Od deyəndə hər kəsdə bir assosiasiya yaranır, kimisi istini, kimisi işığı, kimisi təhlükəni xatırlayır. Dini-mistik ruhlu insanlar isə əksər halda od deyəndə ilk düşündükləri iblis olur. Od öz adında sanki bir təhlükə daşıyır. Miflərə inansaq, bu, ilk odu insanlara çatdıran Prometeyin faciəsinin xofudur ki, insanların bədənindən çıxmır. İblislə, yaxud Prometeylə bir əlaqəsi var, ya yox, amma maraqlı hallardan biri də, odla bağlı neqativ düşüncələrin pozitivlərə nisbətdə çox olmasıdır. Bəlkə də bundan qaynaqlanır ki, müqayisə zamanı neqativ insanlar çoxluq təşkil edir. Əgər nəzərə alsaq ki, od varlığın mahiyyətində duran dörd ünsürdən biridir, onda onunla insan arasında müəyyən bənzərliklərinin olmasına təəccüb etmərik. Od da insan kimi nəfəs alır, oksigenə ehtiyacı var; onun da var olması üçün müəyyən temperatur əhəmiyyətlidir; onun da varlığının davam etməsi müəyyən yanacaqdan – enerji mənbəyindən asılıdır. Odlar da insanlar kimi müxtəlifdir. Biri sarıdır, biri qırmızı; birinin qap-qara tüstüsündən ocaq görünmür, digərinin ocağı elə gurdur ki, heç yaxın getmək olmur; biri korun-korun yanıb öləziyir, digərinin şöləsi göyə ucalır, biri bir çöplə xoşbəxt olur, alışıb-yanır, birinin yanacağı haradandı heç özü doğru-dürüst bilmir. Bəli, adamlarla od arasında çox bənzəyiş var, amma maraqlıdır, insanlarmı odların fərqli çalarlarını açır, yoxsa odmu insanların? Çınqı ən kiçik “od”du, amma çoxuna başlanğıc ola bilir. Özü yanmır, elə onun-bunun ocağını alışdırır. Kibrit çöpü də elədir. Onun missiyası elə bununla bitir. Amma bunu o qədər mexaniki, şüursuz şəkildə edir ki, bəzən küləyin qabağına düşüb uçub hara isə təsadüfən düşdüyünün, kiminsə ot tayasına od vurduğunun da mahiyyətinə varmır. Onunku alışdırmaqdır. Ara qızışdıranlar kimi. Belələrini agentlərin, təbliğatçıların arasında rahatca görmək mümkündür. Köz də təhlükəlidir, çünki külün altında, orda-burda gizlənməyi sevir. Kiçikdi, amma düşdüyü yeri yandıra-yandıra gedir dərinə. Götürüb atmaq olmur, əlini yandırır, saxlamaq olmur, sönmək də bilmir. Bir də görürsən, düşdüyü yerdə bir ocaq çatdı, ya da xəbərin olmadı, sevimli bir əşyanın elə bir yerini dəlib keçdi ki, nə atılmır, nə satılmır. Bütün günü qeybətlə adamların həyatını zəhərləyən, xəlvətdə söz aparıb gətirən adamlar kimi. Yeri gəlmişkən, bəzən işılda böcəklər kimi özünü közə bənzədən yalançı odlar da olur. Əslində, işılda böcəklər gecələr – bütün başqa dəyərlərin qaranlıqda qaldığı bir vaxtda ortaya çıxırlar, əsl işıq, od gələndə isə itib-batırlar. Bir günlük şan-şöhrətlə özünü səmanın ənginliklərinin ulduzu hesab edən müğənnilər kimi. Varlığı və yoxluğunun xalqa bir istisi olmayan bu “işılda böcəklər” ilk baxışda adama xoş gəlsə də, əslində bir işıq – mədəniyyət görüntüsü yaradıb əsl işıqdan nəzərləri yayındırır. Əsl od gizlində qalmağı sevmir. O, diqqət və ehtiyatlı münasibət – özünə hörmət tələb edir. Məsələn, ağacın odunu aşkara çıxmağa qoymayanda, o, gizlində “yanıb qovrulur” və ... kömür olur. İçindəki odu, istisi, hərarəti qalır və bu xərclənməyən potensial onu qap-qara qaraldır. Nə ağacdan ağac olur, nə küldən kül. Onun xeyrini hamı bilir: ucuz və keyfiyyətli yanacaq! Heç kimə, heç nəyə zərər vermədən öz işini görür, amma özü də tələsir, tezcə alışır və istəyir ki, bircə yanıb bu yarımçıq halından qurtulsun. Ömrünü, arzularını