I hissə
Evdən 100 işıq ili uzaqda.
18 iyul 2039-cu il. Bu gün Utopiya R777 planetinə köçürülməyimizin 20-ci ilidir. Bu planet Yer planetindən 100 işıq ili uzaqda yerləşir. Bura köçəndə 33 yaşım var idi, indi isə 53 yaşındayam. Yeni gələn illərdə Yer planeti üçün, öz evim üçün çox darıxırdım, sonra çox çətin də olsa özümə təsəlli verməyə başladım, yavaş-yavaş bura alışıb hər şeylə barışdım. Bizi bura 10 il müddətinə gətirmişdilər, sonra isə geriyə qayıtmalı idik. Amma 8-ci ildə kosmik teleportasiya sistemində problem oldu və onun təmiri bu yaxınlarda yekunlaşacaq. İki il qalmışdı geri qayıtmağa. Problem isə bu müddəti daha 10 il də uzatdı. Heç vaxt ümidimi itirmədim, bu gün də ümid edirəm ki, nə vaxtsa evə qayıdacağıq. Yer planetinə qayıdacağımızın xəbərini səbirsizliklə gözləyirəm. Əslində bura elə də pis yer deyil. Yer planeti kimi rəngarəng təbiətli, müxtəlif iqlim qurşaqlı olmasa da, özünə məxsus təbiəti var. Məsələn, bu gün artıq 15-ci gündür ki, yağış ara vermədən yağır. Sizə çox sıxıcı və darıxdırıcı gələ bilər, amma mənim üçün burada şahid olduğum hadisələri, keçmiş illəri qələmə almaq üçün ən ideal vaxtdır. Burada Günəş də doğma planetimizdə olduğu kimi hərarətli deyil, yayda maksimum 25 dərəcə isti olur, o da ancaq avqust ayında. Amma 2024-cü ildə iyun ayında 38 dərəcə isti olmuşdu, özümü lap Bakıda olduğum kimi hiss eləmişdim. Qış ayı dəhşət soyuq keçir, sentyabr ayında temperatur -5 dərəcəyə düşür. Keçən il, yəni 2038-ci ilin yanvar ayında ən maksimum soyuq gün olmuşdu: -52 dərəcə! Bakıda yaşadığım vaxtda ən soyuq temperaturu 2011-ci il fevralın 11-də görmüşdüm: -11 dərəcə. Hətta donmuş Xəzər dənizinin sahilində qayadan sallanan buz parçalarının yanında şəkil də çəkdirmişdim. Mənə elə gəlirdi ki, bundan soyuq temperatura dözə bilmərəm. Amma görünür insan hər bir şəraitə və mühitə uyğunlaşır. Şərait və mühit demişkən, burada Yer planetində olduğu kimi hündür dağlar, meşələr, göydələnlər, uzun magistral yollar olmasa da, texnologiyanın sürətli inkişafı nəticəsində istənilən məkanı və şəraiti 10 dəqiqə ərzində yaradırlar. Hətta suyu, torpağı, havanı da tam dəqiqliklə Yer planetində olduğu kimi. İlk gəldiyim illərdə Xəzər dənizi üçün çox darıxırdım, ona görə də məndən “hansı məkanı yaratmağımızı istəyirsiz?” sualına heç tərəddüd etmədən Xəzər cavabını vermişdim. Həmin günü necə də xoşbəxt idim... Doyunca Xəzərin sahilində qumun üstündə gəzdim, çimdim və özümü günəşə verdim. Dərindən nəfəs alıb dənizin qoxusunu ciyərlərimə ötürdüm, saatlarla dalğaların səsinə qulaq asdım. Həyat yoldaşım və oğlum da çox xoşbəxt idilər həmin gün. O gün qəribə gülmək tutmuşdu məni. Öz özümə fikirləşirdim: gərək daha təbii olması üçün bunlardan dənizdə qarğıdalı satanları, qağayıları, yerə atılmış qarpız qabıqlarını da istəyərdim. Bu xoşbəxtlik 1 həftə davam etdi. Artıq Xəzərlə vidalaşmaq zamanı idi. Çünki bu planetdə yaradılan istənilən məkan və şəraitin ömrü bu qədər idi. İldə 2 dəfə belə şans verilirdi: yayda və qışda. Başqa fəsil də olmur burada, ancaq yay və qış. Yay mart ayından avqust ayının sonuna kimi, qış isə sentyabr ayından fevral ayının sonuna kimi davam edir. Həftənin günləri, sutkanın vaxtı Yer planetində olduğu kimidir. Meyvə və tərəvəzlər: bu haqda isə heç danışmağa dəyməz, çünki sadəcə görüntü var, dadları isə bərbaddır. Ət və süd məhsulları dadmaqdan məhrum olmuşuq, çünki burada heyvan yoxdur. Çox şey sünidir. Arada manqalda bişən kabab, dolma, düşbərə və plov üçün elə darıxıram ki, sözlə deyiləsi deyil. Bu yeməkləri dadmaq üçün ildə iki dəfə verilən şansdan bolluca istifadə etmək olur: istədiyimiz məkan və şəraitin yaradılma imkanı. Hərəsi bir həftədən ibarət olmaqla, cəmi iki həftə. Yer planetində olan nəqliyyatın heç biri burada yoxdur: avtomobil, avtobus, metro, qatar, gəmi, təyyarə. Yalnız avtobus böyüklüyündə, eniş üçün xüsusi ayaqları olan dronlar və bu planetin yerli sakinlərinə məxsus, bizim uçan naməlum obyekt (UNO) adlandırdığımız kosmoplanlar var. Bizim bura köçməyizin tarixçəsi isə belədir: 7 iyul 2019-cu il. Saat 20:35. Yer planeti. Qəflətən səmada böyük parlaq işıq kütləsi əmələ gəldi. Bu kütlə o qədər parlaq idi ki, birdən axşam səhər kimi işıqlandı və getdikcə parlaqlığı güclənən işığa baxmaq mümkün deyildi. Bir dəqiqə sonra işığın parlaqlığı zəifləməyə başladı və dərhal o işıqdan hər biri futbol topu böyüklüyündə göy rəngdə hissəciklər ayrılmağa başladı. Hər kəs yerində donub qalaraq heyrətlə bu mənzərənin nə ilə bitəcəyini gözləyirdi. Birdən işıq kütlələri sürətlə yerə doğru, insanların üzərinə hərəkət etməyə başladı. Hamı təlaş içində ora-bura qaçmağa başladı. Bütün nəqliyyat bir anlıq dayanır, uşaqlar ağlaşır, “Axirət!” qışqıran kim, ayaq altında qalıb əzilən kim. Nəhayət işıq kütlələri insanlara çatır. Bir anlığa ürəyimə daxil olan işıq kütləsini hiss edirəm və dərhal yerə yıxılıram. 