Uşaq vaxtı ən çox sevdiyim mahnı idi “Ananın səsi “. Bu mahnını hələ çox kiçik ikən - 4-5 yaşlarımda əzbərləyib, oxuyurdum. Mətninin məzmununu başa düşmürdüm, amma özüm bildiyim kimi qavrayırdım: Ana qəlbim odlanır Söz düşəndə davadan... O uzaq keçmişdə bu mahnıya əvvəlcə fərqli ifalarda - Töhfə Əliyeva, Zeynəb Xanlarova, Düriyyə İbrahimov... ( o vaxt kimin oxumasının fərqində də deyildim və ya fərqləndirmirdim də) oxuyanda radioda qulaq asmışdım, onda hələ evimizdə televizor yox idi. Radioda səsinə qulaq asdığım müğənniləri, elə diktorların simasını, görünüşlərini və hətta geyimlərini də öz xəyalımda bildiyim kimi təsəvvür edirdim. Məsələn, elə bilirdim ki, bu mahnını oxuyan da əsl anadır, eynən mənim anam kimi, sadə geyimdədir, hətta başında örpəyi də var - mənim anamın ev-eşikdə bağladığı kimi, qırmızı-sarı güllü haşiyəli yaylığı boğazının altından gətirib boynunun arxasında bağlayıb. Sonra televizorda onları görəndə hər şeyin başqa cür olduğunu anladım. Mahnının sözlərini də kimin yazdığını bilmirdim, heç sözlərin də hamısının mənasını lazımınca anlamırdım. Məsələn, dava sözünü müharibə kimi qəbul edib əsl vuruşmalar mənasında anlamırdım. Qardaşımın məhəllə uşaqları ilə, taxtadan düzəltdikləri avtomatlarla, tüfənglərlə oynadığı dava-dava oyununu gözüm önünə gətirirdim. Bir də anamın bizi evdə qoyub işə gedəndə “ Bax, dava etməyin ha... Mehriban olun, sakit oynayın...“ tapşırdığını. Əslində bunu mənə anam təlqin etmişdi - bu mahnı təzə oxunanda bizə öyrədirdi ki, bax, görürsüz, bu ana da deyir ki, dava etməyin, yoxsa qəlbim odlanar, ürəyim ağrıyır... Bax siz də dava etsəniz, mən xəstələnəcəyəm, ürəyim ağrıyacaq... Biz də dava etmirdik ki, anamız xəstələnməsin, gəlib bizi görəndə sevinsin, tərifləsin... Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan? Bəs deyilmi ana torpaq su içdi göz yaşından? Bu sözlərin mənasını da başa düşmürdüm... Qan hara tökülür, ana? “Yəni uşaqlar dava edəndə bir-birini vuranda, yıxılanda dizləri sürtünür, qanayır, burunlarından qan axır...” Bilmirəm, o biri misrları anam necə izah edirdi, ancaq “ Yer üzündə dostu olsun , Gərək insan insanın....” sözlərini özümüz də başa düşürdük, anamı qabaqlayıb deyirdik ki: hə, sən də həmişə deyirsən ey... küçədə uşaqlarla oynayanda mehriban olun, dost olun, adam dava etməz.... Silahları yandırın, Ərşə qalxsın tüstüsü... (Yəqin taxta avtomatları, tapançaları deyir...) Ən xoşuma gələn hissəsi isə mahnının sonu idi... Hər obada, hər bir eldə qanad açsın “sülh “sözü, Üzü gülsün insanların, bayram etsin yer üzü...” Bundan gözəl nə ola bilərdi ? “Sülh” sözünün mənasını ya heç anlamırdım, ya da 5 yaşlı uşağın anlayacağı qədər anlayırdım, nə fərqi var ki. Ancaq burada insanların üzü gülsün deyir, bütün dünyada bayram olsun deyir... gözəldir də... Baxmayaraq ki, o vaxt dünyanın bir çox ölkələrində müharibələr gedirdi, baxmayaraq ki, müharibə gedən ölkələrdə qan su yerinə axırdı, torpaq oğul itirən anaların, əri davada