YAXIN UZAQ VƏTƏN

Ərdəbilə keçən dəfəki səfərimdə haqqında eşitdiyim tarixi abidələrindən yalnız Şeyx Səfi kompleksini ziyarət edə bilmişdim. Bu dəfə isə Ərdəbili tam gəzmək, bütün görməli yerlərinə baxmaq istəyirdim. Keçən dəfə bəzi sualların cavabı qaranlıq qaldığı üçün səyahətə yenidən Şah İsmayılın uyuduğu məkandan başlamağa qərar verdim.
Şəhrzad içəri girməkdən ötəri bilet almaq üçün başını açıq pəncərədən içəri uzadır. Bilet satan 30-35 yaşlı cavan oğlan ilə nəsə şirin söhbət edirlər. Burada hər öyrənəcəyim detal mənim üçün maraqlı olduğundan mən də ora yaxınlaşıram. Şəhrzad müəmmalı şəkildə mənə göz vurub, "Ged, gəlirəm"-deyir. Mən təəccüblə ona baxıb, "Yaxşı" deyirəm. Oradan bir az uzaqlaşıb həyətin girəcəyində qarşıdakı tağa qədər uzanan bağçaya baxıram. Şəhrzad yubanır və geri döndükdə bayaqdan onunla mehriban söhbət edən biletsatanın mühafizəçi ilə mənə doğru gəldiklərini görürəm. Şəhrzad əsəbi şəkildə yanındakılarla farsca mübahisə edir. Mənə çatdıqda məsələnin mahiyyətindən bilmirəm əsəbiləşim, ya uğunub gedim. Aydın olur ki, bayaq bir "yaxşı" deməklə üst çənəmin sol küncündəki güclə sezilən qızıl dişim məni "ələ verib". İranda heç kim metal diş qoydurmur. Ağzımdakı metal dişdən mənim əcnəbi(!) olduğumu bilən satıcı biletin qiymətini beşqat artırıb və bu da Şəhrzadın xoşuna gəlməyib. Çünki belə bir hal Şəhrzada Bakıda Şirvanşahlar sarayını göztərən zaman da baş vermişdi. Satıcı onun yerli olmasını soruşanda yalan danışmamış, İrandan gəlsə də azərbaycanlı olduğunu demişdim və eyni mübahisə baş vermişdi. Mən İran azərbaycanlılarına bu artımın tətbiq edilməsinin düzgün olmadığını bildirmişdim. Ərdəbildən fərqli olaraq oradakı mühafizəçilər də razılaşıb hər iki bileti bizə eyni qiymətə satmışdılar. Burada isə azərbaycanca bilməyən xüsusi geyimli mühafizəçi inadkarlıq edirdi və mübahisə davam etməsin deyə qalıq pulu satıcının cibinə soxdum. Şəhrzad acıqla başa düşmədiyim nələrisə onlara farsca yağdırırdı...
Bu kompleks haqqında birinci kitabda yazmışam. Orada İranın tarixi abidələrə soyuq münasibətindən, kompleksin şəhid məzarlığı tərəfdəki divarlarının bərbad vəziyyətdə olmasını da qeyd etmişdim. Ona görə birinci ora baş çəkdim. Yüksək səviyyədə olmasa da əl gəzdirilib. Ümumiyyətlə hiss olunur ki, kompleksdə yeni işlər görülüb.
