Milli kurikulum

Tale elə gətirdi ki, mən bir müddət Bakı Pedaqoji Kadrların İxtisasının artırılması və Yenidən Hazırlanması İnstitutunda mühazirəçi müəllim kimi işləyəsi oldum. Hər dəfə də yeni qruplara dərsə gedəndə təkmilləşməyə gələn müəllimlərdən ilk eşitdiyim sual belə olurdu: “Müəllim, bu kurikulum nə vaxt ləğv olunacaq?”. Maraqlıdır ki, bu sual illərdir hələ də öz aktuallığını saxlayır. Baxmayaraq ki, həmişə dediyim kimi, buna dövlət səviyyəsində milyonlarla pul xərclənib, kadrlar hazırlanıb, yeni kurikulumlar əsasında dərsliklər nəşr olunub və s. Axı bunu ləğv etmək elə də asan iş deyil. Digər tərəfdən, bir sistemi ləğv eləmək asandır, amma yenisini qurmaq heç də asan başa gəlmir. Təəssüf ki, müəllimlərimiz, ziyalılarımız hələ də bu fikirdədirlər ki, kurikulum bizlik deyil. Yeni sistemin tərəfdarları da bəzən çox primitiv formada ənənəvi təhsilə qarşı çıxaraq, “görmürsüz xaricdə yaşayan uşaqlar öz fikirlərini necə sərbəst ifadə edirlər? Bizim akademiklərimiz belə öz fikirlərini doğru ifadə edə bilmirlər”, – deyirlər. Görəsən, Nizami Cəfərovlar, Rafael Hüseynovlar akademik deyil, ya onlar xaricdə təhsil alıblar, bizim xəbərimiz yoxdur? Və ya belə bir arqument gətirirlər: “Biz hər şeyi Avropadan almışıq. Avropa maşını sürürük, onların icad etdiyi telefonları işlədirik və s.”. Onda yəqin çinlilər və koreyalılar da avropalıdır və ya İbn Sinalar, Əl Birunilər, Lütfi Zadələr heç şərqli deyilmiş, onların adları şərq adıdır, təhsillərini də şərqdə alsalar da, başları Qərb başı imiş. Ən əsas arqument isə “repetitorluğu bizə ənənəvi təhsil gətirmişdi, darıxmayın, yeni sistem gələn kimi repetitorluq ləğv olunacaq” – idi. Amma qəribədir ki, əksinə, bu illərdə repetitorluq daha da gücləndi. Çünki əvvəllər “müəllim yanına getmək” ancaq abituriyent yaşında valideynləri narahat edirdisə, indi bu narahatlıq bağça yaşında başlayır. Yeni proqrama görə, uşaq əlifbanı məktəbə qədər öyrənməli olur. Hətta nazirlik belə hazırlıq sinifləri təşkil etməli oldu. Ənənəvi təhsildə biz əlifbanı birinci sinifdə öyrənirdik. İndi isə əksinə, birinci sinifdə artıq sürətli oxu vərdişləri tələb olunur. Yeni təhsil sisteminin əsas mahiyyəti də bundan ibarətdir. Ən yaxşıları elə erkən yaşlarından müəyyən etmək və onların üzərində daha ciddi şəkildə işləmək. Liseylər, təmayül sinifləri, ali məktəblərdə isə xüsusi qruplar (Azərbaycanda Sabah qrupları) bunun nəticəsidir. Ənənəvi tədrisdə, yəni sovet tədrisində təhsil hamı üçün idi. Hamı hər şeydən məlumatlı olmalı idi. Yeni təhsil, yəni Avropa təhsilinin əsasında isə hamının ali təhsilli olması, ali təhsillilərin isə hər sahəni bilməsi ən yaxşı halda, lazım deyil. Yəni kapitalist təhsilli fəhlə arzulamır. Onun üçün yaxşı bacarığı olan fəhlə daha yararlıdır. Bu səbəbdən də onlarda kolleclər və peşə məktəbləri geniş yayılıb. Bizdə isə hamı ali təhsilli olmaq arzusundadır. Nəticədə ali təhsil alan gənclərin əksəriyyəti işsizdir. Məsələn, ali təhsil almadan da kompüter proqramlarını öyrənməklə yüksək maaşlı iş tapmaq olar. Yeni təhsil sistemi buna hesablanıb, bu isə bizim üçün yenidir və onu qəbul edə bilmirik. Bizə görə, keçmiş sovet şinelindən çıxan digər ölkələrin vətəndaşları kimi, hamı hər şeydən məlumatlı olmalıdır və bu səbəbdən də məktəb yalnız təlim və tərbiyə verməlidir. Yeni təhsil sisteminin əsasında isə iki əsas amil dayanır: bilik və bacarıq. Bizim mentallıq təhsili yalnız bilik verməkdə görür və kiməsə “biz sənin uşağına bilik deyil, bacarıq öyrədəcəyik”, – desək, alacağımız cavab hamıya məlumdur. Bu səbəbdən də yeni təhsil sistemi – kurikulum bizdə qəbul edilmədi. Və hətta təhsil işçilərinin əksəriyyəti belə hələ də “kurikulum ləğv olunmalıdır”, – deyir. Repetitorluğun saxlanmasının və gündən-günə inkişafının əsas səbəblərindən biri də, heç şübhəsiz, DİM-in “fəaliyyəti”dir. Yəni DİM öz proqramı əsasında imtahan götürür. Bu isə məktəbin və müəllimin nüfuzunun düşməsi ilə nəticələnir. Məsələn, Azərbaycan dili üzrə standartlar belə müəyyənləşdirilir:
