Yazmaq istedadı hər kəsdə bir məqamla üzə çıxır. Məsələn, Ulucay Akif deyir ki, yazmağa sevdiyim qıza məktub yazmaqla başlamışam. Əslində isə bu onun yazmaq istedadını büruzə verən “bəhanə” olub. Məndə də bu qabiliyyət uşaqlara edilən haqsızlıqların səbəbinə üzə çıxıb. Böyüklərdən uşaqlara qarşı hansısa kobud rəftar görəndə etiraz etmək istəyərkən tərbiyə sistemi qarşımı kəsəndə fikirlərimi gizlicə dəftərə köçürə-köçürə yazmağa başlamışam. Amma bu məni sakitləşdirmirdi. Yazdıqlarımı adamlara paylamaq, onlara bildirmək istəyirdim ki, onlar haqlı deyillər, uşaqlarla ünsiyyətlərini dəyişməlidirlər. Beləcə tənqidi yanaşdığım və yaxud razı qaldığım məqamları qeyd edə-edə hiss etdim ki, yazmaq mənimçün tələbatdır, ona ehtiyac duyuram, onunla sakitləşirəm. Onu da qeyd edim ki, bəzən uşaqların özləri də yazılarımın qəhrəmanı olurdular. Biri hiyləgərliyi, biri xəbərçiliyi, biri də şuluqluğu ilə. Tay-tuşlarıma qarşı haqsızlıq etmirdim, onlar bir-birilərilə savaşanda məsləhət görürdüm ki, davanı yaradan səbəbi tapıb aradan qaldırsınlar və məsələ kökündən həll edilsin. Təbiətcə sakit olduğumçün evimizə gələn qonaq uşaqlar oyuncaqlarımı əlimdən alırdılar. Bu təkcə uşaq marağından irəli gəlsəydi, bu dərəcədə pis olmazdım. Onlar həyasızcasına bizə məxsus olan hər şeyə sahib olmağa çalışır, üstəlik özümüzü də incidirdilər. Bizi də anam elə tərbiyə etmişdi ki, “bizdən başqa hamı toxunulmazdır” düşüncəsində idik. Qonağa etiraz etməyin qəbahət olduğunu bildiyimizdən bacımla mən öz evimizdə çəkilib kənarda dayanırdıq. Amma bunun düzgün olmadığını bilirdim. Qonaq uşaqların rəftarı xoşuma gəlmirdi. Bu narazılığı valideynlərimizə də deyə bilmirdik. Onsuz da güzəşt etməyimizi istəyəcəkdilər. Belə məqamlarda mənim əsl dostum qələm-dəftər oldu. Gündəlik müşahidələrimə bədii boyalar qataraq hər gün yeni bir şey yazırdım. O yazmaq, bu yazmaq hələ də yazıram. Könlümdən dahi olmaq keçmir. (Onsuz da bu elə bir xoşbəxtlikdir ki, könüldən keçirməklə əldə etmək olmur, gərək bu cür doğulasan.) Heç məşhurluq dalınca da qaçmıram. Vaxt tapdıqca narahat olduğum mövzulardan yazıram. Əvvəllər özüm haqqında yazıçı sözünü işlətməkdən çəkinirdim. Amma indi düşünürəm ki, əgər yazıya könül vermişiksə, iş-gücümüzü atıb yazırıqsa, bununla rahatlıq tapırıqsa bizə (yazan hər kəsə) bundan başqa nə ad vermək olar? Yazmaq gözəldir! Vəssalam. Yazarları incitməyin. Onlar hamıdan çox düşünən, hamıdan çox əzab çəkənlərdir. Özgələrin halına yanmaqdan özləri səfil halına düşən yazıçıları duymayanların onları qınamağa haqları yoxdur. Yazıçıları səliqəsizlikdə qınayırsınız, onlar özlərini unudub həyatı sahmana salmağa çalışırlar. Sizin kanalları dəyişib əyləncəli proqramlar axtardığınız anlarda onlar insanların xoşbəxt yaşamağının yollarını düşünürlər. Bəzən onu heç kəsin axtarmaması istəyi ilə otağına çəkilib günlərcə yazmaq istəyərkən qonağı gəlir. Gələn qonağa vaxt ayıra bilməyəndə inciməyin yazarlardan. Sizi qarşılaya bilmədiyindən xəcalət çəkib, bəzən isti münasibətdən yazıblar. Onların ömürlərinin ən maraqsız günləri yazmadıqları günlərdir. Elə günlər olur ki, qələmi yerindən qaldırmağa mənəvi gücləri çatmır, sözləri