Orta məktəb dərslikləri şagirdlər üçün ilkin elmi biliklərə yiyələnmək, ətraf aləmlə tanışlıq üçün giriş qapısı rolunu oynayır. Şagirdlərin həyatla, onları əhatə edən mühitlə əlaqəsinin düzgün qurulmasında, həyat hadisələri, insan xarakterləri və s. barədə təsəvvürlərinin formalaşmasında ədəbiyyat dərsliklərinin xüsusilə böyük və əvəzsiz rolu var. Şagird bu dərsliklərdən aldığı bilik və məlumatları bütün ömrü boyu yaddaşında saxlayır, həyatda tətbiq edir, ən azı tətbiq etməyə cəhd göstərir. Buna görə də dərslik materialları işlənilib hazırlanarkən onların didaktik vasitə kimi mühümlüyü ilə bərabər, yetkin şəxsiyyət kimi həyata hazırladığımız uşaq və yeniyetmələrin məktəbdənsonrakı - müstəqil ömür yollarında istiqamətverici funksiyasını nəzərdən qaçırmamalıyıq. Məktəb dərsliyinin, xüsusilə dil-ədəbiyyat dərsliklərinin materialları, yaş səviyyəsindən asılı olmayaraq, şagirdlər üçün ehkamçı, şablon görüşləri təbliğ edən ideoloji təbliğat aləti olmamalı, məzmunları nəticə etibarı ilə azad iradəli, yetkin dünyagörüşlü, sərbəst düşüncəli insan tərbiyə etməyə hesablanmalıdır. Mətnlər açıq, aydın, sadələşdirilmiş dildə, hər kəsin anlayacağı tərzdə yazılmalıdır. . Bəs hazırda məktəblərimizdə şagirdlərimizin istifadə etdikləri dərs vəsaitləri necə, tələblərə cavab verirmi? Bədii nümunələrin dilinin aydın, səlis olması əsərin oxunması üçün başlıca şərtlərdəndir. Əgər əsərin dili anlaşılan deyilsə, o, ideyasının mühümlüyü, aktuallığı ilə oxucunu - kontekstdə şagirdi cəlb etməyəcək və bu da onun didaktik əhəmiyyətini azaldacaq. Məqsədimiz yüksək təfəkkürlü, bacarıqlı, ünsiyyətcil, vətənpərvər gənclər –şəxsiyyətlər yetişdirmək deyilmi? Biz bu gəncləri - sabahımızın qurucularını -hansı şəxsiyyət yönümündən həyata pərvazlandıracağıq? “Ölülər” (C.Məmmədquluzadə) əsərinin ekspozisiyasını təşkil edən epizodu xatırlayaq: Cəlal əlindəki farsca dərsliyini - S.Şirazinin “Gülüstan“ əsərini höccələyə-höccələyə oxuyur, əzbərləməyə çalışır, İskəndər isə gəlib onun əlindən kitabını alıb kənara atır, kiçik qardaşına artıq bu dərslərin gərək olmadığını, ona dünya elmi səviyyəsinə çıxa biləcək savad və biliklərin lazım olduğunu başa salmaq istəyir. Onun bu fikirlərini ikrahla da, rişxəndlə də qarşılayan olur, lakin gerçəklik onun haqlı olduğunu göstərir. Məsələ onda deyildi ki, İskəndər Sədi Şirazini bəyənmirdi, qəbul etmirdi. Sədinin müdrik fikirləri indinin özündə də bütün dünyada qəbul edilməkdədir. İskəndər özü də bəyənir, təqdir edir, təbii ki. Vaxtilə o özü də həmin kitabı höccələyə-höccələyə, daha sonra səlis oxumuşdu. Ancaq yeniyetmə Cəlalın aldığı savad Sədinin “Gülüstan“ının qiraəti ilə, ərəb- fars dilində yazıb-oxumağı bacarmaqla kifayətlənməməli idi. Bir dövr üçün gərəkli sayılan dərs vəsaitləri, tədris metodları sonrakı dövr üçün aktuallığını ititrir, zamanın