Maşınların vıyıltısı anbaan təzələnsə də, ahəngləri eyni idi. Saymaq istəsən, hesabı itirərdin. Amma qulaqda hərəsindən bir az küy qalırdı. Asfaltın üstünə qarışqa kimi daranmış maşınlardan havaya yayılan qoxulardan kiminin mədəsi bulanıb deyinir, kimi də bu iyini ciyərlərinə çəkib xoşladığını söyləyirdi. Yolların kənarlarında restoranlar, ərzaq dükanları və maşın ehtiyat hissələri cərgə ilə düzülmüşdü. “Səs başıma düşür” deyib oğlunu maqnitofonu açmağa qoymurdu. Cavan oğlan üçün yolun darıxdırıcı olmağının fərqində deyildi, rahat gəldiyinə şükür oxuyurdu. Yolun çoxu arxada qalmışdı. Bir qədər də dözsələr, Bakıya çatacaqdılar. Yol boyu atasına çox “güzəşt” etmiş oğul bu dəfə “səhvini” düzəltmək istəyirdi. Onun etirazına məhəl qoymayıb maşını saxlayıb, atasını kafeyə tərəf çəkdi. – Dədə, düş, kef eləyək. – Ay bala, lazım deyil, evdən anan hər şey qoyub. Bir bağlama ayın-oyun var, maşını ver bir tərəfə, oturaq ata-bala rahat bir tikə çörəyimizi yeyək, duraq yolumuza davam edək. – Gəl, dədə, bax, yoxsa... Yoxsa... görəsən, nəyi nəzərdə tuturdu? Bəlkə, uşaqlıqda bir-iki yapışdırdığımı üzümə çəkəcək. Yox, elə şeylər deməz. Atasının yerindən tərpənmədiyini görüb: – Onda iki dəqiqə məni gözlə – deyib maşından düşdü. Cibini eşələyə-eşələyə dükana tərəf getdi. Piştaxtanın qarşında dayanıb çönüb atasına baxdı, gözləri ilə haranısa nişan verdi. Həmin yeri maşından tapmaq məcburiyyətində qalan ata başını şüşədən bayıra çıxarıb boylandı. Başa düşdü ki, cərgə ilə düzülən içkiləri göstərirmiş. Həə, bunu deyirmiş – oğlunun ardını demədiyi “yoxsa”nın “hikmətini” tapdığına bilmədi sevinsin, ya kədərlənsin. “...yoxsa gedib iki-üç şüşə alıb yol boyu içəcəm”. Səfeh bunu demək istəyirmiş. Tələsik maşından düşüb oğluna tərəf getdi. Üzündən acıqlı olduğu görünsə də, zorla gülümsünüb: – gəl bala, gəl oturaq, bir tikə çörək yeyək – deyib bu dəfə o, oğlunu çəkə-çəkə restorana gətirdi. Oğlu atasına baxıb uğundu. Atası başa düşdü ki, bu, “bax belə” sözünün qəhqəhə formasıdır. – Bəri gəl, ay ata, qənaətcil olub neynəmisən ey, guya adıma bank hesabı açdırmısan? Hanı o boğazına qıymayıb yığdıqların? O hesabla səhmlərinin sayı-hesabı olmamalı idi. Sözü özünün xoşuna gəldiyindən yenə qəşş eləyib güldü. Atası pərt olsa da, özünü sındırmadı: – Nolub, Allaha şükür, heç kəsə əl açmadan, öz zəhmətimlə böyütmüşəm səni. Pismi yaşamısan? Əslində isə restorana nə üçün getmək istəmədiyinin səbəbi başqa idi. Ürəyində: – “küçük çox yaxşı bilir o xarabaya niyə getmirəm, ona görə əl çəkmir" – deyə pıçıldadı. Axır ki, içəri keçdilər. Ona elə gəldi ki, bütün azərbaycanlılar burdadır. Bu böyüklükdə restoranda ikicə stol boş idi. Əyləşdilər. Kişi başı ilə sağ tərəfdəki stola işarə edib acıqlı-acıqlı dilləndi: – Bu, nədir, ə? – Adamdılar də, dədə, oturublar özləri üçün. – Özləri üçün oturublar nədir, a bala. Stalovada da qadın oturar? Bəs abır-həya harda qalır? Oğlu ciddi görkəm aldı. – A kişi, burax bu kolxoz söhbətlərini. – Eh, ay oğul, hər şeyin zayı çıxıb.