Kasıbçılığın irsi və yoluxucu olduğunu düşünəndə ardını yaşamaq çətin olur Cəmiyyətdə qəribə qaydada təbəqələşmə gedir. İnsan təbiətinə xas olan qaydada, yəni savadlı, bilikli, bacarıqlı, çalışqan, uğurlu və imkanlı ardıcıllığı kimi deyil, fərqli qaydada qruplaşır. Bu məntiqin ardıyca düşsək, kommunikasiya qura bilməyənlər, oğrular, yalançılar, kobud və lovğalar, bacarıqsızlar, heç nə öyrənmək istəməyənlər, tənbəllər kasıblıq içində yaşamalı və həyatlarını deyinməklə keçirməli idi. Əslində isə savadlı və bilikli olanlar imkanlı təbəqəsinə çata bilmir. Yalançı, kobud və lovğalar yuxarı başdadır. Çalışqanlar nədənsə uğur qazana bilmir, ya da onların lokal uğuru ölkənin rifah miqyasında çox sönük görünür. Prinsipial şəkildə heç nə öyrənmək istəməyənlər, hətta bəzən bununla fəxr edənlər rəhbər mövqedədirlər. Pullular varidatının haram olmasından qəti utanmır və xarici ölkələrdəki kimi xeyriyyəçilik etmək fikrində deyillər. Bu cür anormal bölgü bir sıra suallar doğurur və ümumilikdə insan psixologiyasının ümumi müddəalarına əsaslanan cəmiyyət qanunlarının bu cür kobudcasına pozulmasının köklərini aramağa məcbur edir. Məsələ qarşıdurma şəklində deyil hələ ki. Yəni ucuzvarı cinsini əyninə, palçıqlı ayaqqabılarını ayağına və təbəssümünü üzünə çəkib gəlmiş, deyək ki, müəllimin (burada kitabxanaçı, tərbiyəçi və s. bu tip savad qazanmış peşə sahibi ola bilər) görkəmi son dəb üzrə geyinmiş, dırnaqları topdağıtmaz manikürlə bəzənmiş, hündürdaban ayaqqabılarını hansısa konsert salonunun mərmər döşəməsində tıqqıldadan, dərisi xüsusi qulluq görmüş xanımın (katibə, satıcı, lap evdar xanım da ola bilər) bir məclisdə görünməsi hələ ki mümkündü. Onlardan biri metro ilə və palçıqlı küçələrdən keçib gəlibsə, o birinin ayağı heç yerə dəyməyib, birbaşa foyeyə daxil olub. Çünki birinin onu ötürəcək adamı varsa, hələ işdədi, ya da yorğundu, digərinin müşayiətçisi qadınını vaxtında yerinə çatdırmaq üçün bir düjün adamı sulayaraq maşınını düz yolun ortasında saxlayıb və hərəkəti kəsib. Kənardan müşahidə edəndə bunlardan hansı uğurlu görünür və hansı bütün bunlara layiqdi? Təəssüf, bizim məmləkətdə yuxarıdakılar aşağıdakıların layiq olduğu kimi yaşayır. Mənəvi keyfiyyətləri uğur göstəricilərinə layiq olmadığına görə örnək ola bilməsələr də, həsəd obyektinə çevrilirlər. Bu cür təbəqələşmə mülkədar-kəndli, sahibkar-fəhlə münasibətindən onunla fərqlənir ki, heç kim öz yerində deyil. Adamlıqdan kəm olan yuxarı başda, savadlının birisi boynunu əymiş vəziyyətdə olmamalı idi. Ölkənin rifah göstəricilərinin artmasına baxmayaraq, bizim ən böyük milli problemimiz kasıbçılıqdı. Yuxarıdakılar nə qədər söz versələr də, kasıblığın öhdəsindən gələ bilmirlər. Kasıblıq həddini müəyyən edən rəqəmlər və bütün dünya üzrə meyarlar mövcuddur. Bu rəqəmlərə nəzərən biz hamımız kasıbıq, sadəcə, cəmiyyət bundan xəbərsizdi. Elita həmişə xalqdan yaxşı yaşayıb, amma aralıqda yaranan uçurum bu qədər dərin deyildi. İndi bu uçurumda bütöv