tələbləri ilə ayaqlaşmır və s. Təbiidir, çünki həyat daim inkişaf edir, insanların da həyatın sirlərini öyrənmək cəhdləri inkişafa doğru meyillənir. ”Ölülər”dən sonrakı dövrdə, sovet dönəmində də bu belə olub, müəyyən dövrlərdən sonra tədris proqramları dəyişilib, yenilənib və mövzular dövrə, dəyişən cəmiyyətin intellektual-sosial və dünyagörüşü səviyyəsinə uyğunlaşdırılıb. Son illərin təhsil islahatları, kurikulum proqramlarının tətbiqi ilə əlaqədar isə bu yenilənmə daha çox sıçrayışla baş verib, özünü kəskinliklə göstərib. Məsələn, S.Sani Axundovun “Qorxulu nağıllar“ silsiləsinə aid etdiyi hekayələr, tərbiyəvi əhəmyyətini bu günə qədər saxlasa da, heç birinin məzmununda XXI əsr uşaqları qorxuya səbəb ola biləcək bir elementə rast gəlmirlər. Halbuki, 60-70-ci illərdə, yazıldığı dövrdən xeyli keçməsinə baxmayaraq, bizlər üçün fantastik qorxulu hadisələr fonunda qəhrəmanın gözəl əxlaqi cəhətləri özünü büruzə verirdi. Orta məktəb dərsliklərinin, eləcə də dil və ədəbiyyat dərsliklərinin mövzu və məzmun baxımından köklü dəyişiklərə məruz qalmasını, əlbəttə, təhsil shəsindəki islahat və yeniliklərin zəruri etdiyini düşünürük. Bununla belə, dərsliklərdə bəzi mövzular yenilik adı ilə aparılan dəyişiklikləri doğrultmur, nəinki müasirlik baxımından, ümumiyyətlə, tərbiyəvi baxımdan hansı məqsədə, mərama uyğun dərsliyə gətirildiyi belə anlaşılmaz qalır. VIII sinif Azərbaycan dili dərsliyində (səh. ) belə bir mətn var : ”Sədaqət”. Mətnin adını oxuyanda - proqnozlşdırılmış oxu vərdişlərinə bələd olan şagirddə belə fikir yaranır ki, mətndə hansısa normal insan sədaqətindən, dosta, anaya, vətənə sədaqətdən söhbət gedə bilər. “Qabusnamə”dən verilmiş bu hekayətdə deyilir ki, səhər alaqaranlıqda hamama gedən bir kişi yolda təsadüfən rastlaşdığı bir dostuna da özü ilə getməyi təklif edir, dostu isə onunla hamama qədər gedə biləcəyini, lakin hamama girə bilməyəcəyini söyləyir və onunla gedir, lakin hamama çatdıqda xəbərdarlıq etmədən yolunu dəyişir və başqa səmtə gedir. Hamama girən zaman kişi arxasınca onu güdən bir oğrunu tanımadan dostu zənn edir, qurşağından çıxardığı yüz dinar qızılı ona saxlamağa verir. Oğru kişinin əmanətini o hamamdan çıxana qədər saxlayır, hamamdan çıxan zaman pulu qaytararaq kişiyə onun əmanəti üzündən işindən avara qaldığını söyləyir. Kişi heyrətlənərək onun kim olduğunu soruşur. O isə cavab verir ki, mən oğruyam, sən isə qızılı saxlamağı mənə tapşıran adam. Kişi ondan soruşur ki, oğrusansa, nə əcəb burdakı qızılları oğurlamamısan? Oğru cavab verir ki, onu mən öz peşəmlə qazansaydım, heç sənə bircə qızıl da saxlamazdım. Sən alicənablıq edib onu əmanət kimi saxlamağa mənə vermisənsə, ona toxunmaq insafsızlıq olar. Budur, şəxsiyyətyönümlü kurikulumun tələblərinə uyğun olaraq, kamil insan kimi yetişdirmək istədiyimiz məktəb