Milli Məclisin yeni tərkibinin seçilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası da yenidən formalaşdırılacaq. APA-nın məlumatına görə, bu tələb Seçki Məcəlləsinin maddəsində əksini tapıb. Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Bitərəf deputatları müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. Bitərəflərin iki namizədi maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. MSK-nın üzvləri ali təhsilli olmalıdırlar. Beləliklə, yeni seçilən Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasındadır (YAP). MSK-nın 6 üzvünün namizədliyi parlamentdə 70 deputatla təmsil olunan hakim partiya tərəfindən irəli sürüləcək. 6 üzvün namizədliyi yeni parlamentə düşmüş 45 bitərəf deputat tərəfindən veriləcək. Milli Məclisdə azlığı isə 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) təmsil edir. Eyni zamanda Vətəndaş Birliyi Partiyası da bu sırada yer alacaq. Partiyanın sədri Sabir Hacıyev bildirib ki, parlament seçkiləri majoritar qaydada keçirilir və seçkilərə partiyanın namizədlər siyahısından qatılmasa da, öz təşəbbüsü ilə namizədliyini irəli sürərkən partiya mənsubiyyətini göstərib. Bundan öncəki iki çağırışda da partiyanın MSK-nın formalaşmasında iştirak etdiyini söyləyən S. Hacıyevin sədri olduğu partiya MSK-nın yeni tərkibinin formalaşmasında da iştirak edəcək. Beləliklə, Milli Məclisdə azlığı 8 partiya təmsil edəcək və MSK-nın 6 üzvünün namizədliyini də məhz bu 8 partiya öz aralarında razılaşdıraraq irəli sürəcəklər. Dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasına gəlincə, Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, dairə seçki komissiyası 9 üzvdən ibarət olmalıdır. Dairə seçki komissiyasının üzvləri MSK tərəfindən təyin edilirlər. 30.3-cü maddəyə görə, dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, yəni, YAP-ı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə bitərəf deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri MSK-da siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Bitərəf deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin ikisi maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə. Seçki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. 36.2-ci maddəyə görə, məntəqə seçki komissiyasının iki üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə bitərəf deputatları dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, bitərəf deputatları təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.
© 2020 - Created by İLK XEBER.