“Hesab edirəm ki, hər bir azərbaycanlı Rəsulzadənin varlığıyla, idealarıyla qürur duyur, çünki..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin anım günüdür. O, 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib.
Hazırda Ankarada olan professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin həmişə ürəklərdə özünə yer tapdığını bildirdi:
“Rəsulzadə heç şübhəsiz ki, min illik tariximizin ən görkəmli simalarından biridir. O, Azərbaycan Cümhuriyyətinin qurucusu, banisi və ilk dövlət başçısıdır. Rəsulzadə bu xalqın siyasi təfəkkürünün oyanmasında, dərinləşməsində, dövlətçilik şüurunun formalaşmasında, milli dəyərlər sisteminin yaradılmasında müstəsna rol oynayıb və o, tarixdə azərbaycanlıların şüurunda bu cür qalıb. Təəssüf edirik ki, bu gün Rəsulzadə layiq olduğu qiyməti almayıb. Ümumiyyətlə, bu, tarixdə çox əcaib bir hadisədir ki, sən dövlət yaradırsan, amma yaratdığın dövlət və cəmiyyət (söhbət rəsmi səviyyədən gedir) sənə lazım olan qiyməti vermirlər. Əlbəttə, bunlar hesab edirəm ki, ötəri bir prosesdir. Azərbaycan xalqının, Rəsulzadəni dərk edənlərin ürəyində o, öz layiqli yerini tutur, sözün həqiqi mənasında onun könüllərdə əbədi bir heykəli var, Azərbaycan xalqı onun qiymətini bilir, verir və ona görə də biz bir müddət öncə Rəsulzadənin ev muzeyi ictimai qrupu yaratmışıq və bu istiqamətdə müəyyən işlər aparırıq. Hesab edirəm ki, hər bir azərbaycanlı Rəsulzadənin varlığıyla, idealarıyla qürur duyur, çünki bu bizim dünyaya açılan qapımızdır, köpümüzdür, bu bizim dünyayla təmasımızın başlanğıc nöqtəsidir. Ona görə biz Rəsulzadəni bu dərəcədə yüksək qiymətləndiririk”.