şagirdlərinə üzərində işləmək üçün təqdim etdiyimiz mətnin məzmunu. Sanki şagirdlərə bunu aşılayırıq ki, oğru da olsan, vicdanlı, dürüst olmaqla cəmiyyətdə nüfuz qazana bilərsən: sənə tapşırılan əmanətə toxunmasan, özün nəyi isə oğurlasan, səni o birilərdən fərqləndirəcək və hörmət edəcəklər. Qədim dövrlər İran hökmdarı olan Qabusinin oğluna nəsihət olaraq yazdığı “Qabusnamə“ öyüdləri XXI əsr şəxsiyyətini yetişdirmək üçün bu qədərmi aktualdır? Məzmun standartlarını reallaşdırmaq üçün verilmiş tapşırıqlardan birində belə bir sual var (“Hansı suala mətndə cavab yoxdur?”): Kişinin dostunun məsuliyyətsiz olduğunu nədən bilirik? Yaxşı olardı ki, bu sualın məğzi əmanət sahibinin öz məsuliyyətsizliyinə və diqqətsizliyinə yönəldilə idi. Ədəbiyyat dərsliklərində verilən əsərlərin ideya-bədii cəhətdən nə qədər uğurlu olduğunu, şagirdlərə hansı hisslər aşılaya biləcəyini, nə kimi dəyərlər təbliğ edəcəyini dəqiq söyləmək çətindir. 5-ci sinif üçün “ Ədəbiyyat” dərsliyində (Afət Süleymanova, Təranə Bağırova, İlhamə Muradova) verilmiş S.Rəhimovun “Usta-şagird” hekayəsinin sonluğu isə şagirdi - oxucunu çaşqınlıq içərisində qoyur. Hekayədə neftçi və yazıçı arasında gedən dialoqun sonunda yazıçının verdiyi “İndi onlardan hansını ustad hesab etmək olar? - sualına neftçi: “Əlbəttə, ustasının zəhmətini itirməyən, qədir- qiymətini bilən şagirdi ustad hesab etmək olar”, - qoca neftçi cavabında deyir. “Mən... qoca neftçinin sözünü təsdiq etdim: - Kimin qoyduğu abidə daha uzun ömür sürürsə, əsl ustad odur!” Məzmuna əsasən belə mülahizə yürütmək olar ki, əsərin ideyası ənənəvilikdən uzaqlaşmağı və varislik anlayışınıa dəyər verməməyi aşılayır. Yoxsa gözəl, uzunömürlü bina tikən şagirdin ustad tərəfindən yetişdirilməsi və özünün də malik ola bilmədiyi bacarıqlara şagirdini istiqamətləndirməsi – “balığı hazır tutub vermək deyil, onu tutmağı öyrətməsi“ baxımından ustad faktoru da önə çəkilər, təqdir olunardı. Ayrı-ayrı sinif dərsliklərinin mövzularından hər birini təhlil edib fikir söyləmək üçün bu dərsliklərin ciddi müzakirəsini təşkil etmək çox məqsədəuyğundur. Ümumiyyətlə isə hazırda istifadə etdiyimiz dərs vəsaitləri , proqram materialları , proqramln özü müəllim və şagirdlər üçün çox əlverişli deyil. Mövzuların çoxu dövrlə, təhsil islahatlarının qarşıya qoyduğu tələblərlə səsləşmir. Yaxşı olardı ki, ədəbiyyat dərsliklərində yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının incilərinin çap edildiyini görək. Xarici ədəbiyyat deyəndə şagirdlər yalnız E.Heminqueyin “Qoca və dəniz “indən ixtisarla verilən parşa ilə tanış olurlar. Bəs şagird Şekspir, Bayron, Drayzer, J.Vern, V.Hüqo yaradıcılığı ilə nə zaman tanış olacaq? Nə yaxşı ki, sonuncunun əsərindən kiçicik bir epizod (“Qavroş “ hekayəsi, “Səfillər “dən) KSQ materialı kimi verilir. Yaxşı olardı ki, Elçinin “ Talvar “ hekayəsi, Anarın “Keçən ilin son gecəsi “ pyesi, A.