həlak olmuş gəlinlərin, yetim qalmış uşaqların göz yaşlarından su içirdi, baxmayaraq ki, anam-atam da daha əvvəlki müharibələr dövründə anadan olub böyümüşdülər, müharibənin acılarını öz həyatlarında – qar üstünə qoyduqları cırıq qaloşlarından çıxmış yalın ayaqlarında, çörək əvəzinə yedikləri kartof cadında.... müharibədən qayıtmayan əmim üçün nənəmin gözündən tökdüyü sellərdə, iyləyib sandığında saxladığı yadigarlarda, son oğul məktubunda, qardaş köynəyində görmüşdülər, mənə gərəyincə izah etmirdilər... Bu mahnını mən həmişə, hər yerdə oxuyurdum: evimizə qonaq gələndə, özümüz qonaq gedəndə... bacım hərdən məni özü ilə məktəbə aparanda... müəlliməsini 8 martda təbrik etmək üçün evlərinə gedəndə... Məndən 4 yaş böyük bacıma anam hər gün dərslərini öyrədəndə, əlimə dəftər-qələm alıb mən də oturar, hərfləri yazmağı, oxumağı öyrənərdim. 4 yaşımda sərbəst kitab, qəzet-jurnal oxuyurdum, bunu qohum-tanışlar da bilirdilər. İndiki dövrdə bu və bundan da artıq qabiliyyətlə heç kimi heyrətləndirə bilməzsən, o zaman isə nadir hal sayılırdı. Bəzi tanış və uzaq qohumlar bizə gələndə eşitdiklərinə əmin olmaq üçün mənə qəzet verirdilər ki, oxuyum, mən də onda “ Əvvəl mahnı oxuyum, sonra... “ deyib, mütləq “Ananın səsi“ni oxuyur, sonra qəzeti əlimə alıb birnəfəsə oxuyurdum. Bacımın sinif müəlliməsi çox sadə bir xanıım idi, insafən, heç vaxt hədiyyə istəmirdi, ancaq anam 8 Mart bayramında özü gücü çatan bir hədiyyə ilə - bir şüşə ətir, bir cüt “kapron“ corab və bir əl-üz dəsmalı... büküb bacımı mənimlə müəllimənin evinə yola salırdı . Müəllimənin evi necə sadə idi, Ay Allah, kiçik, balaca otaqlar, yadımdadır, çox sadə və səliqəli olurdu, müəllimənin uşaqları - onların hamısı məndən xeyli böyük idilər, - məni əzizləyir, oxşayır, suallar verir, hazırcavablığıma xeyli gülür və kitab oxumağımı istəyirdilər. Elə vaxt olurdu ki, biz gedəndə onlar yemək yeyirdilər, müəllimə özü isə, o dövr üçün stereotip müəllimləri kimi, yemək yemirdi, yəni bizim yanımızda, uşaqları ilə bərabər yemirdi, ancaq uşaqları ilə bərabər, balaca stolun üstündəki tikməli kətan süfrənin üzərinə bizim üçün də yemək ya çay qoyub, yeməyi və ya içməyi təklif edirdi. Biz də yeməz və içməzdik, sadəcə bir tərəfdə otururduq. Hə. Yeməklərini qurtarandan sonra müəllimə: hə, uşaqlar, indi baxın, Gülər sizə kitab oxuyacaq,.. deyəndə uşaqlar maraqla yaxına gəlirdilər. - Hə. Gülər, oxu..oxu, qızım... (Müəllimə çoxusu bizi elə buna görə saxlayırdı ki, mənə kitab oxutsun, yoxsa biz onu təbrik edib getmək istəyirdik...) Mən isə: -Əvvəlcə “Ananın səsi“ni oxuyum? “– deyirdim. Özü də bunu müəlliməyə deməyə cəsarət etməyib, bacımın qulağına pıçıldayırdım. Ayy.. necə də utanmırdım...Mənim yerimə, utandığından pul kimi qızaran, “necə deyim?”