16 iyul 2019-cu il. Saat 08:05. Ayılanda ilk gördüyüm şey – parlaq xəstəxana işıqları, ətrafıma toplaşan və heyrətlə mənə baxan həkimlər olur. Yataqdan qalxıb əlimi onlara doğru uzatmaq istəyəndə onların qorxub geri çəkilmələri məni çox təəccübləndirir. Sağ əlimdə, ovucumun içində “U” hərfi şəklində göy rəngli parlaq işığı görəndə özüm onlardan çox qorxuya düşürəm. Bir az sonra baş həkim içəri daxil olur və deyir: Burada təzə paltar var, onları geyinin və səyahətə hazır olun. Mən isə: Hansı səyahət? Mənə nə olmuşdu? Mən niyə burdayam? Ailəm hardadır? Bu əlimdə olan göy işıq nədir? Cavabını gözləmədən ard-arda suallar verirdim. Baş həkim isə bütün bu suallardan sonra heç təmkinini pozmadan sadəcə bunu dedi: “Sizə hamısını orada izah edəcəklər.” Həkimlər qolumdan tutaraq məni xəstəxananın çıxışına qədər aparırlar. Orada 15-20 nəfərə yaxın jurnalist gözləyirdi. Bizi görən kimi mənə tərəf qaçmağa başladılar və sual atəşinə tutdular. Bunu görən təhlükəsizlik işçiləri məni onların əlindən alaraq maşına doğru apardı və biz sürətlə oradan uzaqlaşdıq. Sürücüdən məni hara aparmağını soruşanda isə cavabı belə olur: Milli Aerokosmik Agentlik. Bura çatanda əməkdaşlar məni qarşılayaraq alimlərin toplaşdığı zala aparırlar. Orada isə agentliyin direktoru bizi salamlayaraq deyir: “Bir neçə gün öncə Yer kürəsində əmələ gələn nəhəng işıq kütləsi vasitəsilə yadplanetlilər bizimlə əlaqə yaratdılar. Siz onlar tərəfindən seçilmisiz və 10 il müddətinə digər planetə vacib bir missiyanı yerinə yetirmək üçün köçürüləcəksiz. Bu gün artıq bizə Amerika Birləşmiş Ştatları, Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) məlumat gəlib. Siz artıq bu gün yola düşməlisiz. Saat 16:00-da hava limanında olmalısınız. İmtina etmək şansınız və haqqınız yoxdur. Ailənizlə birlikdə sizi orada gözləyəcəklər. Bütün suallarınıza cavabı da elə orada verəcəklər” Saat 15:10. Evdə bütün hazırlıq görülüb, artıq hər şey hazırdır və biz hava limanına getməliyik. Təkcə bir şey qalır: Vidalaşmaq... Valideynlərim və nənəm mənə çoxlu xeyir-dua verir, göz yaşlarımı saxlaya bilmirəm. Hər biri ilə qucaqlaşaraq “özünüzə yaxşı baxın” deyib evdən çıxırıq və hava limanına gedirik. Bu gün artıq həmin vida günündən 20 il keçir... Utopiya R777 planeti mənim yeni evimdir. Pəncərədən çölə baxıram, 15 gündür aramsız yağan yağış nəhayət kəsilir.
II hissə
Hələlik, Yer planeti!
6 İyul 2019-cu il, saat 08:30. Yer planeti, Azərbaycan, Bakı. Böyük işıq kütləsinin yaranmasından 1 gün əvvəl. İstirahət günü səhər yeməyi zamanı günün planını qururuq: dənizə getmək, uşaqla əyləncə mərkəzində vaxt keçirtmək və alış-veriş etmək. Saat 9:30. Biz artıq Xəzər dənizinin sahilində Zaqulba çimərliyindəyik. Dəniz mövsümünün iyun ayının 15-də başlamasına baxmayaraq bu bizim ilk gəlişimiz idi. Uşaq sevincindən tullana-tullana qaçır, yerdən qumu götürüb göyə atır, sonra isə dənizə tərəf qaçır, ləpələrin yaxınlaşdığını görəndə isə tez sahilə qayıdırdı. Çox gözəl hava var idi, dənizin suyu da çimmək üçün çox münasib idi. Təxminən 3 saat vaxt keçirdikdən sonra evə qayıtmaq zamanı gəlib çatmışdı. Yarım saatlıq yalvarış və “səni oppalara aparacam” deyəndən sonra uşağı evə qayıtmağa razı sala bilirik. Qızmar günəş şüaları artıq bizi yaxşıca yandırmağa başlamışdı. Tez bir zamanda evə çatıb nahar etməyə tələsirdik. Saat 14:00. Nahar etdikdən sonra “Oppalar” uşaq əyləncə mərkəzinə yollanırıq. Uşaqların nə dərəcədə yorğun olmasından asılı olmayaraq bura daxil olan kimi sanki ikinci nəfəs gəlir və aktiv şəkildə oyun meydanına atılırlar. Rəngbərəng şarlar, toplar, oyun maşınları uşaqları maqnit kimi özünə çəkir. Yelləncəklərdə, sürüşkənlərdə yorulmadan vaxt keçirən, ora-bura qaçan uşaqlar arada bir gəlib su içir və yenidən qayıdırdılar. Boş stol axtarıb tapırıq və oturub bu uşağın nə vaxt yorulacağını gözləyirik. Nəhayət 4 saatdan sonra uşaq qaçaraq yanıma gəlir və deyir: “Ata mən yorulmuşam”. Eşitdiyimə inana bilmirəm. Deyəsən doğrudan da belədir. Bunu onun yorğun gözlərindən də görmək olur. Görünür, alış-verişi növbəti gündə etməli olacağıq. Çünki bu gün uşaqla birlikdə özümüz də yorulmuşuq. 7 İyul 2019-cu il, saat 18:20. Alış-veriş üçün böyük ticarət mərkəzinə gəlmişik. Buradan sonra gedəcəyimiz yerlər – İçərişəhər, dənizkənarı park-bulvar olacaq. İki saatlıq alış-verişdən sonra avtomobillə İçərişəhərə doğru hərəkət edirik. Avtomobili münasib bir yerdə saxlayıb piyada gəzintiyə başlayırıq. Bura daxil olarkən sanki müasir dövr ilə əlaqə kəsilir və insan özünü qədim zamanda hiss edir. Dar küçələr, tarixi binalar insanda xoş təəssüratlar yaradır. Hər bir daşı tarix olan bu əsrarəngiz məkan sanki sənə əsrlər öncə burada yaşayan insanların həyat tərzini, məşğuliyyətlərini, adət-ənənələrini danışır. Hər dəfə bura gələndə fərqli hisslər yaşayıram. Bəzən müasirlik adamı yorur və tarixə nəzər salmaq istəyirsən. Bunun üçün İçərişəhər ən əlverişli məkandır. Saat 20:30. İçərişəhərdə gəzintidən sonra dincəlmək qərarına gəlirik. Qız qalasının yaxınlığında hündür, iri gövdəli ağacın altında oturub yorğunluğumuzu çıxarırıq. Saat 20:35 Böyük işıq kütləsi əmələ gəlir. 