Şaiqin “Anabacı“ hekayəsi, B.Vahabzadənin “Ağ saçlar“ şeiri və s. əsərlər ədəbiyyat dərsliklərinə salınmayaydı. Məzmun və ideya cəhətdən bir-birinin demək olar ki, təkrarı olan bir sıra əsərlərdənsə, yaxşı olardı ki, multikultural dəyərlər, tolerantlıq, humanizmin təbliği kimi qlobal mövzuların öz əksini tapdığı əsərlərə rast gələ idik. Ədəbiyyat dərsliklərinin müzakirəsi zamanı hər bir sinif üzrə ayrı-ayrı mövzular geniş və əhatəli təhlil ediləcək. Ümumilikdə isə məzmun baxımdan dərsliklərin strukturunda ciddi dəyişikliklər edilməsinin vaxtı çoxdan çatıb. Bir çox dövrlərdə ədəbiyyatın ideologiyaya xidmət etməsi tənqid edilib, azad, heç bir senzura təzyiqinə məruz qalmayan ədəbiyyat əsl ədəbiyyat hesab edilib və edilməkdədir. Bu baxımdan məktəbdə keçilən ədəbiyyat fənni üçün də mətn mənbəyini məhz belə azad ədəbiyyat nümunələrindən seçmək lazımdır. Dövlətimizin Qarabağ müharibəsinə cəlb edilməsi ölkəmizə fəlakət, torpaqlarımıza talan, xalqımızın həyatına faciələr, ədəbiyyatımıza Qarabağ müharibəsi mövzusunu gətirdi. Bu, təbiidir. Həyatda baş verən hadisələr ədəbiyyatda da, incəsənətdə də öz əksini tapmalıdır, ədəbiyyat zamanla səsləşməlidir və dərsliklərdə verilən ədəbi nümunələr də böyük ədəbiyyatın bir hissəsi olmaqla mövzu baxımından zamanla səsləşməlidir. Ancaq bu mövzuların proqrama salınması prosesində şagirdlərin yaş psixologiyasına ciddi fikir verilməlidir. Aşağı siniflərdən başlayaraq dərsliklər 20 Yanvar hadisələri, Qarabağ müharibəsi və onun tərkib hissəsi olan Xocalı hadisələri və s. mövzularla həddən artıq yüklənilib. Azğın düşmənlərə nifrət aşılamaq üçün bu hadisələr bütün təfərrüatlarına qədər nəql edilir, faşistlərin insanlıqdan kənar, qəddar obrazlarının yardılması üçün onların cinayətkar əməlləri bütün elementləri ilə tam təsvir edilir. Və ya 20 Yanvar mövzusunda bir hekayə və ya şeirdə xalqın başına gətirilənlər bütün detalları ilə verilir. Bütün bunlar ona görədir ki, uşaqlarımız kiçik yaşlarından müstəqilliyimizin düşmənlərini tanısınlar, torpaqlarımıza sahib çıxanlara nifrət ruhunda böyüsünlər, ondan intiqam almağa hazır olsunlar. Nəticəyönümlü kurikulumun tələblərinə nail olsaq, son nəticədə şagird həyata “qana qan, ölümə ölüm“ ruhunda yönlənəcək, qisasçılıq, intiqmçılıq ruhu humanizm, tolerantlıq kimi bəşəri dəyərləri üstələyəcək. Bəzi mətnlər millətpətpərəstlik, başqa millətlərə antipatiya duyğularını aşılayır. Mən şagirdlərdə erməni faşistlərinə humanist yanaşmaq lazım olduğu fikrindən uzağam, millətsevərlik, vətənpərvərlik tərəbiyəsini də lazımınca təbliğinə qarşı deyiləm. Ancaq milləti sevmək lə millətpərəstlik, düşmənə nifrət və şovinizm eyni anlayışlar deyil. Türkün türkdən başqa dostu yoxdur, erməni bizim düşmənimizdir, rus bizi öz dilimizdən, dinimizdən