Təsadüfmü, ya zərurət. Müdriklər bu baxımdan hamısı eyni sözü deyir, birmənalı olaraq təsadüfü təsadüf saymırlar. Əbu Turxan təlimində təsadüf dərk olunmamış zərurət adlanır. Ürəyimdə saxladığım bir od parçasını, aman-zaman istisinə isindiyim bir xatirəmi çoxdan bölüşmək istəyirdim, bu günə təsadüf elədi. Od çərşənbəsi günündə həm Fərman Kərimzadənin doğum günü, həm də yazıçıların beynəlxalq günü üst-üstə düşdüyündən, odun qığılcımı xatirələrimi alışdırdı, bölüşmək zərurətindən qaça bilmədim. Hər avtoqraf ömür kitabına bir yazıdır. Bu avtoqraf bir cümlə də ola bilir, bir kitab da. Cümlə əgər bir insanın ömrünə işıq salırsa, kitab bir millətin ömrünə, taleyinə yazılıb, yolunu aydınladır. Söz sözü çəkər, mətləbdən uzaqlaşmayım, həyatıma qızıl xətlə yazılan xatirəmdən danışım. Əslində bu bir hadisə idi möcüzə kimi. Əbu Turxan bu barədə sözün gözəlini deyib. Deyib ki, hər həyat hadisəsi dünya evinə bir qapıdır, amma qapının şifrəsi fəlsəfi dildədi. Çox vaxt zamanında bilinmir, anlaşılmır, illər keçəndən sonra sənə məlum olur... Həə, deyir, bu gün həm də yazıçıların beynəlxalq günüdü... Burda tam cəsarətlə deyə bilərəm ki, hər kəsin həyatında bir yazıçısı olur, hökmən olur. Və bu yazıçı vacib də deyil dünyaca ünlü olsun və yaxud ola da bilər. Sadəcə, sənin həyatına illərcə mövcud olan bir yazıçının hadisə kimi daxil olmasıdır həqiqət. Mənim yazıçım Fərman Kərimzadədir! Tariximizə sonsuz sevgimdə, milli mənəvi dəyərlərimizə baxış bucağımda, sonradan onu azərbaycançılıq dəyərləri kimi tədqiqat mövzusu seçməmdə... Həyat tərzimin müəyyənləşməsinin əsasında bu əzəmətin, nəhəngliyin, zamandan ucalığın heç öz xəbərim olmadan yazarımın, Oğuz elinin iyirminci əsrdəki ozanının – Fərman Kərimzadənin sözü, avtoqrafı ilə mistikcəsinə yaratdığı sonsuz sevgi durur. Hadisə belə olmuşdu... Adi bir payız günü idi. 8 noyabr 1986 cı il. Yox, adi bir gün ömrümə belə gur işıq tutammazdı.. .Odlu-ocaqlı, kəndimizdə şenlik dolu bir gün idi. Kənd sovetinin sədri Fərman əminin oğlu Radikin toyu idi... Bütün qonşu kəndlərdən, “mahallardan” tutmuş Bakıyacan el bu toydaydı. Axşamüstü qaş qaralanda hamı qəfildən bir-birinə dəydi. Bir səssiz çaxnaşma, həyəcan ki, gəl-görəsən. Çaxnaşma boşuna da deyildi... Vaxt o vaxt idi ki, yenidənqurma başlamışdı, hər yer kimi köhnə bazara da təzə nırx qoymuşdular. Bu “nırx” toyların da qorxu içində keçməyinə səbəb olurdu. Uzunçuluq etməyim, yadında qalan bilir, toylarda araq içməyə qadağa var idi. Yenidənqurma, aşkarlığın tüğyan etdiyi vaxt qorxuya səbəb kəndin ab-havasına az uyğun gələn hündür-hündür, o vaxt üçün hər adamda olmayan, ancaq imkanlı ,vəzifəli adamın geyə biləcəyi