nəsil insan taleləri məhv olur. Bizi anlamaq çətin deyil, axı ömrümüzü televiziyadakı şəkil kimi həyatla müqayisə edirik və reklamlar bizə yaşamağı öyrədir. Biz hətta arabir xaricdə evsiz-eşiksizin işsizliyə görə aldığı aylıq müavinətdən az məbləğə yaşadığımızla fəxr də edirik. Yəqin ki, yad ölkələrlə müqayisəyə son qoymağın vaxtı çatıb. Özümüzü özümüzə nəzərən qiymətləndirək. Bizim babalarımız aclığın, atalarımız kasıblığın nə olduğunu yaxşı bilirdi. İndi gözyaşardıcı kasıblıq da əslində yoxdu. Biz, sadəcə, gələcəyimizə təminat toplamadan maaşdan maaşa yaşayırıq. Yəni bu günümüz yox, gələcəyimiz kasıblayır. Kredit götürürük, kirayədə yaşayırıq, gələcəyimizi görmürük. Məhz bu səbəbdən üzümüz gülmür. Axı kasıbların sevinməyə bəhanəsi olmaz. Psixologiyada “qazanılmış acizlik” termini var, daha yaxşı yaşamağa çalışmayanlar üçün tətbiq edilir. Məsələn, Sovetski ərazisində yaşayanların böyük bir hissəsi hələ daxmaları sökülməmişdən əvvəl həyatlarını yaxşılaşdıra bilərdi. Amma istəmədilər. Kasıbçılıq bir həyat tərzinə çevrildi və hətta zorla köçürüləndən sonra da razılıq duyğusu yaşanmadı. Kasıbçılıq və narazıçılıq irsi yolla nəsildən nəslə köçürüldü. Bizim vecimizə deyil ki, almandan, fransızdan kasıb yaşayırıq, bu dərdə dözərik. Biz öz vətəndaşlarımızdan kasıb olmağımızdan narahat oluruq. Biz gəlirlərimizə görə deyil, bərabərsizliyə görə rahatlıq tapa bilmirik. Əsas səbəb isə ondadır ki, bizi təzəlikcə kasıblıqdan çıxmış adamlar idarə edir. Dövlətliləri, imkanlıları, ziyalıları məlum tarixi dövrlərdə məhv elədilər. İndiki oliqarxların “atam belə edib, babamdan öyrənmişəm” deyə nəvələrinə ötürəcək ənənəsi yoxdu. O, incəsənət əsərlərinə dəyər verə bilmir deyə alıb kolleksiya toplamaz, çünki atasının, babasının mesenatlığını görməyib. O, kasıbın uşağının başını sığallaya bilməz, çünki özü də bütün nəsli ilə bərabər dəstə ilə sığal gözləyənlərin içində olublar. Kasıblıq maddi deyil, ruhi durumdur. Kasıb ölkələr olduğu kimi, irsən kasıb xalqlar da olur. “Kasıb pul tapdı, xərcləməyə yer tapmadı” deyən bir xalq məsəlində olduğu kimi pul var, amma yerinə gedib çatmır. İmkanını fantastik qiymətə alınmış maşınlar, göydələnlər, gözqamaşdırıcı həyatla gözə soxmağa çalışanların gözünün doyan günü gəlməyəcək. Üstəlik, bu murdar ənənələrini nəsillərinə də ötürəcəklər. Bizim yuxarıdakılar aldıqları həyat dərsini çox yaxşı öyrəniblər və heç vaxt geriyə, kasıbçılığa qayıtmayacaqlar. Əslində kasıblardan dövlətə, hakimiyyətə ziyan gəlməz. Təhlükə həmişə əli çörəyə çatmayan ziyalılardan gəlir. İnqilabları da onlar edir, ölkəni də onlar çaxnaşdırır. Onlar olmasa da, iş getmir. Deməli, növbəti porsiyanı verməyin tam zamanıdır. Heç olmasa oliqarxın qudurmuş balası maşınında şütüyüb onu palçığa bulaşdıranda gedib bir dəst paltar almağa imkanı olsun. Yoxsa əyilib yerdən daş götürəcək. Bu daş kimə dəyəcək, bilinmir. Hər halda sürətlə şütüyən maşın göz qırpımında gözdən itəcək...
© 2020 - Created by İLK XEBER.