İşğalçı ölkə hökuməti martın 20-dən, yəni Azərbaycanda Novruz bayramının qeyd edilməsindən başlayaraq 3 ay ərzində səfərbərlik etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə “Hraparak" qəzeti yazır.
Ötən gün – fevralın 26-da Ermənistanda "Təlim-məşq toplanışlarının elan edilməsi haqqında" qanun layihəsi ictimai müzakirəyə təqdim edilib. Qanun layihəsinə əsasən 373 vətəndaşın səfərbər edilməsi təklif olunur. Onlardan 233-ü sıravi heyət, 44-ü kiçik zabit heyəti üzvləri, 97-i isə ehtiyatda olan yuxarı rütbəli zabitlərdir.
“Görəsən, bu qədər uzunmüddətli bir səfərbərliyin səbəbi nədir?”-deyə erməni nəşri sual edir.
“Müdafiə mütəxəssislərinin fikrincə, maksimum səfərbərlik müddəti bir aydır. Rəsmi bir açıqlamaya görə isə, son illərdə Ermənistan Silahlı Qüvvələri yeni silahlar və hərbi texnikalarla təchiz edilib. Və bununla əlaqədar ehtiyatda olan hərbçilərin təlim keyfiyyətini artırmaq, silah bacarıqlarına yiyələnmək üçün onlara təlim keçilməsi lazımdır. Etibarlı mənbələrə görə, bu dəfəki səfərbərlik 31 martda Dağlıq Qarabağda gözlənilən seçkilər və 5 apreldə Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə əlaqədardır. Müdafiə sistemini gücləndirmək və mümkün sarsıntılara hazır olmaq tələb olunur."- deyə düşmən ölkə qəzeti yazır.