- deyən bacımdan nə dediyimi soruşub öyrənən müəllimə: -- Hə, məni mahnı ilə təbrik etmək istəyirsən? - deyə razılaşırdı. Onlar üçün mahnıdansa, kitab oxumağım daha maraqlı idi, baxmayaraq ki, səsim pis də deyildi, ancaq mənim xətrimi qoymamaq üçün, bəlkə də, məcburən dinləyirdilər. Bunu sonralar bildim. Ancaq oxuyurdum. Mahnının sonunda bu misraları təkrarlayır və eynilə o müğənnilər kimi səsimi yavaşıdıb endirirdim. ...Onda müəllimənin 5 uşağı - 4 qızı və 1 oğlu əl çalırdı, müəllimə :”Aayy maladeesss...” deyirdi. - Qızım, indi kitabı oxu görüm... Hə, indi oxumaq olardı... Bizim yaşadığımız ev məktəbin arxa hissəsində idi və evin darvazasından heç də enli olmayan küçəmizin o tərəfinə keçirdin - məktəbin dəmir hasarı idi. Hasarın dəmir barmaqlıqları arasından biz uşaqlar rahatlıqla sığışırdıq, o biri küçədən hərlənib məktəbin giriş qapısından koridoruna daxil olmaqdansa, çəpərdən keçib məktəbin həyətinə düşüb getmək daha tez başa gəlirdi. Müəllimə bəzən oxu dərslərində oxusu zəif olan şagirdlərinə nümunə göstərmək üçün bacımı göndərib məni məktəbə gətirdirdi. O zaman sinifdə çox uşaq olurdu, aralarında çox şuluq uşaqlar, hətta bir neçə il sinifdə qalanlar da olurdu, bu uşaqlar məni görüb elə sakit, maraqla baxırdılar ki.. Müəllimə : Baxıın, qıçınız boydadıır e... görün necə oxuyacaq - deyir, üzünü mənə tuturdu : - Ay Gülər,götür o kitabı, oxu . Qoy Saleh görsün ki, necə oxumaq lazımdır... Mən, özümdən əvvəl, indi də yadımdadır, lövhə qarşısında boyca və yaşca məndən xeyli böyük olan oğlanın kitabdan nağılı və ya hekayəni gülməli tərzdə, həm də sıxılaraq höccələyə- höccələyə, bununla belə, səhv oxumasına uşaqlarla birlikdə gülər və həm də heyrətlənərdim: bəs bunun anası evdə niyə kitab oxumaq öyrətməyib? Kitabı o oğlandan alıb, ön partada oturmuş bacımın üzünə baxaraq, lövhənin qarşısında dyanmışdım, müəllimə isə şagirdlərin üzünə: “Gördünüz? Görün sizdən nə qədər balacadır ey... “ - deməyə hazırlaşan bir əda ilə baxaraq gözləyirdi. Mən isə bacımın üzünə baxırdım. - Oxu da, niyə oxumursan ? Bu zaman bacımla bərabər ön sırlarda oturan sinif yoldaşları əvvəlcə mahnı oxumaq istədiyimi deyir, o da: “ yaxşı, oxu,”- deyirdi. Və mən kitabı stolun üstünə qoyur, mahnını oxuyub bitirdikdən sonra “ hə ....” deyə yenidən götürüb oxuyurdum. Müəllimə həm də mənə potensial şagirdi kimi baxdığı üçün belə nazımı çəkirdi, yaşım da bacımın 4-cü sinfi bitirdikdən sonra götürəcəyi sinfə tam uyğun idi (baxmayaraq ki, yazıb-pozmağı, oxumağı bacrırdım, anamın xahiş və yalvarışlarına, hətt bəzilərinin məsüləhəti ilə “şirni“ təklif etməsinə baxmayaraq, məni 7 yaşım tam olmamış məktəbə götürmədilər, yəni cəmi 6 ay çatmadığına görə 1 il əvvəlki qəbula da düşmədim. Necə ki müəllimə deyirdi: bu, mənim şagirdim olmalıdır, onu əvvəlcədən mən götürmüşdüm, - elə onun dediyi kimi də qismət oldu.).Sonuncu dəfə, həmin situasiyada, mən tərslik edib kitabdan əvvəl “Ananın səsi“ni oxumaq istədiyimi bildirdikdə (artıq cəsarətlənmişdim, daha doğrusu, “üzlü” olmuşdum, özüm deyirdim, bacıma gözlərimi dikmirdim), müəllimə də səbr etmədi : - Ay qız, nəğmə dərsi deyil ki, “Ananın səsi”ni oxuyasan,oxu dərsidir, al, kitabı oxu da... Mən də mən idim ha...Küsüb dinmədim, kitabı müəllimin masasının üstünə qoyub, bşımı aşağı salıb dayandım. Uşaqların gülüşlərindən də pərt olmuşdum.