Yenə təhsil barədə (“Amerika dəftəri”ndən)

ABŞ-a üç həftəlik səfərimiz zamanı hökumət strukturları, ictimai təşkilatların nümayəndələri ilə görüşlərlə yanaşı, bu ölkədə təhsilin vəziyyəti ilə bağlı da informasiya əldə edə bildik. Bəllidir ki, hər bir ölkənin gələcəyi onun yetişdirdiyi nəsildən asılıdır və bu sektora olan diqqət xalqın, dövlətin sabahına olan diqqətdir. Elmə qoyulan vəsait isə bütün başqa sahələrə niisbətən daha çox gəlir verir. Sözün həm zahiri, həm batini mənasında. Hamı təhsil almalıdır Azadlıq ölkəsində vətəndaşlığı olub-olmamasından asılı olmayaraq, hamı orta təhsil almalıdır. Təhsilə cəlb olunma xüsusi nəzarətdədir. Hər bir uşaq valideynlərinin arzu və imkanından asılı olaraq, ictimai və ya özəl məktəblərdə, eləcə də evdə təhsil ala bilər. İcbari təhsil on iki ildir. Məktəbdən əvvəl uşaq beş yaşından bağçaya getməlidir. Bizdən fərqli olaraq, orada bağça həm də məktəbdir. İbtidai siniflərə qəbul olunmaq üçün bağçanı bitirmək lazımdır. İctimai məktəblər Statistikaya görə, bu ölkədə 115 min orta məktəb fəaliyyət göstərir. Bu məktəblər ictimai və özəl olmaqla iki yerə bölünür. İctimai məktəblər (public scools)  daha geniş yayılıb. Təhsil Statistikası Milli Mərkəzinin 2005-ci il üzrə ümumi hesabatına görə, ABŞ-da səksən min belə məktəb var. İctimai məktəblərin hər birinə konkret ərazidə yaşayan şagirdlər cəlb olunur. ABŞ-da öz övladlarına yüksək təhsil vermək çox ciddi məsələdir. Bu, evlərin qiymətinə də təsir edirmiş. Araşdırmalar göstərib ki, daha yüksək səviyyəli ictimai məktəblərin əhatə etdiyi ərazidə evlərin qiyməti başqalarından bahadır. İctimai məktəblərdə təhsil pulsuzdur. Bu məktəblərdə dərsdən sonra günüuzadılmış qruplar da olur və şagirdlər istədikləri təqdirdə müəllim nəzarəti altında sabahkı dərslərə hazırlaşa bilirlər. Bundan başqa, belə məktəblərdə kasıb ailədən (o vaxt Texasda əmək qabiliyyətli bir şəxsə düşən illik gəlir 27 min dollardan az olanda ailə kasıb sayılırdı) olan uşaqlara pulsuz yemək də verilir. İctimai məktəblərdə oxuyan uşaqları bu məqsədlə ayrılmış avtobuslar evlərindən yığıb məktəbə aparır, dərsdən sonra isə evə qaytarır. İctimai məktəblər arasında xüsusiləşdirilmiş və çarter tipləri də var. Birinciyə maqnit məktəblər də deyilir. Bu təhsil ocaqlarında təhsil bu və ya digər təmayül üzrə olur (məsələn, riyaziyyat, humanitar fənlər, incəsənət) və həmin sahə daha ətraflı öyrədilir. Xüsusiləşdirilmiş məktəb tipləri keçən əsrin 60-cı illərindən etibarən yaranmağa başlayıb. “Magnet scools of Amerika” təşkilatının hesabatına görə, 2004-cü ildə ölkədə üç min yüz belə məktəb olub. Bu məktəblərə qəbul olunmaq çox çətindir. Çünki qəbul imtahanları  mürəkkəb, arzu edənlər isə çox olur. Buna görə ərizə verənlərin 80-90 faizi ələnir, müsabiqədən keçmir. Xüsusiləşdirilmiş məktəblər də ibtidai, natamam orta və orta məktəb bölgüsünə malikdir və bunların birindən o birinə keçmək asan deyil. İbtidai sinifləri maqnit məktəbində oxuyan şagird qoyulan tələblərə cavab verməsə, adi ictimai məktəblərə qayıtmalı olur. İctimai məktəblər arasında çarter məktəblərin öz yeri var. Burada oxuyanlara çox yüksək səviyyəli təhsil verilir. Özəl məktəblər ABŞ-da özəl məktəblərin daha çox yayıldığı ərazi Nyu-York hesab olunur. Bu məktəblər valideynlərin verdiyi pul hesabına fəaliyyət göstərir. Özəl orta və ali məktəblərdə illik təhsil haqqı müvafiq olaraq 12 600 və 34 700 ABŞ dollarıdır. Valideynlərin xərci bununla bitmir. İctimai məktəblərdən fərqli olaraq, özəl məktəblərdə nəqliyyat xərclərini də valideynlər ödəyir. Əvəzində ali məktəblərə qəbul zamanı onlar daha az xərc çəkirlər. Ev təhsili Amerika uşaqları heç bir məktəbə getmədən evdə də təhsil ala bilərlər. Səksəninci illərin əvvəllərinə kimi evdə təhsil qanunsuz sayılırdı və yalnız xəstə uşaqların bu cür təhsil almasına icazə verilirdi. Sonralar bir sıra xristian konfessiyaların təmsilçiləri ABŞ məktəblərində təhsilin dünyəvi olmasını əsas gətirib ev təhslinin qanuniləşdirilməsi istiqamətində fəaliyyətlərə başladılar və istəklərinə nail oldular.  