– Atasının üzünə elə bil duman çökdü, kişi çiskində itdi. Üzündə işartı adına heç nə sezmək olmadı. – Ay dədə, bu şeyləri niyə dərd edirsən, bunlar ki normal şeylərdir. Oğlunu tərs-tərs süzüb dedi: – Zamana səni də xarab eləyib, deyəsən. – Qadınla ya kolxozda birgə işlədin, ya da restoranda çörək yedin - nə fərqi var, ay dədə? Qadın da adamdır də, harda istəsə, oturar, yeyər-içər. – Ayıbdır, ay oğul, bizə yaraşmaz, dur itilək burdan. Maşında oturaq ananın bağlamasını açaq yeyək. Ayıbdır ə, vallah ayıbdır – deyə kişi yana-yana təkrarladı. – A kişi, otur aşağı qoy bir tikə çörəyimizi yeyək. Onlar da bizi kimi yol adamlarıdırlar acıblar dönüblər ki, bir tikə çörəklərini yeyib yollarına davam etsinlər. – Zamananı belələri korladı də, nə günlərə düşdük – deyib dərindən dərindən köks ötürdü. -Ay dədə, sən Allah guya kalxoz vaxtı qurd quzu ilə otlayırdı? Bəs onda kolxoz sədri niyə qonşun Eyvazın arvadına göz dikibmiş? – İki-üç səfehi millətin adına yazma. Bir də ki, a bala, o, ayrı söhbətdir, əslində onlar cavanlıqda bir-birilərini sevmişdilər. Onda Tələt kolxoz sədri deyildi, kasıb oğlan idi deyə Sənəmi dədəsi vermədi. Eyvaz onu zorla qaçırmışdı. Yazıq Sənəm ölənəcən Eyvaza yapışmadı. – Sağ ol, dədə – şaqqanaq çəkib güldü. – Sənəmə canın yanırmış. – Bala, könül xoşluğu ayrı şeydir. Elə bilirsən, mən o dinsiz-imansız İmranın evinə qızımı gəlin köçürərdim? Gördüm oğlu mərifətlidir, bacının da uşağa xoşu var, hirsimi boğdum. – Gözündən almısan ey İmranın, necə istəyir yaşayır, ondan bizə nə? – Buyurun, menyumuzla tanış olun. – Ofisiantın gəlişi söhbətə son qoydu. Süfrəyə xörək gələndə ata-bala artıq sakit-sakit bir-birilərinə baxırdılar. Çəngəl bıçaq cingildədikcə kişi çönüb maşına baxır arvadının qoyduğu bağlamanın xiffətini edirdi. Oğlu isə arxayın-arxayın xörək yeyirdi. Ofisiant əlindəki araq şüşəsini stolun üstünə qoyanda kişiyə elə gəldi, şüşəni oğlan onun başına endirdi. Əyri-əyri oğluna baxdı. Onun vecsiz görkəmini görüb alışıb yandı. Oğlunu qara tutub ofisianta acıqlandı: – Bu lazım döyül, a bala, yol gedəcəyik, qaytar geri. Ofisiant çıxılmaz vəziyyətə düşdüyündən gah ataya, gah da oğula baxırdı. Oğlan da dədəsini qara tutub ofisianta: – Narahat olma, qardaş, içmək biliriksə, özümüzü idarə etmək də bilirik. – Ə, maşını idarə etmək var ey, – deyə ata bu dəfə özünü saxlaya bilməyib sözünü ünvanına çatdırdı. Oğlu yenə qəşş eləyib güldü. – Ay dədə, yorma qaqaşı, işi var, qoy getsin məşğuı olsun. – Gözü ilə ofisianta “get” işarəsi verdi. Kişi çarəsiz qaldı. Oğlunun ona qulluq etməsinə razı olmayıb boşqabı ondan alıb xörəkdən könülsüz çəkdi. Yeməyə başlayanda gözünün altından ona baxırdı. Nə edəcəyini anbaan izləyirdi. Ona görə də oğlu əlini qədəhə uzadar-uzatmaz tələsik öz qədəhini götürüb qabağa uzatdı: – Mənə də