Rəbbim, şükürlər olsun ki, Şeytanı yaratdın…

Şükürlər olsun Sənə, Pərvərdigara, hər şeyə görə şükürlər olsun. O cümlədən ona görə ki, fənanı və bəqanı yaratdın, zamanı və məkanı yaratdın, xülasə, masivanı yaratdın. Şükürlər olsun Sənə, ey «adı bağlı qapılara açar olan» (Nizami), alqış cəlalına. Şükürlər olsun Sənə, Sən bir kərə «Ol!» deməklə hər şeyi yaratdın. Şükürlər olsun sənə, Mövlam, Sən Ayı, Günəşi, ulduzlu səmanı yaratdın. Planetləri – Zöhrəni, Utaridi… yaratdın, onları görünməz bağlarla bir-birinə bağladın. Şükürlər olsun Sənə, Pərvərdigara, Sən yer üzündə cəmadatı, nəbatatı, heyvanatı və insanları yaratdın. Hər şeyə bir şəkil verdin, bir naxış vurdun. Ey yoxdan var edən Tanrı, şükürlər olsun o saata, o dəqiqəyə ki, Sən torpaqdan Adəmi yaratdın. Şükürlər olsun, Rəbbim, Sən haqla batili bir-birindən ayıran furqanı yaratdın. Şükürlər olsun ki, Sən həm də Şeytanı yaratdın… Və o Sənə asi oldu. Və Sən onu dərgahdan qovdun. Və ona möhlət verdin ki, qiyamətə qədər Adəm oğlunu yoldan çıxarmaq üçün əlindən gələni etsin. Və Şeytan Adəm ata və Həvva nənənı aldadıb gətirdi yasaq olunmuş meyvə ağacının yanına. Və onlara həmin yasaq olunmuş meyvəni tərif elədi. Şeytan baxdı, Adəm baxdı, Həvva baxdı, Şeytan baxdı, Adəm baxdı, Həvva baxdı. Umsundular, tamsındılar. Nəhayət, duruş gətirə bilməyib qadağan olunmuş ağacın meyvəsindən yedilər və cənnətdən qovuldular. Şükürlər olsun. Əgər Şeytan olmasaydı, Adəm sınağa çəkilməzdi. Əgər Şeytan olmasa idi, Adəm baba və Həvva nənə yasaqlanmış meyvəyə meyl eləməzdi. Əgər Şeytan olmasaydı, onu yeməzdilər. Əgər onu yeməsəydillər, bu dünya da olmazdı və cəhənnəm də olmazdı. Cəhənnəm olmasaydı, Veyl quyusu (deyilənə görə, bu quyuya vətən xainlərini atırlar. Bu quyunun dərinliyi yetmiş ildir. Yəni bir adamı ora atanda yetmiş ildən sonra gedib quyunun dibinə çatır) da olmazdı, Qayya quyusu da olmazdı, cəhənnəmin təpələri də olmazdı. Qır qazanları da olmazdı. Zəqqum ağacı da olmazdı. Və indi dünyada olanların və bundan öncə də olacaqların hamısı hazırda cənnətdə olardı.  Bir kərə Ələst bəzmində «Ələstü Rəbbikum?» sualına «Bəli» cavabı verib imtahansız-filansız hamı keçib əyləşmişdi cənnətin göbəyində. Bu saat harın oliqarxlar, cibindən və mədəsindən başqa tanrısı olmayan “ərbabi-vəhşətlər”, traybalist həriflər, korrupsiyaçı xəriflər, seçkidə dəstə ilə bülleten basan dovşan baxışlı kişilər, seçki saxtakarlığını görən jurnalistə “işverənlik eləmə” deyə çəmkirənlər və s həşəratların cəmisi yaşıl çadırlarda mütəkkələrə dirsəklənib sağlıq deyir, şərab içirdilər. Kimisi cənnətdə şərab süzən huriləri intizama dəvət edir (“aazz, bir-bir…”), kimisi yaxınlıqdakı qılmanın qulağına kompliment pıçıldayırdı…. …Şükürlər olsun Sənə, Pərvərdigara, Sən Yeri və ərşi-əlanı yaratdın, fənanı və bəqanı yaratdın, zamanı və məkanı yaratdın və həm də Şeytanı yaratdın… Xeyirli cümələr