Darıxıram, ömrüm-günüm... -

Mənə yaman maraqlıdı, Səninçün kiməm axı?! Ögeylərin ən doğması, Doğmaların ən yadı. Nə bilim ki, niyə yoxsan, Bu dəqiqə hardasan?! İş başındasanmı, yoxsa Sükan arxasındasan?! Bəlkə, adım dilindədi, Yenə zikr eləyirsən?! Hərdən qorxub çəkinirsən, Hərdən şükr eləyirsən?! Bəlkə, indi şəkillərdən Sənə əl eləyirəm?! Özümsə burda oturub, Tənlik həll eləyirəm. Düşünürəm ki, görəsən, Evdəsən ya çöldəsən?! Mən olan A nöqtəsinə Hansı paraleldəsən?! Bir telefondu, bir daxma, Bir də susqun mən axmaq. Darıxıram, ömrüm-günüm, Zülm işdi darıxmaq. Baş götürüb gedə bilsəm, Gizlənməyə yer olsa. Bir daha geri dönmərəm Iki dünya bir olsa. Amma cəsarətim yoxdu Bu qapıdan çıxmağa. Çoxdan məhkum olunmuşam Bu evdə darıxmağa. Nədi ki həyat dediyin, Bir ömürlük müəmma. Təkadamlıq kamerada Bircə nəfəslik səma. Gecikmə, qurbanın olum, Ölüm yetişmədən gəl. Bir-bir sönür ümidlərim, Qaranlıq düşmədən gəl. De ki, “Şəngülüm, Məngülüm, Aç qapını, mən gəlim”. Bir az sən sus, mən danışım, Bir az sən de, mən gülüm. Gəl, sözünə güvəndiyim, Oduna qızındığım. Hərf-hərf, heca-heca, Adına yazıldığım. Boğuluram öz içimdə Gəl məni çölə çıxar. Bir xilas kəməri uzat, Gəl məni məndən apar. Demirəm ki, əlində gül, Qoynunda çiçək olsun. Üzündə həmin təbəssüm, Sinəndə ürək olsun. Tələsik nəbzimi yoxla, Denən “qorxma, sən sağsan”. De ki, edam hökmü yoxdu, Gözün aydın, azadsan. Bircə damcı şəfa gətir, Bir az güc, bir az Vətən. De ki, sən yuxu görmürdün, Denən, “mən həqiqətəm”. De ki, qələbə bizimdi, Atəşkəs pozulmayıb. De ki, bugün saytlarda Bəd xəbər yazılmayıb. Söylə, “bax bahar qayıdır, Arzular cücərəcək”. De ki, sabah bayramındı, 8 Martın mübarək!
kulis.az