Azərbaycanda koronavirusla bağlı saxta məlumat yayan şəxsin kimliyi müəyyənləşdirildi

Azərbaycanda “WhatsApp”da mesaj vasitəsilə koronavirusun yayılması barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayılıb. Belə ki, koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilməsi haqda saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi yayılan məlumatları təkzib edib, hüquq-mühafizə orqanları isə yalan və çaxnaşma şayiələr yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib. Hüquq-mühafizə orqanlarından virtualaz.org-a verilən məlumata görə, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkarlanması barədə yalan məlumat yayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, həmin şəxs həkimdir. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı sualına cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb. Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.