İndi hətta sinifdə qlan oğlanların da (adları da yadımdadır) mənə baxaraq güldüyünü hiss edir və daha da pərt olurdum. Belə gülməklərinə baxmayaraq, tənəffüsdə qızlı-oğlanlı məni dövrəyə alıb əzizləyir, maraqlı qələmlər bağışlayır, bufetdən nəsə bir şey də alıb bağışlayırdılar. Müəllimə bir dəqiqəyə qədər gözlədi və sonra candərdi : -Hə,yaxşı, oxu görək, bircə... - deməsi ilə pərtliyimi unudub, mahnını oxudum. Oxuduqca, əllərimi sinəmə qoyub “Mən anayam, bu səsimdə yerin- göyün dərdi var...” dedikcə müəllimə də gülümsünür,uşaqlar da “ balaca anaya bax...”-deyə mənim jestlərimi təkrar edir, gülürdülər.Mahnı bitəndən sonra baş əydim,-artıq televiziyada müğənnilərin jestlərini də öyrənmişdim,uşaqlar gülüşdülər.Daha sonra isə müəllimənin göstərişini gözləmədən, öz işini bilən adamlar kimi, masaya yaxınlaşdım, kitabı alıb sürətlə, həm də intonsiya ilə oxumağa başladım – “intonasiya “ sözünü də ilk dəfə bu müəllimdən və onun sayəsində bacımdan eşidib öyrənmişdim- və müəllimənin məmnunluq dolu təbəssümlü baxışlarını, uşaqlara nümunə göstərir kimi üz ifadəsini, və ən axırda başıma çəkdiyi sığalı “qazandım “... Evdə bacım anama deyirdi ki, mən daha bunu heç yerə aparmayacağam... utanıram... Anam əvvəlcə : ”nə olar, bala, pis bir şey etmir ki ...mahnı oxuyur da...” desə də, sonra daha belə demədi. Ondan sonra ağlım kəsdi ki, hər yerdə istədiyim mahnını oxumaq olmaz. Anladım ki, bu mahnı heç hamı üçün maraqlı da deyil, heç kimə lazım da deyil.Onu evdə özüm üçün oxuyurdum. Get- gedə sözlərinin mənasını da anlayırdım və məktəb həyatını sinif-sinif , pillə-pillə adladıqca, dünyada gedən müharibələrin, televiziya-radio verilişlərini izlədikcə Vyetnamda, Misirdə, Fələstində, Livanda... su yerinə axan qanların, dağılan evlərin, yurdsuz qalan uşaqların... səbəbi olan müharibələrin kapitalist, imperialist qüvvələrinin mənafeyinə xidmət etdiyini anladım. Biz məktəbdə oxuyanda bu müharibələrin və təbii fəlakətlərin qurbanları olan uşaqlara yardım üçün vəsait də yığırdıq. Xarici ölkələrdəki yaşıdlarımıızın halına yanıb hətta ağlayırdıq və o qədər özümüzü xoşbəxt sanırdıq ki, bunlar bizim ölkəmizdə baş vermir, bizim həyatımızda olmur... Bunu böyüyən qədər bizə yaşlılar da deyirdilər: “Ay bala, siz indi bəxtiyarsınız... müharibə nədir, bilmirsiniz, aclıq çəkməmisiniz, ehtiyac nədir, bilmirsiniz...” Ancaq “Ananın səsi“ mahnısı yenə heç kimə gərək deyildi. Yenə evdə uşaqlığımı yada salıb özüm üçün oxuyurdum, hərdən bacım da mənimlə o “müğənniliyimi“ xatırlayıb şirin-şirin gülürdü. Heç yetkin olanda da, lap yaşlananda da unutmadım bu mahnını. Çox illər keçdi. Artıq tarixdə çox şey dəyişdi. Hər şey bir-birinə qarışdı. Dinc həyat öz mehvərindən çıxdı, insanlar azğınlaşdılar, hər kəs öz ölkəsində yalnız öz tayfalarını görmək istədi, qalanlarını məhv etdi, çapdı-taladı, ən yaxşı halda heç nəsiz qovdu...Vaxtikən başqasının gəmisində oturanlar da gəmiçini dəryada batırıb gəmiyə yiyələndilər.. .Müharibə kimi azğın bir bəla ölkəmizə də ayaq basdı, həyat çalxandı, qan su yerinə axdı... Qana – qan, ölümə - ölüm..