qəlblərinə keçmir. Onda axtarın yazarları. Bütün hallarda yazmaq Əvvəlcə yazmaq sözünü dilçiliyin qanunlarından kənara çıxmadan bütün şəxslər üzrə dəyişək. Mən yazıram Sən yazırsan O yazır. Bir sözlə biz yazırıq. Hər kəsin yazısı özünə bənzəyir. Bugünün mənzərəsi budur. Yazdıqları “binadan gözəl yarananlar” da, oğurluq fikirləri ənlik-kirşana çevirib cızma-qaralarını müvəqqəti gözəlləşdirənlər də var. Elə ki, bu oğurluq fikirləri maddi sübut kimi birinin evində – yazısında görüb (oxuyub) tanıyırıq o zaman həmin yazının müəllifi suç işlətdiyindən hörmətdən düşür və kəskin qınaq obyektinə çevrilir. Hər dövrdə yazanlar çox olsa da, ədəbiyyatda yalnız zamanın ələyində ələndikcə yazdıqları bu günə xəzinə kimi gəlib çatanlar, bu xəzinə ilə gözləri yox, beyinləri işıqlandıranlar özlərinə yurd-yuva salıblar. Elə bu gün də çoxu yazır, gələcəyə isə onlardan nəsə qalıb-qalmayacağını bilmirik. (Bəlkə də, həmin yazıları oxuyandan sonra bunu təyin etmək asanlaşır.) Bu günün mətbuatında, ədəbiyyatında sanki zəlzələ baş verib. Kimi təlaşlanıb hay-küy salır, kimi də öz canını xilas etməyə çalışır. Zərərli yazılardan özünü, övladlarını qorumağı bacaranlar olsa da, çoxunun yaşam haqqında təsəvvürlərini bu cür mətnlər korlayıb alt-üst edir. Oxucularsa çarəsiz-çarəsiz öz “xilaskarlarını” gözləyirlər. Gözləyirlər ki, kimsə söz dünyasını çirkin niyyətlə əlinə qələm alanlardan təmizləyəcək. Baxmayaraq ki, qələm indi daha çox, bir-birindən heyif çıxmaq, “kim daha kəskin tənqid edir” prinsipiylə işlədilir, yenə də hər şeyin düzələcəyinə inam qalıb. Yazanların populyarlaşmaq üçün etdiklərinə gəlincə vəziyyət daha da dəhşətlidir. Bildiyim və bilmədiyim bu yolları gedən hər kəsin məşhur olmaq niyyəti ilə yazdığı, təbii ki, keyfiyyətsiz olacaq, cəmiyyətə heç bir fayda verməyəcək. Məmurlara bata bilmədiklərinin heyifini klassiklərdən çıxanlar, başqasını ələ salaraq, şəxsi qərəzlik üzündən həqiqəti görməzliyə vurub yazanlar dahi olacaqlarına inanır, yazılarının əl-əl gəzib, göz-göz oxunacaqlarına ümid edirlər. Yanılırlar. Kin-küdurət, yaltaqlıq və qorxaqlıq şəxsi mənafeyin güdüldüyü hiss olunan yazılar ilə indiyədək dahi olan olmayıb. Tarixdə yazdıqlarını ürək ağrısı ilə yazanlar, dərisi soyulanlar qalıb. Neçə əsr bundan əvvəlki hadisələrə səthi yanaşaraq qiymət verməklə, özündən əvvəlkiləri hər şeydə suçlamaqla tarixdə qalmaq mümkün deyil. Bir yazar özünü mütaliəli, dünyagörüşlü göstərmək üçün dünya ədəbiyyatından danışır, oxuduğu kitabın yazılma tarixini, səbəbini birər-birər söyləyir. Daha çox müəllif adı çəkməklə savad baxımından başqasından üstünlüyünü vurğulamağa cəhd göstərir, dünya ədəbiyyatındakı müəlliflərin həyat yolunu əzbər söylədikləri halda, öz yazıçılarımızdan ya danışmırlar, ya da qısqanclıqdan ad çəkmirlər. Bir nəfər ziyalı statusunda fikrini əsaslandırmaq üçün məcbur olub yerli yazarlardan birinin əsərindən sitat gətirmişdi, qeyri-səmimilik edib adını qeyd etməmişdi. Amma rusiyanın, avropanın teatrından, ədəbiyyatından yazanda hər kəsi adbaad təqdim edir. Elə ki, növbə siyasi mövzulara çatır, onda ümumi danışır, ad çəkmir. İşini itirmək qorxusundan xilas ola bilmədiyi