Bu yazını başlamamışdan qabaq bir də Ərdəbilin tarixinə nəzər saldım. Xüsusilə bu adın etimalogiyası ilə bağlı yanaşmalara baxdıqca bizim Yardımlının gün kimi aydın Urağaran (Ur ağaran) kəndinin Urakəran, Odrağaran (Odur ağaran) kəndinin Odrakəran kimi ifadə etməklə guya kişilərin bu adların dərinliyinə baş vurub çox böyük "zəhmət" çəkdiklərini göstərmək səyləri yadıma düşdü. Məncə Ərdəbilin adı hamımıza aydın olan sırf azərbaycan dilində olan "Ərdə bil" qoşa sözündən başqa bir şey deyil. Amma bu sözü görün necə dərinliklərə aparmaqla sanki bilə bilə azərbaycan anlamından çıxarıblar. Fikir verin, azərbaycanlılara dəxli olmayan Dehxuda "Hüdudülaləm"ə istinad edərək şəhərin adını Ordvil(?), "Anandrac"ın (?) müəllifinə görə isə mənası "Acıqlı fil" olan Ərdəbil, Yaqut Həməviyə görə isə Bazane Firuz, Firuzkerd, Firuzabad adlandırılır. Sasani üsul-idarəsi tərəfindən verilən Bazane Feyruz və digər sonuncu adlardan heç şübhəsiz Ərdəbil adı daha qədimdir. Hətta bəzi tədqiqatçılar bir az da irəli gedərək Ərdəbil sözündəki "Ərdə" hissəsini qədim İranın düzlük və səmanın nizam ilahəsi olan Arta ilə əlaqələndirmək niyyətindən də vaz keçməyiblər. Bütün bu çabalar sırf azərbaycan dilində olan bir adın bu millətdən qoparılmasına nizamlanıb. D. Behazinə görə Ərdəbil, yaxud Artabil Avesta dilindədir. Ərdəbil sözündəki "ərdə" və "bil" sözləri "arta" və "vil" kimi müqəddəs anlamına gələn ifadə ilə əvəzlənməyə çalışılıb. İrandakı bütün Ər sözü ilə başlayan, məsələn Ərdəvan, Ərdəşir, Ərdəviraf, Ərdəstan, Ərdəkan sözlərinin hamısı müqəddəslik sözünə yaxınlaşdırılıb və bu sözlərin aparıcı "Ər" birinci sözündəki türk dilində daha aydın ifadə olunan ərən, igid anlamından uzaqlaçdırılmışdır. Bütün bu sözlərdə də farsların üstün təsiri hiss olunmaqdadır. Haradan yanaşılmağından asılı olmayaraq Ərdəbil şəhərinin salınma tarixi sasanilərdən əvvələ gedib çıxır. Bütün arxeoloji tapıntılar şəhərdə yaşayışın ən azından Tunc dövrünə təsadüf etdiyini təsdiqləyir. Həmdullah Qəzviniyə görə Ərdəbilin əsası Siyavuşun oğlu Keyxosrov tərəfindən qoyulmuşdur. Məsələ ondadır ki, Firdovsinin Bəhmən qalası və Ruinqala adlandırdığı yer adları da Ərdəbilin qərbində, Savalan dağının ətəyində yenə farslar tərəfindən dəyişdirilərək Ruyindizeq və Dej-Vican toponimlərinə təsadüf edir. Bundan başqa şəhər ətrafında atəşpərəstliklə bağlı ay adlarına, eləcə də Şəhrivar və Əmərdad kimi toponimlərə rast gəlməsini əsas götürən bəzi tədqiqatçılar şəhərin əsasının Zərdüşt dövrünə təsadüf etdiyini bildirirlər. Bu fikrin nə qədər həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq şəhərin ətrafında atəşgahların qalıqları bu gün də qalmaqdadır. Onlardan biri də haqqında söhbət açdığımız Anahita təpəsidir.
Ərdəbil şəhəri Elxanilər və Teymurilər dövründə inkişaf etsə də Səfəvilərin hakimiyyəti zamanı ictimai-iqtisadi nöqteyi nəzərdən özünün yüksək səviyyəsinə qalxmış, Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilmişdir. İran hökmdarları içərisində xüsusi ad-san qazanmış türk əsilli Nadir şah da 1746-cı ildə Muğanın Ultan qalasında-Suqovuşanda özünə tacqoyma mərasimi keçirdikdən sonra bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmiş, ölkəni necə idarə edəcəyi və planları barədə fikirlərini xalqa çatdırmaq üçün keçən yazılarımızdan birində haqqında bəhs etdiyimiz Nadir təpəsi bərqərar olmuşdur.