16 İyul 2019-cu il, Bakı, Hava limanı, saat 16:50. Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə birbaşa reyslə gedən təyyarəyə minik üçün yoxlamadan keçirik. Biletə baxıram: uçuş vaxtı saat 17:45. Gözləmə zalına keçib əyləşirik və səbirsizliklə gözləyirik. Bizdən başqa digər azərbaycanlı ailə də bu səyahəti gözləyir. Saat 17:45. Təyyarə uçuş üçün hazırdır. Sərnişinlər təyyarəyə doğru hərəkət edirlər. Bu həyəcanlı dəqiqələr ərzində valideynlərim ilə vidalaşmağım, onların xeyir duası, gözlərindəki yaş, bu ölkədə keçirtdiyim çətin və xoş günlərin hamısı film kimi gözlərimin önündən keçir. Bu qərarı vermək mənim üçün çox çətin idi. Bəlkə də bu qərarı verməyə kosmonavtika günündə doğulmağım, kosmosa böyük marağımın olması səbəb olmuşdu. Amma beynimdə çoxlu cavabsız suallar var idi. Hamısına cavabı görüş təyin olunan yerdə tapmaq ümidi ilə, təyyarəyə daxil olub yerimə keçirəm. Təyyarənin havaya qalxması ilə ürəyimdə olan ağırlıq hissi rahatlıq hissi ilə əvəz olunurdu. Buludların üzəri ilə uçduqda isə özümü körpə uşaq kimi qayğısız hiss etməyə başlayıram. Bir müddət sonra yuxuya gedirəm. Sanki bir aydır yatmırdım, elə dərin yuxuya getmişdim ki, yalnız təyyarənin eniş etməsi ilə ayıldım. ABŞ, Florida ştatı, Con Kennedi Beynəlxalq hava limanı, 17 iyul, saat 06:30. 12 saat 30 dəqiqəlik uçuş sona çatdı. Təyyarədə buludların üzərində uçduğumuz zaman keçirdiyim hisslər bir anlıq gərgin və şiddətli həyəcanla əvəz olunur. Hava limanında bizi qarşılayıb qalacağımız otelə aparırlar. Sabah günorta isə təyyarə ilə Con Kennedi Kosmik Mərkəzinə yola düşəcəyik. Oteldə digər ailələrlə də tanış oluruq. Azərbaycandan -2,Asiya, Avropa, Afrika qitəsindən, Amerika, Rusiya, Türkiyədən birlikdə 98 ailə olmaqla, cəmi 100 ailədən ibarət heyət. Hər kəs həyəcanla sabahkı günü gözləyir. Bir-birimizlə tanış oluruq, xeyli söhbət edirik. Gecə isə həyəcandan gözlərimizə yuxu gəlmək bilmirdi. Amma hamıda sabahkı günün çox yaxşı olacağı ümidi var idi. 18 iyul, saat 11:20. Təyyarənin uçuşa başlamasına 1 saat qalıb. Nəhayət hamının böyük səbursizliklə gözlədiyi gün gəlib çatdı. Biz dünya üzrə vacib missiyanı yerinə yetirmək üçün seçilmiş insanlarıq. Beynimdə olan bütün qeyri-müəyyənlik, cavabsız suallar və şübhələrə aydınlıq gələcəyinə inanıram. Təyyarə havaya qalxır və biz Florida ştatı, Orlando Beynəlxalq hava limanına yola düşürük. İki saat yarımlıq uçuşdan sonra təyyarə hava limanına enir. Qırx dəqiqədən sonra isə Con Kennedi Kosmik Mərkəzinə çatırıq. İri konfrans zalına daxil olub yerlərimizə əyləşirik. Kosmik Mərkəzin direktoru və NASA-nın rəhbəri özlərini təqdim etdikdən sonra bizi salamlayır və burada görməkdən şad olduqlarını deyirlər. İlk çıxışa kosmik mərkəzin direktoru başlayır: “Bir ay öncə alimlər Yerdən 100 işıq ili uzaqda olan bir planet aşkar etdilər. Bu planetdə həyat üçün vacib olan bütün ünsürlər var. Ən əsası isə əlaqə həmin planetin sakinləri ilə əlaqə qurmaq şansımız oldu. Uzun illərdir sirli qalan yadplanetlilər nəhayət bu il tam aşkar olundu və iyul ayının 7-si saat 20:35-də planetimizdə yaranan böyük işıq kütləsi ilə onlar bizimlə əlaqə yaratdılar. Həmin işıq kütləsinin hissələrə ayrılaraq seçdiyi 100 nəfəri biz həmin planetə əslində tək göndərmək istəyirdik. Amma 10 il ərzində sizi ailənizdən ayırmaq böyük haqsızlıq olardı və ona görə də biz sizi ailənizlə birlikdə 777 nəfərlik heyətlə yeni aşkar etdiyimiz və adını Utopiya R777 qoyduğumuz planetə göndərməyi qərara almışıq. Həmin planetin sakinlərindən bu dünyanı daha yaxşı etmək etmək üçün ən mühüm sirrləri öyrənməklə yanaşı, ən utopik ideya və arzuları həyata keçirtmək qabiliyyətinə malik olacaqsınız. Missiyanın başa çatacağı 10-cu ildə isə Yer planetinə qayıdaraq qazandığınız bilik və bacarıqları tətbiq edəcəksiniz. Siz bura lider və qəhrəman kimi qayıdacaqsız.” Zala dərin sükut çökmüşdü. Hamı çox diqqətlə qulaq asırdı. Mənim isə ürəyimdə qəribə hisslər var idi. Çünki hələ də bəzi bəzi cavabsız qalan suallar məni narahat edirdi: Görəsən həqiqətən də orada hər bir şərait var? İş, təhsil necə olacaq? Bu suallar beynimdə dolaşan zaman NASA-nın rəhbəri çıxışına başladı: “Siz orada hər bir şəraitlə təmin olunacaqsız: təhsil, səhiyyə, iş. Sizi ora aparacaq kosmik gəmi artıq tam hazırdır. Səyahət müddəti yeni kəşf etdiyimiz xüsusi reaktiv yanacaq sayəsində 5 gün olacaq. Uçuş vaxtı bu gün saat 20:00-da olacaq. Həmin vaxta kimi biz sizə təhlükəsizlik tədbirləri və Utopiya R777 planeti haqqında ətraflı məlumat verəcəyik.” Həmin gün bizə gedəcəyimiz planet haqqında ətraflı məlumat verdilər. Orada yaşamaq istəyi getdikcə daha da artırdı. Amma bu planeti, evimi, valideynlərimi, qohumlarımı, dost-tanışlarımı 10 il müddətinə tərk etmək... Bu mənə çox ağır gəlirdi. Yeganə təsəllim – çox vacib bir missiyanın daşıyıcısı olmaq idi. Saat 20:00. Uçuş başlayır. Ürəyimdə deyiləsi çox söz var, amma dilimdən çıxan yalnız bu olur: Hələlik, Yer planeti!
