Qızlar, ərə getməyin

Dünya yeni yarananda ailə qurmağın qaydalarının necə olduğundan xəbərsizəm, amma müasir dövrümüzdə bu, ən gözəl adət, xoşbəxtlik sayılır. Gələcəkdə xoşbəxt olub-olmayacağımızı bilmədiyimiz halda, hamımız ailə qurmağa can atır, bunu ən böyük səadət sanırıq. Həmin niyyətimiz bizi ata evimizi tərk edib, yad bir evə doğmalaşmağa məcbur edir. Yeni ocaqda səadətimizi tapacağımıza inandığımızdan bütün çətinliklərə dözürük ki, ailəmiz olsun. Bu “evdəyişmə qanunu” “ailə qurmaq”, yaxud “ərə getmək” şəklində ifadə olunur. Dilimizdə bu birləşmələr bir-birinin sinonimi kimi işlənir. Mənim fikrimə gəldikdəsə, bu iki anlayış bir-birinin tam əksi, yəni antonimidir. (Bu, fərdi yanaşmadır.) Əgər “Səadət” adlı bir nəzəriyyə yazılıbsa, ailə qurmaq bunun praktikası hesab oluna bilər. Bu praktikanı həvəssiz, könülsüz, müəllimlə razılaşmadan, pis qiymətlə həyata keçirmək isə artıq “ərə getmək” hesab olunur. Bu məcburi halda, adətdən boyun qaçırmamaq xətrinə həyata keçirilən formadır. Ailə qurmaq deyəndə isə buraya bütün gözəlliklərin daxil olduğunu düşünürük. Bütün ömrün boyu şirin qayğılarla ovunmaq, bu qayğıları qram-qram toplayıb sevinc yaratmaq hər kəsin arzusu olur. Ərə getməksə – dünyaya sığmayan arzularının anbaan məhv olmasını sükutla seyr etməkdir. Əgər sadəcə, ərə getmisənsə, deməli, sən yalnız “qadınsan, otur yerində” kimi ifadənin ağırlığı altında əziləcəksən. Əsl ailədə sevincinə sevinən, dərdini səninlə bərabər çəkən həqiqi dostlar yaşayırlar. Ərə gedənlərin isə belə məqamlarda yanlarında heç kəs olmur, bütün hisslərini özü ilə bölüşür. Əsl ailədə dünyaya gələn övladlar ata-ananın bir-birinə bağlılığını daha da artırır, amma ərə getmisənsə, onda uşaq doğmağınla sənə ancaq ərinin nəslini artırmaq vəzifəsini öhdəsinə götürmüş biri kimi baxırlar (əgər bu qabiliyyətdən məhrumsansa, onda səni qaytaracaqlar ata evinə). Bu cür anaların heç öz övladına belə, analıq etməyə ixtiyarı olmur. Ana övladı üçün dayə rolunu oynayır, onu yedirir, altını təmizləyir, çimizdirir. Tərbiyəsinə isə anadan başqa hamı qarışır. Nənə, bibi və digərləri uşaqla əylənir, onu gəzməyə aparırlar. Uşaq da onu əyləndirəni sevir, anasını isə xidmətçi kimi görür. Ana buna etiraz edə bilmir, çünki “dədən evindən uşaq gətirməmisən ki” sözünü eşidəcək. Amma ailə qurmusansa, övladının hər gün necə böyüdüyünü ömür yoldaşınla birgə seyr edirsən. Özünə təzədən valideyn tapmış olduğunu da ailə quranda hiss edirsən. Nəinki qayınananın-qayınatanın sevimlisi olduğunu bilmək, üstəlik, öz valideynlərindən də uzaq düşdüyünü görmək ərə gedəndə baş verir. Çünki “Gəlinin nə işi var dədəsi evində?” – deyərək səni oraya qoyma-yacaqlar. Ərə gedən qızlar ata-ana üçün ömürlük cəzaya məhkum edilmiş məhbus, əri üçün qul, uşaqları üçün dayə, qayınana üçün yad qızı, baldız üçünsə yalnız və yalnız düşməndir. Ərə gedən qız yalnız kiminsə qəzəbinə tuş gələndə əvvəllər ziyarətə buraxılmadığı ata evinə gedə bilir. Daha doğrusu, bu zaman onu kobudcasına qovurlar evdən. Ümidsiz şəkildə çölə atırlar. Bu cür müti qadın xəstələnib yatağa düşərsə, qayğısına qalan, dünyasını dəyişsə belə, yoxluğuna təəssüflənən olmaz. Onu əvəz edən başqa birinin tapılması isə o qədər də uzun çəkməz. Əgər qadına evin bəzəyi, ona övlad kimi bir xoşbəxtliyi bəxş edən varlıq, dəyərli bir şəxs kimi baxılırsa, demək, o qadın ailə qurub. Bütün bu gözəlliyin əksini yaşayanlar isə, sadəcə, ərə getmiş hesab olunurlar. Bu pis tərəfləri nəzərə alaraq deyirəm: – Qızlar, yaxından tanıyıb bütün hisslərinizlə bir-birinizə bağlandığınız, mənəvi yaxınlıq duyduğunuz şəxslə ailə qurun. Gəlinə hökmranlıq etmək və nəslini artırmaq istəyi, eyni zamanda yığdığı cehizi “vaxtında verib dünyadan rahat köçmək” arzusu ilə yaşayanların xətrinə diri ikən məhv olmağa doğru addım atmayın. Bir sözlə: qızlar, ərə getməyin, ailə qurun!