“Fəvvarələr”dən fəvvarələrə Rəsulzadə küçəsi və ya işğal olunmuş şəhər

Burda Azərbaycan dili süqut edib, burda Azərbaycan dili dəyər deyil. Burda hər şey pul qazanma qayəsinə xidmət edir. Burda hər şey mədə və udlaq sahiblərinin sərəncamındadır. Burda Azərbaycan dilinin hülqumu da onların əlindədir. Boğub, kənara atıblar. Burda Azərbaycan ruhu yoxdur. Küçə musiqiçiləri də (üç yerdə rast gəldik) ingiliscə, rusca və türkcə mahnılar səsləndirir. Burda Azərbaycan Respublikasının Azərbaycan dili haqqında qanunları işləmir, prezidentin fərmanına etina edilmir. Harda olduğunu unudursan. Əgər bu gün həmin küçədən görüntülər çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. "Burada qatarlar Şərqdən Qərbə, Qərbdən Şərqə gedir", oriyentir isə dəmiryolu yox, qazancdır. Pulun tanrıya çevrildiyi bir dövrdə, məkanda yaşayırıq...  Deyəsən, bütün bunlar Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən Bakı Şəhər İcra Hakimiyyətini və Nazirlər Kabinetini əsla maraqlandırmır. BŞİH başçısını, bəlkə də, başa düşmək olar. O, Dövlət Dil Komissiyasının üzvü olmalıdır. Amma sabiq mer H.Abutalıbov vəzifədən azad ediləndən sonra Dövlət Dil Komissiyasının tərkibində dəyişiklik edilməyib. Nazirlər Kabineti isə yetərincə ətalətli və astagəldir. Diqqət edin: dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı fərmana əsasən, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılır. Fərmanda deyilir ki, "ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir" və Nazirlər Kabinetinə tapşırılır ki, - Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;  - Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin. (https://president.az/articles/30563). Amma Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiq etmək üçün Nazirlər Kabinetinə 4 ay 17 gün (http://www.e-qanun.az/framework/42072), nizamnaməsini təsdiq etmək üçün iki ay əvəzinə düz doqquz ay (yaxşı ki, 9 gün, 9 saat, 9 dəqiqə də əlavə olunmayıb) vaxt lazım olub. NK bu nizamnaməni 30 iyul 2019-cu ildə  № 335 qərarı ilə təsdiq edib (http://www.e-qanun.az/framework/43084). Bundan sonra hansı işlər görüldüyü barədə ətraflı məlumat əldə edəndən sonra yazmağı düşünürük. Bu, bir faktdır ki, Monitorinq Mərkəzinin fəaliyyətinə dəlil olacaq heç bir əlamət yoxdur. Bakının mərkəzində aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələrdə Azərbaycan dilindən istifadənin necə acınacaqlı olduğunu aşağıda görəcəksiniz... Keçən il bir layihə çərçivəsində Bakının xalq arasında “Torqovı” adlanan Ticarət küçəsində reklam lövhələri, ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin adlarında Azərbaycan dilinin normalarına riayət edilməsinin monitorinqini apardıq. Nizami küçəsində 82 ticarət, ictimai iaşə və digər xidmət obyektinin 65-də ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilmişdi. Bunu əvvəllər də demişik: Azərbaycanda iriçaplı məmurların maddi marağı ilə ictimai maraqlar toqquşanda, bir qayda olaraq, birincilər qalib gəlir. Bir dəfə Dilçilik İnstitutunun əməkdaşları Bakıda, şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. Monitorinq iştirakçılarından biri dedi ki, “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi pozuntular aşkarlayıblar. Bu barədə müvafiq strukturlara məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi deyib ki, o obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilməz.  Vaxt var idi, Bakı şəhəri qarşısına milli, etnik fərqləri aradan qaldırıb, rus dilini sovet xalqlarının vahid ünsiyyət vasitəsinə çevirməyi dövlət proqramına salan bir imperiyanın böyük, çoxmillətli şəhəri idi. Hətta o illərdə Bakı daha “azərbaycanca” idi. “Yeddi gözəl”in yanından keçib bulvara tərəfə gedəndə sağ-solda buranın Azərbaycan, dilinin isə azərbaycanca olduğunu göstərən nə qədər “dəlil” var idi: “Suvenirlər”, “İdman malları”, “Azərbaycan çörəyi”, “Bahar”, “Azərbaycan” kinoteatrı, “Kəhrəba” kafesi... İndi isə bu ərazinin hansı xalqa məxsus olduğunu müəyyən etmək çətindir. Söhbət “Fəvvarələr meydanı”ndan Kukla Teatrına kimi uzanan Məmmədəmin Rəsulzadə küçəsindən gedir. Burada fəaliyyət növünü istehlakçıya azərbaycanca çatdıran yalnız bir “obyekt” var: “Şabalıd” köşkü. Birində isə ikinci sətirdə azərbaycanca “Maraqlı hədiyyələr” sözləri yazılıb. Vəssalam. Buyurun, baxın.. XIMI Vogue Life” “Women`s secret” “Azercell” “You&Me Fashion” (Aşağıda qiymətlər yazılıb) Jacket 159 AZN Dress 129 AZN Bags 79 AZN Shes 69 AZN Sweatshirt 39 AZN Sale up to 50% “New collection” “Dolma restaurant” “Old city club” “Mothercare” “Azptravel” “Starbuks Coffee” “Candy Land” “Pink” Elə buradaca M.Rəsulzadə küçəsinin dənizə tərəf gedəndə sağ tərəfi Əziz Əliyev küçəsi olur. Bu obyektlər həmin hissəyə aiddir. “Shaurma restoran& Café” “Baku City Hotel” “CHEF Baku restaurant” By künefe Yenə qayıdaq Rəsulzadə küçəsinə: “Kiosk press” “Hotel Bristol” “Özsüt” “Hard rock café” “Hard rock café”nin içi: Dance to the beat of your Own drum və s “Salon de the paul restaurant” (İçində: “Mongez du pain vous vivrez bien”) “Şabalıd” (qəzet köşkünün üçdə biri boyda sısqa bir obyekt) “Tantuni köfte” Döner, Köz plus “Netclass” Big sale up to 70% off “Köz Antep” Katmer, künefe Baklava börek “Friday” “Burgers&fries” “Vegas” up to 50% off “Soul kitchen restaurant” Bar, terrace Second cup “Boona.az” Maraqlı hədiyyələr “Studio” “Brand shop”  sale for all “David Walker” “Fragrances exclusive” “The bagel bar” “Coffee house” Relax, enjoy, revive “Penti” “Caspian shipping company” “Novikov café” Сыроварня ресторан, сырная лавка “Cinnabon” “Churros” Fresh hot and tasty “Gloria Jeans Cofee” P.S. Yapon sadist yazarı Yukio Misima deyirdi ki, sadist öldürdüyü hamilə qadının meyidini ayaqlayanda kama çatır. Azərbaycan dilinin qətlinə fərman verən gizli əl artıq Bakının ortasında Azərbaycan dilini beləcə qətlə yetirərək kamına çatıb. Xeyirli cümə axşamları