halda, könlündən dahilik keçir. Unudur ki, dahi həqiqəti yazdığı üçün dahi olub. Hansısa bir qurumda, təşkilatda kiminləsə ədavəti olduğundan o təşkilatın əleyhinə kampaniyaya başlamaq cəsarətli olmaq sayılmadığını dərk etmirlər. Bəlkə də, bunu məndən də yaxşı anlayırlar, amma xüsusiyyətlərini tərgiyə bilmirlər. Əvvəllər bütün günü bağırıb-çığıranların ədəbiyyat, mətbuat adına mübarizə apardıqlarına sadəlöhvlüklə inanırdım. Lakin get-gedə müşahidələrimdən anladım ki, bunlar heç də həqiqət uğrunda savaşmırlar. Kiminsə xətrinə dəyiblər püskürdüyü onun kinidir. Çoxu şəxsi qərəzliyinə “söz uğrunda döyüş” adı verir. Qəribə bir hal da sezilməkdədir. Tutaq ki, bir məşhur hansısa yanlış addım atır, onu çoxları qınayır, amma elə tanınmışlar da olur ki, bu yanlışlığı ya müdafiə edir, ya da görməzdən, eşitməzdən gəlir, fikir bildirməkdən qaçır. Bəlli olur ki, onların dostluq münasibətləri var, buna görə də obyektivliyi əsas götürmür. Həqiqəti deməkdən qaçan beləsi münasibəti olmayanın yanlışına elə ciddi reaksiya verir ki, az qalırsan onun ədalət carçısı olduğuna inanasan. Belə insanlar öz həqiqətləri uğrunda yaşayırlar. O həqiqətin ki, orda onun öz hüquqları qorunmalı, öz yaşayışı təmin olunmalıdır. Yalnız bunlar pozulanda hay-küy sayıb “demokratik” olurlar. Anlamaq çətin deyil, hamı cəsarətli ola bilmir, heç olmasa “artistliklərini” ədəbiyyat, mətbuat adına oynamasınlar. Susduqları neçə il ərzində hansı işlə məşğul olublarsa getsinlər o işin dalınca. Onlardan millət fədaisi çıxmayacaq. Ürəyimdən olmayan bir məqam da kifayət qədər təcrübəsi, istedadı, savadı olan qələm adamlarının bəzən bu cür neqativ hallara göz yummaqları, yalnız məşhur olan yazarlar haqqında söz deməkləridir. Cürbəcür yollara əl atmadığından populyar olmayan birinin yazdıqları haqqında fikir bildirməkdən bəzi peşəkarlar açıq-açığına qaçırlar. Məsələn mənim məşhur olmaq üçün dəridən-qabıqdan çıxmadığımdan, az-çox bacardığmdan yazıb sakit durduğumdan oxuyub bəyəndikləri yazıma da “yaxşıdır” demirlər. Yazmaq istəyim bəzən elə yerdə baş qaldırır ki, həyata yalnız mənəvi əzab çəkmək üçün gəldiyimi düşünürəm. Sözdən anlamayan adamların arasında, qonaqlıqda və yaxud evimdə qonaq olanda, xəstəxanada yazı yazmaq özünə əlavə başağrısı vermək deməkdir. Adamı başa düşmürlər ki. Onda neynirəm bu yazmaq qabiliyyətini. O ki uyğunsuz məqamlarda gəlib məni “gözdən salır”, buna görə bağışlamırlarsa nəyimə gərəkdir. Dönə-dönə Allaha sual etmişəm ki, bu qabiliyyəti niyə vermisən mənə? Vermişdinsə barı ona uyğun mühit də verəydin. Mən niyə yazıram? Allahdan cavab gəlməyincə sualıma özüm o qədər cavab verirəm: – Yazmaq millətimlə dərdləşməkdir, Elçin Əlibəylinin verilişində iştirak edən bir-birinin sözünü kəsənlər kimi söhbət etməyi bacarmıram. Müsahibinin fikirlərini sonacan dinləyə bilməyənlərlə danışmaq adamdan çox şey tələb edir. Yaxşısı budur, mən yazım, siz də oxuyun, (əgər oxuyacaqsınızsa) rəylərinizi yazın. Rəylər eyni vaxtda yazılsa da səs-küy olmur. Yazmaq millətə mənəvi cəhətdən xidmət etmək sayılır. Hərə bir məqsədlə – kimi özünün ağıllı olduğunu göstərmək, kimi də başqalarını ağıllandırmaq üçün yazır. Ağıllanmaq