III hissə
Böyük hədəflərə - böyük ümidlərlə
24 İyul 2019-cu il. Bu gün yad planetdə keçirtdiyim ilk gündür. İlk təəssüratları tam dolğun ifadə etmək çox çətindir, amma təxminən belə demək olar: vacib missiya, böyük ümidlər. Digər təəssüratlar üçün isə illər lazımdır. Yer planetindən gələn 100 ailəni 1-də 100-ə qədər nömrələnmiş evlərdə yerləşdiriblər. Bizim evin nömrəsi 55, digər azərbaycanlı ailənin isə 54-dür. Evlərin hündürlüyü 4 metr, sahəsi 100 m2 , bir divarı bütöv şüşədən ibarətdir, materialı isə metal konstruksiyadır. Evlərə yerləşdirmə zamanı bu planetin kod adı UP101R olan sakini bizə məlumat verir: “Bu evlər ən yüksək və etibarlı təhlükəsizlik sistemləri ilə təchiz olunub. İsidilmə cənubda olan vulkanların lava kütləsininin xüsusi əriməyən borularla bütün divar boyu keçməsi hesabına, soyudulma isə şimalda gətirilən 5 sutka əriməyən buz parçaları hesabına olur. Elektrik enerjisi şimal qərbdə olan hidroelektrik stansiyadan naqilsiz ötürmə yolu ilə gəlir. Bunu sizin planetdə Nikola Tesla həyata keçirtmək istəmişdi, lakin bunu çox təhlükəli hesab edib imkan vermədilər. Hər bir evdə yerdə gördüyünüz eni və uzunluğu 1 metr olan kvadrat çərçivə var. Xüsusi təhlükə zamanı davamlı səs siqnalları eşidəcəksiz və bu kvadrat açılacaq, sonra isə siz mütləq zirzəmidə olan, bu ev ilə eyni ölçü və şəraitə malik olan bunkerə daxil olmalısız. Oradan çıxma vaxtı isə sizə göy işıq və siqnallar vasitəsilə bildiriləcək. Təhlükələr haqqında sizə 2 saatdan sonra keçiriləcək görüşdə ətraflı məlumat verəcəklər. Yeni evinizə xoş gəldiniz!” Təhlükələr haqqında məlumat beynimdə narahat edici şübhələr yaradır. Yeni planetdə yeni problemlər başlayır? Yoxsa bu adi təhlükəsizlik tədbiri üçündür? Hər halda ümid edirəm ki, 2 saatdan sonra şübhələrimə son qoyulacaq. Bu planetin sakinlərinin boyu 2-2,5 metr, dərilərinin rəngi boz, iri gözləri və əlləri var. İnternetdə və televiziyada bizə göstəriləndən tamam fərqlidirlər. Gəzişləri adi insan yerişi kimidir, çox güclü əzələləri var. Özlərinə məxsus danışıq dilləri var, bütün dünya dillərini bilirlər, amma bəzən bizim haqqımızda danışmağa başlayanda öz dillərində danışırlar. Bizə bir-birimizi başa düşmək üçün qulağa taxılan kiçik qurğu verili. Bu qurğu bütün dilləri doğma dilə tərcümə edir, yalnız onların dillərindən başqa. Yerli sakinlər status və vəzifələrinə görə müxtəlif rəngli paltarlar geyinir: adi işçilər-göy, təhlükəsizlik işçiləri-sarı, rəhbərlər-ağ rəngdə. Bizim geyimlərimiz sərbəstdir, sadəcə hansı evdə yerləşməyimizi bildirən yaxalıq taxırıq: U55. Ətrafda yaşıllıq demək olar ki, yox dərəcəsindədir, lakin Yer planetində bizə buranın gözəl yerlərini göstərmişdilər. Hər halda yeni gəlmişik, hələ qarşıda çox vaxtımız olacaq. Ardıcıl 3 dəfə gəmi siqnalına oxşar səs gəlir, bundan sonra içəri daxil olan işçi 5 dəqiqədən sonra ümumi yığıncaqda olmağımızı dedi. Biz həmin işçinin müşayiəti ilə çölə çıxırıq. Yol ilə gedərkən bütün işçilərin öz işlərini təmkinlə, dəqiqliklə və səssiz görməsi diqqətimi çəkir. Təxminən iki dəqiqə sonra futbol stadionu böyüklüyündə, hər tərəfdən metal lövhələrlə örtülmüş bir yerə çatırıq. İçəridə sol tərəfdə səhnəyə oxşar üçbucaq formalı yerdə rəhbər işçilər əyləşib. Aralarında 2 nəfər digərlərindən əhəmiyyətli dərəcədə seçilir: geyimləri qırmızı və qara, boyları isə təxminən 3 metr. Hər bir ailə üçün ayrılmış və nömrələnmiş sektorda əyləşəndən sonra üzərində UP001R yazısı olan sözə başlayır: “Mən bu planetin ali rəhbəriyəm. Hamınızı bizim Utopiya R777 planetində görməyimə şadam. Ümid edirəm ki, burada keçirəcəyiniz illər sizə çox dəyərli təcrübə qazandıracaq. İlk öncə təhlükəsizlik haqqında danışmaq istəyirəm: Hər evdə olan bunkerlər sizi yalnız təbii fəlakətlərdən-tufan, vulkan püskürməsi və zəlzələdən qorumaq üçündür. İldə bir dəfə güclü radiasiya şüalanması olur. Həmin vaxtı mütləq bunkerdə olmalısınız. Burada sizin üçün müəyyən olunan sərhədlər var, yalnız ora qədər hərəkət edə bilərsiz. Sərhədi keçməməyi məsləhət görürəm, cəzalar çox sərt olacaq. Yerli sakinlərlə söhbət etmək qəti qadağandır. Sabahdan bizim təlimlər başlayır: bunlar təhlükələrə qarşı tədbir, sizin planetdə olan alternativ enerji mənbələrinin tapılması, qida və su ehtiyyatlarının yaradılması, nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi, radioktiv şüalanmanın ən aşağı səviyyə qədər azaldılması, çarəsi tapılmayan xəstəliklərin müalicə üsulları, zərərli tullantılsrın yox edilməsi, hər kəsin pulsuz təhsil və səhiyyə ilə təmin olunması, yoxsulluğun aradan qaldırılması, müharibələrin dayandırılması və silahların məhv edilməsi. Bütün bu təlimlərə çox ciddi yanaşmanızı tələb edirəm. Bu sizin planetinizin gələcəyi üçün çox vacibdir. Təlimlər üçün laboratoriya və poliqonlar qurulub. Günün yarısını burada keçirəcəksiz, təlimlərin müddəti isə 5 ildir. Sonrakı 5 il ərzində isə fiziki hazırlıqlar və fərdi inkişaf təlimləri olacaq. Hər birinizə uğurlar arzulayıram!” İndi isə sizin suallarınıza cavab verməyə hazıram. Hamı sual vermək istəyirdi, ona görə də böyük səs-küy yarandı. Bunu görən rəhbər ilk öncə sözü amerikalı ailəyə verdi. Ailənin başçısı ayağa qalxaraq sualını verdi: “Sizin bizə keçəcəyiniz təlimlər çox faydalı və vacibdir. Lakin bizi narahat bir məsələ var. Məsələn, müharibələri dayandırmaq və silahların məhvi. Yer palnetinə qayıdanda bizə bunları etməyə imkan verəcəklərmi? Biz bütün bunları həyata keçirməyə necə nail olacağıq?” Rəhbər: ” Heç bir şey haqqında narahat olmağa dəyməz. Çünki sizə burada keçiriləcək təlimlər hər bir sahəni əhatə edir. Siz öz planetinizdə ən güvənilən və etibarlı adam kimi qarşılanacaqsız və hər dediyiniz qanun olacaq.” Ərəb ailəsinin başçısı: “Yoxsulluğun tam aradan qaldırılması. Bu necə olacaq? Yəni biz Robin Qud olacağıq? Varlılardan alıb kasıblara vermək?” Bu ərəb elə ilk görüşdən heç yaxşı təəssürat bağışlamamışdı. Görünür çox imkanlıdır, ona görə də payılaşmaq və bərabərliyi həzm edə bilmir. Rəhbər: “Xeyr. Bunun üçün daha yaxşı üsullar var. Məsələn, Yer planetində olan resursların düzgün idarə olunması, ədalətli paylanması, israfçılığın qarşısının alınması. Bunların hamısını təlimlərdə sizə öyrədəcəklər.” Rus ailəsinin başçısı: “Təbii fəlakətlər: meşə yanğınları, zəlzələ, daşqın, sel, tufan. Bütün bunların qarşısını sizin təlimlərlə necə alacağıq? Axı bunlar gözlənilmədən, insan iştirakı olmadan baş verən hadisələrdir.” Rəhbər: “Bəli, razıyam. Amma etiraf edin ki, bu hadisələrin bəzilərində insanın böyük rolu var. Biz sizə əsasən təbii fəlakətlərin tez və daha az itki ilə aradan qaldırılması üsullarını öyrədəcəyik. Nəhayət növbə azərbaycanlı ailəyə, yəni mənə çatır: “Sizin təlimlərdən biri də çarəsi tapılmayan xəstəlikləri müalicəsidir: xərçəng, QİÇS, narkomaniya kimi. Yüz illiklər ərzində bu xəstəliklərdən milyonlarla insan öldü. Xərçəng xəstəliyinin müalicəsini tapdığını deyən alimlər bir neçə gün sonra müəmmalı şəkildə ölü tapıldı. Biz bu xəstəliklərin müalicəsini öyrənməklə öz həyatımızla risk etməli olmayacağıqmı?” Rəhbər: “Sizin üçün heç bir təhlükə gözlənilmir və ola da bilməz. Biz bütün bunları ən xırda detallarına qədər düşünmüşük. Ona görə də tam arxayın ola bilərsiniz.” Əgər suallarınız bitdisə, yığıncağı bitirmək istəyirəm. Bu gün istirahət edin, sabahdan təlimlər başlayır. Hər kəs öz evinə qayıdır. Təlimlərdən sonra planetimizə qəhrəman kimi qayıdacağımız günü təsəvvür etməyə çalışıram: hamı bizi gül-çiçəklə qarşılayır, qırmızı xalı ilə hərəkət edirik, tədbirlərə dəvət edirlər, reklamlara çəkilirik, mükafatlar verilir, bir sözlə məşhurluğun zirvəsi. Bəlkə mən çox şişirdirəm? Ola bilər. Hər halda bu təlimlər dünyanı gözəl etmək üçündür. Bunun üçün hər bir əziyyətə qatlaşmağa dəyər. Onda gözlə bizi Yer planeti!
