İki qadın

Böyük bir şəhər. Şəhərə şəhər görünüşü verən hündür mərtəbəli binalar illərdir iki həmsöhbəttək üz-üzə dayanıb. Ömürlərini beləcə lal-dinməz bir-birlərinə tamaşa etməklə keçiriblər. Binanın pəncərələrində sakinlər sanki öz büstlərini qoyublar. Pəncərələr əlacsız insanların əyləncə yerinə çevrilib. Burada günün müxtəlif saatlarında bir-birinə tamaşa edən iki qadın görünür. Elə bil yuvadan quş balaları boylanır. Uzaqdan-uzağa  bir-birləri ilə xəyalən  söhbət edirlər.  Baxışları ilə qadının biri digərinə həsədlə: – Xoşbəxtsən – deyirdi. O biri qadınsa maraqla: – Beləmi görünür? – deyə soruşurdu. – Ailəli olmaq xoşbəxtlik deyilmi? – Bəlkə, sən xoşbəxtsən. – Nə üçün? – Bax eyni yaşdayıq. Amma mən gör nə qədər yaşlı görünürəm. Qırışların, ağarmış birçəklərin heç biri məmnunluğun göstəricisi deyil. Sənsə daha şuxsan. Küçədə şütüyən maşınların səsindən bir qədər susmalı olurlar. Binanın üstündən boylanan günəş   elə bil sakit-sakit onları dinləyirdi. – Sokratın fikirləri ilə tanışsınızmı? – Sokratın o qədər fikirləri var ki. Qadın mənalı tərzdə gülümsəyir. Həmsöhbəti başa düşür ki, o yəni “hansı fikrini nəzərdə tutursan?” demək istəyir. – Söhbətimizə uyğun olanı – “Nə edirsən et onsuz da peşman olacaqsan ...” fikrini deyirəm. – Həə, xatırladım. Bunu evlənmək istəyən gəncə deyir. Hər ikisi gülümsəyir. – Peşmansanmı? –İzah etmək çətindir. –Nə üçün?
  • Şüurumuza hopan dəyərlər baxımından düşündüklərim qəbahətdir.
– Lap Oşoya bənzədin. – O kimdir? – Bütün yaşadıqlarımızın əksini düşünən bir insandır. – Qəribədir, həmfikir olduğun adamlar çox olduğu halda, bircə ömür yoldaşınla eyni şeylər haqqında düşünə bilmirsən. – Bəs deyirlər “Ərlə arvadın torpağı bir yerdən götürülür?” – Kişilər qadını onu kimi düşünməyə məcbur etdiyindən yaxud da qadın ərinin xüsusiyyətlərinə uyğunlaşdığından zahirən belə görünür. Əgər kişi qadının deyib-gülməyini istəmirsə təbii ki, qadın buna tabe olacaq və qaraqabaq təsiri bağışlayacaq. – Özü istəməsə belə? – Əlbəttə. Ailəsini qorumaq üçün buna özünü məcbur edəcək. Söhbətin bu məqamında evli qadını içəridən səsləyirlər, pəncərədən çəkilməli olur. Tənha qadın onun arxasınca baxıb “Görəsən haqlıdırmı?” deyə düşünür. Xeyli vaxt ötür. Bir gün həyətdə qarşılaşırlar. Biri əri ilə, o birisi isə yalnız halda toya gedir. Tənha qadın zövqlə bəzənib, ailəli qadınsa olduqca sadə görünüşdədir. Toy boyunca da bir-birini gözdən qoymayırlar. Həmişəki kimi baxışları ilə danışırlar. Tənha qadın hərəkətlərində nə qədər sərbəst idisə evli qadın bir o qədər utancaq və çəkənəcəkli görünür, yalnız ərinin ürəyincə olan hərəkətləri edir, bir-biri ilə salamlaşan dost-tanışları,  rəqs edənəri süzüb, yazıq-yazıq boynunu bükür. Toydan çox yas yerinə gələn adamın ovqatındadır. Tənha qadının nəzərləri onlara dikilib. Baxışlarından həsəd duyulurdu. Toy sona yetməmiş ərinin istəyinə əsasən qadın oranı tərk edir. Tənha qadınsa ümidini tutacağı gülə bağladığından toyun sonunacan gözləməlidir. Gecə evə gələndəsə toy boyunca cəmi bircə  dəfə gülümsündüyü üçün evli qadın əri tərəfindən məzəmmət edilir. Səhərəcən ağlayır. O biri binada da tənha qadın yastığı ilə qucaqlaşıb makiajını göz yaşları ilə yuyur. Gecəyarı  pəncərəyə yaxınlaşıb yenə xəyalən qadınla söhbət etməyə ehtiyac duyur. Gözündən axan iki damla yaş binadan aşağı yuvarlanır. Torpağı islatmağa yetməyən bu damlalar heç qadının tənhalığına da çarə edə bilmir. Kədərinə sanki göz yaşları özləri də ağlayır. O gecə qadınların biri o birisinin xoşbəxt olduğunu düşünür. Səhər açılınca “qəm otaqlarının”-pəncərənin qarşısına gəlib həmişə olduğu kimi yenə səssiz – səmirsiz söhbətlərinə davam edirlər. – Sən xoşbəxtsən. – Bu söz üstümə atılmış böhtan kimidir. Etmədiyim bir suçda təqsirləndirilməyimi zənn edirəm. – Axı mən bütün gecəni ağlamışam. – Nədən mənim də ağlaya biləcəyimi düşünmürsən? – Məni tənhalıq ağladır. Axı sən tənha deyilsən. – Ailəm olduğu üçün belə zənn edirsən, amma yanılırsan. Bəzən onlarla insanın arasında belə yalnız olursan.  Səni tənhalıq, mənisə ərim incidir. Hansı daha dözülməzdir?  Ən böyük bədbəxtlik xoşbəxt görünməkdir. Adamlar səni səadətə qısqanır, sən isə daha çox  əzab çəkirsən. Arzularının pərən-pərən düşdüyündən heç kəsin xəbəri olmur. Ailən olduğu üçün sənə baxıb köks ötürənlər bu ailəni qurduğun üçün özünü nə qədər bədbəxt hiss etdiyindən xəbərsiz olurlar. Sən azadlıq eşqi ilə özünü divarlara çırpıb darmadağın olanda məhbəsin səni özgələrə göylərin kəhkəşanında göstərir. Biləyindəki qolbağı səni müttəhimtək birinin qoluna bağlayanda hardasa  başqa biri sənin yerində olmağı arzulayır. Bu bədbəxtlik deyilmi? Qadın çaşqınlıq içində idi. Gözlərindən təəccübləndiyi oxunsa da fikirləri  dəyişmirdi. – Sən pəncərədən çəkilib geri dönəndə ərini, övladlarını görürüsən. Mənsə arxaya çəkilən kimi  boş divarlarla üzləşirəm, ağlayanda da yanımda heç kəs olmur. Tənha qadın köks ötürür. Nəfəsi küləyə çevrilib uğuldayır. İkisi də eyni səmtə baxırlar. İpdəki uşaq paltarları sağa-sola yellənir.