övladlarının gələcəyi üçün qurban verən qadınlar, yaxud maddi ehtiyaclar ucbatından əsl istedadını gəlirli işə dəyişən şəxslər də belədir. Öz varlığı qalır qaranlıqda, bütün potensialını başqalarına sərf edir. Tez alışıb tez də sönən ocaqdan nə isə anlamaq çox çətindir. Niyə yandı, nə məqsədə yandı, heç özü də tam olaraq dərk eləmir, sadəcə kimlərdənsə geri qalmamaq üçün o da alışır, alovlanır. Amma bu ağır iş – içinin hərarətini bölüşmək, varlığını yandırıb ətrafına isti vermək hər oğulun hünəri olmadığına görə, tezcə sönür. Düzdür, partlayışlar, bombalar da tez alışır, amma gec sönür və nəticəsi faciəli olur. Amma onların da hökmü özlərində olmur, heç özləri də bilmir əsl idarə edən kimdir, həqiqi məqsəd nədir. Odu idarə edə bilməyəndə o, yanğına, fəlakətə çevrilir. Bu halında o, nə sözdən anlayır, nə hikmətdən. Nə gözəllikdən bir anlayışı olur, nə dəyərdən. Fərq qoymadan ən nadir ağacı çör-çöpə qatıb külünü göyə sovurur; quşun da, heyvanın da, insanın da yuvasını qara qoyur. Bunlar öz ideyası, məqsədi naminə kimliyinə məhəl qoymadan minlərlə insanları güdaza verən, repressiyalar, qətliamlar törədən tiranlar, despotlardır. Onların da anladığı yeganə şey öz qüvvəsini başqalarının üzərində sınaqdan keçirib, yoluna keçənləri ayaqlayıb keçməkdir. Yaş odunun yanması isə bir ayrı faciədir. İstisinə qızınmırlar, tüstüsünə kor olurlar. Nə ağac kimi həyatına tam son qoyulmayan, nə odun kimi fəaliyyəti hələ başlamayanların odu da yarı-yarımçıq olur. Şəraitin, məqsədin dəyişməsi onun da taleyini dəyişə bilər. Harada nə əqidə sahibi olacağı özünə belə müəmmalı qalan, şəraitə görə “rəngini” dəyişən, amma cəmiyyətdə kifayət qədər ad-san, söz sahibi olanlar da beləcə ətrafındakılara isti yerinə tüstü bəxş edirlər. Neçə sifətinin olması heç cür bəlli olmayan, adı yaxşı, əməli yaman olan, adını dost qoyub düşməndən betər vuran kəslər kimi. Od insana bənzəyirsə, deməli, onun da romantik duyğuları var, o da üsyankar və ya hüznlü hallar yaşaya bilir, gah şimşək olub göylərdə çaxır, gah da şam olub əriyir. Maraqlıdır, hər ikisində od bənzər anlar keçirir: üstdə od, altda damla. Şimşək də yanır və yağır, şam da. Amma şimşək bunu üsyanla edir, şam səssiz-səmirsiz. Şimşək bir dəfə hayqırır, nərə çəkir və bu nərədən hər kəs titrəyir, dəhşətə gəlir. Şam sızıldaya-sızıldaya qorxur ki, birdən pərvanəsi çox yaxın gələr. Amma əlindən bir şey gəlmir və yeganə sevdiyini yana-yana, göz yaşı tökə-tökə yandırır. Tələsir ki, əriyib bitsin, çox cana qıymasın. Hər ikisi dillərə dastandır: şam ağlaya-ağlaya yanıb, yana-yana ağlaması ilə, şimşək bir anın içində qaranlığı parçalaması, aydınlatması, sanki qaranlığı vahiməyə salıb, əvəzində işığın ecazkarlığını göstərməkdir. Adamlar da belədir. Biri sərt siması, kəskin çıxışları ilə, bir başqası kövrək, məsum misraları ilə tanınır. Hər ikisi millətinin qayğısını çəkir, cəhalət yuxusundan oyatmağa çalışır. Çıraqdakı şölə ancaq ilk baxışda kiçik və təhlükəsiz görünür: yağını-yanacağını verirlər o da yanır. Əslində onun piltəsini də, yağını da müəyyən həddə saxlamaq lazımdır. Çünki piltəsi artıq olanda, “dili uzananda” his edib ətrafını qap-qara eləyir. Vay o haldan ki, bu şölənin “əli” yanacaq mənbəyinin özünə çata! Partlayış, fəlakət qaçılmaz olur. Kimlərə isə muzdla iş görən, əslində bir məmur olduğu halda özünü əhəmiyyətli şəxsiyyət hesab