IV hissə
Qarşıdurma və üsyan
21 Avqust 2024-cü il. Bu gün özümüzü üzərimizdən ağır yük götürülmüş kimi hiss edirik. 5 illik təlimlər nəhayət bu gün sona çatdı. Bu təlimlər bütün dünyanı daha təhlükəsiz etmək üçün çox vacib olsa da, hamımızı gərgin və böyük məsuliyyət hissi ilə əhatə etmişdi. Ona görə də bu gün hamıda xüsusi bir rahatlıq var idi. Bütün ailələr çox şən və xoşbəxt görünür, hamı bir-birini təbrik edirdi. Növbəti təlimlərə qədər bir aylıq fasilə elan olunmuşdu. Bu illər ərzində bizi bu planetin bir çox yerləri ilə tanış etmişdilər, bircə şərq tərəfindən başqa. Getdiyimiz yerlərin heç birində yaşayış yox idi. Biz dəfələrlə təkid etsək də, bizi eşitməzlikdən gəlib istəyimizə məhəl qoymamışdılar. Sonra isə daha biz də istəmədik. Amma yenə də bizim üçün maraqlı və sirr olaraq qalırdı. Görəsən onların yaşayışı necədir? Niyə bizdən gizlədirlər? Eybi yox, nə vaxtsa bəlkə özləri uyğun vaxtda bizi tanış edərlər. 5 Aprel 2025-ci il. Planetin şimalında buzlaqların arasında olan zavoda ekskursiya çox maraqlı idi. Bu süni intellektlə işləyən robotlar zavodu idi. Burada yaradılan robotlar demək olar ki, bütün sahələrdə istifadə olunur: tibb, sənaye, energetika, nəqliyyat, tikinti və s. Tibb və energetika sahəsindən başqa digər sahələrdə istifadə olunan robotlar yalnız nəzarət funksiyasını yerinə yetirir. Tibb sahəsinin robotları müayinə, diaqnoz, müalicə və əməliyyat da daxil olmaqla həkimlərin bütün funksiyalarını yerinə yetirirlər. Energetika sahəsinin robotları yeni enerji mənbələrinin axtarışı, güc mərkəzlərinin yaradılması, perspektiv inkişaf planı, təmir, tikinti və montaj işlərini görürlər. Zavodla tanışlıqdan sonra geriyə qayıdırıq. Yolda böyük bir ərazidə irili-xırdalı yüzlərlə çökəkliklər var idi. Bunların 2 il əvvəl meteorit yağışından sonra əmələ gəldiyini deyirlər. On beş dəqiqədən sonra artıq hamı öz evlərinə yerləşmişdi. Yatağıma keçib palnşetdə internetə daxil olub Yer planetində baş verən xəbərləri oxuyuram: Avstraliyada meşə yanğınları, Suriyada vətəndaş müharibəsi, Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlərin müharibə həddinə çatması, İrana və Rusiyaya qarşı tətbiq edilən şiddətli sanksiyalar dövrünün yeni mərhələsi. Dünyadan ürəkaçan heç bir xəbər yoxdur. Azərbaycan xəbərləri bölməsinə baxıram: 3-cü Avropa oyunlarının uğurları, Formula-1 üzrə Azərbaycan komandası yaradılıb, 2025-ci ildə Qəbələdə Formula-1 trasının tikintisi başa çatacaq, bu il bütün kənd və şəhərlərin 100 % qaz və elektrik enerjisi ilə təchizatı başa çatdı. Növbəti xəbəri oxuyandan sonra isə cəld yerimdən qalxıram, xəbərin başlığını bir daha oxuyuram: Qarabağ işğaldan tam azad olundu! Azərbaycan ordusu düşmənin mövqelərini darmadağın edərək Azərbaycan bayrağını Şuşaya sancdılar. Artıq Azərbaycan bayrağı 32 ildən sonra yenidən Şuşada dalğalanır! Bu gün həm də 2016-ci ildə baş verən aprel döyüşlərinin ildönümüdür. Bütün şəhidlərimizin ruhu şad olsun. Onların qanı yerdə qalmadı. Həyəcandan yerimdə dayana bilmirəm, otaqda var-gəl edirəm, sevincimdən göz yaşlarımı saxlaya bilmirəm. Ürəyimdəki hissləri ifadə etməyə çətinlik çəkirəm: fəxr və qürur, sevinc və kədər hamısı bir-birinə qarışıb. Bu xəbəri mütləq digər azərbaycanlı ailəyə də deməliyəm. Axı onlar əslən Xocalıdandırlar! Cəld çölə çıxıb 54 nömrəli evə yaxınlaşıram. Beynimdə bu xəbəri onlara necə deməyi götür-qoy edirəm. Qapını bərk vururam, qapı açılır, salamlaşıb içəri keçirəm. Otağın ortasında bir dəqiqə heç bir söz demədən dayanıram, onlar da çaşqınlıq içində mənə baxırlar. Nəhayət özümü toparlayıb: Bu gün Qarabağ işğaldan tam azad olundu! xəbərini deyirəm. Onların gözlərindəki sevinci görmək lazım idi. Ailənin başçısı İlyas məni qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. İçini çəkə-çəkə bir neçə dəqiqə ağlayandan sonra əyləşib dərindən nəfəs alır. Ailəsi və mən onu sakitləşdirməyə çalışırıq. Bir az sonra göz yaşlarını silərək deyir: “Mən bu günü necə səbirsizliklə gözləyirdim! Atam son nəfəsinə qədər torpaq həsrətilə yaşadı. Biz sonuncu dəfə Xocalıdan çıxanda mənim 5 yaşım var idi. 1992-ci il fevralın 26-sı dəhşətli bir gün idi, atamın əlindən bərk yapışmışdım. Qarın üstü ilə 3 gün yol gəldik. Gözümün qarşısında dayılarım, əmim, xalam, qonşularımız öldü. Hər tərəf tankla dolu idi, güllələr başımızın üstündə uçuşurdu. Biz evdən çıxanda babam getmək istəmədi. Atam və anam nə qədər cəhd etsələr də, babam: mən heç yerə getmirəm, siz gedin demişdi. Evimizdən 100 metr aralanmışdıq ki, möhkəm partlayış səsi eşitdik. Bu bizim ev idi, babam da içində!” bunu deyib İlyas yenə göz yaşları içində boğulmağa başladı. Mən onu sakitləşdirməyə başladım: Özünü ələ al, hər şey geridə qaldı. Allah bütün yaxınlarına rəhmət eləsin. Qarabağ uğrunda şəhid olan hər kəsin ruhu şad olsun. Bu gün bizim bütün qəhrəmanlarımızın ruhu sevinir. Çingiz Mustafayev Xocalıda çəkiliş aparanda ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, meyitləri tanınmaz hala salınmış insanların arasından balaca uşağın meyitinə baxıb ağlayaraq: “üzünü göstər, üzünü” deməsini görəndə yumruğumu və dişlərimi sıxaraq onlara qarşı nifrətim birə min artırdı. Mən də qisas gününü gözləyirdim. O gün gəlib çatdı! 32 il sonra haqq-ədalət öz yerini tutdu. 