Qadın qızıllarını ərindən xəbərsiz “Lombard”a qoydu

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2 150 manat, 2 000 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb. O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.