üçün ağıllı adamlardan nümunə götürmək, savadlı yazıları oxumaq vacibdir, bəzilərinin 2-3 plagiat fikirlərinə ehtiyac yoxdur. Mənim də yazılarını sevə-sevə oxuduğum müəlliflər çoxdur, maraqlı yazılardan öyrəndiklərim də var. Amma heç hansının böyür-başını “təmir” edib öz adıma yazmıram. Heç bir təşkilatdan asılı olmadan, ədavətdən, qərəzdən uzaq kimsənin diqtəsi olmadan yazmaq əsas prinsipimdir. Ona görə yazıram ki, bütün çatışmazlıqlarına baxmayaraq millətimizi sevdiyimi bildirim. Bu sevgi onların övladları ilə düzgün davranmadıqlarına, təhsil almağa can atmadıqlarına, mütaliəsiz yaşamaqlarına məni göz yummağa qoymur. Adamların ən xırda məsələlərdə belə bir-birinə güzəşt etmədiyinə üzülürəm. Bir-birinin səadətinizə paxıllıq edəndə bütün xoşbəxtliklərimi onlara bəxş etmək istəyirəm. Onlarçün əlimdən gələn yazmaqdır. Zərərli yazmıram ki, evdə tək qalıb boşluqdan əlinə kitab alan bir uşaq tapılsa oxuduqlarından beyni zəhərlənməsin. Əzizlərim! “Var olsun şeirimiz, şairlərimiz” adlı yazımla diqqətinizi gözəl bir səmtə – tərbiyəyə müsbət təsir edə biləcək şeirlərə yönəltmək istəmişəm. Elə şeirlər var ki, tərbiyəçi rolunu oyanır. Bu yazını oxusanız inanıram ki, o şeirlərin hər birini axtarıb tapıb oxuyacaqsınız. (həmin şeirlərin hamısı yaşlı nəsilin yaddaşında iz salıb.) “A.P.Çexovun hekayələrindəki “biz” adlı yazımı oxusanız dünyagörüşünüz daha da artacaq. (Çexovun yazdıqlarına görə) Prinsiplərim sırasında kimsəyə yarınmamağı da qeyd etsəm və bundan sonra “İradə Tuncayla ortaq dərdimiz” adlı yazımı oxusanız yanlış fikrə düşməyəsiniz deyə feyzbuk hesabımda paylaşdığım bir yazını buraya əlavə etməyi vacib sanıram. “Kiminsə haqqında yazdığım bir neçə yazım var. Hər şeydə təmənna umub qarşılıq gözləyən adamlar yəqin ki, bunların hansısa məqsədlə yazıldığını düşünürlər. Bu cür çirkin niyyətlərə qəlbimdə yer olmadığı halda, yaltaqlıqla yazdığmdan şübhələnənlər mənə ən ağır zərbə vurmuş olurlar. Heç vaxt üz-üzə gəlmədiyim və gəlməyəcəyim adamların hansısa yaxşı əməlindən sevə-sevə yazmaqdan zövq alıram. Çoxları özündən qeyrisinin uğurlarına və yaxud digər üstünlüklərinə şad olmadığı halda, mən belə məqamlarda çox sevinirəm. Ətrafımızda nə qədər savadlı, tədbirli adamlar çox olarsa ölkəmizə bir o qədər xeyir verəcəklərini düşünürəm. Yaxşı insanları əzizləmək lazımdır ki, bu cür doğulduqları üçün peşman olmasınlar. Sevinsinlər ki, dəyərlərini bilənlər var. Salam Qədirzadənin haqqında yazmaq uşaqlıqdan ağılımdan keçsə də hazır olmadığımdan bu yazını hələ ötən il yazdım. Gizlətməyəcəm, onun həyatda heç kəsi olmadığını, yazımla ədibin ruhunu şad edəcəyimi düşünürdüm. (Övladları inciməsinlər) Qızı Leyla xanımla yazıçının kitablarını toplayıb şəklini çəkib yazımla birlikdə paylaşandan sonra tanış olduq. “İradə Tuncayla ortaq dərdimiz” adlı yazım da Məmməd Araza sevgimdən yazılıb. Yazının adını ilk dəfədir çəkirəm. Dərc olunması üçün heç bir sayta, qəzetə göndərməmişəm. Çünki S.Qədirzadədən fərqli olaraq onun övladının tanınmış olduğunu bilirəm. Adamların bunu səmimi qəbul etməyəcəyindən narahatam. Amma sonda aşagıda yazdığım fikirlərim mənə “qalib gəlir” – Öz yanında