4 ildən sonra öz planetimizə qayıdanda səninlə biryerdə Xocalıya da gedərik. Bunları deyəndən sonra İlyas sakitləşdi, bir müddət danışmadı, sonra isə ucadan: Bu lənətə qalmış planetdən getmək lazımdır! Biz təcili evə qayıtmalıyıq! - Bizim hələ 4 ilimiz var, bu qədər səbr etmişik, yenə səbr etməkdən başqa çarəmiz yoxdur. -4 il çox böyük vaxtdır -Başa düşürəm, amma yenə də səbr etməliyik. Biz mütləq qayıdacağıq. Bir azdan ümumi iclas olacaq, hazırlaş gedək. Bir saatdan sonra ümumi iclas başlayır. UP001R nömrəli rəhbər sözə başlayır: “Təlimləri uğurla bitirməyiniz münasibətilə hamınızı təbrik edirəm. Yer planetinə qayıdandan sonra sizin təhlükəsizliyinizi təmin etmək üçün fiziki hazırlıq və fərdi inkişaf təlimlərinə yaxın günlərdə başlayacağıq.” Elə bu cümləni bitirmişdi ki, səmada nəhəng qırıcı təyyarəyə oxşar təxminən 10 ədəd uçan obyekt göründü. Bizdən 1 km aralıda təpənin üstündə isə yüzlərlə kosmoplan enmişdi və onlardan sürətlə çıxan, əllərində iri silahlar olan yad planetlilər bizə tərəf qaçırdılar. Bu vaxt ümumi həyəcan siqnalı eşidildi və təhlükəsizlik işçiləri bizi evlərə tərəf aparmağa başladı. Göydən yerə lazer şüaları enirdi, bu şüaların dəydiyi yerdə diametri 2 metr olan dəliklər açılırdı. Şüalardan bir neçəsi təhlükəsizlik işçilərinə dəydi və onlar parçalandılar. Evlərə çatmağa 10 metr qalmışdı, yaxınlıqda yerin altından hava hücumundan müdafiə qurğuları çıxdı və atəş açmağa başladı. Bu artıq müharibə idi, adını bilmədiyimiz digər planetlə Utopiya R777 planetinin sakinləri arasında. Nəhayət evə daxil olduq. Evin içində bunker açıq idi, bunkerə daxil olan kimi qapı bağlanır. Burada heç bir səs eşidilmirdi. Biz təhlükəsizlikdə idik, amma çöldə müharibə başlamışdı. Bu müharibənin kimin qələbəsi ilə bitməsi bizim üçün çox vacib idi. Bu planetdəki gələcək taleyimiz müharibənin nəticəsindən asılı idi. Bizə qalan sadəcə gözləmək idi. Arada çox zəif də olsa partlayış səsləri eşidilirdi. Biz fikrə gedərək qorxu içində oturmuşduq, bir anlıq tam səssizlik oldu. Bu vəziyyət yarım saat davam etdi. Göy işıq yandı və anidən bunkerin qapısı açıldı. Qapıya tərəf getməyə risk etmirdik, təhlükəsizlik işçisinin içəri daxil olması ilə qorxumuz yox oldu. Biz yuxarı çıxdıq, evin çox hissəsi dağılmışdı, çöldə isə xarabalıq yaranmışdı. Bizi müvəqqəti sığınacağa apardılar. Evlər təmir olunandan sonra yenidən qayıdacağımızı dedilər. Sığınacaq çox iri idi və bütün ailələr bura rahatlıqla yerləşirdi. Buranın pəncərələri çox yuxarıda idi və ətrafı görmək mümkün deyildi. Yolda gələndə robotların sürətlə dağıntıları yığışdırdığını, meyitləri daşıdığını gördük. Tibb robotları yaralıları saniyələr içində sağaldır və onlar heç nə olmamış kimi ayağa qalxıb hərəkət edirdilər. Saat 23:32. Sığınacaqda 3saatdan çox olduğumuz müddətdə uşaqlar dayanmadan ağlayır, böyüklər isə qorxu və narahatlıq içində idi. Böyük səs-küy yarandı. Türk ailəsinin başçısı çox əsəbi halda danışırdı: “Mən türk ordusunda komando əsgəri olmuşam. Adım Hakandır.Müharibə başlamamışdan 3 saat qabaq kəşfiyyatda idim. Bizi burada üzərimizdə təcrübə aparmaq üçün saxlayırlar! Onların bizi geri qaytarmaq fikirləri yoxdur. Mən buradan 5 km aralıda gizli laboratoriya tapdım. Orada böyük şüşə akvariumların içində çoxlu insan meyitləri var idi, həmin meyitlərdən orqanları çıxarıb təcrübə aparırdılar. Hər tərəf qan içində idi.” Hamımız dəhşət içində onu dinləyirdik. O isə bir az fasilədən sonra yenidən danışmağa davam etdi: “Laboratoriyadan təxminən 10 km aralıda, şərqdə onların yaşadığı şəhəri tapdım. Bu bizim qaldığımız yerlə müqayisədə bütün infrastrukturu olan meqapolis idi! Bura əsl cənnət idi, bizim bu qəsəbə isə onun yanında tövlədir. Mən silah anbarı da tapmışam. Silah anbarı ilə üzbəüz süni intellektli robotların idarəetmə mərkəzi var. Hər ikisinə giriş təhlükəsizlik işçilərinin sağ əlində olan qolbaqla mümkündür. Bu qolbağı ələ keçirmək lazımdır. Bir azdan onlar içəri girəcəklər. Biz cəld onların üstünə qaçıb qarışıqlıq yaratmalıyıq, həmin ərəfədə mən qolbağı çıxardacam.” Çoxları bu plana etiraz elədi, bunun heç yaxşı fikir olmadığını dedilər. Amma dəstək verənlər də var idi. Rus ailəsinin başçısı dedi: “Bizim başqa çıxış yolumuz yoxdur, evə qayıtmaq istəyiriksə mütləq bunu etməliyik. Mənim adım Viktordur, mən proqramçı və xakerəm. Mən idarəetmə mərkəzinə daxil ola bilsəm, robotların proqramına müdaxilə edib onları idarə edə bilərəm. Bu robotlarla biz onların kosmoplanlarını ələ keçirib evə qayıda bilərik. Xahiş edirəm, bizə kömək edin!” Bizim həqiqətən də başqa çıxış yolumuz yox idi, onlarla razılaşdıq. Planı bir daha müzakirə etdik. On dəqiqədən sonra təhlükəsizlik işçiləri içəri daxil oldular, biz hamımız sürətlə onların üstünə qaçdıq, bir neçəsini yerə yıxdıq. Onlar çaşıb qalmışdılar, silahdan istifadə etməyə tələsmirdilər. Hakan başı ilə qolbağı aldığını bildirir, biz dayanırıq, onlar da geri çəkilərək havaya atəş açırlar. Tam sükut yaranır, bir neçə saniyə sonra isə biz hamımız bir ağızdan: “Biz evə qayıtmaq istəyirik! deyə qışqırırıq. Onlar bizi sakitləşdirməyə çalışırlar, bir neçə dəqiqə sonra rəhbərlik işçiləri içəri daxil olurlar. Ali rəhbər deyir: “Bu gün bizim planetə Kepler-62e planetindən hücum oldu. Onlar ilk dəfə 20 il bundan əvvəl hücum etmişdilər. Biz o vaxtı onları demək olar ki, tamamilə məhv etmişdik. Onların məqsədi bizim tükənməz enerji mənbələrini ələ keçirtmək idi. Biz bu dəfə də buna imkan vermədik. Narahat olmayın, onlar bir daha bura gəlməyəcəklər. Tez bir zamanda burada gördüyünüz hər bir şey əvvəlki kimi olacaq, təlimlərin yeni mərhələsi olacaq, 2029-cu ildə isə biz sizi öz planetinizə göndərəcəyik. Biz hər şeyi sizin yaxşılığınız üçün edirik.” Bunu deyib təhlükəsizlik işçiləri ilə birlikdə sığınacaqdan çıxırlar. Biz hamımız öz yerlərimizə çəkilirik. Mən isə çarpayıda uzanıb tavanda olan balaca pəncərədən seyrək ulduzlar olan səmanı izləyirəm. Günün yorğunluğu və qarışıq fikirlərlə yuxuya gedirəm.