süz – dedi. – Bax belə – deyə oğlu qəhqəhə çəkdi. Atası pərtliyini gizlətməyə çalışdı. – Dədəylə oturub şirin-şirin söhbət etmək ləzzətli şeydir. Oğlunun zarafatına əhəmiyyət vermədi. Qədəhi asta-asta ağzına yaxınlaşdırdı, nə düşündüsə qaytarıb stolun üstünə qoyub dedi: – A bala, bularda soyuq su olarmı? – Hə, niyə olmur, bu dəqiqə gedib gətirəcəm. Oğlu su dalınca getdi, bir neçə dəqiqə sonra əlində buz kimi su ilə dolu qabla geri qayıtdı. Oturub yeməyinə davam etdi. Atasının könülsüz yediyi nəzərindən qaçmadı. İkinci dəfə şüşəyə əl atanda duruxdu. Xeyli azalmışdı. Amma ikisinin də qədəhi necə süzmüşdüsə o cür də qalmşdı. Birinci qədəhi içdilər. “Bir-iki qədəh də içəndən sonra dədəmin kefi düzələcək” deyə düşündü. Bir qədər sonra doğrudan da atasının kefi düzəlmişdi. Nədənsə şən görünürdü: – Necədir vəziyyət? – deyə soruşdu. – Heç sudan içmirsən haa. – Allah səni qorusun, ay oğul, birini də süz. Oğlu təəccübləndi. Atasının tez-tez “süz” deyib ondan çox içməsi ona qəribə göründü. “Kişi içkini, deyəsən, qoca vaxtına saxlayıb ha”. Şüşə boşaldı. Oğlu ofisiantı çağırıb yenə içki sifariş edəndə atası qəfildən halının pisləşdiyini söylədi. – Gedək, oğul, gedək – deyib ayağa durdu. Oğlu ürəyində ona güldü: – “İçki tutdu kişini”. Çörəyini yarımçıq qoyub ayağa durdu. Ofisiantı çağırıb hesabı ödəyib, atasının qoluna girib ayağa qaldırdı. Ağır-ağır, addım atdıqca ayaqqabıları döşəmədəki suda şappıldayırdı. Hansısa stulun altından xeyli su axıb gəlmişdi. Ofisiant xadiməni səslədi. Xadimə vedrəsi əlində gəlib dayanıb gözlədi ki, onlar keçsinlər. Amma hövsələsi çatmadı, işinə başladı. Döşəməni silə-silə onların arxasınca deyindi: – Yaşlı adamla yola çıxanda pampers götürün də. Oğlan da atasına baxıb xadimə dediyini etmədiklərinə görə utandı. Amma dinmədi. – Gedək burdan, cəld ol gedək. Qapını açıb atasını maşına əyləşdirib, sükan arxasına keçdi. Maşın əsas yola çıxdı. Kişi gözünün altından baxıb restorandan uzaqlaşdıqlarını görüb dikəldi. – Noldu, ay dədə, məndən nigaran idin, bax mən özümdəyəm, maşını rahat sürürəm, amma özün sərxoş oldun. – Yaxşıyam, a bala, narahat olma – deyib bağlamanı qabağına qoyub açdı, içindən qutab çıxarıb ləzzətlə bir dişlək alıb: – Bax, bundan ötrü qəribsəyirdim – dedi, – ayrı heç nəyim yoxdur. Oğlu təəccüblə soruşdu: – Dədə, de canın üçün yaxşıyam, ağrımıram. – Canınçün ağrımıram. Qaldı bircə səni yol polisindən keçirmək. – Sərxoş deyiləm ha, pis sürmürəm. Atası dodağının altından qımışdı. Bircə xadimənin “yaşlı kişidir, yola çıxanda pampers taxın” sözünü başa düşməmişdi. Pampers nədir? Görəsən, bu uşağın arağından onun içinə tökmək olarmı? Yoxsa, yazıq xadimə qadının işini həmişə artıracam, arağı döşəməyə tökməkdən oraları göl elədim. Oğlunun içməyinə mane olduğuna xısın-xısın güldü. Oğlu isə altdan-altdan atasının "kefləndiyinə" gülürdü. 7 mart 2020 ilkxeber.org
© 2020 - Created by İLK XEBER.