“Xalq Cəbhəsi”nin əməkdaşı Macarıstan mediasında erməni vandalizmindən yazdı

  Jurnalist, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və məşhur macarıstanlı türkoloq dr. İstvan Seresin həmmüəllifliyi ilə Macarıstanda fəaliyyət göstərən http://www.newjsag.hu portalında Xocalı soyqırımı, erməni işğalı və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə bağlı məqalə dərc edilib. Məqalədə (http://www.newjsag.hu/2020/02/23/28-eve-tortent-a-hocali-meszarlas-egy-maig-alig-ismert-nemzetkozi-tragedia-tortenete/) erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırım və işğal, eyni zamanda etnik təmizləmə siyasəti tarixi faktlarla əks olunub. Xocalıda baş verən dəhşətlər barədə məlumat verilib. Qeyd olunub ki, Xocalı qətliamı bir çox ölkələr tərəfindən bəşəriyyətə qarşı cinayət və soyqırımı kimi qiymətləndirilir. 2012-ci ildə Meksika və Kolumbiya, 2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, 2014-cü ildə Honduras, 2016-cı ildə İordaniya və 2017-ci ildə Cibuti Parlamenti və.s, həmçinin ABŞ-ın 21 ştatı bu soyqırımı tanıyıb. Bundan başqa yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə qeyd olunub. Həmçinin Qarabağın işğal edildiyi və insanların öz yurd yuvalarından didərgin düşdüyü, məcburi köşkünə çevrildiyi önə çəkilib. Qarabağın qeyd şərtsiz işğaldan azad edilməsi barədə BMT təhlükəsizlik şurasının 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistanın işğalı davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq hüquq normaları münqaişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini diktə edir. Son illərdə bir çox ölkələr Azərbaycanla həmrəy olduğunu və Ermənistanın işğaldan əl çəkməsinin vacibliyi ilə bağlı mövqe ortaya qoyub. Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərlə bağlı bir sıra beynəlxalq qərarlar qəbul olunsa da, Ermənistan işğalçı siyasətini davam etdirərək onların icrasına mane olub.