V hissə
Evdən yaxşısı yoxdur!
20 il bundan əvvəl heç kimin ağlına gəlməzdi ki, başqa planetdə yeni həyat quracağıq. Bizi bu planetə gətirməmişdən əvvəl buranın çox gözəl və ideal yer olması haqqında uzun uzadı danışmışdılar. Biz artıq özümüzü çox şanslı və seçilmiş hiss edirdik. Buranı möhtəşəm və hədsiz imkanlar olan yer kimi təsəvvür edirdik. Amma çox yanılmışıq. Bunu bura gələndən 5 il sonra başa düşdük. Burdan qaçmaq üçün şansımız oldu. Bu şansdan istifadə etmək istədik, amma bizi bundan məhrum etdilər. 2026-cı ildə hər seyi bütün xırdalıqlarına kimi planlaşdırmışdıq. Əslində hər şey plan üzrə gedirdi, son anda tutulduq. Tutulma dedikdə burada açıq aşkar hadisə yerində tutulma yox idi. Bizim süni intellektli robotların idarəetmə mərkəzinə daxil olmaq üçün qurduğumuz planı kameralar vasitəsilə, həm də səsli izləyirlərmiş. Bunu bizə planı həyata keçirtmək istədiyimiz gün ümumi iclas təşkil edib böyük monitorlarda özümüzə göstərdilər. Sığınacaqda onlara qarşı necə üsyan hazırlamağımız, Hakan və Viktorun çıxışını tam olaraq bizə göstərdilər, bundan sonra isə təhlükəsizlik xidmətinin rəhbəri üzünü Hakana çevirərək demişdi: “Xahiş edirəm qolbağı mənə qaytarın . Onsuz da ondan istifadə edə bilməyəcəksiz. Biz onu elə həmin gün bloklayıb, silah anbarı və robot idarəetmə mərkəzinin təhlükəsizliyini artırmaq üçün yeni proqramlar hazırladıq. Sizin niyə belə etmək istədiyinizi başa düşə bilmirik. Burda hər şey sizin mükəmməl olmağınız üçün hazırlanıb. Ev üçün darıxmağınız və evə getmək istəyiniz təbiidir. Amma bizim sizə qarşı heç bir gizli və təhlükəli planımız yoxdur. Təlimlər bitən kimi sizi evə göndərəcəyik. Hələlik xəbərdarlıq edirik , amma bir daha belə bir şey olsa, mütləq cəza olacaq.” Həmin gün bütün ümidlərimiz puç olmuşdu. Çox ümidlənmişdik, qaçış planı mukəmməl idi, sadəcə biz bu planetin sakinlərinin imkanlarını düzgün qiymətləndirməmişdik. İndi ancaq 2029-cu ili gözləmək lazım idi. Çox vaxt qalmamışdı-cəmi 1il. Bu qədər vaxtdan sonra 1 il az görünə bilərdi , amma burada keçirilən hər gün bizim üçün əzaba çevrilmişdi. Kepler-62e planetinin bura hücumundan sonra kosmik teleportasiya sistemində zədələnmə baş vermişdi, bir ilə yaxın təmir etdilər, tam bərpa olundu, 2027-ci ildə isə yenidən problem yarandı. Ümid edirik ki, 1 ilə tam bərpa olunacaq və biz evə qayıda biləcəyik. Heç kimə və heç heç nəyə inam qalmayıb, sadəcə ümid edirik. Fiziki hazırlıq və fərdi inkişaf təlimləri olmasaydı burada qalmaq və yaşamaq tamam əzab olardı. Biz bura Yer planetini daha gözəl etmək üçün gəlmişdik. Bunun üçün 100 işıq ili uzaqda olan bir planetə köçməyə razılıq verdik. On il evdən uzaq, məqsədini bilmədiyimiz varlıqlar arasında, bizə yad olan yerdə ömrümüzdən günlər, aylar, illər gedirdi. Hər kəs öz işini vicdan və sevgi ilə görsəydi, israfçılıq etməsəydi, mənasız müharibələr olmasaydı Yer planeti elə yaşamaq üçün ən gözəl yerdir. Görsəydilər, etməsəydilər, olmasaydı! İnsan belə bir varlıqdır, hər şeyin sonradan fərqinə varır, o zaman da artıq gec olur. Başımıza gələn çox bəlaların səbəbkarı elə özümüzük. Heç vaxt ölməyəcəyimiz kimi haqq-ədalət gözləmədən ard-arda günahlar edirik. Günahlarımızın əzabını çəkəndə isə Allaha üsyan edirik. Çox böyük ümidlərlə gözlədiyimiz 2029-cu il də gəlib çıxdı. Teleportasiya sistemi hələ də təmir olunmayıb. Bu o deməkdir ki, bizim evə getmək ümidlərimiz puç oldu. Sistemin nə vaxt bərpa olunacağı isə məlum deyil. Bu dəfə üsyan etmək üçün heç bir imkan yoxdur. Çünki artıq 4 ildir ki, bizi sərt qadağalarla ciddi nəzarət altında saxlayırlar. Ailələrin bir-biri ilə görüşməyi və söhbəti ancaq təlimlər vaxtı yalnız 5-10 dəqiqəlik fasilələrdə mümkün idi. İnternetə sərbəst giriş bağlanmışdı, həftədə bir dəfə bir saat olmaqla, yenə də nəzarət edilməklə icazə verilirdi. Bizim buradakı boz həyatımıza rəng qatmaq üçün bu ildən idman oyunları- basketbol, voleybol, futbol yarışları təşkil ediblər. Gələn ildən isə avtomobil yarışları təşkil etməyi söz veriblər. Xüsusi qurğu vasitəsilə dünyada olan istənilən avtomobil marka və modelini birə-bir ölçüdə 10 dəqiqəyə hazır edirlər. Mən artıq öz avtomobilimi sifariş etmişəm-Porsche 918 Spyder. Ən azından bir neçə il başımız qarışar, sonrasını isə möcüzə gözləməklə keçirərik. İdman yarışları çox maraqlı keçirdi. Bir ildən sonra demək olar ki, əvvəlki kimi həyəcan və qorxu yox idi. Öz aramızda çempionat keçirdirdik, kuboklar da hazırlamışdıq. Özümüzə hər şeyin yaxşı olacağı fikrini təlqin etməklə bura öyrəşməyə başlamışdıq. Uşaqlar üçün də çoxlu əyləncələr təşkil edilmişdi, hər şey onların ürəyincə idi. Günlər-günləri, aylar ayları, illər-illəri qovurdu. Artıq bütün ümidlərimiz tükənmişdi. Deyəsən ən sonda ümidlərimizlə birlikdə özümüz də burada öləcəkdik. Gözümüz həmişə bir işıq, bir möcüzə axtarırdı. Adi günlərdən biri idi, avtomobil yarışından çıxırdıq, saat 21:15 idi. Birdən göydə işıq əmələ gəldi, sonra sürətlə üzərimizə gəlməyə başladı, bir dəqiqədən sonra yerə çırpıldı. Hər tərəf toz duman oldu. Toz çəkiləndən sonra təhlükəsizlik işçiləri ona doğru qaçmağa başladı. Uzaqdan