Sözü kəsərli, sözə simsar adam: QALİB RƏHİMLİ - 60

Mən qələminə və sözünə hörmət etməyən yaradıcı insanı şəxsiyyət hesab etmirəm. Bu mənim öz qənaətimdir. Həkimlər Hippokrat andı içirlər, yaradıcı insanlar isə öz vicdanları qarşısında söz andı. Qalib Rəhimli söz adamıdı. Sazın- sözün qovuşduğu,  qosqocaman türkün dilinin şirinliyini daim  qoruyub saxlayan, qımqımasıyla azman ruhlara məlhəm olan Qazax mahalındandır. Orda doğulub, orda boya-başa çatıb. Arzular qurub, xəyalların ağ atında kim bilir haralara qədər gedib çıxıb. Qolça qopuz, Dədəm Qorqud boylarıynan boy atıb, sözə doğma olub, simsar olub. Ağrıyanda, könlü qübar eləyəndə söz də ona məlhəm olub, məhrəm olub. Heç kəsə demədiyi sirrini sözə açıb, sözə pıçıldayıb, özünü sözlə ovudub.
Düz 60 il əqdəm dünyanın Kəmərli deyilən kəndində dünyaya göz açıb.Gəlişiylə ailəsinə bir dünya sevinc bəxş edib. Ona Qalib adı veriblər. Adın da insanın taleyində mühüm rolu var deyirlər. Orta məktəbi fərqlənmə ilə bitirib. Rayonda çıxan “Qalibiyyət bayrağı” qəzetində İlk qələm təcrübələri ilə özünü, sözünü sınayıb. Məktəb tədbirlərindən, kəndin ictimai-siyasi və idman həyatından xəbərlər, müxtəlif səpgili yazılar hazırlayıb. Və beləcə öz gələcək həyat yolunun trayektoriyasını çızıb.
Sözə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə aparıb çıxarıb. Universitetdə oxuduğu illərdə keçirilən  təcrübə saatları, müxtəlif qəzetlərlə əməkdaşlıq, radio və televiziya üçün hazırladığı reportajlar onu tələbə ikən tanıdıb. İmzası elə o vaxtdan sayılıb, seçilib.
1984- cü ildə isə tale onu daha möhkəm sınağa çəkib.Tanımadığı, yalnız haqqında eşitdiyi qədim türk diyarı, Güneyli-Quzeyli Azərbaycanın tən ortası sayılan, tikanlı məftillərin bağrını şıram-şıram oyub, yaraladığı Yardımlıya atıb. İlk gəlişində başı daim dumanla örtülü qartallar oylağı olan  balaca, vətəndən uzaqda qalmış qərib yurdda darıxıb, dəfələrlə çıxıb getmək keçib könlündən, amma insanların doğmalığı, ona olan isti münasibəti, onu bu yurda bağlayıb, elə doğma Azərbaycanının bir parçası olaraq sevdirib. Uzun müddət rayonda çıxan “Yeni kənd” qəzetində müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri  kimi fəaliyyət göstərib. Yardımlı onun tale yaddaşına müqəddəs məkan kimi yazılıb. Peşəsi ilə bağlı olaraq   bu yurdu qarış-qarış gəzib, bir-birindən şirin, oxunaqlı yazılarla rayon oxucularının sevimlisinə çevrilib, yaddaşlarına həkk olub. Sosial problemlərlə bağlı yazıların, uğura köklənən ocerklərin, zarisovka və reportajların müəllifi kimi həmişə izlənilib, oxunub. Heç vaxt sifarişli yazılar yazmayıb. Vicdanının səsini dinləyib,ürəyinin diqtəsiylə yazıb. Rayonun ədəbi mühiti ilə bağlı təhlilləri, yeni çap edilən kitablar barədə monoqrafiya və rəyləri ona daha çox hörmət qazandırıb. Əslində Yardımlıda keçirdiyi  dörd il onun üçün bir həyat məktəbi, həqiqi mənada daha bir universitet bitirməyə bərabər olub.
Qalib müəllim ilk dəfə Qazaxda doğulmuşam deyəndə inanmamışdım. Xasiyyətində  dağ qürürü,  dağ əzəməti var. Xarakterinin bütövlüyündən, tamlığından   dağ adamlarına daha çox çəkir. Yaşı çox olmasa da səbriylə, təmkiniylə, ağıllı məsləhətləriylə qocaman bir adama bənzəyir. Gəncliyndən ağsaqqallarla oturub durması, onların öyüd-nəsihətini dinləməsi onu vaxtından əvvəl yetişdirib, kamilləşdirib, müdrikləşdirib.
Taleyini o yurda,o elə bağlayıb. Uzun illər o rayonda müəllim işləmiş  əmisinin  qızı ilə ailə qurub. Burda bir incə məqamı da vurğulamaq yerinə düşər. Əmisi Şərif müəllim 1950-ci ildə Qazax müəllimlər institunu bitirib və təyinatla Yardımlıya göndərilib. Ucqar kəndlərdə müəllim işləyib, burda ailə qurub və birdəfəlik taleyini Yardımlıya bağlayıb. İllər sonra, yəni 1984-cü  ildə nəslin daha bir gənc oğlunun təyinatla Yardımlıya gəlməsi hesab edirəm bir təsadüf deyildi. Bu bəlkə də  alın yazısıydı. Beləcə də əmisi Şərif müəllimin Qazaxla əlaqəsi yenidən yaranır. Təssəvvür edin imperiya dönəmində sərhəd bölgəsinə Qazax rayonundan  gəlib – getmək nə qədər çətin və ağır idi.  Çox uzun fasilələrlə yalnız əmisi bir-iki dəfə Qazaxa gələ bilmişdi. Demək olar ki, qardaşlar bir-birinə həsrət idi.