döndərib kimi gərəksiz ideyalar şagirdlərə heç də müsbət tərbiyəvi keyfiyyətlər aşılamır. Şagirdlərlə həmin mövzularla bağlı bədii mətnlər üzrə iş apararkən bir sıra qərəzli fikirlər ortaya çıxır. Bu zaman onlara imkan daxilində izah etməli oluram ki, vətənpərvərlik heç də başqa millətləri öz ölkəndən qovmaq deyil, türkdən başqa xalqları alçaltmaq deyil, düşmən əsgərini öldürüb kəlləsini təpiyin altında qoyaraq şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq deyil. Bütün bu cür təbliğatlar şagirdlərin beyninə sağalmaz psixoloji zərbə vurur ki, fəsadları, bəlkə də, neçə nəslin psixologiyasında zərərli bir sindrom kimi yaşayacaq. Çox ağrıvericidir ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı pedaqoqların da bir çoxu təpiyi altında – qoy düşmənin olsun,- insan kəlləsi ilə şəkil çəkdirən əsgərin hərəkətini qəhrəmanlıq hesab edir, şagirdlərinə bu şəkli paylaşdığına görə “afərin “ deyənlər də az deyil. Ümumiyyətlə, xalqın, vətənin tarixi, həyatında baş verən hadisələr haqqında şagirdlərin kifayət qədər məlumatı olmalıdır, bu mövzuların tədqiqat obyekti kimi də araşdırılması, vətənpərvərlik tərbiyəsi baxımından da təbliği vacibdir. Ancaq hər şeydə olduğu kimi, bu məsələdə də ifrata varmaq olmaz. Hər ilin müəyyən milli hüzn günlərində azyaşlı şagirdlərin başlarında qara kəlağay, yandırılmış matəm şamları, yerə səpilmiuş qərənfillər, ağır qəm–kədər saçan musiqi fonunda ağlar sima ilə, eyni ssenari üzrə, eyni ah-nalə ilə şeir demələri, şəbih tamaşalarını xatırladan eyni kompozisiyanı müxtəlif cür ifa etmələri süni çıxır. Bu tədbirlərdə şeirləri, səhnəcikləri şagirdlərin çoxunun necə məharətlə ifa etdiklərinə isə heyrətlənməmək olmur, ancaq, düşünürəm, bu istedadı, bu səhnə bacarığını daha məqsədyönlü, daha yaradıcı yönləndirmək olmazmı? Hansısa bir klassik əsəri səhnələşdirib, layihələr həyata keçirmək, müsabiqələr, konsertlər, poeziya günləri və s. təşkil edib həmin mövzuların daha yaxşı mənimsənilməsinə nail olmaq olar. Axı 5- ci sinif dərsliyində eyni mövzuda ardıcıl iki bəhsdə verilmiş (“Şəhidlər xiyabanı“, “ İşığı söndürmə“, hər ikisi S.Əhmədovun ) hekayələrinin məzmunu da, dili də ağırdır: həcmcə yığcam və yaddaqalan olsa da, didaktik baxımdan nə dərəcədə uğurlu olduğu anlaşılmır. Birinci hekayədə 20 Yanvar hadisəsindən sonra Bakı şəhərinin vəziyyətini: küçələrə, meydanlara düzülmüş qərənfillərdən, güllələrdən dəlik-deşik olmuş avtobusdan, şəhid məzarlarını ziyarət edib qayıdan insanların hüznlü, kədərli simalarından... danışılır, hekayənin qəhrəmanı isə bütün bunları yalnız diqqətlə müşahidə edir. İkinci hekayə 20 Yanvar hadisələrinin qurbanı olmuş İlham və Fərizə haqqındadır: Hadisə baş verəndən, İlham və Fərizəni torpağa tapşırdıqdan sonra iki ay ərzində onların mənzili bağlı qalır, bir gün novruz bayramı vaxtı