Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və tərəfdaş 26 qurum təşkil etdikləri qrant müsabiqələrinin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 26 qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinə layihə təklifi qəbulunun 20 noyabr-30 dekabr 2019-cu il tarixlərini əhatə etdiyini bildirib. İcraçı direktor müsabiqə ilə bağlı 25 məlumatlandırma sessiyasının keçirildiyini deyib. 123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə 541 layihə təqdim olunduğunu bildirən F. Qurbanov onlardan 16-sının texniki seleksiyanı keçmədiyini qeyd edib: “525 layihə ekspertiza və vətəndaş qiymətləndirməsinə təqdim olunub. Layihələrin ekspertizasının aparılmasına 44 ekspert cəlb edilib. Onlardan 26-sı dövlət qurumlarının əməkdaşıdır, 18 şəxs isə müstəqil ekspertdir. Layihələr eyni zamanda 15 yanvar-15 fevral 2020-ci il tarixlərində vətəndaşlar tərəfindən də qiymətləndirilib. SƏLİS-in E-vətəndaş proqramında qeydiyyatdan keçən 14877 (on dörd min səkkiz yüz yetmiş yeddi) vətəndaş layihələrə 40206 (qırx min iki yüz altı) rəy bildirib”.
Fərasət Qurbanov deyib ki, ekspertiza mərhələsi başa çatandan sonra dövlət qurumlarının əməkdaşı olan ekspertlər, müstəqil ekspertlər və Şura Katibliyinin bölmə rəhbərləri hər bir layihəyə fərdi qaydada yanaşmaqla müzakirələrə başlayıblar. Hər bir layihə üzrə verilən ekspert rəyləri və balları, vətəndaş qiymətləndirməsinin balları və Şura Katibliyinin arayışı geniş müzakirə olunub. Layihələrin maliyyələşdirilməsi ilə bağlı qərarların qəbulunda Şuranın 2018-ci il 05 noyabr tarixli 19 (213) nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 5 nömrəli əlavəsində (
http://cssn.gov.az/documents/5.%20%C6%8Flavə-5.%20Meyarlar-converted.pdf) əksini tapan meyarlar əsas götürülüb.
Müzakirələrdən sonra maliyyələşməsi təklif olunan layihələr barədə hazırlanan müvafiq arayış Şuraya təqdim olunub. Şura birgə qrant müsabiqəsi keçirdiyi qurumların təkliflərinin hamısını nəzərə alaraq 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
Mətbuat konfransında hər bir nazirlik və digər tərəfdaş qurumların nümayəndələri məsul olduqları müsabiqənin indiyədək olan bütün mərhələləri, xüsusilə nəticələrin müəyyən edilməsi ilə bağlı tövsiyə xarakterli qərarın Şuranın Katibliyi ilə birgə qəbul etdiklərini bildirdilər. Bütün dövlət qurumları ilk dəfə Azərbaycanda SƏLİS vasitəsilə Şuranın birgə qrant müsabiqəsinin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirərək bunun QHT-Hökumət əməkdaşlığına mühüm töhfə olduğunun bildirdilər. Tərəfdaş qurumlar layihələrin maliyyələşdirilməsi haqqında qərar qəbul edən zaman onların tövsiyələrini tam olaraq nəzərə aldığına görə Şuraya təşəkkür etdilər.
Daha sonra hər bir nazirlik və tərəfdaş qurumlar məsul olduqları müsabiqənin nəticələrini elan etdilər.
Nəticələr aşağıdakı cədvəldə qeyd olunur:
Mətbuat konfransında o da bildirilib ki, müsabiqə qalibi olan QHT-lər Şura ilə qrant müqaviləsi bağladıqdan sonra 26 qurumun hər biri müvafiq layihələrin icra prosesinə nəzarət etməklə yanaşı onların daha səmərəli şəkildə həyata keçirilməsinə yaxından köməklik göstərəcəklər.