Ənənəvi yəhudi, xristian, müsəlman təsəvvüründə Yaradılış haqqında daha çox bu fikir hakimdir ki, Tanrı kainatı yoxdan var edib. Qəbul etmədiyim qənaətdir. Müqəddəs yazıların mətnindən çıxış edərək deyirəm. Heç birində yoxdan varolmaya dair məlumat yoxdur.
Məsələn, OXU-da ayə var: ”Odur, göylərlə yeri altı gündə yaratmış. Ərşi su üstündə idi” (11:7). Yəni yaradılış prosesi zamanı O-nun ərşi də vardı və bu ərşi su üstündə idi. Fərzən deyək,
”ərşini” məcaz kimi götürməliyik. Bəs ”su”?
Məsələ burasındadır ki, bu ”su” Bibliyada da keçir: ”Başlanğıcda Tanrı göylərlə yeri yaratdı... Dərin sular üstündə qaranlıq vardı. Tanrı Ruhu sular üstündə idi... Sonra Tanrı dedi: “Qoy sular arasında bir qübbə olsun da ayırsın onları biri-birindən. Tanrı qübbəni düzəltdi də ayırdı qübbə altındakı suları üstündəki sulardan... (Yaradılış, 1:6-8).
Və yenə də məsələ burasındadır ki, həmin ”su” hinduizmin Rig-Vedasında da Yaradılış öncəsinə aid bilinir: “Əzəl başda qaranlıqdı qaranlığa sarılı, bütün bundan başqa da təcəlli tapmamış su” (Hymn 129). Ümumiyyətlə isə, bu qədim yazıda Yaradılış haqqında olduqca maraqlı başqa ayrıntılar da var...
Kainatın heçdən yaranmadığını ilahiyyatda isbata çalışan və prosess ilahiyyatçılığı adlanan bir yeni istiqamət var. Banilərindən biri, dostum John Cobb-dur. Məşhur alimdir. Bu yaxınlarda 95 yaşını Amerikada bayram ediblər, məni məruzə ilə çıxış üçün cənubi Koreyaya dəvət etmişdi. Məruzəm elə bu məsələyə həsr edilmişdi. Prosess ilahiyyatçılığın əsas ideyası Alfred North Whitehead-in fəlsəfəsinə əsaslanır və bunu vurğulayır ki, Tanrı bizim kainatı “yoxdan”, “heçlikdən” deyil, hansısa daha öncəki kainatın, yaxud kosmik epoxanın xaotik qalıqlarından yaradıb.
Bunlar bir yana. Qayıdıram OXU-ya. Deyə bilərlər, axı OXU-da yaradılışa aid nə varsa, hər şeyin Tanrının “ol” əmrilə ərsəyə gəldiyi bildirilir. Belədə təlqin edilən bu deyilmi ki, “ol“ deyəndə olmayanı yaradır?
OXU kosmologiyasından yazan bəzi müəliflər ”Biz nəyi diləsək, o nəsnəyə Bizim deyim işdə bu ki, Biz ona “ol” deyəsi, o da olası” (OXU, 16:40) ayəsindəki “ol” əmrini mövcud bir nəsnəyə ünvanlı olaraq və o mövcud olanın Tanrı istəyincə başqa bir nəsnəyə çevrilməsi kimi təfsir edənlər də var. Yuxarıda qeyd etdiklərimin fonunda belə bir təfsirlə razılaşmamaq olmur.