gecə oğlunu - İlhamı yuxuda görən anası öz qızına onların aşağı mərtəbədə yerləşən mənzilinin qapısını açdırır. Bacısı İlhamgilin çarpayısının üzərində iki quşun dövrə vurduğunu görür, qapı bağlı qaldığı halda onların buraya necə gəldiklərinə heyrətlənir, gördüklərini anasına danışdıqda ana bu quşların onların –İlham və Fərizənin ruhları olduğunu bildirir və qızına deyir : “Allahın günahsız bəndəsisən, bala. Ruhlar sənin gözünə görünüb“. Bu cür mistik sonluqla bitən əsərin ideyasının müəyyənləşdirilməsi şagirdlərdən tələb edilir. Görəsən, müəllim müdaxiləsi olmadan 5-ci sinif şagirdi vətənpərvərlikdən daha çox ailə-məişət mövzusunda olması ehtimal edilən bu hekayənin ideyasını necə müəyyən edə bilərlər? Bu tapşırıq test şəklində təretib edilsə və distraktorlardan birində : “Ruhlar günahsız adamların gözlərinə görünürlər “ cavabı verilsəydi, yəqin ki, onların əksəriyyəti bu cavab variantını seçmiş olardılar. Əsərdən verilmiş ən təsirli parçaya diqqət edək: «Altıca ayın gəlini dözmədi: “Mən İlhamsız bu dünyada yaşaya bilmərəm“. Ana, qız gəlini gözdən qoymadılar. Amma neyləyəsən. Gedəni saxlamaq olmazdı. Zəhər içdi. Hər ikisini yanaşıca dəfn etdilər”. Uşaqların, xüsusilə kiçik məktəbli qızların bu faciəvi hadisədən nə dərəcədə “bəhrələnə” biləcəklərini təsəvvür edin. Nəinki kiçik, ailə qurmağa hazırlaşan gənc qızlara belə sədaqət, vəfa hisslərini aşılamaq üçün ağrılı bir hadisənin, nakam gənc qadının acı, uğursuz taleyinin təsvir olunduğu bu hekayəni – nə qədər məharətlə yazılır-yazılsın - örnək olaraq seçmək uğurlu vasitə deyil, nəinki kiçik siniflərin dərsliyinə daxil etmək. Siyasi müstəvidəki çəkişmələrin, qanlı-qadalı hadisəələrin uşaqların körpə beyinlərində necə acı təəssürat yaratdığını bilirik, digər tərəfdən, qətllərə sürüklənən, intiharlara vadar olan həmyaşıdları barədə tez- tez KİV-dən aldıqları informasiylar onların hələ bərkiməmiş psixologiyasına ciddi zərbə vurur. Bir tərəfdən də bu məzmunda mətnlərin onların tərbiyəsinə faydalı olmaq əvəzinə, daha çox əks-təsir göstərəcəyi danılmazdır. Biz hələ bu mətnlərdəki ciddi üslubi xətalardan danımayıb, yalnız mövzu – məzmun tərəfinə toxunduq. Hər bir dərslik və digər vəsait hazırlanarkən proqram salınası mətnlər məzmun cəhətdən də ciddi nəzarətdən keçirilməli, mütəxəssislər: pedaqoq-psixoloqlar, pediatrlar tərəfindən oxunub, dinlənilib rəy verilməlidir. Yaddan çıxarmayaq ki, uşaqların psixologiyası hələ bərkiməmişdir, çox kövrəkdir, həssasdır və hər insanın da fiziki, həm də mənəvi gücü çatacaq qədər yük götürmə qabiliyyyəti var. Gələcəyimiz olan uşaqlarımızın kövrək çiyinlərinə daşıya biləcəkləri yükü qoyaq. Çalışaq ki, onların dərslikləri, məzmunca zəngin olmaq şərti ilə, nağıllarda deyildiyi kimi, “vəzndə (çəkidə) yüngül, qiymətdə (dəyərdə) ağır” olsun!
© 2020 - Created by İLK XEBER.