Təhsil islahatları: fərqli baxış bucaqları

Bizim işlərimizin hamısı belədir: sistemsiz, koordinasiyasız, diletantcasına, mühit, şərait, zəmin, ilkin şərtlər ciddi amaliz edilmədən, bu və ya digər yeniliyin tətbiqi zamanı yaranacaq mümkün risklər nəzərə alınmadan. Bir qayda olaraq məmurlar və ətrafları işin mahiyyəti, spesifikası, nəticələrindən daha çox qısamüddətli hədəflərə köklənir, utilitar maraqlarını təmin etmək mövqeyindən çıxış edir, kimlərinsə lobbiçiliyi ilə avral rejimində layihələr, “islahatlar” həyata keçirib aradan çıxırlar. Başgicəlləndirici məbləğdə qrant və ya kreditlər sağa-sola xərclənir və sonunda “istəyirdik, yaxşı olsun, amma yenə əvvəlki alındı” vəziyyəti yaranır. Məhz bunu nəzərdə tutaraq professor Səlahəddin Xəlilov hələ 15 il əvvəl yazırdı: “Bütün xalqın mənafeyinə toxunan belə ciddi bir məsələni hansı isə kredit naminə hə­ya­ta keçirmək məsuliyyətini kim üzərinə götürəcək? ... Belə bir strateji sahədə islahat adı altında subyektiv mü­lahizələrə və hansı isə bey­nəlxalq qu­­­­rum­la­rın, bankların tövsiyələrinə (?) əsas­la­nan, milli-fəl­səfi-pedaqoji fikrin məhsulu olmayan, xalqın iradəsini əks etdirməyən is­la­­hat­lar ke­­­­çirilməsi, gündə bir eks­pe­ri­ment aparılması nə də­rəcədə məqbuldur?”. Zaman göstərdi ki, professor haqlı imiş. İndi istər ənənəvi üsul, istərsə də kurikulum tərəfdarları bir məsələdə həmrəydir: belə olmaz. Bu gün AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Rasim Heydərovun “ilkxeber.org“ saytında gedən yazısında da gözləntilərin özünü doğrultmadığı vurğulanır: “...Ən əsas arqument isə “repetitorluğu bizə ənənəvi təhsil gətirmişdi, darıxmayın, yeni sistem gələn kimi repetitorluq ləğv olunacaq” – idi. Amma qəribədir ki, əksinə, bu illərdə repetitorluq daha da gücləndi. Çünki əvvəllər “müəllim yanına getmək” ancaq abituriyent yaşında valideynləri narahat edirdisə, indi bu narahatlıq bağça yaşında başlayır” Sosial şəbəkələrdə bu mövzuda yazılan rəylərin daha bir hissəsini oxuculara təqdim edirik: Aytən Hüseynova “Sadəcə, dəyişikliklər edilməlidir. Cətinləşdirmək əvəzinə sadələşdirmək lazımdır. Bəzən düşünürəm ki, müəllim-şağirdi canlı görmürlər. Dərsliklər bərbaddır. Elə bil, orta məktəbdən alim yetişdirmək istəyirlər, amma hec nə edə bilmirlər. Tədris "elə deyirlər, belə deyirlər"ə yox, əsaslı-kitablı məlumatlara, faktlara əsaslanmalıdır. Bədii əsərlərdən verilən parcaları elə əcaib seciblər ki, uşaq bir də əlinə oxumaq üçün kitab almayacağına and icir. Bəzən şağirdlərə yazıq-yazıq deyirəm ki, Allah haqqı, o əsər elə deyil, cox gözəldir, siz bir qulaq asın,mən danışım" Mətnlərlə işləmək yaxşıdır, amma mətnlərdə cox vaxt elə suallar qoyulur ki, Mirzə Cəlil sayaq diplomumu qarşıma qoyub fikirləşirəm: "Ay Allah, görəsən, nə demək istəyir, nə soruşur?! Ədəbiyyat testlərində əsərlərin təhlilinə cox yer verilməsi, düşünmək, oxumaq, nəticə cıxarmaq tələbi gözəldir... Bir-birinin üzünü köcürüb nə qədər desəniz dərsliklər nəşr olunub, amma hec biri əsərləri ürəkdən tikan cıxaran ətraflı, düzgün təhlil etmir. Dərsliklər ya ətraflı, əhatəli, geniş yazılmalı, ya da testlərə, mətnlərə akademik suallarla yox, şagirdin anlayacağı və əlindəki vəsaitdən oxuya biləcəyi şəkildə tərtib ediilməlidir”. Kəmalə Bayramova “5-ci sinif Ədəbiyyat dərsliyindəki "Mərd və namərdin nağılı"na da diqqət yetirsələr, yaxşı olardı. Nağılın nə müsbət ideyası var, nə də müsbət təsiri. Mərd adlanan obrazın hərəkətlərinin mərdə yaraşan tərzdə olmaması bir yana, tulanın başının kəsilməsi, qanının şəhzadəyə içirilməsi səhnəsi başdan-başa mənfi enerji saçır. 