edən və bu dar dünyagörüşü ilə ondan asılı olanların taleyi ilə oynayan qulluqçu kimi. Ya adamların gününü qara gətirir, ya da Allaha bəndəlik eləmir, elə hey yanacağının mənbəyinə yaxınlaşmağa çalışır. Çırağın daha modern forması isə elektrik işığıdır. Düymə ilə yanıb-sönür. Düzdür, ruhu yoxdur, amma istisi var, hətta yandıra da bilir. Bəzən əsəbləşəndə vurub düyməni də sıradan çıxarır. Bu səbəbdən indi onu da əlindən almağa çalışırlar: nə ruhu olsun, nə istisi, elə “düyməyə” xidmət eləsin, qənaətli, etibarlı və ucuz. Belə “maneken”-vətəndaşlara hər dövlətin ehtiyacı var, istər yüksək vəzifələrdə, istər adi fəhləlikdə. Həm çırağın, həm də elektrik işığının oxşar xüsusiyyəti öz “kökündən” ayrı düşməkləridir. Ocaqda odla odun bir-birini tamamlayır, hətta kül də bu mənzərənin ayrılmaz bir elementi olur. Çıraqda, yaxud elektrik işığında isə vəziyyət başqadır. Yəni bir var xalqın ənənəsi, kökü, bir də var öz kökündən bixəbər, başqa mədəniyyətə həsəd aparıb, öz ənənəsindən imtina edən cəmiyyət. Başqa sözlə desək, odun-alovun öz yerində olması az əhəmiyyətli məsələ deyil, yəni adamlar öz yerində, öz bacardığı işlə məşğul olanda xalqa, millətə bir “istisi” dəyə bilir. Öz ocağında yanan odun istisi də öz ocağınındı, külü də. Belə insanlara səbəb millət bir millət kimi özünü təsdiq edə bilir, irəli gedir, “imzalar arasında öz imzası” olur. Axı ocağın özü həm bu gün, həm sabah, həm şərait, həm də mühit deməkdir. Belə ocaq bir məktəbdir ki, onun közü ilə neçə ocaq qalamaq mümkündür. Kül isə tarix və keçmişdir. Atalarımız təsadüfən deməyiblər ki, “külü küllükdən götürərlər”. Bir ocaq özünə yer edirsə, kül salırsa, o yeri heç kim başqa niyyət üçün istifadə edə bilmir. Bir yerdə alışıb başqa yerdə yanan, üçüncü bir yerdə də sönən biri isə heç öz “Mən”inə də deyil, özünün nisbi, ötəri istəklərinə xidmət edir. Yağı-yanacağı öz millətindən alıb gedib başqa millətin çırağını yandıran iş adamları buna gözəl nümunədir. Yəqin onlar bilsələr ki, çırağını yandırdığı o yad millət yanacağı bitən kimi onun külünü süpürüb atacaq, belə həvəslə günün günorta çağı çıraq yandırmazdılar. Yəni ona ehtiyac olmayan bir yerdə nə öz millətinin sərvətini, nə öz “mən”ini xərcləməzdi. Nəhayət, nur haqqında! İlahi hikmətin insanda təzahürü! Müqəddəslik duyğusunu dərk edən şəxsin “mən”inin bələdçi işığı! Düzdür, nur od deyil. Əbu Turxan da yazırdı ki, “Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər”. Amma əgər söhbət varlığı təşkil edən dörd ünsürdən gedirsə, onda nurun da öz yeri, daha doğrusu zirvəsi var. Bəli, nur yandırmır, işıqlandırır, amma o, sadə bir işıq da deyil. O, hikmətin, ilahi həqiqətin, Allahın insana verdiyi mahiyyətin bir varlıq formasıdır. Onun mənbəyi ilahə aləmə bağlı olduğuna görə, bu hikmət nə tükənmir, nə də insanları yanlış yola aparmır. Belə insanlar da var. Öz ideyaları, midriklikləri ilə zaman-məkan çərçivəsi tanımayan bu şəxslər tarixdə filosof, mütəfəkkir kimi tanınırlar. Əslində, bu, bir zirvədir. Oddan, alovdan keçən, “bişən” bərkiyən düşüncənin, “Mən”in nuru. Təsəvvüf fəlsəfəsinə görə, varoluşun səbəbi və varlığının qarantı olan və yalnız İnsana verilən ilahi nur. Bəli, od dörd ünsürdən biridir. Lakin belə məlum olur ki, hər insana eyni oddan pay düşməyib. Kimisi çınqıdı, kimisi kömür, kimisi yanğındı, kimisi də nur.
© 2020 - Created by İLK XEBER.