uzun layka plaşlı, sərrast qartal baxışlı üç-dörd kişinin toy mağarına gəlişi idi. Obxeyest (OBXSS) bilib əndişələnənlər haqlı idilər əslində. Toyda verilən arağa-içkiyə görə rəsmən toya vay düşürdü... Həə, məclisin kişi vaxtıydı. Bazar günü, gəlin gələndən sonra kişilərin yeyib-içdiyi, az sonra bəy tərifinin başlanacağı və bununla yenə də arvad-uşaq, kişilərnin bir məclisdə bir araya gəldiyi vaxta sanılı dəqiqələr qalan vaxt. Kişillər məclisin qadınlardan asudə vaxtında çoxdan bir-birllərilə dil tapmşdılar, sakitçilikdi. Heyran-heyran bir Səsə diqqət kəsilmişdilər. Di gəl qadınların fərziyyəsi bitmək bilmirdi ki, bilmirdi. Kişilərin yemək süfrəsinə bir ucdan qəlyanaltı, salat düzəldib göndərən əllərini qablara doldurduqları salata keşnişdən, şüyüddən, kök hissəciklərindən vurduqları bəzəkdən əl çəkib pıçapıça "bəzəyə" keçmışdilər. "Stoliçni salat"ın paytaxtdan kəndimizə təzə təşrif buyuran vaxtıydı vaxt. Qadınlar çadırdan (mağardan) xəbərsiz idilər, əndişələri də səbəbsiz deyildi. Toya peşimançılıq düşməkdən narahat idilər. İncəvara Xatirə bacı, Abşeronun Sarayında yaşayan Xatirə bacı onu da sakitləşdirdi. -Ay qız , di kiriyin, gələn kişi Fərman Kərimzadədir! Adil dayı ilə bizə gəlmişdi nahara, mən tanıyıram! Mehribana bunu eşitmək bəsiydi. Nə, kim?! - Fərman Kərimzadə?! 13 yaşlı qızın romantikası, ədəbiyyat dəlisi qızın romantikası nə boyda olardısa, o boyda uçuşla... Uçdu, bir göz qırpımında "Qarlı aşırım"la "Xudafərin körpüsü"nü qucaqlayıb gəlməyi bir oldu. İsrarlıydı, israrlı olanda cəsarətli olurdu, utanmağı bir yana qoyub özünü irəli atdı mağara. Avtoqraf nə olduğunu bilirdi. Həə, avtoqraf alacaqdı Yazıçıdan... Kişilərin oturduğu mağara cəsarətlə girdisə də, səsinin necə yavaşcadan çıxdığı, necə utanıb qızardığı bu gün də yadında… Fərman Kərimzadə ilə düz üzbəüz dayanıb, heyrətdən az qalır ürəyi dayana. Bir yazıçı ilə, on yaşından ürəyinin rəflərində ən üst qata qoyduğu kitabların –“Xudafərin körpüsu”, “Qarlı aşırım”ı yazan adamla üzbəüz dayanmaq indi heyrətli olmazdımı?! Sevinc, həyəcan, təəccüb, avtoqraf almaq özəlliyindən doğan qürur hamısı qarışıb bir-birinə... Kitabı yazıçıya verib onun qarşısında çox dayanıb, durmadı, heç adını da demədi, bir də nə bilirdi ki, ad da demək lazımdır. Yazıçı isə “öz işində idi”, çıxış edirdi, ellilərini anda verirdi , ürəyini saran qorxunu onlarla bölüşürdü. Deyirdi ki, amandı Vedililər, bərk durun, yerinizdən tərpənməyin, qoruyun torpağımızı, çayımızı, bizə saxlayın, vallah dönəcəyik, biz də gələcəyik, son məkanımız Sarı dolamadır, Vedi çayıdır… Sözünün odunu artırmaq üçün şeirlərini oxuyurdu. Artıq mən də yazıçıdan aralanıb gəlib