İnsan agacı  

Bəzən düşünürəm, yaxşı ki, çox zamanlar bundan əqdəm elmləri aydınlaşdırıb səf-səf rəflərə düzüblər. Fəlsəfə rəfi, psixologiya rəfi, bir də müqəddəs kitablardan bizə tərəf boylanan həqiqətlər dolu elm. Mən isə şüuruma axanları rəflərə düzməyə çalışıram. Artıq mənə qədər rəflərə düzülmüşlərdən hansına aid olduğunu anlamağa çalışıram. Həm də onların göstərişi ilə insanın dünyaya bir neçə dəfə gəldiyi barədə iddiaya düşürəm. Lakin iddia etmərəm, çünki mən heç kim deyiləm. Həm də nəyə görə bu iddianın yarandığını yazmıram, bu başqa “rəf”ə aiddir. Bizim hər birimizin bildiyimizdən qat-qat çox bilmədiklərimiz var. Qatın sayını bilmirəm. Onu bilirəm ki, bizə həyat tərzimizi gözəlləşdirmək üçün ədaləti tanımaq kifayətdir. İnsan öz xarakterinə tumar çəkib, özünə lazım olan hallarda onu gizləyə bilsə də, ondan qaça bilməz. Çünki xarakterin yaranma səbəbi, onun düşüncə tərzinə, ideya və məqsədinə bağlıdır. Bunlar isə, məncə, genlərlə uşaqlara, uşaqlarla onların qurduğu yeni ailəyə və gələcək nəsillərə ötürülür. Ailələr çoxluğu isə cəmiyyət və ətraf mühit deməkdir. Deməli, xüsusiyyətlərimiz, çoxluğun yaratdığı mühitdə özünə müxtəlif rənglər qarışdıraraq yenidən dövr edir. Yəni şüuru ilə, ailə və ətraf mühitdən qidalanan insanın düşüncələri yenidən müxtəlif şaxələrə ayrılmaqdadır. Deməli, ailə və ətraf mühit insan ağacını qidalandıran köklər deməkdir ki, köklər də çoxşaxəlidir, köklərdən qidalanan insan ağacı da. Belə olan surətdə sağlam insan şüurunu yetişdirmək asan proses deyil. Ağacın öz şaxələri, insanın düşüncələrinin çoxşaxəli, saysız-hesabsız olduğu deməkdir. Bir nəfərin öz xarakterində dəyişiklik aparması əvvəlcə saysız-hesabsız düşüncə şaxələrinin hansına tuşlanmağı, anlaması ilə birbaşa bağlıdır. Hələ ki, bu problemi bir budağa tuşlanma həll edərsə, bu da sadə quruluşdur. Düşüncə şaxələri bir damalı dəftər vərəqindəki qısa xətlərin saysız dönümlərinə bənzəməklə həm də labirintvari döngələrə, keçidlərə malikdir. Təsəvvür edin ki, bizim hər birimiz ömrün bir günü ərzində minlərlə belə döngələrə məhəl qoymayıb, hər hansı bir dalana daxil ola bilirik. Bəlkə də, yanından ötdüyümüz döngələrdən hansındasa min səadətin, hansındasa min fəlakətin yanından ötüb keçirik. Yeri gəlmişkən qeyd edim ki, bu həm də belə bir duanın doğulma zərurətinə bir səbəbdir: ”Ya Pəbb, sən özün yönəlt!”, “Səndən başqa xeyirli yolu bilən ancaq Sənsən!” İndi isə (insan ağacını yetişdirən ailə və mühitə) köklərə nəzər salaq. Öz xeyrini hər şeydən zəruri bilən, saysız-hesabsız ata-ana nəsihətlərinə nəzər salaq. Ağacın saysız-hesabsız köklərini xatırladan düşüncə-sözlər çoxluğundan seçilmiş hər söz, bir nəsihət damlasıdır ki, bəzən haqqın hansı döngədən keçdiyini anlamadan bizə deyilir. Ağac kökündəki xırda şaxələrə (kapillyarlara) bənzəyən, qırıq-qırıq düşüncələrdən qidalanan insan öz xarakterinə yol çəkir. Ona görə də xarakteri dəyişmək üçün xarakterin su içdiyi mənbələri sağlam fikirlə yükləmək, dəyişmək mümkündürsə, bu hal insanlıq üçün çıxış yolu var deməkdir. "Bir ömrün fəlsəfəsi..."ndən.