gözükölgəli olmadığın sənə yetər. Şairləri sevməkdən, haqlarında yazmaqdan niyə utanmalısan? Almas İldırımı bütün şairlərdən çox sevdiyini söyləməyin səmimi olduğunun göstəricisidir. “Var olsun şeirimiz, şairlərimiz” adlı yazımda müasirlərim Anar Amin, Emin Piri, Ruslan Dost Əli və Sevinc Elsevərin şeirlərinin mənim şeirlərimdən gözəl olduğunu sevinərək söyləməyim elə bilirəm ki, qəlbimdən xəbər tutmaqda sizə kömək edəcək. Bu şeirlər Azərbaycan poeziyası adına çağırılmırmı? Məncə, nə demək istədiyim aydın oldu. Bu gün sabah hansısa tanınmış insanın haqqında yazımı oxusanız öz baxışınızla deyil, mənim mövqeyimdən yanaşın. Qəliz yazarlar Bu yaxınlarda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində iştirak edən dinləyicilər arasında xeyli maraqlı məqamlar müşahidə etdim. Elmdən danışıb dinləyiciləri bilgiləndirən müəllim heç kəsdə maraq oyatmadı, hamı onun qəliz danışdığını söylədi. Amma boş və mənasız məişət mövzularından danışan, bir az gülməli misallar çəkən müəllimi hər kəs xoşladı. Bunu yazmaqla kütləyə “işləməyi” önə çəkmirəm, demək istədiyim odur ki, xalqı maarifləndirmək istəyiriksə onu başa sala biləcək dildə danışmaq lazımdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqalarını yadınıza salın. Niyə onlar oxunublar, seviliblər? Çünki qəliz mövzuları sadə yazırdılar. Oxuyanlar da tez mənimsəyirlər. Dünyagörüşlü adamların ziyası özündə olur. Bizə ziyasız, intellektsiz adamları maarifləndirmək lazımdır. Hərdən düşünürəm ki, görəsən, bizi oxumurlar ya biz oxutmağı bacarmırıq? Hansı yazarı dindirirsən, oxucu qıtlığından şikayətlənir. Elə ki, həmkarlarından hansısa birinin kitablarının çox alındığını eşidirlər, onda oxuyanları kütlə sayır, zövqlərinin olmadığını söyləyirlər. Buna fikir bildirmədən başqa bir məsələyə diqqət yetirməyinizi istəyirəm. Bəzi yazarların daha çox qəliz cümlələrə, oxucuya aydın olmayan terminlərə üstünlük verdiklərinin şahidiyik. Təkcə müsahibələrində kifayət qədər terminlər saymaq olur. Şəxsən mənə maraqlıdır ki, onlar xalqı maarifləndirmək üçün yazırlar, ya özlərinin maarifli olduqlarını nümayiş etdirmək istəyirlər? Əgər kütləni maarifləndirmək niyyətilə belə danışır, bu cür yazırlarsa əmin olsunlar ki, heç kəsi maarifləndirə bilməyəcəklər. Məqsədləri ikincidirsə onda sözüm yoxdur, yolları açıq olsun. İntellektual səviyyəsi ilə seçilən Qismət Rüstəmovun şeirlərindən birində işlətdiyi qəribə bənzətməni xatırladım. “Sevginin gözləri Vanqa” Təbii ki, burda Vanqa adı kor sözünün əvəzinə işlənib. Amma bu əvəzləməni qəbul etmək üçün nə akademik, nə də kütlə olmağa gərək yoxdur. Bu sadəcə qəliz bir şeydir. Kimi qəbul, kimi də tənqid edəcək. Amma yaxşı olardı ki, şair kor sözünü yeni bir leksik mənası olan sözlə əvəz edərdi. Vanqa elə Vanqadır. Bu heç sneqdoxa da deyil. Buna söz yaradıcılığı kimi də baxmaq olmur. Amma düşünürəm ki, Qismət daha gözəl sözlər yaratmağa qadirdir. Hərdən sosial şəbəkələrdə gənc yazarların bir tərəfdən oxucu qıtlığından gileyləndiklərini, digər tərəfdənsə oxucusu bol olan yazarları tənqid etdiklərinə rast gəlirəm. Qəribədir. Görəsən, biz nədən yazır, nəyi arzulayırıq?
© 2020 - Created by İLK XEBER.