Qarabağ qazisi, məcburi köçkün Nicat Osman oğlu Ağayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. Həmin müraciəti olduğu kimi təqdim edirik.
"Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən Qarabağ qazisi, məcburi köçkün Nicat Osman oğlu Ağayev qısaca olaraq məlumat üçün Sizlərə bildirirəm ki, 2007-ci ildə çox ağır şərtlər altında “Nikoyl” Bankdan 35000 ABŞ dollarına dair kredit müqaviləsi bağlamaqla Bankdan mənzil alınması məqsədilə həmin dövrün məzənnəsinə uyğun olaraq 27300 manat məbləğində 20 il müddətinə kredit götürmüşəm. Müqavilə şərtlərinə görə həmin məbləğ mənzil alınması üçün notariusun depozit hesabına köçürülmüşdür. Dolların kursu stabil olaraq 0,78 manat olduğu vaxtlarda hər ay kredit borcumu vaxtlı vaxtında ödəmişəm. Müqavilə formal olaraq dollarla bağlansa da, faktiki olaraq mənzili almaq üçün manata ehtiyacım olmuşdur. Qanunvericiliyin tələbinə görə notariusun depozit hesabına bank yalnız manat köçürə bilərdi. Manatın məlum devalvasiyalarından sonra ödəmə qabiliyyətim çox zəiflədi və bank məhkəməyə müraciət etdi. İşə Xətai rayon məhkəməsində baxılarkən bank tərəfindən aylıq ödənişlərimin ilk dörd ilinə dair, yəni 19 107, 54 ABŞ dolları ödənişlərim ekspertə təqdim edilmədiyindən rəy verilərkən nəzərə alınmamışdır və ekspert rəyində ümumi borcumun 39642.41 ABŞ dolları olduğu göstərilmişdir. Bu səbəbdən Apellyasiya məhkəməsinə müraciət etdik. Apellyasiya məhkəməsində hakim Elşad Şamayev ilk məhkəmə baxışında haqlı olaraq ekspertiza təyin etdi və məndə olan bütün ödəniş qəbzlərimi ekspertə təqdim etdim. Ekspert öz rəyində ümumi borcumun 35689 manat olması nəticəsinə gəldi. Bu rəy ədalətli hesab oluna bilər. Xülasə, 2007-ci ildə kassadan manatla 35000 ABŞ dolları kredit götürmüşəm, bu günə qədər 46809 ABŞ dolları Banka ödəniş etmişəm, əlavə olaraq Bank məhkəmə qaydasında 39642 ABŞ dolları tələb edir. Cənab Prezident, mən, atam və qardaşım bu gün də yaşımızdan asılı olmayaraq Qarabağ uğrunda döyüşlərə qatılmağa hazırıq. Həmin evdə mənim ailəm, qardaşımın ailəsi və valideynlərim yaşayırlar. Qardaşım da Qarabağ qazisidir. Bizim bu problemə görə onlarla Qarabağ qazisi də narahatdır və onlar dəfələrlə Bankın rəhbərliyinin qəbulundə olmuşlar, lakin heç bir müsbət nəticə olmamışdır. Amma narahatçılığımız var ki, biz döyüşlərə gedərsək bizim ailəmizi, uşağlarımızı Bankda girovda olan evimizdən çıxardarlar. Xahiş edirik bu işi nəzarətə götürəsiz. 35000 kreditin qarşılığında məndən 86451 ABŞ dolları pul tələb edirlər. Bu Allahsızlıqdır. Biz işin ədalətli həllini istəyirik və Dövlətimizin Qarabağ qazilərinin taleyinə biganə qalmayacağına əminik.
Son ümidimiz cənab Prezidentdədir".