Hörmətli Mübariz bəy, çox əfsuslar olsun ki, bu məktubu Sizə haqqınızda 8 il öncə "Masallı - cənnət misallı” kitabına daxil edilmiş "Dəniz fatehi” məqaləsini yazan və son vaxtlar sizə edilən haqsız hücumlara görə dəfələrlə həmin yazını (https://www.moderator.az/news/121668.html) sosial şəbəkələrdə paylaşan bir həmyerliniz ünvanlayır.
Əvvala, onu deyim ki, həmin yazı Masallının mənəvi zirvəsi sayılan, böyük Üzeyir bəy Hacıbəyovun tələbəsi olmuş alim, bəstəkar, həkim Mir Kazım bəy Aslanlının (Sərəngin) 100 illiyinə həsr etdiyim kitabın çapı üçün etdiyiniz maliyyə yardımına görə sizə minnətdarlıq əlaməti idi. Barənizdə yazmaq fikrimi biləndə, şirkətinizdə vitse –prezident vəzifəsində çalışan hörmətli İbrahim Nəbioğlu bildirdi ki, Mübariz bəy reklam olunmağı xoşlamır...
Son günlər sizin sosial şəbəkələrdə reklam xarakterli çoxlu paylaşımlarınıza rast gəlirəm. Eyni zamanda sizə atılan, türklər demişkən, çamura ölkəmizdə və kənarda yaşayan soydaşlarımızın verdiyi reaksiyaların şahidi oluram...
Biz də öz növbəmizdə feysbukun "Masallı ziyalıları” , "Cənub bölgəsi və onun ziyalıları”, "Mübariz sevənlər burda ” və başqa qruplarında çoxlu rəylər yazaraq, bədxahlarınıza bacardığımız qədər tutarlı cavablar veririk.
Həmişə sizə qarşı belə "ermənisayaq” metodlardan istifadə olunanda, düşünürəm ki, Mübariz bəyi istəməyənlər qəsdən onu siyasətə çəkirlər. Çünki İQTİSADİ cəhətdən güclü adamı zəif düşüncəli adamlar SİYASİ arenada yıxmağa çalışırlar. Mənim fikrimcə, müasir dövrün siyasəti də, siyasətçiləri də HALAL adamları sevmir. Şəxsən mən sizin siyasətə qoşulmağınızın tərəfdarı deyiləm. Bu məktubu yazmağıma səbəb isə sizin Fuad Abbasovla son dəfə canlı yayımdakı fikirləriniz oldu.
Siz dialoqda Hadı Rəcəbli ilə Hüseynbala Mirələmovun təmsil olunduğu dairələrin ləğvi ilə bağlı fikirlər bildirirsiniz. Əlbəttə, mən onları müdafiə etmək fikrindən uzağam. Onlarn da mənim müdafiəmə heç bir etiyacı yoxdur! Siz çox haqlı deyirsiniz ki, dünyada ALTERNATİVİ olmayan təkcə bir olan ALLAHdır. Lakin bu gün çox adam bilmir ki, Hadı Rəcəblinin də, Hüseynbala Mirələmovun da alternativləri olan Rəvan Bəşirov və Fuad Abbasov sizdən "xeyir-dua” alıblar. Əslində burda da heç bir qəbahət yoxdur!
Amma bir həmyerliniz kimi özümə borc bilirəm deyim ki, Azərbaycandakı bədxahlarınız adınızı hər dəfə Ələkrəm Hümmətovla, Fətulla Gülənlə qoşa çəkəndə ən cox təəssüflənən deputatlardan biri Hüseynbala Mirələmov, digəri Hadı Rəcəbli olub! Yəqin ki, indi onalara da: "Bu da sizin fəxr edib, öyündüyünz Mübariz Mənsimov”-deyənlər olacaq!
Xatırlayırsınzsa, sizə qarşı kampaniya xarakterli "hucumların” bir qismi Məhəmmədəmin Rəsulzadınin adını gəmilərinizdən birinə verəndən sonra başladı. Maraqlıdır, onda niyə jurnalist dostunuz Fuad Abbasova Məmmədəmin Rəsulzadəni təhqir edən gəncəli deputatla alternativ olmağı tövsiyyə etmədiniz? İnanın, belə bir təşəbbüs Məhəmmədəmin Rsulzadəyə sevgisi olanlar arasında hörmətinizi daha da artırardı...