Ayrı-ayrı ştatlarda bu təhsillə bağlı qaydalarda fərqlər də var. Bəzilərində uşağın evdə təhsil alacağı barədə müvafiq strukturları xəbərdar etmək yetərlidir. ABŞ Ev Təhsli Tədqiqatlar İnstitutunun verdiyi məlumata görə, 1984-cü ildə əlli min amerikalı uşaq ev təhsili alıb. 2003-cü ildə bu göstərici milyonu ötüb. Orta məktəbi bitirmək haqqında attestat almaq üçün evdə oxuyan şagird ictimai məktəblərdə təhsil alan şagirdlərin verdiyi imtahanı verməlidir. Ev təhsilinin bir sıra problemləri var. Valideynlərin üzərinə çox yük düşür. Onlar həm də pedaqoq olmalıdır. Müəllimlər ABŞ-da həkimlikdən sonra ən hörmətli peşə müəllimlikdir. Son məlumatlara görə, bu ölkədə üç milyon yarım müəllim çalışır. Amerika müəllimi həftədə qırx saat məktəbdə olur. Yay məzuniyyəti isə iki aydır. 2005-ci ildə büdcədən maliyyələşən məktəblərdə çalışan müəllimlərin orta illik əmək haqqı 47 500 dolar olub. Müxtəlif ştatlarda müəllimlərə verilən əmək haqqı fərqlidir. Məsələn, Konnektikut pedaqoları ildə 57 min dollar maaşa qol çəkirlər. Bundan başqa, onların sığortası da olur və təqaüdə çıxanda yüksək pensiya alırlar. “Parlaq üfüqlər” İslam Akademiyası Amerikada olarkən Dallas Metodist Universiteti və həmin şəhərdəki “Parlaq üfüqlər” İslam Akademiyasında da olduq. Akademiyanın direktoru Adnan Omran bizimlə söhbətində bildirdi ki, bu təhsil ocağı islam təhsil sistemində yeni bir modeldir. Məktəb direktorunun sözlərinə görə, məqsədləri məsuliyyətli, ciddi, azad, təşəbbüskar, iradəli fərdlər yetişdirməkdir. Akademiya Şimali Texas əhalisinə xidmət edir və ABŞ-ın cənubunda yeganə belə təhsil ocağıdır. Akademiyanın girişində bir yazı mətni diqqətimizi cəlb etdi. Dedilər anddır. Şagirdlər hər gün dərsə bu andla başlayırlar: “Mən öz dinimə bağlılığıma and içirəm, valideynlərimin və müəllimlərimin şərəfinə and içirəm. Mən sülhü və əmin-amanlığı öz cəmiyyətimdə ali tutacağıma and içirəm. Allah, mən Sənə inanıram. Mənə bu imanımı qoruyub saxlamaqda kömək et”. Akademiyanın müəllimləri arasında müsəlmanlarla yanaşı, digər din mənsubları və ateistlər də vardı. Pis şagird olmur ABŞ-da şagirdlər xüsusi diqqətlə əhatə olunub. Əgər uşaq valideyn nəzarəti olmadan küçəyə çıxarsa və üzü cızılarsa, valideyn buna görə cavab verməli olur. Məktəbdə dərsə başlamamış müəllim bir neçə dəqiqə şagirdlərin əhvalı ilə tanış olur. Əgər bu və ya digər şagirdin üzündə cızılma, qançır və s görərsə, polisə məlumat verməlidir. Bundan sonra valdeyn məhkəmədə cavab verir. Adnan Omran danışırdı ki, bir dəfə yetkinlik yaşına çatmamış oğlu yol hərəkəti qaydalarını pozubmuş, buna görə onu 200 dollar cərimə ediblər. “Belə hadisə bir də təkrar olunsa, məni 700 dollar cərimə gözləyir. Hətta ciddi pozuntular olsa, valideynlik hüququndan məhrum edə bilərlər”, - deyə Omran bildirdi. Bir dəfə Sviss Avenyü ilə gedərkən maraqlı bir mənzərə gördüm. Məktəb avtobusu dayananda sürücü tərəfdən avtomatik olaraq hərəkəti qadağan edən yol işarəsi açılır. Bu halda arxadakı avtomobillər dayanır, avtobusdan düşən şagird aralanıb, avtobus hərəkət etməyincə gözləməli olurlar. Hərəkətin dayandırılmasına səbəb uşağın sağa yox, sola qaçma ehtimalıdır. Məktəbdə şagirdlərin istedadının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Əgər bir şagirddə, məsələn, rəssamlıq istedadı varsa, amma valideyni onun təhsilini davam etdirməsinə mane olursa, övladlarının öz peşəsini davam etdirməsini istəyir. Bu vaxt məhkəmə işə məhkəmədə baxılır və uşağın xeyrinə qərar çıxarılır. Əgər valideyn kasıbdırsa, onda xeyriyyə təşkilatları işə qarışır. Şəhərdəki təkcə “Unated Way” Xeyriyyə Cəmiyyətinin illik büdcəsi 150 mln dollara yaxın idi... Xeyirli şənbələr...