Birinci kitabda Şeyx Səfi kompleksi barədə ətraflı yazdığımdan buranı yenidən təsvir etmək istəmirəm. Kompleksdən geniş və möhtəşəm həyətə çıxdıqdan sonra keçən dəfə bağlı olduğundan ustadlığına valeh olduğum Vədud Müəzzinin kiçik əsərlərinin orijinallarının və digər əsərlərinin surətləri satılan dükana tələsirəm. Əfsus ki, bura yenə bağlıdır. Bir-bir əntiq əşyalar və sənətkarların hazırladığı nəfis məmulatlar satılan dükanlara baş vura-vura çıxışa doğru gedirik. Dükanların birində metal üzərində döymə üsulu ilə hazırlanmış işlər və o qədər də böyük olmayan dükanın sağ küncündə bir qadın sənətkarın başını aşağı dikərək dükana az da olsa əs salan taqqa-tuqu ilə işləməsi diqqətimi cəlb edir. Şüşə piştaxtanın o üzündəki xanım işinə aludə olduğundan mənim ona yxınlaşmağımın fərqində belə deyil. Başının üstündə dayanıb xeyli işləməsinə fikir verirəm. Necə də zərif işləyir. Dözə bilməyib, "Salam xanım, dükandakı bütün işləri siz işləmisiniz?"-deyə soruşuram. Xanım nəhayət öz gözəl simasını göstərir, başını qaldırıb salamımı alır, sonra da təmiz Ərdəbil ləhcəsi ilə, "Bəli əksəriyyəti öz işlərimdir, amma şagirdlərimin də işləri var burda"-deyir. Əl çəkmirəm, işindən ayrılmağa məcbur olur, hazır olmaqda olan işi ondan alıb diqqətlə gözdən keçirirəm. Adı Məhza soyadı Qəmbərzadədir. Məhza Qəmbərzadə. 10 ildir bu sənətlə məşğuldur. Məhza Qəmbərzadə Ərdəbil Mühəqqiqi Ərdəbil Tətbiqi Sənət Universitetinin (Ərdəbil Əl Sənətləri Sənayesi Universiteti) sənətşunaslıq fakultəsinə 2011-ci ildə daxil olaraq oranı müvəffəqiyyətlə bitirib. 2017-ci ildən isə bu sənəti digərlərinə öyrətmək üçün müəllim kimi fəaliyyətə başlayıb. O qısa zamanda bu sənətin Cənubi Azərbaycanda dirçəlişinə nail olub, bu sənəti öyrənmək istəyənlərə böyük köməklik göstərib. Hazırda onun 8 yetirməsi də bu sənəti davam elətdirir. Məhza xanım bölgədə bu sənətin ən mahir ustası kimi tanınıb. O dəfələrlə daxili və beynəlxalq sərgilərdə Ərdəbil ustanını təmsil etmişdir. Bu sənət farsca qələmzəni adlanır. Əsasən qızıl, mis və digər metallar üzərində polad qələmlərlə döymə naxış vurmaqdan və metal üzərində döymə üsulu ilə əsərlər, yazılar həkk etməkdən ibarətdir. Bu sənətin tarixi beş min il əvvələ gedib çıxır. Belə ki, metal kəşf olunduqdan sonra insanların metaldan qablar düzəltməyə vaqif olmaları, onlarda bu qabların üzərində naxışlar da vurmaq həvəsi yaratdı. Bu sənət tarixən Azərbaycanda, məxsusən Ərdəbildə geniş tətbiq edilmişdir. İslamdan sonra da bu sənət davam elətdirilib. Səfəvi dövründə Ərdəbildə bu sənətin inkişafı ən yüksək səviyyəyə çatmışdır. Şeyx Səfi kompleksində bunun əyani şahidi oluruq. Mərhum Yədullah Seyfçi Ərdəbili bu sənətin ən mahir ustadlarından hesab olunur. Ondan sonra bu sənət demək olar ki, unudulmuşdu. 2017-ci ildən isə Ərdəbil Əl Sənətləri Sənayesi Universitetinin köməkliyi, eləcə də Məhza Qənbərzadə və onun yetirməsi Əhməd Ətayinin xidmətləri ilə dirçəlmişdir.
Biz kompleksdən çıxıb şəhər boyu gəzirik. Tarixi abidələrdən savayı Şorəbil gölü müasir Ərdəbilin incisi hesab olunur. Burada gözəl istirahət məkanı salınmışdır ki, birinci kitabda bu barədə qismən də olsa məlumat verdiyimizdən bunun üzərində dayanmırıq. Şəhər daim təcavüzlərə məruz qaldığından şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər çox olmasa da şəxsən şəhərin qədim mərkəzi hissəsində hər addımbaşı tarixlə üz-üzə dayanırsan. Tarixin yadigarlarına diqqətin azlığı aydın seçilsə də bu günə qədər duruş vermələri adamın ürəyini açır. Hələ XIX əsrin əvvəllərində Abbas Mirzənin göstərişi ilə fransız general Qardanın layihəsi və rəhbərliyi ilə Ərdəbildə müdafiə xarakterli qala tikilir. Bu günə qədər yaddaşlarda Narınqala kimi həkk olan bu istehkam Rza şahın dövründə sökülür və yerində əlavə binalar tikilir. Şəhər ətrafındakı abidələrdən biri Azərbaycanın ən qədim məscidlərindən biri olan Cümə məscidi Azərbaycan memarlığının incilərindəndir. Məscid Səlcuqlar dövründə tikilmişdir. Mütəxəssislərin rəyinə görə ərəb işğalından sonra şəhərdə tikilmiş ilk abidədir. Bu gün məscid uçilub dağılmış vəziyyətdədir, uca minarəsi yıxılmışdır, amma bina möhtəşəmliyini və əzəmətini saxlamışdır. Şəkillərdən də görəcəyiniz kimi geniş ərazidə restavrasiya işlərinə başlanılsa da naməlum səbəblərdən iş yarrımçıq saxlanılmış və uca günbəzdən qopan daşlar turistlərin başına düşməsin deyə asılmış metal tor bu gün də yorğun-yorğun küləyin təsirindən yellənməkdə davam edir.