üzərində “Voyager-1” yazısı aydın görünürdü. Bu Yer planetindən 1977-ci ildə NASA tərəfindən kosmosa göndərilən peyk idi. Peykin içində astronom Karl Saqanın hazırladığı “Voyager” adlı qızıl valda dünya üzrə 27 musiqi var. Bu musiqilərin içində Azərbaycanın xalq artisti Kamil Cəlilovun balabanda ifa etdiyi “Muğam” kompozisiyası da var idi. Yadplanetlilər üçün musiqidən başqa Yer haqqında 116 şəkil, BMT-nin baş katibi Kurt Valdhaymın səsli mesajı, ABŞ prezidenti Cimmi Karterin məktubu, addım səsləri, küləyin vıyıltısı, yağış səsi, quşların səsi və 55 dildə salam sözü də göndərilib. ”Voyager-1”-in 40 min il sonra 17,6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilirdi. Məqsəd yadplanetlilərə Yer haqqında məlumat vermək idi. Amma 57 il sonra bu peyk Utopiya R777 planetində idi. Biz Yerin şəkillərinə baxdıqca, səslərə qulaq asdıqca çox kədərləndik. Azərbaycan musiqisini eşidəndə isə tüklərim biz-biz oldu. Musiqi məni uzaqlara apardı, daha doğrusu öz evimə. Heç bu qədər evə qayıtmağı arzulamamışdım. Həmin gün arzuladım, həm də lap çox. Görəsən heç bir ümid yoxdur bizim burdan getməyimizə? Bəlkə heç bir problem yoxdur? Sadəcə bizi burada həqiqətən gizli məqsədlər üçün saxlayırlar? Bütün bu suallar beynimdə ağacı dayanmadan dimdikləyən ağacdələn effekti yaradırdı. Ürəyim sakitlik tapa bilmirdi, buradan qaçmaq lazım idi, özü də vaxt itirmədən. 18 iyul 2039-cu il. Valideynlərim ilə vidalaşıb evdən çıxdığım gündən 20 il keçir... Utopiya R777 planeti artıq mənim yeni evimdir. Pəncərədən çölə baxıram, 15 gündür aramsız yağan yağış nəhayət kəsilir. Fikirli-fikirli üfüqə baxıram. Üfüqdə qaraltı əmələ gəlir. Əvvəlcə bir, sonra isə yüzlərlə qaraltı. Yaxınlaşdıqca bu qaraltıların kosmik gəmi olduğu aydın görünür, onlar atəş açmağa başlayırlar. Bu artıq müharibədir! Deyəsən Kepler-62e planetinin sakinləri 14 ildən sonra qisas almaq üçün geri qayıdıblar. Bu bizim üçün əla şansdır. Bircə robotların idarəetmə mərkəzinə daxil ola bilsək hər şey yaxşı olacaq. On dəqiqədən sonra hər tərəf döyüş meydanına çevrilir. Çox maraqlıdır ki, ümumi həyəcan siqnalı eşidilsə də, bunkerin qapısı açılmadı. Cəld çölə çıxıram, hər tərəf meyitlə dolu idi, gözüm sürətlə qaçan Hakana sataşır. O idarəetmə mərkəzi tərəfə qaçırdı, Viktor da onunla idi. Mən qaçaraq onlara çatıram. Məni görən kimi Hakan deyir: “Cəld ol, bundan yaxşı fürsət ələ keçməz. Biz bu gün bu planetdən nəyin bahasına olursa olsun qaçmalıyıq.” İri addımlarla, var gücümüzlə qaçırıq, silahlar dayanmaq bilmir, hər tərəf dağıntılarla doludur. Çətinliklə də olsa idarəetmə mərkəzinə çatırıq. Açara və koda ehtiyac yox idi, çünki partlayışdan giriş hissə dağılmışdı və qapı açıq idi. İçəri daxil oluruq, burada heç kim yox idi. Viktor vaxt itirmədən robotların proqramını dəyişməyə başlayır. Arada çölə boylanıb baxırıq, hər yer dağılır, ailəmizdən çox narahıtıq, hər saniyə qızıldır. “Alındı!” deyə Viktor qışqırır. “Siz cəld gedin, ailələri meydanda kosmik gəmilər olan yerə gətirin.” Biz cəld qaçırıq, bizim artıq idarə edə biləcəyimiz robotlarımız və silahlarımız var. Yolda qarşımıza çıxanları öldürə-öldürə sığınacağa çatırıq. Silahla içəri girəndə hamı qorxur, amma bizi görəndə gözlərində sevinc bizə tərəf gəlirlər. Hissə-hissə onları kosmik gəmilərə tərəf aparırıq. Bir saatdan sonra demək olar ki, bütün heyət orada idi. Sonuncu dəfə 20 nəfərlə kosmik gəmilərə doğru qaçırıq. Həyəcandan ürəyim sürətlə döyünməyə başlayır. Evə qayıdacağımız gün nəhayət gəlib çatdı. Var gücümlə qaçıram, hamı bizi çağırır, birdən qarşımda güclü partlayış olur, səsdən qulaqlarım tutulur, heç nə eşitmirəm, bir neçə saniyə sonra huşumu itirib yerə yıxılıram. Ayılanda ilk gördüyüm şey-parlaq xəstəxana işıqları olur. Tibb bacısı ayıldığımı görən kimi həkimi çağırmaq üçün otaqdan çıxır və bir az sonra həkimlə birlikdə içəri daxil olur. Mən həkimi görən kimi deyirəm: “Siz kimsiz? Biz Utopiya R777 planetindən xilas ola bildik? Hamı qayıda bildi? İndi neçənci ildir? -Sakitləşin, nə planet? Hara qayıtmaq? Sizi bura iyul ayının 7-də kəllə-beyin travması diaqnozu ilə gətiriblər, 9 gündür ki siz komada idiz. İndi 16 İyul 2019-cu ildir. Komada olduğunuz müddətdə belə yuxular görməyiniz normal haldır. Bir-iki gün qaldıqdan sonra evə gedə bilərsiz. Ailəniz də buradadır. -Bəs mən bu kəllə-beyin travmasını harada almışam? -İçərişəhərdə iri ağacın budağının qırılıb sizin üstünüzə aşması vaxtı. Məni bağışlayın, getməliyəm, siz isə istirahət edin. Hər şeyin yuxu olduğunu biləndə ürəyimə sakitlik çökür. Bu dünya, bu planet hamımızın doğma evidir. Onu gözəl etmək öz əlimizdədir. Bunun üçün hamımız əlimizdən gələn hər şeyi etməliyik, usanmadan, yorulmadan. Bax onda həqiqətən də Yer planeti yaşamaq üçün ən gözəl yer olacaq. 19 İyul 2019-cu il. Xəstəxanadan çıxıb evə gedirəm. Evə çatan kimi ilk işim-Xəzərin sahilinə getmək olur. Zaqulbada dənizin sahilində dayanıb qayalara çırpılan dalğalara baxıram. Qollarımı geniş açıb, dərindən nəfəs alıb, dənizin havasını ciyərlərimə çəkirəm. Evdən yaxşısı yoxdur!
SON.
© 2020 - Created by İLK XEBER.