Fotoaparat da bütün ixtiralar kimi insanların işinə yarayan texniki nailiyyətdir. Şəkil çəkdirməyi hamımız sevirik, bu bizə zövq verir. Ən çox bəyəndiyimiz şəkillərimizi hətta dostlarlarla da paylaşırıq. Ömrünün bir neçə saniyəsini şəklin yaddaşına köçürüb onunla üz-üzə qalmaq adamda qəribə hisslər oyadır. Hansı məqsədlə çəkildiyini isə şəkil özü söyləyir. Elə şəkillər var ki, sahibi kimi başqalarının da xoşuna gəlir. Şəkillər çox şeydən xəbər verir. Birinin nə cür həyat tərzi keçirdiyini şəkillərindən bilmək olur. Bəzən aldadıcıları da olur. Şəkildəki məqam yanlış təsəvvür oyada bilir. Bunları ayırmaq, hər hansı qənaətə gəlmək də baxanların dünyagörüşündən asılıdır. Bizim şəkillərimiz mentalitetimizi tez “ələ verir” Köhnə şəkillərdəki kişilər qatarlı, patronlu, xanımlar da ağzı yamşaqlı olublar. Nisbətən yaxın dövrün şəkillərində də kişilər əllərini cibinə qoyub kişi-kişi dayanıb xanımlar onların qollarından az qala sallaşıblar. Bu da yaşayış tərzimizin bir göstəricisidir. Şəkil çəkdirməyi mən də xoşlayıram. Baxmağı da həmçinin. Xüsusilə də, ağ-qara fonda (sovet dönəmində) çəkilənləri. Belə şəkillər arxada qoyub gəldiyimiz günlərimizin bizə sadiq qalan anlarıdır. Kənddə böyümüşəm. Çox adam kənd yerində yaşayan adamların hər şeyinə ağız büzür, çünki onlarda dünyagörüş bir qədər zəif olur. Sizə mənəmlik kimi görünəcək, amma gerçəyi yazıram. Bir məmur ailəsindən yox ətrafımızdakılardan qat-qat üstün idik. Bunu fotoaparatın şahidliyinə arxayın olub yazıram. Sözlərimi şəkillərimiz təsdiqləyir. Anam ad günlərimizdə şəklimizi çəkdirmək üçün bizi Gədəbəydən Gəncə şəhərinə gətirirdi. Saçlarımızı da elə ordakı gözəllik salonlarında kəsdirirdi. (Söz yox ki, bunu ağlada-ağlada edirdi.) Şəkillərə qarşı həssas idi. Onları alboma yığıb elə qoruyurdu ki, elə bil kimsə övladını ona tapşırıb getmişdi. Hərdən mənə elə gəlirdi ki, evimiz muzeydir, şəkillərimizi eksponat kimi qorumalıyıq. O şəkillərin indiyədək biri də zədələnməyib. İndi çəkilibmiş kimi keyfiyyəti də yerindədir. Həmin günləri yaşayarkən sonralar bunları yazacağım ağlıma gəlmirdi. Onda elə bilirdim bütün uşaqlar bizi kimi böyüyür. Yaşadığım hər şeyi adi sanırdım. Böyüdükcə anamızın dünyagörüşlü olması üçün bizi xoşbəxt uşaqlar hesab edənlərin haqlı olduqlarını anladım. Bu xoşbəxtliyi gec duymuşam. O vaxtlar bizə həsədlə baxan uşaqları xatırladıqca kədərlənirəm. Çoxlarının bircə dənə də olsun uşaqlıq şəkli yoxdur. Bir evə qonaq gedəndə o biri uşaqlar süfrəyə boylananda biz şəkillərlə maraqlanırdıq. Bəzi ailələrdə albom olmadığından şəkillər əzik-üzük halda sellofanda saxlanılırdı. (Bu anamın heç ürəyincə olmurdu.) Nədənsə elə bilirəm ki, uşaqlıq şəkilləri olmayan adamlar uşaqlıqlarını itiriblər. O illərdən şəkil çəkdirməyə yaxşı iş kimi baxmışam. Amma, gərək şəkil də şəkil ola, adama nəsə söyləyə. Hazırkı zamanda sahibinin öyünə biləcəyi, ona şöhrət gətirəcək ən qiymətli şəkli müğənnilərlə çəkdirdikləri şəkil hesab olunur. Bəziləri müğənni ilə xatirə qalsın deyə yox, qürurlanmaq üçün şəkil çəkdirir. Belə olmasaydı kimsə problemlərinin başından aşmasına baxmayaraq, toyda müğənninin yanında durub bir anlıq bütün dərdini unudub xoşbəxtcəsinə gülümsəyib çəkdirdiyi şəkilləri adamların gözləri qarşısına zorla gətirməzdi. Bir neçə dəqiqəlik ünsiyyətdən yaranan iki-üç şəkillə öyünməyi çoxu səadət sanır. Müğənni ilə şəkli varsa özünü kredit borclarından azad olmuş kimi hiss edən o qədər adam var ki. Belə düşünən adamlar kimi çoxu da belə şəkilləri olanlara həsəd aparır. Toyu tərk edən andan onu unudan müğənni ilə olan şəkli həmin şəxsə ətrafında nüfuz qazandırır. Bunları müşahidə etmək çox ağırdır. Belə məqamları müşahidə edəndə o boyda ziyalılarımızın zəhmətinin havaya hopduğunu zənn edirəm. Camaat müğənnilərlə şəkil çəkdirir mənsə mütaliənin təbliğinə günlərimi, aylarımı sərf edirəm. Bu yöndə çəkdirdiyim şəkilləri sevə-sevə paylaşıram ki, baxanlarda kitaba maraq və həvəs oyansın. Halına yandıqlarımızsa bizə “kef elə, dünya beşgünlükdür” deyirlər. Neynəyək, yoxsa gedib müğənni ilə şəkil çəkdirib dəyərli olduğumuzu sübutmu edək? Ağılsız beyinlərin də şəklini çəkən fotoaparat olsaydı...
© 2020 - Created by İLK XEBER.