Xeyli vaxtdır yazı yazmağa can çəkirəm. Son dərəcədə sevdiyim bir iş üçün ərindiyimə özüm də məəttəl qalmışam. Bəlkə də, fiziki yorğunluq üzündən beləyəm, ya da yazıdan uzaqlaşmağıma səhhətimdəki problemlər səbəb olur. Yazmaya da bilmirəm. Zəhirmar “ilham pərisi” aman vermir ki, mətbəxə çəkilib bozbaşdan-zaddan bişirib, evdəkiləri başıma yığıb xoşbəxtcəsinə xörəyimizi yeyək. İndi də xeyli vaxtdır beynimi məşğul edən bir mövzu artıq “yetişib”, gərək onu dərəm. Ramiz Rövşənin məşhur olan iki şeiri və o şeirləri tənqid edən beş-on nəfər haqqında qısaca fikir bildirəcəm. Nasaz olduğumu bəri başdan qeyd etdim ki, sığortam olsun, yazı zəif alınsa “günah” xəstəlikdə olsun. Ədəbiyyat nəzəriyyəsi yazası deyiləm ki. Subyektiv fikirlərimi qeyd edəcəm, vəssalam. Çağdaş ədəbiyyatımızda yazıçılar, şairlər çoxdur, bəziləri də ənənəvi şeir növlərini, milli təfəkkürdən süzülüb gələn yazıları bəyənmir, bir millət kimi bu boyda faciələrimiz olduğu halda, kədərimizi əks etdirən şeirlərə ağız büzürlər. Bu qədər müsibətlərdən sonra əhlikeflik edib eyş-işrətdən yaza bilməyin mümkün olmadığının fərqində deyillər. Tutalım millətin pessimizmə qapılmağını istəmirlər. O zaman bunu daha yumşaq şəkildə ifadə etsinlər. Daha hər şeyə bu dərəcədə kəskin fikir bildirmək nəyə lazımdır? Beş-on nəfər cavan var ki, bu dəqiqə dünya onlara güllük-gülüstanlıq kimi görünür. Dirəşiblər ki, yox ey, hamı şən olmalıdır. Qədim tarixə malik xalq olasan, özünəməxsus mentalitetin ola, amma bu gün durub birdən-birə səndən Avropaya çevrilməyi tələb edə, neçə yerə parçalanmış Vətənin övladlarına ayrılıqdan, həsrətdən yazmağı tabu sayalar. Şairlərdən bir vaxtlar sovet hökuməti yalandan xoşbəxt obrazlar yaratmağı tələb edirdi, indi də gənclər onları topa tutur ki, ağlaşma yazırsınız. Beləcə, əsl həqiqət kölgədə qalır, kim özü nə istəyirsə, başqasından da onu tələb edir. Nəinki gənclər, elə yaşının müəyyən həddinə çatmışlardan da bu gün əvvəlki nəslin yazıb-yaratdıqlarını öz aləmlərində “saf-çürük” edənlər çoxdur. Haqlı-haqsız tənqid edilənlərin sırasında Ramiz Rövşən də var. Günahı da odur ki, niyə xalqın təfəkküründən qopub gələn şeirlər yazıb, xalq da ruhuna yaxın olan bu şeirləri çox sevib. Elə bu tənqidlərdən məlum olur ki, şair çox oxunur, onun şeirləri dillər əzbəridir. Guya kin-qəzəblə, eqo ilə ədəbiyyatda islahatlar aparmaq asandır. Dəyişib inkişaf etməyin gözəlliyini biz də bilirik, amma bu, nə bir anın içində mümkündür, nə də hər şeyi belə həqarətlə qarşılamaqla buna nail olmaq olar. Bunun daha səmərəli yollarını düşünməliyik. Ramiz Rövşənin “Vətən” şeirinin birmənalı qarşılanmadığından daha çox sosial şəbəkələr vasitəsilə xəbərdar olmuşam. Həyatda əksini müşahidə etmişəm. Burda vətən elə bir obrazda verilib ki, adam əvvəlcə tərəddüd içində çırpınır. Səbəbi çox sadədir. “Zorlanmış qızı” sevməyə hər adam cəsarət edə bilmir. Bunun düzgün yanaşma olmadığı bir ayrı mövzudur. Əlbəttə, burda qəbahət görmək