Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərini əks etdirən kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub. Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq önünə təzə-tər qərənfillər düzüblər. Anım mərasimi “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı tədbirlə davam etdirilib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Professor Natiq İbrahimov 28 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış səhifə adlandırıb, qətlyam törədənlərin hələ də layiqli cəzalarını almadığını, intiqam gününün isə uzaqda olmadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır” fikrini dəstəkləyən universitet rəsmisi erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən lazımi nəticə çıxarmağa, mərd, mübariz olmağa çağırıb.Professor N.İbrahimov həm də bu gün dünyanın onlarla ölkəsində Xocalı faciəsinin soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi kimi dəyərləndirib. Universitetin Tarix və onun tədrisi kafedrasının dosenti Rakif İbadov “Xocalı faciəsi XX əsrin ən böyük qətlyamıdır” mövzusundakı məruzəsində faciəni doğuran səbəbləri həmin dövrdə dünyada və Azərbaycanda baş verən ictimai-siyasi hadisələr fonunda ətraflı təhlil edib,onun ağır nəticələrindən danışıb.Azərbaycan xalqına qarşı törədilən bu vandalizm aktını soyqırım adlandıran məruzəçi dünya siyasi güclərinin ikili siyasət yeritdiyini deyərək faciəni törədənlərin hələ də cəzalandırılmadığını pisləyib.İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanov, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev çıxışlarında 28 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər. Anım tədbirləri Xocalı qətlyamına həsr olunmuş videofilmin nümayişi ilə yekunlaşıb.
© 2020 - Created by İLK XEBER.