çadırın qapısı ağzında duran bir neçə qadının, yazıçının kimliyini dərk etdiyindən onu dinləməyi möcüzə sanan mamamın, Xatirə bacının yanında dayanıb gözümü yazıçının ağzına zilləyərək açgözlüklə dinləyirdim: Hanı qəbirlərin, Sarı dolama? Onlar ki, əbədi yatmalıydılar. İgid yurdumuzda minib atlara İqlimdən-iqlimə çapmalıydılar. Şahpəri nənəmin atlı başdaşı Babamız Kərimin çatlı başdaşı, Suçu Məhəmmədin saplı başdaşı Burdan ayaq tutub haraya getdi? Qaşıqçı Usubun qisməti buymuş, Aşıq Muxtar səssiz, sözsüz uyumuş, O nə düyün imiş, o nə toy imiş? Yatanlar oyanıb oraya getdi. Bu daş ümmanında daşmı az idi? Gözdən bura axan yaşmı az idi? Bəyəm görülməyə işmi az idi? Daşlar bostan kimi uraya getdi. Yatanlar elindən düşəndə uzaq, Qəbirlərdə onlar sakit yatacaq? Əbədi məskəndən düşərək qaçaq, Bu eldən o elə haraya getdi. Hanı qəbirlərin, Sarı dolama, Onlar ki, əbədi yatmalıydılar. İgid yurdumuzda minib atlara İqlimdən-iqlimə çapmalıydılar. Əzbərdən oxuyurdu, bir çayın qurumasına dediyi ağı, elegiya hamının matını-qutunu qurutmuşdu… Bulaqları guruydu, Nurdan doğan nuruydu, Pəhləvandan zoruydu - Bu çay niyə qurudu? Başlardı nilufərdən, Baldırğan, qantəpərdən. Bəs kim saldı təpərdən Bu çay niyə qurudu? Ağır elləri vardı, Coşqun selləri vardı, Pələng qolları vardı, Bu çay niyə qurudu? Sağı dağ, solu qaya Kimi salardı saya? Bəyəm göz dəydi çaya? Bu çay niyə qurudu? O naşı ki deyildi, İlbaşı ki deyildi, Göz yaşı ki deyildi Bu çay niyə qurudu? Birdən yenə məndə bir canlanma yarandı, Yazıçı yanındakı kişilərdən soruşurdu , bu kitabda kimin adına yazım avtoqrafı?! Məni göstərirdilər ona, “O qıza! – deyirdilər. Yenə həyacanımdan yerə yapışmışdım. Yanımda artıq xanımların sayı, ayaqüstə qapıya dirənib dinləyənlərin sayı da çoxalmışdı. Ürəkləndirdilər, ay qız, get da irəli, dedilər. Artıq mən Yazıçıya yaxınlaşanda avtoqraf yazılıb qurtarmışdı hər iki kitaba da. “Xudafərin körpüsü”nü əmimlə dostluğu oldu üçün atamın adına, “Adil müəllimin qardaşı, …” başlangıcı ilə yazmışdı, “Qarlı aşırım”a isə mənim adımı yazıb dua, tövsiyə, sonradan mənim qəbul etdiyim vəsiyyətini yazmışdı: ”Mehriban qızım, sənə Sara Xatun, Bağda Xatun taleyini arzulayıram. Onların hər ikisi bu torpaqla … (bu sözü hələ də anlamamışam) bir azərbaycan namusunu sizə tapşırıram..”. Fərman Kərimzadə, 8 noyabr 1986 Yazıçı bir ömrə özü ucalığında alqış edirdi…”Sara Xatunun” nəvəsi isə verilən xeyir-duanı, tövsiyəni də həyatında öz Dədə Qorqudlarından alırdı. Qalayacağı ocağına qığılcımını, odunu özü də bilmədən burdan götürürdü… Qarşıdakı həyatında o, bu alqışa, tövsiyəyə layiq olmağa çalışdı. Məncə, oldu da...
© 2020 - Created by İLK XEBER.