özü qəbahətdir. Amma... söhbət də elə bu “amma”dan gedir. Gəlin, bəribaşdan “Adam səni sevməkdən indi utanır, vətən” misrasıyla razılaşmayaq. Niyəsi də budur ki, elə bil, üç-dörd nəfər qardaş-bacı bir-birinə acıq edib analarına sahib çıxmırlar, “filan oğlun və yaxud filan qızın qeydinə qalsın” deyib son nəfəsində ananı atıb qaçırlar. Bəzən anasının xəyanətini bilən övlad belə anasını atmır. Elə isə boru keçdiyi üçün Azərbaycanı sevməkdən niyə utanaq? Neftindən bizə düşməsə belə. Növbəti misralarda isə şair haqlıdır. Gənclərin şairi tənqid edib özlərini inkişaflı, aristokrat göstərməklərinə baxmayın. Onlar bakirə qızların belə arzularını eqoları üzündən həyata keçirmək istəmirlər, hər şeyi öz tələblərinə uyğunlaşdırırlar, yazıq zorlanmış qızların ruhunu necə duyacaqlar? Olsa-olsa, bunu mərhəmət hissindən edərlər. Bizim cəmiyyətdə təqsiri çox vaxt zorlanan qızda görürlər, hansı “igid” onunla evlənmək istəyər? (Olarsa, nə gözəl! O zaman, deməli, inkişaf etmişik). Psixoloji durumunu düzəltməyə kim can atır? Lap tutaq ki, belə cəsarətli biri tapıldı. Ona camaatın münasibəti necə olur? Elə isə niyə şair: Səni sevmək çətindir, Vətən, nə gündəsən ki, Təpədən dırnağacan... Günah içindəsən ki. Bilirsən, səni sevmək bu saat nəyə bənzər? Zorlanmış bir qızı sevməyə bənzər. O sevgidən için-için gizlicə yanar adam. Amma açıb deməyə qorxar, utanar adam. – yazmaqda haqsız sayılsın? Yalan yazmayıb ki. Tanıdıqlarından, gördüklərindən yazıb də. Gərək, “Eybi yox, Vətən, qoy səni rus kimi ingilis də zorlasın, hərə bir boru çəkib neftini, qazını erməni kilsələrinə versin, yenə də səni bakirə hesab edib sevəcəyik”, - yazaydı? Vətəni iqtidara “qısqanıb” tərk edənləri xatırlayaraq, şeiri təzədən oxuyun. Görürsünüzmü, çoxu burda qalıb “zorlanmış qızı” sevib xoşbəxt etməyə can atmır, “özgələrə” qaçırlar. Qonşuluqda məcburi köçkün ailə yaşayır. Oğlu məktəbi bitirəndə “əsgər olsun” deyə uğur dilədik. Təşəkkür etməkdənsə qəzəblə dedi ki, “Mən erməninin gülləsi üçün oğul böyütməmişəm, torpağın neftini, qızılını kim çapıb-talayırsa, o da qorusun Vətəni”. Baxın: Üstündə neft ləkəsi, kim yuyacaq bu ləkəni, Milyonçular ölkəsi, dilənçilər vətəni. – misralarında yuxarıdakı fikirlər əks olunmayıbmı? Hər gün xaricdə oturub ordan bəri yaxşı-yaman danışanların nəzərində Vətən “zorlanmış qız” deyilmi? Nə bilək, bəlkə, doğrudan da, bu ölkə “qara nefti qurtaranda ağ günə çıxacaq”? Gözləyək! Şair “Qarış-qarış qazılsan da, sevin hələ ki sağsan” deməkdə də haqlıdır. Bu qədər zillətin içində bu xalq bu vaxta gəlib çıxıbsa, deməli, onu qəhrəman hesab etmək olar. Ömrünü yad qadınlara həsr edib xəstəliyini, ölümünü atıb getdiyi qadına “bəxtinin hədiyyəsi” kimi bəxş edən kişilərdən də yazıb, “Qara paltarlı qadın”ların yarasını qoparmaq istəmirəm. Bunlar yaxşı şeirlər deyilsə, siz yazın. ..Bəlkə, sizin dəbli geyimdə təsvir etdiyiniz qadınlar xoşbəxt olacaqlar. 25 fevral 2019
© 2020 - Created by İLK XEBER.