  1. Dinləyib-anlama və danışma.
  2. Yazı.
  3. Dil qaydaları.
Bəs DİM abituriyentdən nə soruşur? Yalnız qrammatika, yəni 25 sual son standarta – dil qaydaları standartına uyğun hazırlanır. Bəs qalan standartlar? Qalan standartları axı dərsdə tədris etməyə bilməzsən. Amma DİM üçün bu, maraqlı deyil. Belə çıxır ki, şagirdə məktəbdə öyrədilənin yalnız 25 faizi lazımdır. Beləcə, şagirdin və valideynin gözündə əsl müəllim elə repetitordur. Çünki onun öyrətdiyi ilə şagird ən yaxşı halda əlli faiz nəticə göstərə bilər. Yəni məktəb müəllimi müəllim deyil, ən yaxşı halda tərbiyəçidir. Belə olan halda uşaq məktəbi əla qiymətlərlə bitirsə, nə dəyişər ki? Axı əsas göstərici DİM-də toplanan ballara əsasən müəyyənləşir. Repetitor olmasa, bizim məktəblilərin göstəricisi 70-80 faiz aşağı düşər. Bu səbəbdən də məktəb özü şagirdin repetitor yanına getməsində maraqlıdır. Məktəb rəhbərliyi buna göz yummasa, uşaqlar DİM imtahanından nəticə göstərə bilməyəcək və nəticədə məktəb və onun müəllim kollektivi pis vəziyyətdə qalacaq. Ona görə də direktorlar uşağa şərait yaradırlar ki, repetitor yanına getsin. Çünki bu həm də məktəbin nüfuzu məsələsidir. Eyni hala universitetdə də rast gəlirik. DİM magistr imtahanında heç bir universitetdə tədris olunmayan məntiq, universitetlərin əksəriyyətində yalnız bir, ən yaxşı halda iki semestr tədris olunan informatika və xarici dildən imtahan keçirir. Nəticədə repetitorluq üçün münbit şərait yaranır. Məlum olur ki, dörd il əla qiymətlərlə oxuyan tələbənin başı semestr imtahanlarına qarışdığı vaxt kəsirlər içində boğulan tələbə kursa gedib məntiq öyrənir və magistr olur. Əlaçı tələbə isə ixtisasını yaxşı öyrəndiyindən magistr ola bilmir. Universitet rəhbərliyi də məcbur qalıb “magistr tələbə”nin kəsirlərini bağlayır. Belə çıxır ki, universitetdə və məktəbdə heç nə oxumadan da tələbə və ya magistr olmaq olar. Və çox vaxt bu belə də olur. Bax bu, bizim təhsilin reallığıdır. Yenə də eyni problem ortaya çıxır. Nə edək? Fikrimizcə, qəbul imtahanlarında həm məktəb, həm də universitetin verdiyi qiymətlər nəzərə alınmalıdır. Şagird və tələbənin topladığı attestat və diplom balı ümumi balın ən azı yarısını təşkil etməlidir. Yəni əgər indi maksimum bal 700-ə bərabərdirsə, orta məktəbdə attestat balı bunun yarısını – 350 bal təşkil etməlidir. Və ya 100 bal magistr üçün nəzərdə tutulursa, onun yarısı diplom balına əsasən hesablanmalıdır. Universiteti bitirən tələbənin neçə balı varsa, onun üstünə DİM-də yığılan balı gəlib ümumi balı hesablamaq olar. Fikrimizcə, dünyanın əksər ölkələri tərəfindən qəbul edilən kurikulumu heç də ənənəvi sistemə qarşı qoymaq doğru deyil. Sadəcə, mövcud problemlər müzakirələr yolu ilə aradan qaldırılmalıdır. ilkxeber.org