Hava azadlıqla bir bənzəyiş, assosiasiya yaradır. Sanki molekullar da burada azadlıqdadırlar: bir-birindən aralı, sərbəst dolaşırlar. Hava gözlə görülməyən, əllə tutulmayan şeyləri daşıya bilir. Çiçəklərin ətrini, rayihəsini havadan başqa nə ətrafa yaya bilər? Səsi havadan başqa kim uzaqlara çatdıra bilər? Rəngləri olduğu kimi, qarışdırmadan çatdırmağı, günəşin şüalarını yağışın damlaları ilə görüşdürüb yeddi rəngə salmağı havadan başqa nə bacarar? Hava fiziki təsviri, maddi varlığı olmayanlara sanki varlıq verir, onları sahibindən alıb hara isə çatdırmağa kömək edir, onların hərəkətini təmin edir. Hava həm də insanın mənəvi dünyası ilə zahiri dünyası arasında əlaqədir. Amma burada da “daşıdığı”, “ötürdüyü” şeylər sözə, hərflərə sığmayanlardır. Dərin, odlu bir ah dağlar boyda dərdin narahat bir zərrəsidir, nəfəs onu ürəkdən çıxardır ki, insan bir az yüngülləşsin. İnsan heyrətlə içini çəkəndə hava həmin heyrəti doldurur damarlara ki, bütün bədənə yayılsın, insan bütün varlığı ilə onu hiss eləsin: rəngi qaçsın, səsi titrəsin, əli əssin. Təəccübdən nəfəsini içinə qısanda, hava insanın içi ilə zahiri arasındakı disbalansı gizlədir… Bəzən nəfəsin, havanın saxladığı şey o qədər ağır olur ki, torpaq bədən ona dözmür və onu gözlərdən süzülən damcılara çevirir, ya bir şeirin misralarına, ya bir musiqinin sədasına, ya bir rəsmin rənglərinə “tökür”. Hava isə bütün bunları sadəcə daşıyır, çatdırır, özü isə onlara qarışmır, hiss etmir.
© 2020 - Created by İLK XEBER.