Milli-mənəvi dəyərlərimizə çox önəm verir. Çox gözəl ailə başçısıdır. Ailənin məsuliyyətini  duyur, ailəsini canı qədər sevir: “Vətən ailədən başlayır ,övladı özün üçün deyil, vətən üçün yetişdirirsən, ona sevgi verməlisən ki, o da sevməyi öyrənsin- deyir. Xanımı oturuşu, duruşu, səmimiyyəti, qonaqpərvərliyi ilə əsil Azərbaycanlı xanımıdır. O, Qalib müəllimə təkcə ər kimi, həyat yoldaşı kimi  deyil, böyük kimi hörmət və ehtiramla yanaşır. Qalib müəllim o ailənin, o ocağın padişahıdır, paşasıdır, xanıdır.Verdiyi müdrik qərarlar, çıxardığı ədalətli qanunlar ailənin bütövlüyünü, birliyini qoruyur. Ailədə hər kəs onu sevir. Haqq adamıdı. Çünki sözə bağlıdır,s özsə yalanı  sevmir, ona xəyanət edənin üzünü qızardır, ruhunu incidir, vicdanını sızladır.
1988-ci ilin sentyabrından isə yaradıcılıq yolu onu ruhumuzun paytaxtı Gəncə ilə doğmalaşdırıb, yaxınlaşdırıb. O vaxtlar “Kirovabad Kommunisti” sonralar “Gəncənin səsi” adlanan qəzetdə fəaliyyət göstərib. Yeni kollektiv və özünə xas ənənələri olan şəhərdə işləmək elə də asan olmayıb. Ziyalı potensialı olduqca güclü olan şəhərdə nüfuz qazanmaq, imzanı tanıtdırmaq çətin olsa da prinsipiallığı, əzmkarlığı və qətiyyəti eyni zamanda  kollektivin səmimiyyəti, özünün ünsiyyət qurmaq bacarığı ona bu çətinlikləri dəf etməyə kömək edib. Burda da sevilib, oxunub və sənətinə vicdanlı münasibəti ilə ürəklərə yol tapıb. Az sonra milli münaqişələr  və bölgədə ciddi ziddiyyətlər başlayıb. Bu ziddiyyətlər   sonda bizi  bu gün  qəlbimizi göynədən haqsız müharibə və itkilərlə  üz-üzə qoyub. Üzü Qazaxdan  tutmuş Qarabağın bütün bölgələrində olub, vətənpərvərlik mövzusunda yazılar yazıb. Səngərdə əsgərlərlə çiyin-çiyinə durmağı özünə borc bilib. Qələmini süngüyə çevirib. “Space” TV-nin Gəncə bölgə müxbiri kimi  ciddi süjetləri ilə hər gün efirdə olub, regionu dünyaya olduğu kimi tanıdıb. Yerli “Alternativ” TV də Xəbərlər departamentinin redaktoru işləyib, “İnteraz” TV də çalışıb. Harda olubsa  sözə sədaqətlə xidmət eləyib, onu ucuz tutmayıb və qorumağa çalışıb. Artıq 8 ildir ADAU da çalışır. Mətbuat xidmətinin rəhbəri kimi bu təhsil müəssisəsinin uğurlarından yazaraq, ona uzanan məkrli niyyətlərin qarşısını alıb. İndi isə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində müavindir. Yazır, yaradır və aqrar təhsilin uğurlarından söz açır.
YAP Gəncə şəhər təşkilatının yaradıcılarındandır. 1993-cü ildə partiyanın şəhər təşkilatının idarə heyətinin üzvlərindən biri olub. Daxili və xarici təxribatçılara qarşı ciddi yazılarla çıxış edib. Əslində o bu yazılarla dövlətə və dövlətçiliyə sədaqətini göstərib. “Azərbaycana Heydər Əliyev lazımdır” (İki sahil qəzeti 1992), “Gəncəlilər Heydər Əliyevin siyasətini bəyənir, müdafiə edir” ( Azərbaycan qəzeti 1993), “Gəncə tufanı sovuşdu” ( Azərbaycan qəzeti 1994) və bu kimi  geniş təhlili yazıları heç də hamı tərəfindən birmənalı qarşılanmayıb.
Bütün bunları isə o sadəcə bir vətəndaşlıq borcu bilib və bunun müqabilində kimdənsə sağ ol belə ummayıb. Qalib Rəhimli həm də böyük ədib M. C. Paşayevin 100 illik yubuleyinə həsr edilən “Böyük ömürdən sətirlər” filminin müəllifidir.
O Vətənin oğludur.Böyük düşüncə adamıdır. Onun üçün Vətən məvhumu çox böyük məna kəsb edir, çox böyük anlam daşıyır. Vətəni sevmək budur. Vətənin olmaq budur. Hər elinə, obasına, hər qarış torpağına aşiq olmaq,sevdalanmaq belə olur.
Bu il Qalib müəllimin 60 yaşı tamam olur. Ailəmizin,nəslimizin sınanmış, qayım- qədim dostu, qələmi şərəfi, sözü namusu bilən söz adamına sözünüz hər zaman urvatlı olsun. Allah sözünüzə bərəkət, qələminizə qüvvət versin deyirəm.
Gülnarə Cəmaləddin
AYB Sumqayıt bölməsinin sədri