deyil. Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanda 3 nümayəndəsi olub, amma mənə qədər onların heç birinin diplomatik fəaliyyəti araşdırılmayıb. Eyni zamanda, Dağlılar Respublikasında da. Ayrı-ayrı qısa müəllif yazıları ola bilər ki, olsun, ancaq sistemli olmayıb. Əbdürrəhim bəy Haqverdiyevin ictimai-siyasi xadim və bir diplomat kimi fəaliyyəti, əslində bir namizədlik, bəlkə də doktorluq işinin mövzusudur. Məsələn, 1919-cu ildə Tiflisdə Azərbaycan, Ermənistan və Gürcüstan arasında məşhur 23 noyabr konfransı olub. O zaman bu respublikalarda cümhuriyyət elan olunanda sərhədlər tam müəyyənləşməmişdi. Ermənilər də Zəngəzurdan, Borçalıdan hücuma keçib torpaqlarını genişlənirməyə çalışırdılar. Ona görə də Tiflisdə konfrans çağırılır. Orada Ə.Haqverdiyev Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi kimi iştirak edir və həmçinin, bu tədbirin təşkilində də fəal iştirak edir. Konfransda Ermənistan və Azərbaycan arasında razılıq əldə olunur ki, atəşkəs olsun, tərəflər qoşunlarını Zəngəzurdan çəksin, yollar açılsın, xalqlar arasında bir-birinə etimad yaradılsın. Çox təəssüf, Azərbaycan buna əməl etdi, ermənilər isə fürsətdən istifadə edib yerdə qalan kəndləri də işğal etdilər və Zəngəzuru tamam ələ keçirdilər.
Fuad Babayev: Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanıb. Nə kimi ideyalar səsləndirmək istərdiniz?
Güldəniz Qocayeva: Bəla ondadır ki, heç kim arxivlərdə işləmək istəmir. Biz keçən il, hələ heç yubileyi deyildi, məqalələr toplusu nəşr etdirdik.
Bizim şöbə XIX-XX əsr ədəbiyyatının tədqiqi ilə məşğuldur və nəşr etdirdiyimiz məqalələr toplusunda son dövrlər əldə olunan materiallar işıq üzü gördü. Məsələn, Ə.Haqverdiyevin əsərləri yeni metodologiya ilə araşdırılmalıdır. Ona realist yazar da demək olmur, satirik də deyil, sadəcə əsərlərində bir az kinayə var – bu adamın yolu fərqlidir. Həmçinin o, ədəbiyyatımıza ədəbi cərəyanlardan biri olan simvolizmi gətirib.
Bir məqaləsində yazır ki, Peterburqda Qerxard Qauptmanın
(Alman yazıçı və dramaturqu /1862-1946/ – red.) “Qərq olmuş çan” əsərini gördüm. Ümumiyyətlə, Əbdürrəhim bəy Peterburqda tələbə olarkən Aleksandriysk teatrında oynanılan bütün tamaşalara baxıb və onların əks-sədasını Azərbaycanda görmək istəyib. Deyir ki, ondan sonra bundan bəhrələndim, çünki gördüm ki, dünya ədəbiyyatına simvolizm deyilən bir cərəyan gəlib və əslində, bu bizə çox yaxındır. Çünki biz həmişə simvolik düşünməyi bacarmışıq. Niyə bizim belə bir əsərimiz olmasın. Ondan sonra “Pəri cadu” əsərini yazdım.
Ə.Haqverdiyev realizmlə simvolizmi qovuşdurub, simvolik obrazlar ilə real həyatı göstərə, insanın psixologiyasını aça bilib. Qauptmanın əsərləri bir az fəlsəfi məqamdadır, amma onun əsərləri realizmə daha yaxındır.
Ə.Haqverdiyev bir maarifçi idi. Hər şeydə, adicə bir məqalə yazanda belə, insana nəsə öyrətmək istəyirdi. Onun “Acından təbib” hekayəsini oxuyanda insan o qədər gülür ki… Amma burada bəxtə inam məsələsi var. “Uca dağ başında” hekayəsini oxuyanda başa düşürsən ki, bu camaat dəlisinə də yiyə dura bilir. Yaxud, Şuşanın əgər keçmiş koloriti haqqında məlumatlar itərsə, Ə.Haqverdiyevin əsərləri əsasında onu bərpa etmək olar. Şuşanın o koloritini, insanlarının xarakterini elə gözəl təsvir edib ki… Personajları da sanki diridir.
Fuad Babayev: Bəs ədibin ailə üzvləri haqqında hansısa məlumat var?
Güldəniz Qocayeva: Bacısının qızını övladlığa götürmüşdü. Amma özünün övladı olmayıb. Iki dəfə evli olub. Birinci dəfə öz qohumu Tükəzban xanımla evlənib. Amma övladları olmur deyə Tükəzban xanımla ayrılırlar. Ikinci dəfə isə polyak Yevgeniya Osipovna ilə ailə qurur. Amma onun haqqında polyak türkü olduğu söylənilir. Yevgeniya Osipovna musiqi müəlliməsi olub və Ə.Haqverdiyev ilə həyatının sonuna qədər bir yerdə olub.
Əbdürrəhim bəy o çətin dövrdə həmin mühitin içində əzilsə də, nə bacardısa bu xalq üçün etdi. Arxivdə nə qədər materiallar var. Orada onun heç yerdə dərc edilməmiş hekayə və ssenarisini də tapmışam. İstərdim ki, əsərləri yenidən çap edilsin.
Fuad Babayev: Akademik nəşrinə ehtiyac var.
Güldəniz Qocayeva: Bəli, qismət olarsa, nəşr etmək fikrim var.
Nazim Mustafa: Mənə elə gəlir ki, Ə.Haqverdiyev haqqında, onun diplomatik fəaliyyəti ilə bağlı sənədli film çəkmək olar. Əbdürrəhim bəy yalnız yazar olmayıb, həm də ictimai-siyasi xadim idi.
Güldəniz Qocayeva: Çox istərdim ki, Əbdürrəhim bəyin irsini araşdıran tədqiqatçıların sayı çox olsun. İnstitutumuza gənclər gəlmişdilər. Onlara Məhəmməd Hadidən, Nəriman Nərimanovdan, Əbdürrəhim bəy Haqverdiyevdən mövzular verdik.
Ə.Haqverdiyev böyük yazardır, amma təəssüf ki, əsərlərini dərsliklərdən çıxardıblar. Yalnız əlavə oxu materialı kimi salıblar…
Hazırladı: Mehman İbrahimov, 1905.az