İkincisi, müsahibənizdə deyirsiniz, mən şiyəyəm, mən türkəm, talış dili ilə yanaşı bir neçə dildə danışa bilirəm... Bizim MM-də elə deputatlar var ki, biri "türki-tacidar” Şah İsmayılı təhqir edir, digəri Azərbaycanın tarixi şəxsiyyətlərini və şiyə təriqətini aşağılayır. Başqa biri kökümüzü farsa çəkir, Qafqazın Şeyxi Hacı Allahşükür Paşazədəni ələ salır və s. Fuad Abbasovun deputat olması sizin üçün bu qədər vacib idisə niyə həmin deputatların biri ilə alternativ olmurdu?
Dialoqda siz Hadı Rəcəblini, Fuad Abbasov isə Hüseynbala Mirələmovu həm yaş məsələsində, həm də bərbad yollara görə qınayırsınız. Bəyəm seçki qanununda yaş məhdudiyyəti var? Və ya deputatın yol çəkdirməsi baradə şərtlər göstərilir? Digər tərəfdən onların namizədliklərini mənsub olduqları hakim partiya irəli sürmüşdü. Təbii ki, digər həmkarları kimi onlar da partiyanın bu qərarından imtina edə bilməzdilər.
Amma məsələ bunda da deyil. Siz Fuad Abbasovun seçki qutusundan çıxmasını gözlədiyiniz halda, ordan çıxan adamı əcaib bir məxluqa bənzədirsiniz. Adətən, belə ifadəni adam nifrət bəslədiyi, düşmənçilik etdiyi şəxsin ünvanına deyir.
...Gəlin bir anlıq düşünək ki, Fuad Abbasov Mirələmovla yox, nazir Kəmaləddin Heydərovun atası ilə eyni dairədən namizəd olub. Və qututan sizin gözlədiyiniz Fuadın əvəzinə 83 yaşlı Fəttah Heydərov çıxır. Siz o xoşagəlməz ifadəni onun da ünvanına deyərdiniz? Məncə, yox! Və yaxud Fuad Abbasovun hünəri çatardımı Naxçıvandan olan hər hansı namizədlə alternativ olsun?
Qeyd edirsiniz sosial şəbəkələrdə söyüşlər, təhqirlər deyilir. Amma ya bilərəkdən, ya da təsadüfən özünüz də təhqirə yol verirsiniz. Mən sizin dünya çapında tanınmış İŞ adamı olduğunuzu bilirəm. Amma o ifadəni şəkli böyük messenant Hacı Zeynalabdin Tağıyevlə yanaşı qoyulan Mübariz Mənsimova yaraşdıra bilmirəm.
Qələm dostlarımdan biri mənə deyəndə ki, sənin DƏNZ FATEHİ adlandırığın MÜBARİZ canlı yayında Mirələmovun ünvanına belə bir ifadə işlədib, çox pərt oldum.
Qədim "Siyasətnamə” kitabında yazılır ki, sərvətə, pula sahib olanlara QILINC, ziyalılara isə QƏLƏM adamı deyilir. Yalnız QILINCLA QƏLƏMİN birliyi müharibə şəraitində olan olkənin nicat yolu ola bilər... Bəs hanı bizim milli milyaderlərlə ziyalı təbəqəsinin birliyi? Bax, elə ona görə də düşmənlərimiz informasiya savaşında da bizə güc gəlirlər.
Müsahibələrinizin birində deyirsiniz ki, Fuad Abbasova TV açmaq üçün lisenziya verilsin. Onda niyə Fuad bəyə Türkiyədə TV açmağa dəstək olmursunuz? Axı dəfələrlə deyirsiniz ki, Türkiyə sahibkarlıq fəaliyyəti üçün münbit ölkədir... Elə ordaca Fuad bəyin Moskavada siyasi tok-şoularda qazandığı təcrübədən ermənilərə və ruslara qarşı Azərbaycanın informasiya siyasətini aparmaq daha faydalı olmazdımı?
