“Utanmasan oynamağa nə var ki” atalar sözünü folklorunun bəzəyi kimi qoruyub saxlayan millət, təbii ki, müəllimin rəqsinə pis baxacaq. Sözün düzü, məndə elə bir ovqat yoxdur ki, rəqs edib telefona çəkəm, amma bunu edəni də qınamaq hissindən uzağam. Bəlkə, həmin vaxt adam fiziki-mənəvi yorğunluğun əlindən canını qurtarmağa çalışıb, eynini açmaq istəyib. Burda qəbahət yoxdur. Heç seçkidəki çarəsizliklərinə görə də müəllimləri qınamıram. Onları bu vəziyyətə məcbur edənləri suçlamaq lazımdır. Müəllimləri həmişə özlərindən asılı olan vəziyyətlərinə – dərsi yarımçıq buraxıb müəllimə yoldaşlarıyla qeybət etməklərinə, sinifdə kosmetika firmalarından gələn işçilərin göstərdikləri kataloqları nəzərdən keçirdiklərinə görə qınamışam. Son günün gündəminə görə köhnə bir yazımı ixtiyarınıza verirəm. Rəqsi buraxın da müəllimi bu cəhətlərinə görə qınayın. Kitab təqdimatlarından birində Sabir Rüstəmxanlı gənc yazarların bəzilərini qınadı. Dedi ki, elə bil bunlar Azərbaycanda yaşamırlar, bu millətin necə yaşadığından xəbərləri yoxdur. Onun sözləri məni də silkələdi. Amma düşündüm ki, bundan mənə pay düşmür, hansı ölkədə, necə adamlarla yaşadığımı bildiyimdən bacardığımdan, yazılması mümkün olanlardan yazıram. Axına qoşulub və ya şəxsi mənafe üçün kimsəni tərif və tənqid etmək mənə yad xüsusiyyətdir. Qaldı siyasi məsələlər, etiraf edim ki, sevmədiyim sahə olduğundan, başım çıxmadığından (xalqın dili ilə yazsam, daha ifadəli çıxar) qoşulmuram. Amma millət üçün nəyin daha yaxşı ola biləcəyini bilirəm, çox şeyin yerində olmadığından da xəbərdaram. Xalqına canı yanan da, yanmayan da var. Elə mövzular var ki, yazmaqda tək mən yox, çoxumuz gücsüzük. Mövzu da var ki, kütlə onu anlamağa hazır deyil. Çox vaxt da tənqid etdiyimiz mövzu üçün elə xalq özü bizi dara çəkməyə hazır olur. Məsələn, müəllim haqqında indi yazacağım fikirlərə çoxunuz etiraz edəcəksiniz. Daha doğrusu, yaşlı nəsilə inandırıcı gəlməyəcək, amma yaşıdlarım, bir də valideynlər razılaşacaqlar. İllərdir müəllim haqqında xoş sözlər, dahiyanə fikirlər söylənilir. Amma bəziləri nə bu peşəyə, nə də xoş sözlərə layiqdirlər. Rəftarlarından, bəzi cəhətlərindən elələrinin elm ocağında olmağına təəssüflənirik. Az maaşa görə ələbaxımdırlar deyib can yandırırıq, amma çoxunun maddi durumu pis deyil, yenə də gözləri valideynin cibində olur. Çətinliklə dolanan müəllimlər var ki, peşəsinə sədaqətini, əqidəsini heç nəyə təslim etmir. Əgər yaxşıları əsas götürəcəyiksə onda pislər niyə bu peşədə çalışmalıdırlar? Kimin ki, insan olaraq nəfsi, tamahı güclüdür, vəzifəsində də bunu büruzə verir. Adam evindən çıxıb cəmiyyətə qarışanda bütün xüsusiyyətlərini özü ilə olduğu mühitə daşıyır. Buna görə, ilk növbədə mənəvi dünyamızın saflaşmasına çalışmalıyıq. Bütün sahələrdə indi layiqli və layiqsiz vəzifə daşıyanlar çoxdur. Müəllimlik peşəsinə də, təəssüflər olsun ki, təsadüfdən yiyələnənlər az deyil. Beləsini hər dəfə əlində jurnal auditoriyaya girən görəndə ömrü boyu bu peşəyə yiyələnmək istəyi ilə yaşayan, amma qisməti olmayan insanları yada salıb heyifsilənirəm. Onlar çox güman ki, uşaqlıq illərini böyüyəndə ticarətçi olacağı ümidi ilə arxada qoymuş, təsadüf nəticəsində müəllim olmuşdular. Elə hər şey də burdan başlayır. Hədsiz dərəcədə tamahı və nəfsi belələrini ali təhsil ocağında “biznes” işlərindən çəkindirmir, təhsilə, tələbələrə zərər vururlar. Əsl müəllimi nişan verən cəhətlər mövcud olduğu kimi, müəllim adını əqidəsi ilə deyil, kağız parçası ilə qazanmışların da öz əlamətləri olur. Sovet tərbiyəsi alanlar kimi “müəllimin çörək yemədiyini” düşünməsəm də, onun öyrətməkdən, biliyi dəyərləndirməkdən başqa da nəyləsə məşğul ola biləcəyi ağlıma gəlmirdi. Ədavəti olan müəllimə qarşı tələbələri qızışdırıb qalmaqal yaradan, tələbədən-tələbəyə xəbər aparıb onların savaşından ləzzət alan müəllimlə qarşılaşmağım müəllim anlayışı haqqında ilk psixoloji travmam oldu. Bu peşənin daşıyıcıları arasında müəllim yoldaşını pisləyib özünü tələbələrin gözündə ucaltmaq, çalışqan tələbəni hər vasitə ilə ruhdan salmaq, güclə özünə ad günü təşkil etdirib, o biri müəllimlərə acıq vermək kimi iyrənclik edənlər də var. Onlar valideynləri, şagirdləri müzakirə etməyi, tələbəni ələ salmağı, alçaltmağı xoşlayırlar. Sizin bilib demədiklərinizin daha çox olduğundan əminəm. Adamın dili gəlmir bu gözəl peşəni onlara müraciət kimi ünvanlamağa. “Çünki onun xilqətində ayrıca bir füsun var…” Mikayıl Müşfiqin ana haqqında yazdığı bu misranı elə müəllim haqqında da söyləmək olar. Gözəl qadınlar çoxdur. Amma onların hamısı müəlliməyə oxşamır. “Müəlliməsiniz?” deyə soruşacağımız qadında gərək elə bir ədəb-ərkan olsun ki, biz onun mütləq müəllimə olduğunu düşünək. Müəllimələrdə elə bir fizionimiya olur ki, bütün cizgilərindən təlim-tərbiyə, elm oxunur. Mimikasından filan şeylər oxunan adama müəllim demək olmaz. Elələri barəsində mütləq ölçü götürmək lazımdır.
© 2020 - Created by İLK XEBER.