ş deyənlər, xalqı qanlı döyüşlərə sürükləyənlər əvvəlcədən işləri planlı qurmuşdular. Bir-biri ilə sövdələşən vətən dəllalları, doğma yurd torpaqları hərraca qoyan köhnə möhtəkirlər elə böyük bir müharibə səhnəsi yaratdılar ki, bəlkə, finalını özləri də belə təsəvvür etməmişdilər. Ssenari onların qurduqlarından daha faciəvi olmuşdu və bitmək bilmirdi. Bu tezliklə bitməyəcək də. Ölkədə qan su yerinə axır. Şəhid şəhid ardınca gəlir. Biz isə “Vətən sağ olsun!” deyirik. Analar ağlar qalır, bacılar ömürlük yasa batır. Qaçqınlar vətən, yurd deyr. Vətən sağ olsun, deyirik. Mütrüflərimiz efirlərdə meymuntək atılıb-düşür. Sadə xalq hayqırır, ”düşmənə ölüm!”- deyir, kin püskürür, bəziləri “bizdən başqa bizim dostumuz yoxdur”, deyir, erməninin kəlləsini təpiyinin ucunda qoyub şəkil paylaşan qəhrəmanla öyünür. Lazım gəlsə, gedib torpaqlarımızı qaytarmaq üçün döyüşərik”- deyirlər. Bu şüarları da onlara əzbərlədən, onlara hələ də ümid verən, xəyalplov sifariş edən var. Ancaq Lazım gəlmir. Yoxsa bir ovuc erməninin əlində döyüşüb qələbə çalmaq, doğrudan da, elə çətin bir iş deyil. Lazım gəlmir, ancaq insanlara sevgi ilə yanaşan, sevgi ilə yanaşmağı öyrədən gənc müəllimlər, universitetə girə bilməyib cəbhə bölgəsinə gedən, silahla davrana bilməyən, dünyadan xəbərsiz yeniyetmələr üçün ölüm gəlir. İstəmirəm müharibələri. Ədalətli, ya ədlətsiz, fərqi yoxdur.. Məğlubiyyətlə, ya qələbə ilə bitsin, fərq etməz. Xalqın tarixinə qanla yazılsın ya qızılla, nə təfavütü var ki? Müharibəni böyük güclər aparmlıdırlar, döyüşə peşəkarlar atılmalıdırlar, lap xüsusi təlim görmüş muzdlu qoşunlar vuruşmalıdırlar ki, irəliyə doğru bir dönüş əəldə edilsin... Yoxsa döyüş və siyasi təcrübəsi olmayan, peşəsi hərbə yönəlməyən balaları qurban verməklə müharibən udmaq olmaz... Məgər 20 Yanvar qırğınını, Xocalı qətliamını – hələ silahsız dinc xalqla- təcrübəsizlər, qeyri-peşəkar əsgərlər törətmişdilər? Aprel döyüşlərinin nəticəsini—“Pirr qələbəsi”ni isə minimum itki ilə qazanmaq olardı—500-600 döyüşçü – peşəkarlı, qeyri- peşəkarlı- həddən artıq böyük itki idi... Heyifdir balalarımız, onları analarına, doğmalarına heç kim qaytarmayacaq. Bu, itirilmiş torpaqlarımızdan könüllü əl çəkək, fikri kimi anlaşılmasın. Ancaq onsuz da müharibə gərək olduğu kimi aparılmır. Bir tərəfdə atəşkəs elan edilib, çal-çağır məclisləri qurulur, efirlər, dediyim kimi, bayram ab-havasındadır, mütrüflər öz alverində, möhtəkirlər öz ticarətində. Orxanlar, Seymurlar, Elşənlər....isə bərkiməmiş bədənləri, təcrübəsiz əlləri ilə silah tutub onların keşiyini çəkməkdə, asayişini –asudəliyini qorumaqda... Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan, Bəs deyilmi, ana torpaq su içdi göz yaşından?..
© 2020 - Created by İLK XEBER.