Deyirsiniz ki, İlham Əliyevdən asılı deyilsiniz. Amma prezidentin erməni baş nazirini milçək kimi əzməsi fikirinizə əlavə olaraq dedikləriniz bəzi politoloqların, deputatların Münhen debatını qələbə kimi VƏSF etməsini xatırladır. Təqribən 24 il əvvəl Lissabon sammitindən sonra da eyni dəbdəbəli fikirlər səslənmişdi...
Dialoqdan belə görünür ki, sizin "davanız-şavanız” təkcə Hüseynbala Mirələmovla, Hadı Rəcəbli ilə imiş... Amma bu "dava-dalaşınız ” təhqirsiz olsaydı daha yaxşı olardı... Mən buna çox təəssüflənirəm!
Bir faktı da deyim ki, mən son on beş ildir ki, Xətai rayonunda yaşayıram. Sizin təhqir elədiyiniz H.Mirələmovun bu illər ərzində şəhid ailələrinə, yaralı əsgərlərə, evi yananlara, hüzrü düşənlərə, toyu olanlara, kasıb ziyalılara, bir çox məktəblərin təmirinə yardım etdiyinin şahidi də olmuşam. Amma o, belə yaxşılıqları REKLAM etməyi sevmir.
Əsərləri barədə Çingiz Aytmatov kimi dünyaşöhrətli ədib fikir söyləyib. Əlbəttə, indiki zamanədə hamını razı salmaq, adamların şəxsi problemlərini bir neçə xeyriyyəçi deputatın və ya iş adamının sayəsində həll etmək mümkün deyil...
Mən siyasətçi deyiləm, bu məktubu da sizə humanizmi SİYASƏTDƏN uca tutan bir həmyerliniz kimi yazdım. Belə ümid edirəm ki, bu fikirlərimi oxuyandan sonra ağsaqqal bir adamın ünvanına dediyiniz o pis ifadəyə görə üzr istəyəcəksiniz. Kim bilir, bəlkə də əksinə, daha da inciyəcəksiniz?! Axı tez-tez "müdrük xalq” deyə öyündüyümüz bu xalqın akademikində, millət vəkilində, iş adamında, ziyalısında getdikcə müdriklikdən əsər-əlamət görünmür...
P.S: Düzü, iki gün əvvəl fikirm vardı ki, sizin şirkətlər qurupunun elektron poçtuna "TAXT və TABUT” romanımın əlyazmasını göndərəm və xahiş edəm ki, onu İstanbula yayın evlərinin birində nəşr etdirəsiniz. Ona görə ki, bu tarixi əsəri Osmanlı qaynaqlarına istinad edərək söz və qılınc sərkərdəsi Şah İsmayıl Xətaiyə çamur atan İskəndər Pala, Reha Çamuroğlu kimi türkiyəli yazarlara cavab olaraq yazmışam. Türkiyənin bəzi TV kanalları, "Möhtəşəm 100 il” filminin ssenari müəllifləri nəsli-nəcabəti türk olan Səfəvi hökmdarlarına dəfələrlə təhqirlər yağdırıblar. Hər iki qardaş ölkənin erməni adında düşməni olduğu zamanda bu cür qarayaxmalar nəyə lazımdır? Amma bu açıq məktubdan sonra düşünürəm ki, o əlyazmanı göndərməyə dəyməz!
Açığını deyim ki, bu seçkilər də yola gedər. Seçilənlər də elə Azərbaycan vətəndaşlarıdır. Bir az yaxşı, bir az pis...
Ancaq bizim bir BÖYÜK dərdimiz var. Birləşməmək DƏRDİ. Qarabağa gedən YOL, hamı bilsin, ancaq BİRLİYİMİZdən, HƏMRƏYLİYİMİZdən keçir!
Adınıza hörmət və ehitramla,
yazıçı –jurnalist Nurəddin ƏDİLOĞLU,
24.02.2020.