Ərdəbildəki Saleh abidələri, şəhərin mərkəzi ilə axan Balıqlı çayın üzərindəki Yeddi körpü adlandırılan Yəqubiyyə, Daşkəsən, İbrahimabad, Təpə, Almas və Asəf körpüləri də əsil sənət nümunələridir. Bunlar, eləcə də şəhərdəki qədim hamam, hazırda Ərdəbil turizm idarəsinin yerləşdiyi mötəşəm tarixi bina və digər tarixi abidələr Memar Əcəminin hünərinin məhsulu olmaqla göz oxşayırlar. Adla deyilən Ərdəbil xalçaçılığının bu gün də yaşadığından xəbərim var, amma Ərdəbildə xalça müzeyinin olub-olmamasını bilmədim. Bircə onu bilirəm ki, bu məktəbin Şeyx Səfi xalçası Azərbaycan xalçaçılıq tarixinin ən mükəmməl nümunələrindən biri olmaqla hazırda İngiltərənin Viktoriya və Albert Muzeyində saxlanılır.
Ərdəbildə tarixi abidələrlə yanaşı müasir dövrdə də ucaldılan möhtəşəm abidələr göz oxşayır. Əvvəlki yazımda haqqında yazdığım məşhur hərbi təyyarəçi, ərdəbilli Qafur Ciddiyə qoyulmuş abidə müasir heykəltəraşlığın ən gözəl nümunələrindən biridir. Bundan başqa Azərbaycanın, eləcə də İranın tanınmış heykəltəraşı Vədud Müəzzin tərəfindən Ərdəbildə tanınmış din alimləri və məddahları olan unikal səsə malik Səlim və Rəhim Müəzinzadələrə ucaldılmış heykəllər, eləcə də Şeyx Səfi məscidindəki bütün abidələr əsil sənət əsərləridir.
Ərdəbilin məşhur şair və yazıçılarına misal olaraq Şah İsmayıl, Mir Cəlal Paşayev, Saleh Ətayi, Mədinə Gülgün, Ziyayi Ərdəbili və Zikri Ərdəbilini, din xadimlərinə Şeyx Səfiyəddin və Əli Meşkinini, incəsənət xadimlərindən Əli Səlimi, Vədud Müəzzin, Nəsrullah Nasehpur, Vəhid Əsədullahi, Rübabə Muradova, Əhməd Obalını, Ramiz Zöhrabovu, siyasətçilərdən Babək Xürrəmi, Hacı Baba xan Ərdəbili, Nəzərəli xan Şahsevən, Abbas Lisani, Seyid Hüseyn Ərdəbilini, idmançılardan Əli Dayı, Hüseyn Rzazadə, Mahmud Savalan və digər tanınmış şəxsləri misal göstərə bilərik.
Xaraktercə ərdəbillilər müşahidə etdiyim digər bölgələrdən, xüsusilə təbrizlilərdən kəskin fərqlənirlər. Təbrizlilər nə qədər xoş xasiyyət, mülayim, şirin dillidirlərsə, ərdəbillilər bir o qədər sərt, sözü üzə deyən və qaraqabaqdırlar. Söhbəti uzatmağı sevməzlər. Hər halda bu mənim qənaətimdir.
Yeri gəlmişkən Ərdəbil mənim də ana tərəfimdən olan bir çox tanınmış şəxslərin uyuduğu bir məkandır.
(Ardı var. Növbəti yazı "Arazboyu dəhşət saçan mənzərələr. Naxçıvan təəssüratları ")