5-ci sinif şagirdinə bu tipli mətnlərin oxudulma səbəbi anlaşılmazdır”. Rəna Zeynalova “Dərsliklər üzərində ciddi calışılmalı və qiymətləndirmədə dəyişikliklər aparılmalıdır. Daha çox test üsulu ilə olan qiymətləndirmə şagirdlərin şifahi nitqinin çox zəif olmasına gətirib çıxarır”. Təranə Aslanova “Qiymətləndirmə çox bərbad vəziyyətdədir, müsbət cəhətlərini götürmək olar. Nə qədər kağızlara pul verib onları daşımaq olar? Bunu fikirləşən, müəllimin gününə ağlayan yoxdur. Bir də qabaqlar gündəlik qiymətləri hesablayıb qiymət çıxarırdıq, şagird də bilirdi ki, hər gün dərsə hazır gəlməlidir, indi isə ancaq summmativ qiyməti hesablanır, bəzən zəif oxuyan da köçürüb yaxşı qiymət ala bilir”. Gülyaz Əliyeva “Kurikulumun gətirdiyi yenilik o oldu ki, 1-9-cu siniflərdə keçilən material 1-4-cü siniflərdə tələm-tələsik, qaçaqaçla keçilməyə başlandı. Sonra Azərbaycan dili yuxarı siniflərdə bəzi siniflərdə sistemsiz, mövzularda əlaqə gözlənilmədən, biliyin möhkəmləndirilməsinə vaxt ayrılmadan, dərsliklərdə səthi nəzəri məlumatlar verilməklə, çalışmalara yer verilməməklə keçilməyə başladı. İrəli getmək əvəzinə, geri addımlamağa, qrammatikanı şikəst etməyə xidmət etdi. Məqsəd nədir ki, görəsən, 1,2,3-cü növ təyini söz birləşməsi yox, şəkilçili və şəkilçisiz söz birləşməsi deyək? Yanaşma və idarə əlaqəsinin üstündən xətt çəkək, yalnız uzlaşmanı tədris edək? Tabeli mürəkkəb cümlənin növlərindən xəbərsiz olaq, təkcə cümlələrin bağlanma vasitəsin öyrənək? Bələdçi olub kənardan baxaq? Şagird ismə "hərəkət bildirir" desə də, “səhvdir” deməyə ixtiyarımız olmasın. Dağlar-dərələr aşıb, 7 qarış yol getdikdən sonra şagird ya anlaya, ya da anlamaya ki, bəs isim ad bildirirmiş. Sinifdə şagirdlərin sayının çox olması qrup işinə ayrılan vaxtla düz gəlmir ki bu da başqa bir dərddir”. Mehparə Rəhimqızı “Mənə belə gəlir ki, bizim nazirlər həmişə probelmlərə birtərəfli yanaşırlar. Yəni islahat aparılırsa, yalnız bir sahəni nəzərdə tuturlar, lakin unudurlar ki, cəmiyyət ayrıca götürülmüş fərdlərdən ibarət olsa da, problemin yaranmasında hamının "payı" olduğu kimi, onun həllində də hamı iştirak etməlidir. Yəni, deməyim odur ki, təhsil islahatı təkcə məktəb üçün olmamalı, bütün cəmiyyəti əhatə etməlidir, müəllimin məktəbdə dediklərini və fəaliyyətini evdə də valideyn davam etdirməlidir. Hər hansı bir yenilik birtərəfli olmamalıdır və bütünlükdə cəmiyyətin həyat tərzinə çevrilməlidir. Təəssüf ki, bizdə məktəbin problemi, sadəcə, müəllimə aiddir. Bu cür yanaşma isə getdikcə problemləri tıxac halına gətirir. Hər bir uşaq məktəbə təkcə özü gəlmir, o, həm də evin, ailəsinin də bütün problemlərini məktəbə gətirir. Uşaqlarla işləmək getdikcə daha çətin olur, odur ki, ailələrin problemləri həll olunmadıqca, məktəbin-təhsilin problemlərinin həllinə çalışmaq heç bir yaxşı nəticə verməyəcək”. Aytən Əliyeva “Bu ölkədə nə olur-olsun, lap fin üsulu gəlsin, fərqi yoxdur, təhsil yoxdursa, təhsil işbazların əlindədirsə, heç nə alınmayacaq”. Sahnaz Ibrahimova “Nəticələrə baxsınlar, kifayətdir. Kurikulum getməyə məcburdur. Neçə illərdir nəticə getdikcə asağı düşür”. Sevər Qafqazlı “Əsas fərq müəllim şagird yerdəyişməsidir. Ənənəvi metodda müəllim aparıcı qüvvədir, dərsin yaxşı mənimsənilməsi üçün əsas yükün 75 faizi müəllimin, 25 faizi şagirdin üzərinə düşür.Yeni metodda əsas yükün 75 faizi şagirdə, 25 faizi müəllimə aiddir. Müəllim şagirdin bilik qazanma yoluna bələdçilik etməlidir. Uşaq müəllimin bələdçiliyi ilə elmin gəldiyi nəticəni demək olar ki, özü kəşf etməlidir! Bəli, belə olmalıdır ! Özü də bizim uşaqlar?!”